Məhkəmə qərarları › İş №2-1(103)-1456/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1456/2021

16.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1456/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(112)-1905/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı binanın 40-cı mənzilinin X2 daimi istifadəsinə verilməsinə dair” 16.05.2018-ci il tarixli 186 nömrəli sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(112)-1905/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, subyektiv hüququn 3 hissəsi kimi sadalanan hallardan üçüncüsü birmənalı şəkildə mənə aiddir. Belə ki, X3 həmin mənzildə heç bir zaman yaşamadığı halda sərəncamda guya ki orada uzun müddət yaşadığı yazılmış ona dair sərəncam verilmişdir. Nəticədə həmin şəxs onun mənzildən çıxarılmağı barədə Binəqədi Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünəuyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla, əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırkı iddia tələbinin inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri yerinə yetirilmir. İş materiallarından görünür ki, iddiaçı “Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı binanın 40-cı mənzilinin X2 daimi istifadəsinə verilməsinə dair” 16.05.2018-ci il tarixli 186 nömrəli sərəncamının ləğv edilməsi”ni tələb edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı binanın 40-cı mənzilinin X2 daimi istifadəsinə verilməsinə dair Sərəncamın ləğv edilməsini tələb etsə də, həmin mənzilə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir, həmçinin iddia ərizəsində və izahatında belə bir sənədin mövcud olmamasını, həmçinin həmin mənzildə mənzilin əvvəlki sahibi X4 təsadüfi tanışlıq nəticəsində yaşadığını bildirmişdir. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, ev 60 ünvanda yerləşən 40 nömrəli mənzilə dair hər hansı hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim etmədiyindən, İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Odur ki, hazırkı iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin proses iştirakçılarına hüquqi yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım haqqında məktub təqdim edilərək, hazırkı iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olmasına dair sübutların təqdim edilməsi təklif edilmişdir. Lakin, iddiaçı tərəfindən bununla əlaqədar hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş cavabdeh tərəfindən Binəqədi Rayonu Eenerji Təchizatı və Satışı İdarəsinə ünvanlanmış sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı tərəfindən təqdim edilən 07.08.2012 və 20.06.2013-cü il tarixli ödəniş qəbzləri ünvan 2 ünvanına 03.02.1999-cu il tarixdən “Bayramova” adına qeydiyyata alınmış **********0040 koduna mədaxil edilmişdir. Lakin qəbzlər üzrə ödənişi qəbul edən şəxs hazırda "xxxx" ASC-də işləmədiyi üçün qəbzlərin “Eyvaz” adına yazılmasına aydınlıq gətirə bilmirlər. "xxxx" ASC Binəqədi Sukanal idarəsi tərəfindən verilmiş cavab məktubunda isə qeyd olunmuşdur ki, əhali qrupu üzrə bağlanmış müqavilələr 2015-ci ildən əvvəlki dövrlər onlarda saxlanılmır. Arxiv tərəfindən yandırılmışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında hazrıkı tələbi irəli sürməkdə subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(112)-1905/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar