Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1456/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı və onun vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X7 işə cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair” inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10419/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı 3-cü şəxs qismində X3 və X7 göstərilməklə onların ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10419/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə yetkinlik yaşına çatmış X7 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 2010-cu ilin yanvar ayında almışdır və ev həmin vaxtdan etibarən faktiki olaraq onun sahibliyindədir. Sözügedən fərdi yaşayış evini aldıqdan sonra, onun və oğlu X1 evə qeydiyyata düşməsi üçün həmin evdə qeydiyyatda olmuş şəxslərin razılığı alınmışdır. Evi aldıqdan və oraya köçdükdən sonra həmin evdə qeydiyyatda olan şəxslər qeydiyyatdan çıxmış, lakin, bu yaxınlarda Forma 2 arayışı alarkən ona məlum olmuşdur ki, tanımadığı və heç vaxt üzünü görmədiyi üçüncü şəxslər onun faktiki sahibliyində olan Sabunçu rayonu, Sabir küçəsi, ev 31 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadırlar.Halbuki, qeydiyyata düşmək üçün həmin evdə qeydiyyatda olan şəxslərin razılığı alınmalıdır. Necə ki, o, Sabunçu rayonu, Sabir küçəsi, ev 31 ünvanında yerləşən fərdi yaşayış evini 2010-cu ildə alarkən evə qeydiyyata düşməsi üçün həmin evdə qeydiyyatda olan şəxslərin razılığı alınmışdır. Lakin, üçüncü şəxslərin onun sahibliyində olan evə qeydiyyata düşmələri üçün onlardan razılıq alınmamışdır. Bu isə onun dövlət tərəfindən tanınan və qorunan hüquqlarının ciddi şəkildə pozulması deməkdir. Üçüncü şəxslərin evdən qeydiyyatdan çıxarılmaları ilə bağlı xx.xx.2022-ci il tarixdə cavabdeh quruma müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10419/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iş üzrə əhəmiyyət kəsb edən halları, yəni, 3-cü şəxslər X3 və X4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ümumiyyətlə yaşamamaları, onların həmin ünvanda formal qeydiyyatda olmaları, həmçinin, faktiki olaraq fərdi yaşayış evinə iddiaçının sahiblik etməsi və daimi olaraq orada yaşamasını nəzərə almamışdır. Məhkəmə hərtərəfli araşdırma aparmadan və tam qiymət vermədən, yalnız fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədin olmaması və 3-cü şəxslərin çıxdan həmin ünvanda qeydiyyatda olmaları əsası ilə iddia tələbini mümkünsüz saymışdır. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı və onun vəkili M.İsmayılov apellyasiya şikayətinin təmin olunmasını və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddəti çərçivəsində qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Əks halda, həmin Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. Belə ki, işin qeyd olunan hallarından göründüyü kimi, ünvan 2 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin iddiaçıya məxsus olması heç bir hüquqmüəyyənedici sənədlə (mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənəd) təsdiq olunmur. Hətta onun özünün sözügedən ünvana qeydiyyatı X6 razılıq ərizəsi əsasında aparılmışdır. İşə əlavə olunmuş birinci instansiya məhkəməsinin cavabdehə ünvanlanmış sorğusuna Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 29 Avqust 2022-ci il tarixli məktubunda da bildirilir ki, İddiaçı Maştağa qəsəbəsi, Sabir küçəsi, ev 31 ünvanındakı evə hər hansı hüquqverici sənədinin olması aşkar edilməmiş , həmin ünvanda vergi ödəyicisi kimi qeydə alınmışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarxli məktubu ilə həmin ünvana dair məhkəməyə təqdim olunmuş üçüncü şəxs Cəfərov Samir oğlunun ka fərdi uçot kartından hətta görünür ki, o, həmin ünvana iddiaçıdan da əvvəl qeydiyyata alınmışdır. Beləliklə də, iddiaçının, üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etdiyi, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinə dair dövlət tərəfindən tanınmış olan hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir. Başqa sözlə, üçüncü şəxlərin qeydiyyatdan çıxarılmasını tələb etdiyi həmin ev özbaşına tikilidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlər konkret olaraq göstərilmişdir. Həmin bənddə qeyd edilmişdir ki, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunun qeyd olunan tələbindən də göründüyü kimi, qeydiyyat üçün əsas verən sənədlərin siyahısı qanunvericilikdə sadalanmışdır. Mübahisəli ünvanda yerləşən belə sənədlər sırasından hər hansı mövcud olmadığı halda iddiaçının üçüncü şəxslərin həmin evdən qediyyatdan çıxarılmalarını tələb etməkdə subyektiv hüquqa malik ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz Beləliklə də qeyd olunanlar nəzərə alınmaqla, iddiaçının üçüncü şəxslərin mübahisəli evdən qeydiyyatdan çıxarılmaları barədə hazırkı iddia tələbinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilməsi istisna olunur. Belə olan halda, birinci instansiya məhkəməsinin qərardadı ilə onun iddia tələbinin mümkün sayılmaması İPM-in 35.3-cü maddəsinin tələbinə uyğun olmuşdur. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qəraradını əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10419/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10419/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsivasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1456/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1456/2023
13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver