Məhkəmə qərarları › İş №2-1(103)-1457/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1457/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1457/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 16.02.2021-ci il tarixli, 2-1(112)-311/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 16.02.2021-ci il tarixli, 2-1(112)-311/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən ümumi sahəsi 600 kv. metr olan 26 saylı bağ sahəsinə dair İddiaçı anası mərhum X5 adına mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz əmlakın Dövlət reyestrindən arayışın (çıxarış) verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. (hakim N.Abıyev). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməklə, mərhum anası X5 adına Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən ümumi sahəsi 600 kv. metr olan 25 saylı bağa dair Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək mərhum anası X5 adına Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən ümumi sahəsi 600 kv. metr olan 26 saylı bağa dair Daşınmaz əmlakın Dövlət reyestrindən arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mərhum anası X9 26 aprel 2001-ci ildən Göyüşov Sayaddan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 26 saylı bağ sahəsini almışdır. Bununla bağlı “Savalan” bağçılıq cəmiyyətinin İdarə Heyətinin iclasının 26 aprel 2001-ci il tarixli protokolundan çıxarışa əsasən yuxarıda qeyd edilən ərazidə 600 kv. metr sahəsi olan 26 saylı bağ onun anasının adına keçirilmişdir. Eyni zamanda “Savalan” bağçılıq cəmiyyətinin üzvlüyə, buna dair üzvlük kitabçası da var. Həmin bağ sahəsi alınan gündən hal-hazıra kimi iddiaçının istifadəsindədir. Bağ hasara alınıb, içərisində ev də var. İddiaçı bağa dair plan və ölçünün, dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh orqan olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sənədlərlə müraciət etmişdir, lakin ona imtina məktubu ilə bildirilmişdir ki, bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında Həsənova Xanım və Göyüşov Sayadın adları aşkar olunmamışdır. Həmçinin, bağçılıq-yoldaşlığın bölgü sxeminə əsasən göstərilən ərazi “20” saylı bağ sahəsinin yerinə uyğun gəlir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur, çünki o, qanunvericiliklə tələb olunan bütün hüquqmüəyyənedici sənədləri təqdim etmişdir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı müvafiq ünvanda yerləşən bağ sahəsinə dair çıxarış almaq məqsədilə 23.09.2019-cu il tarixdə İdarəyə rəsmi müraciət etmişdir. aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İdarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında protokolda adları qeyd edilən Həsənova Xanımın və Göyüşov Sayadın adları aşkar olunmamışdır. Protokoldan çıxarışda bağ nömrəsi və torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. həmçinin bağçılıq-yoldaşlığın bölgü sxeminə əsasən göstərilən ərazi “20” saylı bağ sahəsinin yerinə uyğun gəlir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. 10.06.1977-ci ildə verilmiş 235731 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1955-ci il tarixdə doğulmuş İddiaçı atası kimi X7, anası kimi isə X9 qeyd edilmişdir. “Savalan” bağçılıq cəmiyyətinin idarə heyətinin 1997-ci il tarixli iclas protokolundan görünür ki, iki ildən artıq müddət ərzində bağın tikintisinin başa çatdırılmaması və istismar olunmaması ilə əlaqədar olaraq, Binəli Göyüşovun ərizəsi nəzərə alınaraq, 26 saylı sahənin onun adından çıxarılması və Sayad Abuşovun adına keçirilməsi qərara alınmışdır. “Savalan” bağçılıq cəmiyyətinin idarə heyətinin 26.04.2001-ci il tarixli iclasının protokolundan müəyyən olunur ki, iki ildən artıq müddət ərzində bağın tikintisinin başa çatdırılmaması və istismar olunmaması ilə əlaqədar olaraq, Sayad Abuşovun ərizəsi nəzərə alınaraq, Binəli Göyüşova məxsus olan bağ sahəsinin Xanım Həsənovanın adına keçirilməsi qərara alınmışdır. “Savalan” bağçılıq cəmiyyəti tərəfindən 26.04.2001-ci il tarixdə verilmiş 26 nömrəli üzvlük kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, “Savalan” yoldaşlıq bağçılıq birliyinin 55 №-li 26.04.2001-ci il tarixli protokolu ilə birliyə üzv seçilmiş X8 Bakı şəhəri, Hövsan qəsəbəsində ümumi sahəsi 600 kv. metr olan bağ torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 27.11.2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 649794 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 19 noyabr 2013-cü il tarixdə ölmüşdür. 5 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə ünvanlanmış 23.09.2019-cu il tarixli 1866 №li məktubda göstərilmişdir ki, 19.11.2013-cü il tarixdə vəfat etmiş mərhum X5 vərəsəsi olan oğlu-İddiaçı ərizəsi əsasında notariat ofisində ondan qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: - DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 07.11.2019-cu il tarixli **********48 №li məktubu ilə “Savalan” bağçılıq cəmiyyətinin üzvlərinin siyahısının təsdiq olunmuş surəti göndərilmişdir. Qeyd olunan siyahıda X3 adı qeyd olunmuşdur (№ 26). - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı filialının 08.05.2020-ci il tarixli 276 №li məktubu ilə “Savalan” Bağçılıq Cəmiyyətinin arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilməməsi bildirilmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 23.12.2020-ci il tarixli **********19 №li məktubu ilə “Savalan” bağçılıq yoldaşlıq birliyi nəzdində Suraxanı rayonu Hövsan bağ sahəsində yerləşən 20 nömrəli bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərin (üzvlük kitabçası və s.) İdarənin arxivində aşkar olunmaması qeyd edilmişdir. Həmçinin bildirilmişdir ki, Suraxanı rayonu Hövsan bağ sahəsində yerləşən 25 və 20 saylı bağ sahələrinin yerləşdiyi yerlər üzrə sxematik xəritə İdarənin arxivində aşkar olunmamışdır. Əlavə olaraq arxiv qovluğunda mövcud olan “Savalan” bağçılıq yoldaşlıq cəmiyyətinə aid yerləşmə sxeminin təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********7 №li 11.10.2019-cu il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişlə müraciətçiyə bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında Həsənova Xanımın və Göyüşov Sayadın adları aşkar olunmamışdır. Həmçinin bağçılıq-yoldaşlığın bölgü sxeminə əsasən göstərilən ərazi “20” saylı bağ sahəsinin yerinə uyğun gəlir. Bundan əlavə yoxlama-ölçü işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.5-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16.02.2021-ci il tarixli, 2-1(112)-311/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar