Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1457/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(112)-4301/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 19-22 aprel 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Goranboy rayon Komissarlığı tərəfindən könüllü olaraq hərbi xidmətə çağırılmış və xidmətini N saylı hərbi hissədə başlamışdır. 1992-ci il tarixdə hərbi hissənin bütün növ təminatlarına qoyulmuşdur. O, xx.xx.1992-ci il tarixdə Goranboy rayon Ərazi X9 tərkibində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşləri görüb, Qarabağ uğrunda gedən döyüşlərə qatılaraq Ağcakənd və Ağdərə rayonu, Qaraçinar, Mənəş, Talış, Gülüstan, Qırmızıkənd və digər kəndlər uğrunda döyüşlərdə fəal iştirak etmiş və sıravi əsgər olmaqla atıcı olmuşdur. Onun hərbi biletini əvəz edən xx.xx.2019-cu il tarixli, 10541 nömrəli arayışda xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi Goranboy rayonu X9 tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyi öz əksini tapmışdır. Onun barəsində heç bir təqsirləndirici material olmamışdır. Onun döyüş yoldaşları var, onun döyüş yolu barədə şahidlik edə bilərlər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edərək, veteran adının və vəsiqəsinin verilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəmə qərarına ehtiyac var. Bakı İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(112)-4301/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Ş.Həsənova) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, o, xx.xx.1992-ci il tarixdə Goranboy rayon Ərazi X9 tərkibində Qarabağ uğrunda döyüşlərə qatılaraq Ağcakənd və Ağdərə rayonu, Qaraçinar, Manas, Talış, Gülüstan, Madagir, Qırmızıkənd və digər kəndlər uğrunda döyüşlərdə fəal iştirak etmişdir. O, sıravi əsgər olaraq atıcı olmuşdur. Kalaşnikov markalı avtomat silahı olmuşdur. Onun hərbi biletini əvəz edən xx.xx.2019-cu il tarixli, 10541 nömrəli arayışda xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi X11 Batalyonun tərkibində Qarabağ uğrunda döyüşlərdə iştirak etdiyi öz əksini tapmışdır. Eləcə də Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsi arxiv arayışında göstərilmişdir ki, o, yəni İddiaçı Goranboy X9 komandirinin xx.xx.1992-ci il tarixli 1 nömrəli əmri ilə atıcı vəzifəsinə təyin edilmişdir. Həmçinin işdə olan sənədlərdə də qeyd edilir ki, o, həmin batalyonda pulemyotçu köməkçisi kimi də çalışmış və xx.xx.1992-ci ildə tarixdən həmin batalyonda sürücü vəzifəsini də icra etmişdir. Onunla birlikdə həmin dövrdə çalışan şəxslərin hər biri ayrı ayrılıqda veteran adı almışlar və veteran vəsiqəsi daşıyırlar. Həmin şəxslər lazım gələrsə gəlib məhkəmədə onunla birlikdə döyüşlərdə iştirak etdiklərini sübuta yetirə bilərlər. Həmçinin qeyd edir ki, X2 Milli Ordunun 100 illiyi münasibəti ilə 16 aprel 2019-cu il tarixdə “Milli-Ordu 100” Medalı ilə təltif etmişdir. X1 ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə xidmətlərini nəzərə alıb 16 aprel 2019-cu ildə “Müharibə Veteranı” medalı ilə təltif etmişdir. Bütün bunları qeyd etməkdə məqsədi odur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyinə baxmayaraq, bununla bağlı dövlət tərəfindən müəyyən güzəştlərdən və hər hansı bir imtiyazlardan istifadə edə bilməmişdir. Buda onun Konstitusiya hüquqlarının pozulmasına səbəb olmuşdur. Eyni zamanda işdə olan digər sənədlər də onun Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etdiyini faktını təsdiq edir. Birinci instansiya məhkəməsinin şikayət olunan qərarında qeyd edilən məhkəmə qətnaməsinə və işin digər hallarına heç bir hüquqi qiymət verilməmişdir. Qanunvericiliyə görə özünümdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi səlahiyyəti Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məxsus səlahiyyətdir. Ona görə də iddiaçı olaraq onun da özünümüdafiə dəstəsinin tərkibində İştirakına istinad etdiyi üçün onun barəsində müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi və ya bundan İmtinaya dair qərarın qəbul edilməsi səlahiyyəti Azərbaycan Respublikası Müdafiə Nazirliyinə deyil, məhz xidmətə məxsus səlahiyyət olduğu üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirməlidir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)- 2328/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 4301/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-250/2022 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-2328/2021 nömrəli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X8 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə tərəflərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanununun 3-cü maddəsinin 8-ci abzasının tələblərinə əsasən «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin qeyd hissəsində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Həmin Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Birinci instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Goranboy ƏÖMB komandirinin xx.xx.1992-ci il tarixli, 1 №-li əmrilə iddiaçı atıcı vəzifəsinə təyin edilmiş, Goranboy ƏÖMB komandirinin 01 may 1992-ci il tarixli 1 nömrəli əmri ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin 27 mart 1992-ci il tarixli əmrinə uyğun olaraq, Goranboy şəhərində yaradılmış ərazi özünümüdafiə 2-ci batalyonu N №-li hərbi hissə adlandırılmış və iddiaçı atıcı pulemyotçu köməkçisi vəzifəsinə, Goranboy ƏÖMB komandirinin xx.xx.1992-ci il tarixli, 6 №-li əmrilə isə sürücü vəzifəsinə təyin edilmişdir. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 27 mart 1992-ci il tarixli əmrinə uyğun olaraq Goranboy şəhərində yaradılmış ərazi özünümüdafiə 2ci batalyonu N №-li hərbi hissə adlandırıldığından, iddiaçının sonuncu qulluq keçdiyi yer Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissəsi olduğundan, cavabdeh qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi çıxış etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında Goranboy ƏÖMB komandirinin 01 may 1992-ci il tarixli 1 nömrəli əmri ilə Azərbaycan Respublikası Müdafiə nazirinin 27 mart 1992-ci il tarixli əmrinə uyğun olaraq, Goranboy şəhərində yaradılmış ərazi özünümüdafiə 2-ci batalyonu N №-li hərbi hissə adlandırılsa da, işə baxan birinci instansiya məhkəməsi tərəfindən, ilk növbədə, Azərbaycan Respublikası Müdafiə nazirinin 27 mart 1992-ci il tarixli əmri tələb edilməmiş və məzmunu öyrənilməmiş, N №-li hərbi hissənin həqiqətən də Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə olması, həmin hərbi hissənin şəxsi heyətinin (hazırkı halda: iddiaçının) hərbi qulluqçu statusunda olub-olmaması araşdırılmamışdır. Bununla yanaşı, Goranboy ƏÖMB komandirinin 01 may 1992-ci il tarixli 1 nömrəli əmri ilə Goranboy şəhərində yaradılmış ərazi özünümüdafiə 2-ci batalyonu N №-li hərbi hissə adlandırılsa da, iddiaçının sürücü vəzifəsinə təyin edilməsi Goranboy ƏÖMB komandirinin xx.xx.1992-ci il tarixli, 6 №-li əmri ilə olmuşdur. Başqa sözlə, əmr N №-li hərbi hissə adından deyil, Goranboy ƏÖMB komandirinin adından verilmişdir. İşə baxan birinci instansiya məhkəməsi bu hala da qiymət verməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiyası məhkəməsi iddiaçının hərbi hissə tabeliyində olan hərbi qulluqçu kimi xidmət etməsi məsələsini hərtərəfli araşdırmadan və qiymətləndirmədən iddianın düzgün cavabdehə qaldırılmaması ilə bağlı nəticəyə gəlmiş, bununla da, işin obyektiv və hərtərəfli araşdırılması prinsipini pozmuşdur. Halbuki, yuxarıda qeyd olunan "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”sində qeyd olunan normaların tələbləri baxımından bu halların araşdırılması zəruridir. İşə təkrar baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları Müdafiə Nazirliyinə sorğu verməklə aydınlaşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.7.1-ci maddəsinin tələbinə görə inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.7.1, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(112)-4301/2021 nömrəli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(103)-1457/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1457/2022
22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver