Məhkəmə qərarları › İş №2-1(103)-1457/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1457/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1457/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “borcun ümidsiz borc hesab edilərək şəxsi hesab vərəqəsindən silinməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4191/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ən e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası İqtisdiyyat Nazirliyi Yannda Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən Temirli Qrup ASC-nin şəxsi hesab vərəqəsində hesablanmış 434.927,76 (dörd yüz otuz dörd min doqquz yüz iyirmi yeddi manat, yetmiş altı qəpik) manat əsas borcun və həmin əsas borca hesablanmış faiz borcunun ümidsiz borc hesab edilərək Cəmiyyətin şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4191/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərardadı ilə iddia geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin icraata geri götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsi tərəfindən Temirli Qrup ASC-nin şəxsi hesab vərəqəsində hesablanmış 434.927,76 (dörd yüz otuz dörd min doqquz yüz iyirmi yeddi manat, yetmiş altı qəpik) manat əsas borcun və həmin əsas borca hesablanmış faiz borcunun ümidsiz borc hesab edilərək Cəmiyyətin şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4191/2023 saylı qərardadı ilə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Hesab edirlər ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 4191/2023 saylı qərardadı əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Hazırki iş üzrə vəkil 25 iyul 2023-cü il tarixində məhkəmə işinə əlavə edilmişdir. 13 sentyabr 2023-cü il tarixində vəkil tərəfindən məhkəmə işinin obyektiv və ətraflı araşdırılmasının təşkil edilməsi, əlavə sübutların toplanması məqsədi ilə iki ay müddətinə təxirə salınması xahiş edilmişdir. Həmçinin 22 noyabr 2023-cü il tarixli ərizədə məhkəmə prosesinin təyin edildiyi vaxtda - 23 noyabr 2023-cü il tarixində başqa məhkəmə proseslərinin olması qeyd edilərək məhkəmə prosesinin təxirə salınması xahiş olunmuşdur. Göründüyü kimi iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəmə icraatından yayınma halı baş verməmiş, üzrlü səbəblərdən məhkəmə prosesində iştirak edilməmişdir. Eyni zamanda məhkəmə prosesində iştirak edə bilməməsinin səbəbləri barəsində də məhkəməyə məlumat verilmişdir ki, həmin məhkəmə iclaslarının ekran görüntüləri də şikayət ərizəsinə əlavə olunmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərardadda qeyd etmişdir ki, iddiaçı məhkəmənin xx.xx.2023-cü il tarixdə hazırlıq icraatı iclasının keçirilməsi vaxtı barədə xx.xx.2023-cü il tarixdə xəbərdar edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmədiyindən iclasda iştirakını təmin etmək məqsədilə hazırlıq icraatı iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. İddiaçıya göndərilən bildirişdə İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmiş, lakin qeyd edilən tarixdə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq icraatı iclasında da iddiaçı eyni qaydada iştirak etməmiş və məhkəməyə dəfələrlə ərizə təqdim edərək (“Elektron Məhkəmə” sistemi vasitəsilə) məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Beləliklə, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən göstərilən hallar düzgün araşdırılmamış, prosessual hüquq normaları düzgün tətbiq edilməyərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilmişdir. Belə ki, həmin normanın mənasına görə iddiaçı nəzərdə tutulan müddət ərzində ardıcıl olaraq üzürsüz səbəbdən məhkəmə icraatından yayındıqda iddia geri götürülmüş sayılır. Həmçinin məhkəmə iddianın geri götürülmüş sayılması nəticəsinə o halda da gələ bilər ki, iddiaçının icraatdan yayınmasına dair passiv davranışı onun icraatın davam etdirilməsinə marağının olmamasından irəli gəlsin. Lakin hazırki iş üzrə məhkəmənin bu qənaətə gəlməsinə əsas olan hal mövcud deyil. İşin araşdırılmış hallarından görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmişdir. Daha sonra isə iddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixə təxirə salınmış məhkəmə iclasından əvvəl məhkəmə ərizə ilə müraciət edərək başqa məhkəmə iclasında iştirakı ilə əlaqədar xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclaslarında iştirak edə bilməyəciyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir, lakin həmin tarixdə də birinci instansiya məhkəməsi tərəfindən iddia geri götürülmş sayılmışdır. Göründüyü kimi, iddiaçının hazırki iddia tələbinin məhkəmə tərəfindən araşdırılmasına hüquqi marağı olmuş, iddianın geri götürülmüş sayılması üçün əsaslar mövcud olmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi qərardadda iddiaçıya göndərilən bildirişdə İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edildiyini, lakin qeyd edilən tarixdə iddiaçının məhkəmə iclasında iştirak etmədiyini qeyd etsə də, müvafiq xəbərdarlığın əks olunduğu bildirişin iddiaçıya çatmasını təsdiq edən sübutlar (məktubun poçta verilməsi barədə reyestr, poçt xəbərnaməsi) iş materiallarında mövcud deyildir. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarında qeyd edilir: İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunverici bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. Yuxarıda göstərilən qaydaların məhkəmələr tərəfindən pozulması məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. Beləliklə, İPM-in 55.3-cü maddəsi Konstitusiya Məhkəməsi Plenumunun müəyyən etdiyi qaydada düzgün və dürüst tətbiq olunduqda, Konstitusiyanın 60-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnu pozmur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu səbəbdən də məhkəmə kollegiyası qeyd edir ki, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün göndərildiyi halda işə mahiyyəti üzrə yenidən baxılır. Ona görə də apellyasiya şikayəti işin icraata götürülməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4191/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar