Məhkəmə qərarları › İş №2-1(103)-1458/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1458/2021

15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1458/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinə qarşı “İZ aktının qəbul edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2-1(112)-699/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinə qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, İZ aktının qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin üzərinə qoyulması; sağlamlığın pozulması nəticəsində iddiaçıya dəymiş 8.000 (səkkiz min) manat məbləğində mənəvi zərərin əvəzinin, hüquqlarının bərpası üçün çəkdiyi 610 (altı yüz on) manat pulun cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti tərəfindən iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin Bakı şəhəri Səbail rayonu X3 hissəsinin 25 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsində çalışmışdır. 15 iyul 2016-cı il tarixində daxili təlim zamanı iddiaçını da təlimə cəlb etmişdilər. Təlimdə KİP-i (hava balonu) qaldırarkən balon qəflətən belinə düşmüş və iddiaçı zərbədən yerə yıxılaraq huşunu itirmişdir. X8 çağırılaraq iddiaçıya ilkin tibbi yardım göstərilmişdi. Zədə ağır olduğundan AR FHN-in Tibb Xidmətinin Tibb Mərkəzinə aparılmalı idi və ona müvafiq tibbi yardım göstərilməliydi. Lakin xidmət rəisi məzuniyyətdə olduğundan Tibb Mərkəzinə göndəriş verilmədi. Rəis müavini də qeyd olunan göndərişi verməkdən boyun qaçırdı. Beləliklə, iddiaçı həmin ağrı ilə rəis məzuniyyətdən qayıdıb göndərişi verənədək, hər gün işə gedib gəlməli oldu. Ağrılarını müvəqqəti olaraq saxlamaq üçün Tibb mərkəzinin həkimi, göndərişdən kənar sadəcə ağrıkəsici dərmanlarla kömək edəcəyini bildirdi. Bu dərmanlar ilk vaxtlar ağrılarını kəssə də zədənin fəsadı müalicə olunmadığından getdikcə vəziyyəti daha da ağırlaşdı. Artıq qeyd olunan ağrıkəsici dərmanlar da heç bir nəticə verməməyə başladı. İddiaçının vəziyyəti ağırlaşdığından və artıq işi icra etməyə sağlamlığının imkan vermədiyi qənaətinə gəldiklərindən, nəhayət 08.09.2016-cı il tarixdə rəis tərəfindən tibbi müayinədən keçməyi üçün Tibb Mərkəzinə göndəriş verildi. Burada müalicələr nəticə vermədiyindən, sağlamlıq vəziyyəti daha ağır olduğundan iddiaçının AR Daxili İşlər Nazirliyinin Respublika Hospitalında stasionar müalicə olunmağı üçün mərkəz rəisi tərəfindən göndəriş verildi. İddiaçı 05.10.2016- 24.10.2016-cı il tarixdə müalicə almışdır. Lakin hələ də rəhbərliyin göstərişi əsasında və bölmə rəisinin təkidi ilə işə gəlməyə davam edirdi. Halbuki, iddiaçı onlara izah edə bilmirdi ki, ağrıları var və işlə məşğul ola bilmir. 09.12.2016-cı il tarixdə sağlamlıq vəziyyəti pis olmasına baxmayaraq iddiaçını yenidən təlimə cəlb etdilər. Ağır əşyaları daşımağa qətiyyən icazə verilmirdi. İddiaçıya məcburən 18 kiloqramlıq əşyanı daşımağı tapşırdılar. Artıq bu dəfə ayaqları tutularaq yerə yıxıldı və belinin ağrısından tərpənə bilmədi. 1 saat sonra X8 çağırıldı və iddiaçıya müvafiq tibbi yardım göstərildi. Lakin AR FHN Tibb Xidməti tərəfindən iddiaçıya stasionar müalicə olunmağı üçün göndəriş verilmədi. Konservativ müalicələr effektsiz olduğundan cərrahi əməliyyat olunmaq məcburiyyətində qaldı. 02.03.2017-ci il tarixdə Neyrocərrahlıq xəstəxanasında cərrahi əməliyyat olundu. AR FHNin X3 Xidmətinin Kadrlar Şöbəsinin 13.09.2017-ci il tarixli göndərişinə əsasən AR FHN Tibb Xidmətinin xüsusi həkim ekspertiza komissiyası tərəfindən iddiaçıya xəstəlik haqqında şəhadətnamə təqdim edilmişdir. Bundan sonra 20.09.2017-ci il tarixdə AR FHN X3 Xidmətinin 1566/ş saylı əmrinə əsasən fövqəladə hallar orqanlarında xidmətkeçməyə xitam verilmişdir. Uzun müraciətlərdən sonra 25.10.2018-ci il tarixdə iddiaçıya əlillik dərəcəsi təyin olundu və hazırda o üçüncü qrup əlildir. İddiaçının xəstəliyi bilavasitə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmuşdur. Xidməti vəzifəni icra edərkən aldığı zədə nəticəsində müalicələr heç bir effekt vermədi, cərrahi əməliyyat olundu və nəhayət həmin zərərin fəsadından irəliləyən xəstəliyi nəticəsində iddiaçıya əlillik təyin edildi. Dəfələrlə cavabdeh orqana iddiaçıya müvafiq aktın verilməsi üçün müraciət edilsə də, bu müraciətlər heç bir nəticə verməmişdir. Sonuncu dəfə cavabdehə 30.08.2019-cu il tarixdə müraciət olunmuş, lakin məktuba heç bir cavab verilmədi. Cavabdehin hərəkətsizliyi imtinaya bərabər tutulur. Cavabdeh orqan əsassız olaraq iddiaçıya qeyd olunan aralıq İZ aktını vermir. Ərizəyə əlavə etdiyi xəstəlik sənədlərindən də göründüyü kimi, iddiaçı AR FHN-in X3 Xidmətinin göndərişləri əsasında müalicə almışdır. Əgər iddiaçının aldığı xəsarət bə bu xəsarətdən törəyən xəstəliyi xidməti vəzifələrinin icrası ilə əlaqədar olmamışdırsa, o halda nəyə görə, AR FHN-in Tibb Xidməti Müalicə olunmağı üçün dəfələrlə göndəriş verib. Xəstəliyin xidməti vəzifələrinin icrası ilə əlaqədar olduğunu sübut edən digər fakt da işə əlavə edilən 27.12.2017-ci il tarixli Bakı şəhəri Təcili və X2 Stansiyasının məktubudur. Həmin məktubdan da göründüyü kimi hadisə baş verən gün 15.07.2016-cı il və 09.12.2016-cı il tarixlərdə FHN ünvanından iddiaçının halının pis olması səbəbi ilə “103” xidmətinə çağırış daxil olmuşdur. Göründüyü kimi cavabdeh əsassız olaraq İZ formalı aktın tərtib olunmasından imtina etmişdir. İddia ərizəsinə əlavə olunan bütün sənədlər əsasında müəyyən etmək mümkündür ki, həqiqətən xəstəliyin əsas səbəbi iş zamanı aldığı xəsarətdir. Belə ki, AR FHN-in Tibb Xidmətinin göndərişləri əsasında müalicə olunmağı onu göstərir ki, həqiqətən də xəsarəti iş yerində almışdır. Çünki iş zamanı alınmayan xəsarətlərə görə AR FHN-in Tibb Xidməti heç bir halda göndəriş vermir. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin nümayəndələri iddiaya dair yazılı etiraz verərək bildirmişdilər ki, iddiaçı xidmət zamanı xəsarət aldığını bildirilməklə, iş yerində baş vermiş bədbəxt hadisə hallarında işəgötürən tərəfindən tərtib olunan “İZ” formalı aktının verilməsini tələb edir. Həmin aktının tərtib edilməsi halları və qaydası isə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 nömrəli 28.02.2000-ci il tarixli Qərarı ilə tənzimlənir. İddiaçı ərizədə göstərdiyi 15 iyul 2016-cı il tarixdə iş vaxtı ərzində onunla bağlı müvafiq qərarda nəzərdə tutulan heç bir bədbəxt hadisə baş vermədiyinə görə tələb olunan aktın tərəfimizdən təqdim edilməsi qeyrimümkündür. Bakı şəhər Təcili və X2 stansiyasından iddiaçıya ünvanlanmış 27 dekabr 2017-ci il tarixli məktubun surətindən görünür ki, 15.07.2016-cı il tarixdə həqiqətən iş yerindən İddiaçıla bağlı “103” xidmətinə çağırış daxil olmuş, lakin xəstəyə qoyulan diaqnoz “gərginlik tipli başağrısı” olmuşdur. Müvafiq sənədə əsasən, heç bir xəsarət alma faktı təsdiqlənmir. İddiaçı xəstəliyi ilə əlaqədar xidmətkeçməsinə DYMX-nın 1566/ş nömrəli, 20 sentyabr 2017-i il tarixli əmri ilə xitam verilmişdir. Əmrin verilməsində əsas götürülmüş Azərbayan Respublikası FHN Tibb Xidmətinin Xüsusi Həkim Ekspertiza Komissiyasının 01693 nömrəli 13 sentyabr 2017-i il tarixli xəstəlik haqqında şəhadətnaməsində isə, İddiaçı xəstəliyinin xidmət dövründə alındığı göstərilmişdir. Komissiya tərəfindən göstərilən “xəstəlik xidmət dövründə alınmışdır” ifadəsi, həmin xəstəliyin xidmət dövründə təsadüf etməsini təsdiqləyir. Belə ki, travma və ya xəstəliyin işlə əlaqəsi olan hallarda müvafiq xəstəlik sənədlərində yuxarıda qeyd olunan ifadə deyil, “xidmət vəzifənin icrası ilə əlaqədar alınmışdır” ifadəsi qeyd olunur. Eyni zamanda iddiaçının xəstəlik şəhadətnaməsində onun 2014-cü ildən etibarən müxtəif tibb müəssisələrində müalicə və müayinə olunduğu göstərilmişdir. Bu isə o deməkdir ki, onun xəstəliyinin xidməti işi ilə heç bir əlaqəsi yoxdur və göstərilən diaqnoz ümumi xarakterli xəstəliklərə aiddir. İddiaçı 15 iyul 2018-i il tarixdə xidmətdə olduğu zaman təlim keçirildiyini və həmin vaxt xəsarət aldığını iddia edir. Halbuki, İddiaçı xidmət etdiyi Səbail rayon X3 Hissəsi tərəfindən verilmiş arayışda həmin tarixdə heç bir məşğələnin keçirilmədiyi göstərilir. Hissənin xidmət kitabından həmin tarixə aid çıxarışlarından isə, aydın olur ki, İddiaçı 15.07.2018-ci il tarixdə ümumiyyətlə növbənin döyüş hesabında deyil, yanğınsöndürmə növbəsinin dispetçeri vəzifəsini icra etməklə naryadda olmuşdur və kitabda “növbə ərzində şəxsi heyətdən xəsarət alan olmamışdır” yazılmaqla müvafiq qeydiyyat aparılmışdır. Eyni zamanda bildiririk ki, dispetçer vəzifəsini icra edən əməkdaşlar heç bir təlim və ya məşğələyə cəlb edilmirlər. Belə ki, “Yanğından mühafizənin Xidmət Nizamnaməsi”nin 78-ci bəndinin tələblərinə görə, dispetçərə hər hansı səbəbdən “iş yerini tərk etmək qadağandır”. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2-1(112)-699/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı və nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2-1(112)-699/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. -Azərbayan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Səbail rayon X3 Hissəsinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibbi Xidmətinin Tibbi Mərkəzinə ünvanladığı 08 sentyabr 2016-cı il tarixli, 0319 saylı göndərişin surətindən görünür ki, Azərbayan Respublikası Fövqəladə Hallar Nazirliyinin DYMX-nin Səbail rayon X3 hissəsinin 25 nömrəli Yanğınından mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni İddiaçı tibbi müayinədən keçmək üçün Tibb Mərkəzinə göndərilir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 29 sentyabr 2016-cı il tarixli və 21.02.2017-ci il tarixli onurğa sütununun bel-oma nahiyyəsinin MRT nəticələrindən görünür ki, xəstə İddiaçı L5-S1 fəqərəarası diskə dural kisəni və sol sinir kökcüyü kompressiya edən arxa sol lateral foraminal yırtıq aşkar edilmişdir. Daxili İşlər Nazirliyi A.N.Heydərov adına Respublika Hospitalı Maqnit X1 21.10.2016cı il tarixli lumbosakral MRT müayinəsinin nəticələrindən görünür ki, müayinə zamanı İddiaçı L4-L5 və L5-Sİ aralığına aid disklərdə annulyar qabarma (bulging) ilə müşayiət olunan geniş əsaslı sol paramedianposterolateral ekstruziya (5mm) mövuddur. Buna bağlı sol tərəfdə nevral foramenlər daralmış, sinir kökləri sıxılmış və dural kisənin sol-ön yarısına bir qədər kompressiya izlənmişdir. Sağ tərəfdə nevral foramenlər zəif daralmış sinir köklərinə təmas qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahlıq Xəstəxanasının 441 saylı çıxarışından görünür ki, 1983-cü il təvəllüdlü İddiaçı L4 və L5 fəqərələrinin soldan hissəvi hemilaminmektomiyası, L4 və L5-S1 fəqərəarası disklərin sol tərəfli yırtıqlarının xaric edilməsi ilə bağlı əməliyyatı 02.03.2017-ci il tarixdə icra olunmuşdur. Xəstəlik haqqında 01693 saylı şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, XHEK-nin hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s.yararlıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 26b, 66b maddəsinin İİİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən, İddiaçı sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin 20.09.2017-ci il tarixli, 1566/ş saylı əmri ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin Bakı şəhəri Səbail rayon X3 hissəsinin 25 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni daxili xidmət çavuşu İddiaçı xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirilməsinin qeyri-mümkünlüyünə görə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin Bakı şəhər Təcili və X2 Stansiyasının 27 dekabr 2017-ci il tarixli, 817 saylı məktubundan görünür ki, 15.07.2016-cı il tarixdə saat 18:24 radələrində “103” xidmətinə Badamdar 1-ci massiv FHN-ünvandan İddiaçı (33 yaş) adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 19 saylı bölmənin həkimi Elşən Məhərrəmov icra edərək, xəstəyə “gərginlik tipli başağrısı” diaqnozu qoymuş və müvafiq tibbi yardım göstərilmişdir. 09.12.2016-cı il tarixdə saat 11:56 raddələrində həmin ünvana, İddiaçı adına daxil olan çağırışı 19 saylı bölmənin həkimi Tamam Tağıyevə icra edərək, xəstəyə “onurğanın boyun nahiyyəsinin osteoxondrozu” diaqnozu qoyaraq, müvafiq tibbi yardım göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Qaydaların 1.2-ci bəndinə əsasən əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən, habelə istehsal avadanlıqları və obyektlərində qəza zamanı işçilərin səhhətinin pozulması təhqiq edilməlidir. Həmin Qaydaların 1.3-cü maddəsinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Həmin Qaydaların 1.6-cı maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. Həmin Qaydaların 1.7-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X5 Xidmətinin yerli bölməsinə məlumat verməlidir. Həmin Qaydaların 2.1-ci maddəsinə əsasən ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X5 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X5 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin Məcəllənin 239-cu maddəsinin 2-ci bəndinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması məsələlərini tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən İstehsalatda baş verən bədbəxt hadisə barədə Aktın (İZ Aktının) müəyyən tədbirlər görüldükdən və müvafiq prosedurlar həyata keçirildikdən sonra verilməsi nəzərdə tutulmuşdur (aidiyyəti quruma bu barədə məlumat verilir, Təhqiqat Komissiyası yaradılır, xəsarətin ağırlıq dərəcəsinin müəyyən edilməsi üçün müvafiq rəylər alınır, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilir və uçota alınır). Lakin, göründüyü kimi, iddiaçı tərəfindən baş verməsi iddia edilən hadisə ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq hər hansı tədbirin görülməsi müəyyən edilməmişdir. Bu da öz növbəsində hadisənin hüquqi baxımdan baş verməsini istisna edir. Bundan əlavə iddiaçı tərəfindən Əmək Məcəlləsinin 191-ci və 239-cu maddələrinin tələbləri baxımından bu hadisənin baş verməsində işəgötürənin təqsirli olması, o cümlədən xəsarətin məhz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı alındığını (səbəbli əlaqəsini) sübuta yetirə bilməmişdir. Bunun əksinə iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin Bakı şəhər Təcili və X2 Stansiyasının 27 dekabr 2017-ci il tarixli, 817 saylı məktubundan görünür ki, 15.07.2016-cı il tarixdə saat 18:24 radələrində “103” xidmətinə Badamdar 1-ci massiv FHN-ünvandan İddiaçı (33 yaş) adına “halı pis” səbəbi ilə çağırış daxil olmuş, çağırışı 19 saylı bölmənin həkimi Elşən Məhərrəmov icra edərək, xəstəyə “gərginlik tipli başağrısı” diaqnozu qoymuş və müvafiq tibbi yardım göstərilmişdir. Bundan savayi isə Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, iddiaçı 15.07.2016-cı il tarixdə təlim zamanı qaldırdığı balonun qəflətən belinə düşməsi səbəbi ilə onda yırtığın əmələ gəlməsinə istinad etsə də, cavabdeh tərəfindən təqdim olunmuş arayışdan məlum olmuşdur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin Səbail rayon X3 hissəsinin 25 nömrəli yanğından mühafizə bölməsində həmin tarixdə hər hansı bir təlim keçirilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə bağlı xidmət yerində bədbəxt hadisənin baş verməsi sübuta yetirilmədiyindən, iz formalı aktın tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair tələbi əsassızdır, təmin edilməməlidir. Belə olan halda, iddiaçının sağlamlığına dəymiş zərərə görə, həmçinin hüquqlarının bərpası üçün çəkdiyi xərclərin cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətindən tələb edilməsi hissəsində də iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2-1(112)-699/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar