Məhkəmə qərarları › İş №2-1(103)-1458/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1458/2022

09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1458/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçının, onun vəkili X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (PHŞ) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının dövlət qulluqçusu kimi yenidən hesablanması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1906/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Filiala qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydalarının 6-cı maddəsi tətbiq edilməklə, dövlət məvacibini mövcud vəzifənin 2007-2008-ci illər üzrə dövlət məvacibi əsasında hesablamaqla, staja görə əlavələr hesablanarkən hərbi xidmətdə olduğu müddət nəzərə alınaraq ona təyin edilmiş pensiyanın yenidən hesablanması, bu zaman yaranmış fərqin məhdudiyyət qoyulmadan birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “... 29 iyun 1980-ci il tarixdən 1 aprel 1987-ci il tarixədək Oğuz Rayon (əvvəlki Vartaşen r.) Mədəniyyət şöbəsində baş mühasib, 23 aprel 1987-ci il tarixdən 24 oktyabr 1994-cü il tarixədək Oğuz Rayon Maliyyə şöbəsində pensiya və müavinətlər üzrə böyük inspektor vəzifələrində işləmişdir. Hər iki vəzifə hazırda qüvvədə olan qanunvericiliyə əsasən dövlət qulluğuna şamil edilir. Ona 2009-cu ilin yanvar ayında dövlət qulluğunda olmuş 2-ci qrup əlil kimi pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli fərmanı ilə təsdiq edilmiş Dövlət Qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydalarının 6-cı maddəsinə əsasən Əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş vəzifələrin Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Oğuz Rayon Maliyyə İdarəsi tərəfindən onun adına verilmiş 25 fevral 2009-cu il tarixli 04/02- 58 nömrəli arayışda onun 1993-1994-cü illərdə çalışdığı aparıcı inspektor vəzifəsinin aparıcı məsləhətçi vəzifəsi ilə əvəz edildiyi qeyd edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin insan resurslarının idarə edilməsi şöbəsinin müdiri Rumiyyə Ağdamskayanın ona ünvanlanmış 21 noyabr 2019-cu il tarixli 16/02-05-395-6309 nömrəli məktubunda bildirmişdir ki, onun 23 aprel 1987-ci il tarixdən 24 oktyabr 1994-cü il tarixədək Oğuz Rayon Maliyyə şöbəsində işlədiyi pensiya və müavinətlər üzrə böyük inspektor vəzifəsi Maliyyə Nazirliyinin 1998-ci il 20 aprel tarixli İ-36 nömrəli əmri ilə təsdiq edilmiş Oğuz Rayon Maliyyə İdarəsinin strukturunda pensiya və müavinətlər üzrə böyük inspektor vəzifəsi nəzərdə tutulmamışdır və hal-hazırda həmin idarədə belə bir vəzifə (ştat vahidi) yoxdur. Ona 23 yanvar 2009-cu il tarixdə pensiya təyin edilərkən pensiya Oğuz Rayon Maliyyə İdarəsinin mövcud aparıcı məsləhətçisinin 2007-2008-ci illərdəki dövlət məvacibi nəzərə alınmaqla hesablanmalı olduğu halda, səhvən 1993-1994-cü illərdəki dövlət məvacibi əsas götürülməklə hesablanmış, bununla da pensiya təyin edilərkən Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli fərmanı ilə təsdiq edilmiş sözügedən Qaydaların 6-cı maddəsinin müddəalarına riayət edilməmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1906/2021 saylı 27 aprel 2021-ci tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır ki, “məhkəmənin qərarda gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Belə ki, dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması qaydalarının 2-ci maddəsində göstərilir ki, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə, dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq, bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır. Ona hesablanan pensiya dövlət qulluqçusunun əmək pensiyası qaydalarına əsasən hesablanmışdır.. Buna baxmayaraq artımlar “Əmək pensiyaları haqqında” Qanuna əsasən hesablanmışdır. Pensiya işində mövcud olan AR Maliyyə Nazirliyi Oğuz Rayon Maliyyə İdarəsinin 2009-cu il tarixli arayışından görünür ki, idarənin ştat cədvəli üzrə 1993-1994-cü illərdə iddiaçının çalışdığı aparıcı inspektor vəzifəsi hal-hazırda aparıcı məsələhtçi vəzifəsi ilə əvəz edilmişdir. Ona pensiya təyin olunarkən, 2007-2008-ci illər üzrə dövlət məvacibi nəzərə alınmaqla, həmçinin staja görə əlavələr hesablanarkən hərbi hərbi xidmətdə olduğu müddət nəzəər alınaraq təyin edilmiş pensiyasının yenidən hesablanmasını xahiş etmişdir...” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2092/2021 saylı xx.xx.2021ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-191/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin həmin qərarı ləğv edilmiş iş təkrar baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, onun vəkili İ.Qocayev şikayəti müdafiə etdiyini bildirərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Əhmədli apellyasiya şikayətini qəbul etməmiş, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, Ali Məhkəmənin qərarından irəli gələn hüquqi mövqeyini İPM-in 96.11-ci maddəsinin tələbləri qaydasında nəzərə alaraq iş materiallarını təkrar apellyasiya qaydasında araşdırıb hesab edir ki, aşağıdakı əsaslara iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın qismən təmin olunması barədə yeni qərar çıxarılmalıdır. Cavabdehin iddia ərizəsinə etirazına və iddiaçının pensiya işi üzrə pensiya təyinedici orqanın 6 mart 2009-cu il tarixli qərarına və sonrakı artımla bağlı qərarlarına (xx.xx.2020, xx.xx.2020) və sərəncamına (2018), pensiyanın hesablanma cədvəlinə, eləcə də, Maliyyə Nazirliyinin DSMF-nin Oğuz rayon şöbəsinə təqdim edilməsi üçün verilmiş 04/02-58 No-li (2009) arayışına, Maliyyə Nazirliyinin Oğuz rayonu üzrə Maliyyə İdarəsində aparıcı inspektor kimi çalışdığı dövr üzə 1993- 1994-cü illərdə əmək haqqının aylar üzrə məbləğinə dair əlavəyə, TSEK-in müəayinə aktlarına (və s., i.v.63-89) əsasən müəyyən olunur ki, 1993-1994-cü illərdə Oğuz rayon Maliyyə İdarəsində aparıcı inspektor kimi çalışdığı vəzifənin dövlət məvacibi (vəzifə maaşı, mükafat və yardım) nəzərə alınmaqla, iddiaçıya İİ qrup əlilliyinə görə dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmiş və vəzifə maşşında sonuncu artımdan (xx.xx.2019) sonra, onun dövlət qulluqçusu kimi əlillik pensiyası 454,35 manat təşkil etmişdir. Konkret halda, iddia ərizəsinə və apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, iddiaçı qeyd olunan ilkin pensiya təyinatı ilə razılaşmayraq hesab edir ki, pensiya təyin olunarkən qanunvericiliyin tələbləri pozulmuş və əsassız olaraq onun tutduğu vəzifə 2009-cu ildə mövcud olan dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılmamış, həmin tarixdən əvvəlki 2 ilin (2007- 2008) dövlət məvacibi nəzərə alınmadan, ona əmək pensiyası təyin edilməklə, onun hüquqları pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qeyd olunan dəlillərində tamamilə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 1 saylı Əlavəsinin 2-ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Həmin Qaydaların 3-cü bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin həmin Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 2 saylı Əlavəsinin 2-ci bəndinə əsasən “fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır. İş materiallarının 71-72-ci vərəqlərində olan pensiya işinindən çıxarışlara əsasən müəyyən olunur ki, DSMF-in Oğuz rayon şöbəsi tərəfindən 2009-cu ildə pensiya təyinatı aparılarkən, Maliyyə Nazirliyi tərəfindən şöbəyə İddiaçı 1993-1994-cü illərdə Oğuz rayon Maliyyə İdarəsində aparıcı inspektor kimi çalışdığı vəzifəsinin hal-hazırda aparıcı məsələhətçi vəzifəsi ilə əvəz edildiyi barədə arayış verilməsinə baxmayaraq, onun dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası 1993- 1994-cü il tarixlərdə işlədiyi aparıcı inspektor vəzifəsinin dövlət məvacibinə görə təyin olunmuşdur. Göründüyü kimi, iddiaçıya 2009-cu il tarixində əlilliyinə görə əmək pensiyası təyin olunarkən, Qaydaların qeyd olunan tələbinə zidd olaraq, 1993-1994-cü illərdə tutduğu aparıcı insrpektor vəzifəsi - 2009-cu ildə fəaliyyətdə olan “aparıcı məsləhətçi” vəzifəsinə uyğunlaşdırılmamış və sonuncunun 2007-2008-ci illər üzrə dövlət məvacibi nəzərə alınmamışdır. Hazırkı apellyasiya mərhələsində verilmiş müvafiq məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Oğuz rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən məhkəməyə daxil olmuş 19 may 2022-ci il tarixli 2007-ci il tarixli 04/02-61 saylı cavab məktubuna əsasən 2007-2008ci illərdə Oğuz rayonu üzrə Maliyyə İdarəsində ştat cədvəli üzrə aparıcı məsələhətçi vəzifəsinin əmək haqqı barədə aşağıdakı məlumatlar verilmişdir: - 2007-ci il üzrə əmək haqqı: vəzifə maaşı - yanvar ayında 74 manat, fevral ayından dekabr ayınadək olan hər ay üzrə 93 manat olmaqla cəmi 1097 manat, üstəgəl, həmin ilin mart, may, və dekabr aylarında ayda 93 manatdan olmaqla, cəmi 279 manat mükafat, il ərzində ümumilikdə, 1376 manat təşkil etmişdir. - 2008-ci il üzrə əmək haqqı: vəzifə maaşı - yanvar-iyun aylarında 93 manat, avqust-dekabr aylarında isə 180 manat olmaqla cəmi 1638 manat, üstəgəl, həmin ilin mart və may aylarında hər 93 manat, iyun-dekabr aylarında isə hər ay 180 manat olmaqla cəmi 366 manat, il ərzində ümumilikdə 2004 manat təşkil etmişdir. Həmin vaxt “Əmək pensiyaları haqqında” Qanunun 2009-cu il tarixdə qüvvədə olan redaksiyası nəzərdə tuturdu ki, qulluq stajına görə əmək pensiyasına aşağıdakı əlavələr təyin edilir: 20.1.7. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) İddiaçının iddia ərizəsinə və əmək kitabçasına əsasən müəyyən lunur ki, xx.xx.1980 – xx.xx.1987-ci llərdə Oğuz Rayon Mədəniyyət Şöbəsində baş mühasib, xx.xx.1987-xx.xx.1994-cü illərdə isə Oğuz rayon Maliyyə Şöbəsində böyük inspektor kimi, cəmi 14 il 7 ay dövlət qulluğu vəzifələrində çalışmışdır. “Əmək pensiyaları haqqında” Qanunun həmin vaxt qüvvədə olan 20.11-ci maddəsinin redaksiyasına əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: Həmin Qanunun 20.11.3-cü maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.” Həmin Qanunun 29.3-cü maddəsinə əsasən Bu Qanunun 20.1.1-20.1.17-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Pensiya işinə dair sənədlərə əsasən isə iddiaçıya İİ qrup əlilliyinə görə dövlət qulluqçusu kimi əmək pensiyası Qanunun qeyd olunan normalarının tələblərinə uyğun hesablanmamış, onun əmək penssiyası keçmiş dövlət qulluğu vəzifəsi üzrə (aparıcı inspektor) məvacibindən hesablanaraq, həmin məbləğdən də vəzifə maaşında baş verən sonrakı artımlar nəzərə alınmaqla pensiyasının yenidən hesablanması həyata keçirilmişdir. Qeyd olunmalıdır ki, sonralar «Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2013-cü il tarixli, 13 mart 2018-ci il tarixli və 18 iyun 2019-cu il tarixli sərəncamları ilə dövlət qulluqçuların vəzifə maaşında artırmlar baş vermişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plunmu qərarında şərh verilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının müraciətinə görə onun İİ qrup əlilliynə görə dövlət qululuqçusu kimi əmək pensiyasının yenidən hesablanmasını həyata keçirmək cavabdehin qanunla onun üzərinə düşən öhdəliyi olsa da, bu öhdəliyini əsassız olaraq yerininə yetirməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göründüyü kimi, iddiaçının apellyasiya şikayətinin ona dövlət qulluğuna görə əmək pensiyasının 2007-2008-ci illərin müvfaiq vəzifə məvacibindən tutulmalı olduğunu mübahisələndirən dəlilləri əsaslıdır. Onun apellyasiya şikayətinin pensiya hesablanarkən onun 1974-1976-cı illərdə müddətli həqiqi hərbi xidmət dövrünün də dövlət qulluğu stajına daxil edilməli olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. Çünki,“Əmək pensiyaları haqqında” Qanuna əsasən dövlət qulluqçularına pensiya hesablanarkən, onların hərbi xidmətdə olduqları müddətin dövlət qulluğu stajına daxil edilməsi nəzərə tutulmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçının yaranmış fərqin məhdudiyyət qoyulmadan, birdəfəyə ödənilməsini tələb edən dəlilləri ilə də razılaşmır. Çünki, əmək pensiyasının ödənilməsi mexanizmi qanunvericiliklə müəyyən olunmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İşə əlavə olunmuş cavabdehin iddiaçının müraciətinə ünvanladığı xx.xx.2020-ci il tarixli imtina məktbubundan isə görünür ki, sonuncunun pensiyanın yenidən hesablanması barədə müraciəti 28 yanvar 2020-ci il tarixində filala daxil olmuşdur. Belə olan halda, Qanunun qeyd olunan normasının tələbi baxımından pensiyanın yenidən hesablanması həmin tarixdən əvvəliki üç il üçün (həmin dövrdəki ayların sayların bölünərək aylıq pensiyanın tərkibində) ödənilə bilər. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə iş üzrə hərtərəfli araşıdrma aparma aparmamış, əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iddianın rədd edilməsi barədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qərar qəbul etmişdir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarda gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığını mübahisələndirən dəlilləri ilə razılaşaraq yekunda belə nəticəyə gəlir ki, onun apllyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1906/2021 saylı, xx.xx.2021ci il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin olunmalı və iddiaçının İİ qrup əlilliyi üzrə dövlət qulluqçusu pensiyası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Oğuz rayonu üzrə Maliyyə İdarəsində ştat cədvəli üzrə aparıcı məsələhətçi vəzifəsinin 2007-2008-ci illərdə əmək haqqına görə, sonrakı artımlar da nəzərə alınmaqla, müvafiq müraciəti cavabdehə daxil olduğu xx.xx.2020ci il tarixindən əvvəlki üc il üçün yəni, xx.xx.2017-ci il tarixindən yenidən hesablanıb (ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə) ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməli, qalan hissədə iddia rədd olunmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 14, 69, 73, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1906/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı Nürməmməd oğlunun İİ qrup əlilliyinə görə dövlət qulluqçusu kimi əmək pensiyası, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Oğuz rayonu üzrə Maliyyə İdarəsində ştat cədvəli üzrə aparıcı məsələhtçi vəzifəsinin 2007-2008-ci illərdə əmək haqqına görə sonrakı artımlar da nəzərə alınmaqla, cavabdehə müraciəti daxil olduğu xx.xx.2020-ci il tarixindən əvvəlki üç il üçün, yəni, xx.xx.2017-ci il tarixindən yenidən hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qalan hissələrində iddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Mirzə Tağızadə Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar