Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1458/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X3 ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri" X8 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanda olan mənzilin artırması olan 85 kv.m. yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüququnun qeydə alınması, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2-1(112)-10318/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda mülkiyyətində olan mənzilin artırması olan 85 kv.m. yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüququnun qeydə alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 14A ünvanda yerləşən mənzilin 95,0 kv.metr artırma hissəsinə və mənzilə bitişik 1,4 sot həyətyanı torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun qeydə alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10318/2024 saylı qərardadı ilə (hakim E.A.Abdullayev) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə mümkünsüz hesab edilərək icraata qəbul edilməsindən imtina edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 14A ünvanda artırma hissəsi ilə birlikdə 130 kv.m. sahəsi olan 5 nömrəli mənzili 2002-ci ildə satın almışdır. Mənzili satın alarkən sənəd üzrə 45 kv.m. göstərilməsinə baxmayaraq, faktiki olaraq 130 kv.m. və təqribən 1,4 sot, divarlarla və darvaza ilə əhatə olunmuş, meyvə ağacları və yaşıllıqlarla dolu həyətyanı torpaq sahəsi olmuşdur. İddiaçı həmin mənzilin artırması olan 85 kv.m. yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh bunu etməkdən imtina etmişdir. Halbuki, həmin artırmalar 22 ildən öncə edilmiş və iddiaçı mənzili satın aldığı zaman artırma və torpaq sahəsinin də pulunu ödəmişdir. Artırmalar binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində edilmişdir. Həmçinin, onun kimi eyni statuslu, eyni tipli, eyni struktura malik, onun mənzilinin yerləşdiyi bina ilə üzbəüz binanın bir neçə mənzil sahibləri olan digər şəxslərin binanın ümumi istifadəsində olan torpaq sahəsində əlavə artırma tikililərinə mülkiyyət hüquqları müxtəlif vaxtlarda dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, mənzilə əlavə olaraq inşa edilən 85 kv.m. sahənin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10318/2024 saylı qərarı ilə (hakim E.A.Abdullayev) iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci intansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuş, işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı tərəfindən 5 saylı mənzilə əlavə olaraq inşa edilən 85 kv.m. sahəyə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində təsbit edilmiş daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Belə ki, eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina edilməsi tamamilə qanunaziddir. Çünki, iddiaçı kimi eyni statuslu, eyni tipli, eyni struktura malik, iddiaçının mənzilinin yerləşdiyi bina ilə üzbəüz binanın (iddiaçının 2 mərtəbəli binalar kompleksinə 5 ədəd 2 mərtəbəli bina daxildir) mənzil sahibləri olan digər şəxslər (X4 və X5 - Aşıq Alı küçəsi ev 12, mənzil 1 ünvanının mülkiyyətçisi və digər bir çox mülkiyyətçilər) yaşadıqları binanın ümumi istifadəsində olan torpaq sahəsində əlavə artırma tikililərinə mülkiyyət hüququnu müxtəlif vaxtlarda dövlət reyestrində qeydiyyatdan keçirərək çıxarış əldə etmişlər. Deməli, bu hal tamamilə qanuni olmaqla yanaşı, təcrübədə tez-tez rast gəlinən və mümkün haldır. Bu isə o deməkdir ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, həmçinin ədalətlilik və bərabərlik prinsipi baxımından iddiaçının da istifadəsində olan əlavə tikiliyə dair mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmalı idi. Beləliklə də, birinci instansiya məhkəməsi cavabdehlə eyni mövqedən çxış edərək “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipini pozmaqda davam etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 34,50 kv.metr olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinin 19 yanvar 2024cü il tarixli, 5-18/2-B-233/2-071/2/2023 nömrəli məktubunda göstərilmişdir ki, “... Sabunçu rayonu, ünvan 3 ünvanlarda yerləşən uzun müddət əsaslı təmir olunmadan istismar edilən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyləri əsasında qəzalı hesab edilmiş məhdud kommunal şəraitli çoxmənzilli yaşayış binalarının "xxxx" MMC tərəfindən sökülərək yerində müasir tələblərə cavab verən yeni yaşayış kompleksinin inşa edilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə hər ay kirayə haqqı ödənilməklə sakinlərin müvəqqəti başqa yerə köçürülməsi və mənzilə dair mülkiyyət hüququ verən sənədlərdə göstərilən ümumi sahədən 20% artıq tam təmirli mənzillərlə təmin olunması ilə bağlı Bakıxanov qəsəbəsi Aşıq Alı küçəsi 12a və 14a saylı binalarda yaşayan sakinlərlə MTK arasında müqavilələr imzalanmağa başlanmışdır. Sakinlər sözügedən məsələ ilə əlaqədar bir neçə dəfə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmişdir. Qəbullar zamanı 12a və 14a saylı binalarda yaşayan 25 ailədən 20-si ilə razılıq əldə olunduğu müəyyən edilmişdir. Razılıq əldə olunmuş sakinlər mənzillərində olan qapı-pəncərə, taxta konstruksiyaları, texniki avadanlıqları sökərək binaları tərk etmişlər. Araşdırma zamanı iddiaçıya məxsus mənzilin rəsmi sənədlərdə göstərilən ümumi sahəsi ilə mövcud sahə arasında böyük fərqlərin olduğu, iddia etdiyi qalan sahənin isə bina sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsinin zəbt edilməklə sonradan qanunsuz inşa edildiyi müəyyən edilmişdir”. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-02/2-B-03xx-xx/2024 nömrəli iddiaçıya ünvanlanan məktubla bildirilmişdir ki, “... mənzilin artırması olan 85,0 kv.m. sahənin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı tərəfinizdən hər hansı hüquq müəyyən edici sənədlər təqdim edilməmişdir.” - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən, ünvan 1 hüquq müəyyən edici sənəd üzrə və faktiki 2 otaq olmaqla ümumi sahəsi 34.5 kv.metr təşkil edir. 59.5 kv.metr əlavə tikili mövcuddur. Binanın bir hissəsində söküntü işləri aparılır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli mənzilin texniki göstəricilərini və dəyərini müəyyən etmək üçün qiymətləndirmə hesabatında qeyd olunmuşdur ki, iddiaçıya məxsus mənzil ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Sənəd üzrə mənzilin daxili ümumi sahəsi 34.45 kv.metr təşkil edir. Bağlı eyvan 7.56 kv.metrdir. Sxemdə yaşıl xətlə göstərilmişdir. Sənəd üzrə iki otaqdan ibarət olmasına baxmayaraq, sonradan əlavə tikililər inşa edilmişdir. Nəticədə mənzilin daxili ümumi sahəsi 111.03 kv.metr təşkil edir. Mənzilin daxili və xarici divarları da nəzərə alınmaqla hesablanması nəticəsində ümumi sahəsi 127,7 kv.metr təşkil edir. Məhkəmə kollegiyası ilk növbədə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin aşağıdakı dəlilinə münasibət bildirməyi zəruri hesab edir: “ ... iddiaçı kimi eyni statuslu, eyni tipli, eyni struktura malik, iddiaçının mənzilinin yerləşdiyi bina ilə üzbəüz binanın (iddiaçının 2 mərtəbəli binalar kompleksinə 5 ədəd 2 mərtəbəli bina daxildir) mənzil sahibləri olan digər şəxslər (X4 və X5 - Aşıq Alı küçəsi ev 12, mənzil 1 ünvanının mülkiyyətçisi və digər bir çox mülkiyyətçilər) yaşadıqları binanın ümumi istifadəsində olan torpaq sahəsində əlavə artırma tikililərinə mülkiyyət hüququnu müxtəlif vaxtlarda dövlət reyestrində qeydiyyatdan keçirərək çıxarış əldə etmişlər”. İş materiallarına həmin istinad olunan şəxslərə verilmiş çıxarışlar da əlavə edilmişdir: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 55,1 kv.metr olan mənzil X1 xüsusi mülkiyyətindədir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 12a, mənzil 2 (Yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 94,8 kv.metr olan mənzil X2 xüsusi mülkiyyətindədir. Qeyd olunan dəlilin araşdırılması məqsədilə məhkəmə tərəfindən "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X8 1 Saylı Bakı Ərazi İdarəsinə aşağıdakı məzmunda sorğu verilmişdir: “ ... Göstərilən işin obyektiv araşdırılması məqsədilə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, № ******* (X5 – xx.xx.2017-ci il) və Seriya MA, № ******* (X4 – xx.xx.2010-cu il) çıxarışların verilməsinə əsas olmuş sənədlərin, arxiv qovluqlarının qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq olunmuş surətlərinin sorğu alınan gündən 5 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunur”. Sorğuya cavab olaraq apellyasiya instansiyası məhkəməsinə daxil olmuş sənədlərdən isə aşağıdakılar müəyyən edilir: - X2 mülkiyyətində olan daşınmaz əmlaka münasibətdə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 146 saylı Sərəncamı mövcuddur. Həmin Sərəncamla “ ... Bakıxanov qəsəbəsi, A.Alı küçəsi, 12a saylı evin 2 saylı mənzilində keçmiş mətbəx otağı hesab edilməklə, mənzilə bitişik tikilmiş 12,9 kv.m. bir yaşayış otağının, 11,5 kv.m. dəhlizinin, 7,0 kv.m. mətbəxinin, 4,7 kv.m. hamamının, 1,2 kv.m. ayaq yolunun və 17.3 kv.m. bağlı eyvanın “Balaxanıneft” NQÇİ-nin balansına götürülməsinə icazə” verilmişdir. Göründüyü kimi, hal-hazırda X2 mülkiyyətində olan daşınmaz əmlaka münasibtədə əlavə tikililər daşınmaz əmlak onun mülkiyyətinə keçənədək qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmişdir. - X1 mülkiyyətində olan daşınmaz əmlaka münasibətdə isə müəyyən edilir ki, həmin mənzil Vaqif Allahverdiyevin mülkiyyətinə hal-hazırda mövcud olan həcmdə xx.xx.2009-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən keçmiş və mənzilə münasibətdə iş materiallarında olan ilkin sənədlərdən də (xx.xx.1996-cı il tarixli alqı-satqı müqaviləsi və s.) mənzilin sahəsinin 55,1 kv.m. ümumi və 40,7 kv.m. yardımçı olduğu görünür. Yuxarıda qeyd olunanlar apellyasiya şikayətində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin pozulmasına istinadın əsassız olduğunu göstərir. Belə ki, hazırkı vəziyyətdə bərabərlik prinsipinin iddiaçıya münasibətdə hər hansı formada pozulması öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: " ... Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1). Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol (8.0.2). Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı (8.0.3). Qanuni qüvvəyə minmiş məhkəmə qərarları (8.0.4). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (8.0.5). Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) (8.0.6). 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış (8.0.7). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (8.0.8). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı (8.0.9). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd (8.0.10). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.11). 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr (8.0.12)". İş materiallarından görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 14a-da yerləşən ümumi sahəsi 34,50 kv.m. olan 5 nömrəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı hazırda həmin mənzilin artırması olan 85 kv.m. yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüququnun qeydə alınması, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Cavabdeh inzibati orqan isə mənzilə əlavə olaraq inşa edilən 85 kv.m. sahənin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyini əsas gətirərək imtina etmişdir. Birinci instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı tərəfindən 5 saylı mənzilə əlavə olaraq inşa edilən 85 kv.m. sahəyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində təsbit edilmiş daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. İddiaçının mənzil üzərində hüquqlarının təsdiqi kimi əsaslandığı hər hansı bir sənəd olmadığından cavabdehin imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Son olaraq qeyd olunmalıdır ki, iddia ərizəsinin və apellyasiya şikayətinin əsas dəlilərindən biri ondan ibarətdir ki, “həmin artırmalar 22 ildən öncə edilmiş”dir. Məhkəmə kollegiyası bu məqama münasibət bildirməyi zəruri hesab edir və bildirir ki, yuxarıda sadalanan normaların tələblərindən də göründüyü kimi, əlavə tikililərin hər hansı qanuni əsas olmadan illər əvvəl inşa edilməsi hazırkı vəziyyətdə inzibati orqanın imtinasını qanunsuz etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayəti qərarın ləğvinə əsas vermir. Ona görə də, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10318/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçın tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10318/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2-1(103)-1458/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1458/2025
23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver