Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1459/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdə olan Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin “ç” bəndi ilə əvəz olunması və sair” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(112)-2612/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə mürciət edərək, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdə olan Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin “ç” bəndi ilə əvəz olunması və bu müddət ərzində iddia ərizəsində qeyd etdiyi ödənişlərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçının tələbi vaxtilə tərəflər arasında mövcud əmək münasibətləri üzrə yaranmış mübahisə ilə əlaqədardır. Belə ki, "xxxx" QSCnin Hərəkət Xidmətinin SAXT sahəsinin 8-ci dərəcəli elektrik mexaniki İddiaçı ilə bağlanmış əmək müqaviləsi "xxxx" QSC Sədrinin 01.08.2017ci il tarixli Ş-6443 saylı Əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsi, ixtisası (peşəsi) kifayət dərəcədə olmadıqda) 01.08.2017-ci il tarixdən ləğv edilmişdir. Bu mübahisə ilə bağlı İddiaçı məhkəmə instansiyalarında "xxxx" QSC-yə qarşı müxtəlif iddia tələbləri irəli sürmüşdür. Belə ki, 2017-ci ildə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin 22.11.2017-ci il tarixli 2(006)-9252/2017 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinin 14.02.2018-ci il tarixli 2(103)-2402/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 22.11.2017-ci il tarixli 2(006)-9252/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti əsasında işə baxan Ali Məhkəmənin Mülki Kollegiyasının 01.10.2018-ci il tarixli 2(102)-5946/2018 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 14.02.2018-ci il tarixli 2(103)-2402/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “attestasiya suallarının uyğunluğunun yoxlanılması və s.” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etsə də, həmin məhkəmənin 21.01.2020-ci il tarixli 2(006)-1023/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı cavabdeh "xxxx" QSCyə qarşı “əmək münasibətləri üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etsə də, həmin məhkəmənin 23.07.2020-ci il tarixli 2(006)- 3989/2020 saylı qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilmiş, iddiaçı şikayət versə də, Bakı Apelyasiya Məhkəməsinin 22.09.2020-ci il tarixli 2(006)-3989/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli 2(006)-3989/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda göstərilən məhkəmə aktlarından aydın görünür ki, iddia tələbləri üzrə işin mahiyyəti (əmək münasibətləri ilə əlaqədar yaranan mübahisə) məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, hüquqi qiymət verilmişdir. "xxxx" QSC inzibati orqan deyil, tərəflər arasında yaranan mübahisə isə inzibati hüquq münasibətləri ilə deyil, vaxtilə İddiaçı ilə "xxxx" QSC arasında mövcud olmuş əmək münasibətləri ilə bağlıdır. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(112)-2612/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə baxdıqda görülür ki, iddia ərizəsi cavabdeh Bakı Metropoliteni Qapalı Səhimdar cəmiyyəti olsa da vətəndaş əvvəlki işə cavabdeh mülki məhkəmələrin işindən narazıdır. Fakt budur ki, Nəsimi Rayon Məhkəməsi işi sona qədər icra etməkdən boyun qaçıraraq iş aidiyyatını mübahisələndirmişdir. 23.07.2020-ci ildə Nəsimi Rayon Məhkəməsnə müraciət etsə də qərarla işin aidiyyatının İnzibati Məhkəməyə olduğu barədə qərar qəbul edilmişdir. Şikayət ərizəsinə Apellyasiya Məhkəməsində baxan hakim isə qərarı qüvvəsində saxladı. Dekabr 2020-ci ildə İnzibati Məhkəməyə müraciət etdi. Mövcud karantinə görə 4 aydan sonra işə baxıldı. Bu dəfə də İnzibati Məhkəmə işi qəbul etmədi. Belə ki, işin aidiyyat məsələsini qiymətləndirərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2007 - ci il tarixli, 136 nömrəli qərarına istinad etsə də, hər halda 2007 - ci ildən sonra ən yaxın vaxtlarda İnzibati Məhkəmə bu kimi və bir başa cavabdehi BMQSC - olan məsələlərə çox baxıb. Hər halda bunu görməmək sadəlövlük olar. Həmçinin iddiada xahiş qismində yazılmasa da hakim görür ki,vətəndaşın əlində olan qətnamələr əsasızdır. Çünkü iddia ərizəsi ilə təqdim olunan sübutlar və ən əsası qətnamələrin əksini deyən cavabdehin etiraf edici sənədi var. Hakim sadəcə iddianın aidiyyat hissəsini qiymətləndirsə də, qərarında qeyd etdiyi hallar heç də hakimin ədalətli və bir tərəfli mövqedə olduğunu demir. Bunu görməmək mümkün deyil. Həmçinin hakimdən xahiş etmişdir ki, mülki və ümumi Məhkəmə kollegiyası onun iddiasını təmin etməməklə cavabdehi haqlı göstərən dövlət adından qətnamələr qəbul etsə də, xüsusi peşə sahibi olan kəs barədə heç bir bitərəf mütəxəssis rəyinə müraciət etməmişdilər. Lakin onun İnzibati Məhkəməyə təqdim etdiyi sənədlərə və bir başa BMQSC-nin cavabına baxdıqda görünür ki, atestasiya sualları onun peşə və peşəkarlığına aid deyil, müəssisə daxili təlimat və qaydalardır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.1-15.3-cü maddələr). Azərbaycan Respublikası İPM-nin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası "xxxx" QSC-nin 01 avqust 2017-ci il tarixli Ş-6443 saylı əmrinin surətindən görünür ki, İddiaçı - Hərəkət Xidmətinin SAXT sahəsinin 8-ci dərəcəli elektrik mexaniki ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsi, ixtisası (peşəsi) kifayət dərəcədə olmadıqda) 01 avqust 2017-ci il tarixdən ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda "xxxx" QSC inzibati orqan sırasına daxil edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə inzibati məhkəmə icraatı qaydasında iddia tələbi ona qarşı irəli sürülmüş cavabdeh inzibati orqan deyildir. Buna görə də inzibati orqan olmayan cavabdehlə iddiaçı arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisə də mövcud deyildir. Bundan başqa, iddiaçı "xxxx" QSC-nin Hərəkət Xidmətinin SAXT sahəsinin 8-ci dərəcəli elektrik mexaniki vəzifəsində işləmişdir, tərəflər arasında əmək müqaviləsi mövcud olmuşdur və iddiaçı ilə cavabdeh arasında münasibətlər əmək qanunvericiliyi ilə tənzimlənir. Belə olan halda hazırki mübahisənin araşdırılması ümumi məhkəmələrin səlahiyyətlərinə aiddir, həmin məsələlər mülki məhkəmə icraatı qaydasında araşdırılmalıdır. Beləliklə, müəyyən edilir ki, cavabdeh inzibati orqan olmadığından hazırkı mübahisə xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla mülki mübahisədir və bu mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Birinci instansiyası məhkəməsi də məhz bu əsasla iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(112)-2612/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1459/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1459/2021
01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver