Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1459/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, , Aytən Nadir qızı Kərimovanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2-1(112)-13163/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixdə 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar 5 il müddətinə, yəni xx.xx.2025-ci ilədək əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2020-ci il tarixdə 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar 5 il müddətinə, yəni xx.xx.2025-ci ilədək əlillik təyin edilmişdir. Səhhətində olan ağırlaşmalara əsasən xx.xx.2023-cü ildə ona tibb müəssisəsinin Z00084450DUV göndərişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə göndərilmiş, lakin cavabdeh tərəfindən xx.xx.2023-cü ildə ona xəstəlikləri tam nəzərə alınmadan ziyanına olaraq 3-cü dərəcə ümumi xəstəliklə əlaqədar 1 il müddətinə əlillik təyin edilmişdir. Halhazırda çox ağır xəstədir. Hesab edir ki, cavabdehin onun 5 il müddətinə 2-ci dərəcə əlillik təyinatını əsassız ləğv edərək 3-cü dərəcə 1 illik əlilliyin təyin etməsi qanunsuzdur. Ali Məhkəmənin 2-1(102)-2004/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Ali Məhkəmənin 2- 1(102)-94/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Ali Məhkəmənin 2-1(102)-996/2022nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-188/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4867/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-29/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1426/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarları nəzərə alaraq iddia ərizənin təmin edilməsini xahiş edir. Qeyd edir ki, əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünkı, axırıncı dəfə 2020-ci ildə qiymətləndirilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2-1(112)-13163/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2-1(112)-13163/2023 saylı qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 haqqında arayışdan görünür ki, iddiaçının əlillik vəziyyətinə xx.xx.2020-ci il tarixdə ikinci dərəcə əlillik – 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9, J35-J37.1J41.0-J70.9, J84-J86.9, J91- J95.8) 5 il müddətinə xx.xx.2025-ci ilədək təyin edilmişdir. Diaqnoz: allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, allergik komponentin üstünlüyü ilə gedən astma, ağır gedişi, İV pillə; ağciyərlərin xroniki pbstruktiv xəstəliyi, kəskinləşmə dövrü, İİİ dərəcə. Allergik rinit. Tənəffüs çatmamazlığı İİ dərəcə. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədə əsasən iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Tibbisosial yardım və reabilitasiya vasitələri: İxtisaslaşmış müalicə; Diaqnozun mətni: Qarışıq astma, Bronxial astma, qarışıq forma nəzarət olunmayan, ağır gedişli, kəskinləşmə mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Ağciyərlərin xroniki obstravktiv xəstəliyi, kəskinləşmə mərhələsi.; Meyar: Tənəffüs sistemi orqanlarının xəstəlikləri => Astma => Qarışıq astma => Orta ağır gedişli - mülayim tez-tez kəskinləşmələr (ildə 3-6 dəfə) və orta ağır tutmalarla (qismən nəzarət olunan, orta ağır olan persistə edən bronxial astma) l-ll dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə” səbəbi ilə (orqanizmin funksiyalarının 35 % pozulması) 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, baxılmaqda olan işdə iddiaçı öz hüquqi maraqlarını qorumaq üçün cavabdehin barəsində qəbul etdiyi və qüvvədə olan əlverişsiz inzibati aktı və onun nəticələrini mübahisələndirmədən cavabdehin üzərinə iddiaçıya xx.xx.2020-ci il tarixdə təyin edilmiş ikinci dərəcə əlilliyin bərpa edilməsini xahiş etmişdir. Konkret halda məhz, iddiaçı öz hüquqi maraqlarını qorumaq üçün cavabdehin barəsində qəbul etdiyi və qüvvədə olan əlverişsiz inzibati aktı və onun nəticələrini mübahisələndirmədən cavabdehin üzərinə məcburetmə haqqında iddia vasitəsi ilə onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini, ikinci dərəcə əlilliyin bərpa edilməsini məhkəmədən tələb edir. Belə olan halda iddianın inzibati məhkəmə icraatının mümkünlük şərtləri yerinə yetirilmir. Nəzərə alınmalıdır ki, iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İddiaçının apellyasiya şikayətindən və xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolundan (i/v-46) görünür ki, birinci instansiya məhkəməsi İPM-nin 13-cü maddəsinin tələblərinə əməl edərək iddia tələbini dəqiqləşdirməyi iddiaçıya təklif etmiş, lakin iddiaçı iddiasına təqdim etdiyi qaydada baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (qərarın 1.1, 1.3, 1.4, 2.1, 2.3, 6.1-ci bəndləri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2-1(112)-13163/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1459/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1459/2024
20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver