Məhkəmə qərarları › İş №2-1(103)-146/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-146/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-146/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, iddiaçı və üçüncü şəxs X9 nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi X10 iştirakı ilə İddiaçı firmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ (keçmiş adı: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X17, X11, Binəqədi rayon İcra Hakimiyyəti, Binəqədi rayon Bələdiyyəsi, X3 Təşkili üzrə Dövlət Agentliyi) “torpaq sahəsinin qeydiyyata alınıb çıxarış verilməsi tələbinə dair” inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4678/2018 saylı 05 noyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında(Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı firması cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı 6 yanvar 2015-ci il tarixdə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı firmasına Bakı şəhəri, Binəqədi rayonu, 7-ci MKR S.S.Axundov küçəsində yerləşən 1020 kv.metr istifadəsində, 300 kv.metr mülkiyyətində olan cəmi 1320 kv.metr torpaq sahələrinə dair mülkiyyət hüquqlarının DƏDRX-də qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr. S.S.Axundov küçəsində yerləşən boş torpaq sahəsində abadlıq işləri apararaq uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Firma Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək, istifadəsində olan 1020 kv.metr torpaq sahəsinin firmaya verilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Binəqədi rayon İcra Hakimiyyətinin 179 saylı 28 fevral 1992-ci il tarixli Sərəncamı ilə torpaq sahəsində pullu avtodayanacaq təşkil etmək üçün firmaya icazə verilmiş və torpaq sahəsinin plan-sxemi rayonun müvafiq orqanlarının razılığı ilə İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Bundan başqa Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 125 saylı 03 avqust 2004-cü il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayonu 7-ci MKR S.S.Axundov küçəsində yerləşən 300 kv.metr boş torpaq sahəsi də alqı-satqı müqaviləsinə əsasən İddiaçı firmasının mülkiyyətinə verilmiş və plansxem bələdiyyə tərəfindən təsdiq edilmişdir. İddiaçı cavabdeh idarəyə müraciət edərək, İcra Hakimiyyətinin 179 saylı 28 fevral 1992-ci il tarixli Sərəncamı ilə istifadəsinə verilən 1020 kv.metr və Binəqədi Bələdiyyəsinin 125 saylı 03 avqust 2004-cü il tarixli qərarı ilə mülkiyyətinə verilən 300 kv.metr torpaq sahələrinin onun adına texniki sənəd tərtib edərək qeydiyyata götürüb dövlət reyestrindən çıxarış verilməsi xahiş etsə də, İdarə bundan imtina etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-1036/2015 saylı, 07 may 2015-ci tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı firmasının Bakı şəhəri, Binəqədi rayonu, 7-ci MKR S.S.Axundov küçəsində yerləşən 1020 kv.metr istifadəsində və 300 kv.metr mülkiyyətində olan cəmi 1320 kv.metr torpaq sahələrinə dair mülkiyyət hüquqlarının DƏDRX-də qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsini cavabdehə həvalə edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmiş, qərar məhkəmənin 15 iyun 2015-ci il tarixli 2-2(81)-1036/2015 saylı məktubu ilə icra edilməsi üçün cavabdeh idarəyə göndərilmiş və sonuncu tərəfindən həmin qərar icra olunaraq iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququ xx.xx.2016-cı il tarixində qeydə alınaraq bu barədə ona reyestrdən 09000557 saylı çıxarış verilmişdir. Daha sonra, iddiaçı Qafqaz-2 firması tərəfindən xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası X1, bu sonuncu da öz növbəsində xx.xx.2016-cı il tarixində həmin daşınmaz əmlakı X2 və sonuncunun mülkiyyət hüququ xx.xx.2016-cı il tarixində reyestrdə qeydə alınaraq mülkiyyət hüququ ******* saylı çıxarış verilməklə rsmiləşdirilmişdir. xx.xx.2017-ci il tarixində işdə iştirak etməyən X26, yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. Həmin qərardaddan Ə.Məmmədov tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellysiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-548/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə qismən təmin edilərək, qərardad ləğv edilmiş ərizə üzrə məhkəmə icraatı mümkün sayılmamışdır. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsinin ikinci bir 17 mart 2017-ci il tarixli digər qərardadı ilə Ə.Məmmədov üçüncü şəxs qismində işə cəlb olunmuş, eyni tarixli qərardadı ilə həm də, oxşar olan başqa bir iş üzrə AR Konstitusiya Məhkəməsinin icraatında olan işlə əlaqədar bu işin icraatı dayandırılmışdır. Daha sonra həmin məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş, 31 avqust 2017-ci il tarixli qərardadı ilə isə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-1036/2015 saylı, 07 may 2015-ci tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş və işə cəlb olunmuş üçüncü şəxs O.Məmmədovun iştirakı ilə işə mahiyyət üzrə birinci instansiya məhkəməsi tərəfindən yenidən baxılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4678/2018 saylı 05 noyabr 2018ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı və cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdehin apellyasiya şikayti üzrə apellyasiya icraatı Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-116/2019 saylı 05 fevral 2019-cu il tarixli qərardadı ilə İPM-in 81.2-ci maddəsinə müvafiq olaraq mümkün sayılmamış və sonuncu tərəfindən həmin qərardaddan kassasiya şikayəti verilməmişdir. İddiaçı firması apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın iddiasının təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul olunmuşdur. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “...məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə heç bir ekspert və ya mütəxəssis rəyi olmadan, öz mülahizəsinə və işi mahiyyəti üzrə həll etməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-548/2017 saylı 31 avqust 2017-ci il tarixli qərardadına istinad edərək belə nəticəyə gəlmişdir ki, guya İddiaçı firmasına ayrılmış torpaq sahəsi üçüncü şəxs X20 ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmə nəzərə almamışdır ki, əgər mübahisəli torpaq sahəsi X20 qanuni əsaslarla satılmışdırsa da, həmin torpaq sahəsinin Binəqədi Bələdiyyəsi tərəfindən X20 2006-cı il 29 dekabrda, yəni iddiaçıya ayrıldığı vaxtdan daha sonrakı tarixdə satıldığından, iddiaçının torpaq sahəsi X18 torpaq sahəsinin hüdudlarında deyil, sonuncuya satılmış torpaq sahəsi iddiaçının torpaq sahəsinin hüdudları daxilindədir. Məhkəmə mübahisəli torpaq sahəsi ilə bağlı iddiaya baxıldığı halda tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin etməmiş, ekspert rəyi olmadan mübahisəli torpaq sahəsinin üçüncü şəxsə məxsus olması barədə səhv nəticəyə gəlmişdir. İddiaçı firması mübahisəli əmlakı O.Məmmədovdan daha əvvəl, qanuni əsaslarla əldə etmişdir. O.Məmmədovun iddia etdiyi mübahisəli torpaq sahəsini Binəqədi Bələdiyyəsindən satın alınmasını təsdiq edən Binəqədi Bələdiyyəsinin ümumi yığıncağının protokolunu təqdim etməmişdir.Mübahisəli torpaq sahəsini əgər başqası zəbt etmişdisə, əldə etdiyini iddia etdiyi 2006-cı il tarixdən 2016-cı il tarixədək olan 10 il ərzində tələb etməmişdir. Bələdiyyənin Nizamnaməsinə görə bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və sərəncam vermək səlahiyyəti bələdiyyənin iclasına-bələdiyyə üzvlərinin ümumi yığıncağına məxsusdur. Lakin O.Məmmədov mülkiyyətinə alqı-satqı yolu ilə torpaq sahəsinin ayrılması haqqında 2006-cı ildə Binəqədi Bələdiyyəsinin iclası keçirilməyib və həmin iclasın bələdiyyə üzvləri tərəfindən imzalanan qərarı və protokolu mövcud deyildir. Buna görə də onun təqdim etdiyi onunla Binəqədi Bələdiyyəsi arasında bağlanan Bakı şəhəri 7-ci mikrorayon S.S.Axundov küçəsində 4000 kv.metr torpaq sahəsinin Binəqədi Bələdiyyəsi tərəfindən Ə.Məmmədova satılması barədə 644 saylı 30 dekabr 2006-cı il tarixli müqavilə etibarsız sayılmalıdır. Bununla bağlı məsələyə Bakı Apellyasiya Məhkəməsində baxılır və həmin iddiaya baxılanadək hazırkı iş üzrə qərar qəbul edilməsi mümkün deyil. Məhkəmə iş üzrə halların hərtərəfli, tam və obyektiv araşdırılmasına şərait yaratmamış, Binəqədi Bələdiyyəsini, X6 və X14 iş üzrə icraata cəlb etməmiş, həmin şəxslərin hüquq və mənafelərinə toxunan məsələ ilə bağlı onların iştirakı olmadan qərar qəbul etmişdir...” Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-116/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin iddianın rədd olunması barədə qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İddiaçı firması və üçüncü şəxs X17, habelə cavabdeh həmin qərardan kassasiya şikayəti vermişlər. Cavabdehin kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Eyni zamanda, iddiaçının və üçüncü şəxs Ə.Həsənovun apellyasiya şikayətləri Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(102)-73/2020 saylı qərarı ilə təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Ali Məhkəmə həmin qərarında qeyd etmişdir ki, iddiaçıya və üçüncü şəxs O.Məmmədova ayrılan torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi ilə bağlı məhkəmələr tərəfindən hər hansı araşdırma aparılmamış, torpaq sahələrinə yerində baxış keçirilməmiş, bununla bağlı ekspertiza təyin edilməsinin zəruriliyi müzakirə edilməmişdir. Mübahisə olunan torpaq sahələrinin üst-üstə düşməsi isə mütəxəssis və ya ekspert tərəfindən müəyyən edilə bilər. Apellyasiya instansiyası məhkəməsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən üçüncü şəxs O.Məmmədova həqiqətən 4000 kv.m torpaq sahəsi ayrılmasına dair qərar qəbul edilməsi barədə də kifayət qədər araşdırma aparmamışdır. İşə təkrar apellysiya qaydasında baxılarkən qərarıla maraqlarına toxunan X17 üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-65/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)-588/2018 saylı qərarı ləğv olunmuş, iş üzrə yeni qərar qəbul olunmuş və iddiaçı “Qafaqz-2” firmasının iddiası təmin edillərək İddiaçı firmasının Bakı şəhəri, Binəqədi rayonu, 7-ci Mkr, S.S.Axundov küçəsində yerləşən 1020 kv.m. istifadəsində və 300 kv.m. mülkiyyətində olan cəmi 1320 kv.m. torpaq sahələrinə dair mülkiyyət hüquqlarının İddiaçı firmasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi cavabdehə DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh və üçüncü şəxs O.Məmmədov kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-826/2021 saylı qərarı ilə kasasiya şikayətləri qismən təmin edilmiş, . Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Ali Məhkəmə həmin qərarında qeyd etmişdir ki, “...çoxsaylı məhkəmə aktlarında təsdiq edilib ki, üçüncü şəxs Oruc Əli oğlu X4 tərəfindən torpaq sahəsi satılmamışdır. Belə ki, müvafiq qanunvericiliyə görə bələdiyəyə məxsus torpaq sahəsinə iddia etmək üçün ilk növbədə həmin Bələdiyyənin qərarı, daha sonra alqı-satqı müqaviləsinin olması mütləqdir. Hansı ki, X19 istinad etdiyi Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 nömrəli qərarı və 30 dekabr 644 nömrəli alqı-satqı müqaviləsi mövcud deyildir (o cümlədən, Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(112)-658/2020 nömrəli qanuni qüvvədə olan qərardadı, b.b. 96-97 )... Bundan başqa, mübahisə predmeti olan torpaq sahəsi və qeyri-yaşayış sahəsi İddiaçı firması iş materialları arasında olan Binəqədi Bələdiyyəsinin qərarı və Binəqədi rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə satılıb. Başqa sözlə hazırda X12 mülkiyyətində olan əmlakın özgəninkiləşdirilmə əsası inzibati aktlardır. Hansı ki, X24 və qeyrisi həmin inzibati aktları mübahisələndirməyib və hazırda da qüvvədədir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətləri qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə iş üzrə çox sayda sübutların araşdırılması zəruri olduğundan təmin edilməməli, iş apelyasiya məhkəməsində təkrar baxıldığı zaman mütləq qaydada iş üzrə ekspertiza təyin edilməli, yuxarıda artıq qeyd edildiyi kimi Binəqədi rayon İcra Hakimiyyəti, Binəqədi rayon Bələdiyyəsi, Torpaq Agentliyi, eləcə də X7 iş üzrə üçüncü şəxs qismində cəlb edilməli, işin hazırkı qərarda yazılmış bütün halları tam və hərtərəfli araşdırılaraq, sübutlara doğru qiymət verilməli, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə iş üzrə qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir...” (b.b.101.102). İşə apellyasiya qaydasında baxan hazırkı məhkəmə kollegiyası tərəfindən ilk öncə Ali Məhkəmənin qeyd olunan göstərişləri çərçivəsində iş üzrə xx.xx.2021-ci il tarixli, 2-1(103)- 1853/2021 nömrəli qərardadı ilə əlavə məhkəmə-mühəndis-tezxniki ekspertizası təyin edilmiş, lakin AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən mütəxəssis rəyi verilmədiyindən xx.xx.2021-ci il tarixli 10/3744 saylı məktubu ilə qrardad iş materialları ilə birlikdə icra olunmadan geri qaytarılmışdır. Daha sonra, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən də, həmin qürumda baş verən (ləğv edilmişdir) təşkilatistruktur dəyişikliklər səbəbindən mütəxəssis rəyinin alınması mümkün olmamışdır. Daha sonra, Ali Məhkəmənin qeyd olunan göstərişləri nəzərə alınmaqla, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-146/2022 saylı qərardadı ilə Binəqədi rayon İcra Hakimiyyəti, Binəqədi rayon Bələdiyyəsi, X3 Təşkili üzrə Dövlət Agentliyi, eləcə də, mübahisəli torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının birinci alıcısı X11 da üçüncü şəxs qismində işə cəlb olunmuşlar. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən İddiaçı firmasının və üçüncü şəxs Ə.Həsənovun nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək iddiaçı ilə torpaq sahəsinə görə mübahisə aparan üçüncü şəxs O.Məmmədovun, həmin torpaq sahəsinə dair əldə etdiyi sənədlərin saxta oluduğunu, bununla bağlı qanuni qüvvəsini almış məhkəmə qərarıları mövcud olduğunu və hal-hazırda barəsində cinayət təqibi başlandığını qeyd edərək onun həmin torpaq sahəsini mübahisələndirmək üçün subyektiv hüququnun mövcud olmadığını qeyd edərək, üçüncü şəxs qismində onun iştirakına xitam verilməsini, birinci instansiya məhkəməsinin qərarının isə ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.X23 üçüncü şəxs qismində prosessual iştirakçılığına xitam verilməsinə etirazı olmadığını bildirsə də, hər bir halda reyestrdə digər üçüncü şəxslərin xeyrinə aparılmış qeydiyyatların yenidən aparılmasında çətinlikləri qeyd edərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmaını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş, digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin(“İPM”) 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında, iddiaçı X15 cavabdehlər “Qafqaz-2 firmasına, X13, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması, çıxarışların və texniki sənədlərin ləğvi, müqaviəlnin etibarsız hesab edilməsi , qanunsuz tikililərin sökülməsi tələbinə dair” mülki iş üzrə qanuni qüvvəsini almış, iddianın rədd edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1xx-xx/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Ə,Məmmədovun mübahisəli torpaq sahəsinə dair hər hansı hüququnun olmasını təsdiq edən mötəbər sübutlar təqdim etmədiyindən, onun həmin iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmadığının müəyyən edildiyini onun zəruri cəlbetmə qaydasında işdə üçüncü şəxs qismində iştirakçılığına xitam verilmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin olunması barədə yeni qərar çıxarılmalıdır. İPM-in 34.-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarına əsasən müəyyən olunan işin faktiki hallarına görə Binəqədi rayon İcra Hakimiyyətinin 179 saylı 28 fevral 1992-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci MKR S.S.Axundov küçəsində 1020 kv.m. torpaq sahəsinin, bundan əlavə onun mülkiyyətinə həmin ünvanda ünvan ə alqı-satqı müqaviləsi əsasında 300 kv.metr boş torpaq sahəsinin İddiaçı firmasının istifadəsinə verildiyi işin mübahisələndirilməyən hallarıdır. İşin mübahisələndirilən halı isə ondan ibarətdir ki, iddiaçı Qafqaz-2 firmsının istifadəsində olan həmin torpaq sahəsi - Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 nömrəli qərarı və 30 dekabr 644 nömrəli alqı-satqı müqaviləsinə əsasən sahibkarılq məqsədilə həmin ərazidə üçüncü şəxs X18 mülkiyyətinə verilən 4000 kv m torpaq sahəsinin hüdudları çərçivəsində yerləşir. Lakin iş materiallarına əsasən müəyyən edilir ki, O.Məmmədovun istinad etdiyi ona məxsus torpaq sahəsinə dair sənədlər - əsli olmayan kserosurətlərdir. X16 tərəfindən belə bir qərar qəbul olunmamış, alqı-satqı müqaviləsi bağlanmamış, həmin qərar və alqı-satqı müqaviləsi barədə məlumat AR ƏN X8 və Dövlət Arxivində aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin işə əlavə olunmuş iddiaçı tərəfin (vəkilinin) sorğusuna cavab olaraq ünvanladığı 5 noyabr 2019-cu il və 28 noyabr 2019-cu il tarixli məktublarında Binəqədi Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 499 saylı qərarının və 644 saylı alqı-satqı müqaviləsinin X8 aşkar olunmadığı qeyd edilmiş, eyni zamanda Dövlət Arxivinin Bakı filialının 25 dekabr 2018-ci il və 29 mart 2019-cu il tarixli məktublarında isə Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə 29 dekabr 2006-cı il tarixli 499/2 saylı qərarının Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmaması araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...” Hazırkı mərhələdə İPM-in 12.1-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən əldə olunmuş qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən müəyyən olunmuşdur ki, üçüncü şəxs O.Məmmədovun ona məxsus olduğunu mübahisələndirdiyi torpaq sahəsi ilə bağlı sübuektiv hüquqa malik deyil. Belə ki, iddiaçı X15 cavabdehlər “Qafqaz-2 firmasına, X13, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması, çıxarışların və texniki sənədlərin ləğvi, müqaviəlnin etibarsız hesab edilməsi, qanunsuz tikililərin sökülməsi tələbinə dair” mülki iş üzrə iddia tələbləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-35/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamə isə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102) - 77/2022 saylı xx.xx.2022-ci il tarixli qəraı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Qanuni qüvvəsini almış həmin məhkəmə qərarları ilə aşağıdakılar müəyyən olunmuşdur: “...İşdən görünür ki, iddiaçı tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə Binəqədi bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 saylı qərarının, Binəqədi bələdiyyəsi ilə onun arasında bağlanmış torpaq sahsinin alqı-satqısına dair 30 dekabr 2006-cı il tarixli 644 saylı müqavilənin, zhabelə torpaq sahəsinin dəyərinin ödənilməsinə dair 29 dekabr 2006-cı il tarixli kassa mədaxil orderinin əslini və ya lazımi qaydada təsdiq edilmiş surətlərini deyil, kserosurətlərini təqdim edib. Halbuki, həmin sənədlərin həqiqiliyini işə əlavə edilmiş digər sübutlarla müəyyən etmək mümkün deyil. Əksinə, Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qərardadı ilə “Qafqaz- 2 “ firmasının və Əli Həsənovun cavabdehlər Binəqədi Bələdiyyəsinə və Oruc Məmmədova qarşı “Binəqədi bələlədiyyəsinin 29 dekabr 2006-cı il tarixli 499/2 saylı qərarının etibarsız hesab edilməsi və həmin qərarla Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində Oruc Məmmədova 4000 kv.m torpaq sahəsininə dair hər hansı hüquq münasibətinin mövcud olmaması” barədə iddiaası mümkün sayılmamış və həmin qərardadda qeyd edilib ki, Oruc Məmmədov tərəfindən iddia edilən Binəqədi bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli 499/2 saylı qərarının, onun əsasında həyata keçirilmiş alqı-satqı müqaviləsinin, bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanda, yəni Ədliyyə Nazirliyinin X8, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında, Binəqədi bələdiyyəsinin qeydiyyat kitablarında aşkar edilməyib və bu iddia edilən qərarın mövcud olmaması deməkdir. Daha sonra, dəfələrlə Oruc Məmmədova sözügedən sənədlərin əslini və ya lazımi qaydada təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etməsi təklif olunsa da, o sənədlərin əslini və ya lazımi qaydada təsdiq edilmiş surətlərini məhkəməyə təqdim edə bilməyib. Belə olan halda, Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli 499/2(499) saylı qərarının aşkar edilməməsi, iddia edilən qərarın hüquqi nəticə yaratmaq qüvvəsinə malik olmaması nəticəsinə gəlməyə əsas verir. Hüquqi nəticə yaratmayan, əslində ümumiyyətlə, mövcud olmayan bir aktın etibarsızlığını müəyyən etmək isə mümkün olmadığından, hazırkı iddia tələbi mümkün sayılmamalıdır... Daha sonra, həmin işə baxan kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına da istinad etdikdən sonra qeyd etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olması ilə bağlı mötəbər sübutlar təqdim etmədiyindən, belə olan halda cavabdehlər tərəfindən onun hər hüququnun pozulması halı müəyyən olunmaddığından, iddiaçının (Oruc Məmmədovun) hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. Bununla da hər hansı araşdırmaya zərurət yoxdur...” İPM-in 1.2-ci maddəsi baxımından MPM-in 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin qeyd olunan normalarının tələbləri baxımından, məhkəmə kollegiyası, qeyd edilən mülki işdə iştirak edən şəxslər tərəfindən hazırkı işdə də eyni torpaq sahəsi ilə bağlı məsələnin mübahisələndirildiyini nəzərə alaraq, hazırkı məhkəmə mübahisəsinə üçüncü şəxs qismində qatılan O.Məmmədov, mübahisələndirdiyi torpaq sahəsinə dair mötəbər sübutları mövcud olmadığı halda, İddiaçı firmasının Bakı şəhəri, Binəqədi rayonu, 7-ci MKR S.S.Axundov küçəsində yerləşən 1020 kv.metr istifadəsində və 300 kv.metr mülkiyyətində olan cəmi, 1320 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun reyestrdə qeydə alınması, onun qanunla qorunan hüquqlarını pozmasını mübahisələndirməkdə subyektiv hüquqa malik olması istisna edilir. Çünki, həmin mülki işdə olduğu kimi, hazırkı işdə də o, əslini təqdim etmədiyi kserosurət olan, eyni sənədlərə istinadən ona məxsus torpaq sahəsinin Qafqaz-2 firması tərəfindən zəbt olunduğunu mübahisələndirmişdir. Digər tərəfdən onu da qeyd etmək lazımdır ki, Ali Məhkəmənin qərarında qeyd edildiyi kimi, O.Məmmədov tərəfindən hazırkı mübahisənin predmeti olan torpaq sahəsinin “İddiaçı firmasının istifadəsinə verilməsinin əsası olan - Binəqədi rayon İcra Hakimiyyəti başçısının sərəncamı və Binəqədi Bələdiyyəsinin qərarı da mübahisələndiriləməmişdir və hazırda da həmin inzibati aktlar qüvvədədir. Göstərilənlər baxımından da tərəflər arasındakı hazrkı mübahisə üzrə qəbul ediləcək məhkəmə qərarı üçüncü şəxs qismində işə cəlb olunmuş O.Məmmədovun qanunla qorunan maraqlarına toxunduğunu demək mümkün deyildir. Beləliklə də, konkret halda, hazırkı iddiaçı ilə qeydiyyat orqanı arasındakı mübahisənin iştirakçısı və bu mübahisənin əsil səbəbkarı olan O.Məmmədovun faktiki olaraq üçüncü şəxs kimi prosessual iştirakçılığına zərurət aradan qalxmış olur. Məhz, bu səbəbdən də kollegiya tərəfindən hazırkı məhkəmə iclasında qərardad qəbul edilməklə, onun üçüncü şəxs qismində prosessual işirakçılığına xitam verilmişdir. Cavabdeh qeydiyyat orqanıa gəldikdə isə onun tərəfindən iddiaçının ondan qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin qanuni əsaslarla ona məxsus olduğu mübahisələndirilməmişdir. Əksinə, işin faktiki hallarından göründüyü kimi, O.Məmmədov üçüncü şəxs qismində işə qoşulana qədər birinci instansiya məhkəməsinin ilkin qərarı cavabdeh tərəfindən icra olunaraq, iddia olunan torpaq sahəsinə dair İddiaçı firmasına dövlət reyestrindən çıxarış verilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddia olunan torpaq sahəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı hüquqdur. Qeyd edilən Qanunun 15-ci maddəsinin mənasından isə görünür ki, hüququn dövlət qeydiyyatına alınmasından o halda imtina oluna bilər ki, müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmasın. İPM-in 73.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4678/2018 saylı 05 noyabr 2018-ci il tarixli qərarı ilə iddianın rədd olunması işdə olan sübutlara, maddi və prosessual hüquq normalarına uyğun olmamışdır. Ona görə də göstərilənləri nəzərə alan iddiaçının apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin həmin qərarı ləğv edilməli, iddia təmin olunmalı və İddiaçı firmasının Bakı şəhəri, Binəqədi rayonu, 7-ci MKR S.S.Axundov küçəsində yerləşən 1020 kv.metr istifadəsində, 300 kv.metr isə mülkiyyətində olan, cəmi, 1320 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona reyestrindən çıxarışın verilməsi və texniki sənədlərin tərrtib edilib təqdim edilməsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə yeni qərar çıxarılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edib yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı firmasının apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4678/2018 saylı 05 noyabr 2018ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı firmasının Bakı şəhəri, Binəqədi rayonu, 7-ci MKR, S.S.Axundov küçəsində yerləşən 1020 kv.metr istifadəsində, 300 kv.metr isə mülkiyyətində olan, cəmi, 1320 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona reyestrindən çıxarışın verilməsi və texniki sənədlərin tərtib edilib təqdim edilməsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Aytən Oruczadə Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar