Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1460/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı Jonson Emmanuelin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın qanunsuz sayılaraq ləğv edilməsi və ailə üzvləri ilə birlikdə ona qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13505/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Jonson Emmanuel cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, № İQ-20/6 saylı qərarının qanunsuz hesab olunması və ailə üzvləri ilə birlikdə ona qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Nigeriya Federativ Respublikasının Delta ştatının Abgor şəhərində doğulmuşdur. Milliyətcə nigeriyali-igbo tayfasındandır. Dini etiqadına görə xristiandır. 1982-1989-cu illərdə Abgor şəhərində ibtidai təhsil almış, 1990-1995-ci illərdə Abgor şəhərində “X5”da orta təhsilini başa vurmuş, 2002-2004-cü illərdə Benin şəhərində kompüter elmləri üzrə oxumuşdur. 2013-cü ildə Benin şəhərində Harvestime İnstitutunda ilahiyyat üzrə oxumuşdur. 2014-2016-cı illərdə Benin şəhərində Open Universitetində Petroleum marketing ixtisası üzrə təhsil almışdır. İxtisasca neft marketing mütəxəssisidir. 2004-2012-ci illərdə Verri şəhərində Top Chemicals ve Solace microfinance limited şirkətlərində çalışmışdır. 2016-2019-cu illərdə Benin şəhərində sahibkar kimi fəaliyyət göstərmişdir. 2021-ci ilin sentyabrdan 2022-ci ilin mart ayına kimi Dubayda EXPO sərgisində mütəxəssis kimi işləmişdir. Atası vəfat etmiş, iki bacısı və anası isə hal-hazırda Nigeriyada qalır. X1 adlı Nigeriya vətəndaşı ilə evlidir. Bu nikahdan dörd qız övladı dünyaya gəlmişdir. Həyat yoldaşı və dörd qızı ilə birlikdə sığınacaq üçün Azərbaycana gəlmiş, sığınacaq üçün miiraciət etməmişdən qabaq Gürcüstana gedib geri qayıtmışdır. İnsanları qonaqpərvər olmadığına görə Gürcüstanda sığınacaq üçün üçün müraciət etməmiş və yenidən Azərbaycana geri qayıtmışdır. Hal-hazırda Azərbaycanda ünvan 1 ünvanında müvəqqəti olaraq yaşayır. Ölkəsini tərk edərək Azərbaycanda sığınacaq axtarmasına səbəbləri olduqca çoxdur. Belə ki, ölkəsində təhlükəsizliklə bağlı problemlərin olması və ölüm hallarının artması, Benin şəhərində müsəlman Fulani tayfasının dini zəmində xristianlara tez- tez hücum edilməsi və onların öldürülməsi, tayfalar arası və dinlər arası ədavətin güclənməsi, oğurluq hallarının artması, uşaq oğurluqlarının çoxalması, heç kimlə şəxsi düşmənçiliyi olmamasına baxmayaraq, motosikletinin yandırılması, ölkədəki mövcud vəziyyətin qarışıq olmasına baxmayaraq, ölkə başçısının və polisin rəhbərliyinin Fulani tayfasından olduğu üçün polisin bu halların qarşısını almaqda gücsüz olması, 2019-cu ildə iyun ayının 24-də Benin şəhərində ofisinin digər ofislərlə birlikdə yandırılması, 2019-cu ilin aprel ayında uşaqlarının oxuduğu məktəbdə silahlı atışma olması, atışma zamanı məktəb direktorunun qolundan yaralanması, 2021-ci ilin avqust ayının 26-da atasının naməlum şəxslər tərəfindən oğurlanaraq girov saxlanılması və azad edilməsi üçün pul istənilməsi, lakin atasının girovluqda olduğu üçün ürək tutmasından vəfat etməsi olmuşdur. Beləliklə, o bütün bu yaşadıqlarına dözə bilmədiyi üçün ailə üzvlərilə birlikdə ölkəni tərk edərək qaçqın statusu ilə bağlı cavabdeh quruma müraciət etmişdir. Belə ki, ailə üzvlərilə birlikdə ona qaçqınlıq statusunun verilməsi haqqında xx.xx.2022-ci il tarixli vəsatatət ilə cavabdeh qurum Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, vəsatəti cavabdeh qurum tərəfindən qeydiyyata alınaraq, adına şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə olunmuşdur. Onunla müsahibə keçirilmişdir. Müsahibə yekununda onun söylədiklərinin doğruluğu həmin orqan tərəfindən araşdırılaraq təsdiqlənmişdir. Bunlar doğru olaraq qəbul edilmişdir. Lakin cavabdeh qurum tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, № İQ-20/6 saylı qərarla ona və ailə üzvlərinə qaçqın statusunun verilməsindən imtina edilmişdir. İddiaçı qeyd olunan imtina ilə qətiyyən razılşamır və düşünür ki, yuxarda qeyd edtiyi səbəblər onun vəziyətinin yetərincə çıxılmaz bir halda olduğunu göstərir. Yaşadıqlarından sonra onun qaçqın olaraq Azərbaycana gəlməsinin tək səbəbi isə 2016, 2018, 2019-cu illərdə Dubaya səfər etdiyi zaman sərgi zamanı Azərbaycan haqqında verilən xoş məlumatlar və valehedici təsvirlər olmuşdur. O, həqqiətən də bu ölkədə məskunlaşmaq istəyir. Bu xahişinin nəzərə alınmamamsı və cavabdeh orqan tərəfindən ona imtina cavabı verilməsi isə düşünür ki, heç obyektiv və humanist bir yanaşma deyildir. İşin birinci instansiya icraatı zamanı cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək arvadı X2, yetkinlik yaşına çatmış qızı Johnson Gift və digər yetkinlik yaşına çatmayan 3 qızı- X3, X6 və X4 Amakanın məhkəmə icraatına iddiaçı kimi tanınmasını xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13505/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəyə uyğun tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab eidlmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13505/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin faktiki halları ilə müəyyən edilir ki, Nigeriya Federativ Respublikasının vətəndaşı olan iddiaçılar İddiaçı 14 iyun 2022-ci il tarixdə qaçqın statusu verilməsi barədə vəsatətlə cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Vəsatət həmin orqanda araşdırılması üçün qeydiyyata alınmış və ***-**** saylı şəxsi iş açılmış, iddiaçı ilə müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı iddia ərizəsində göstərilən halları (milliyyətcə nigeriyalı, igbo tayfasından, dini etiqadına görə xristian (pentokostan) olduğunu, ölkəsində təhlükəsizliklə bağlı problemlərin olduğunu və s.) əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir.Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraat həyata keçirilmiş və gətirilən dəlillər və sübutlar qiymətləndirilərək, iddiaçıya qaçqın statusunun verilməsindən imtina olunması barədə 12 sentyabr 2022-ci il tarixdə qərar qəbul edilmişdir. İddiaçı hazırda cavabdehin imtina barədə həmin qərarını mübahisələndirir və ona ailə üzvləri ilə birlikdə qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə görə qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 1-ci bəndinin 5-ci hissəsinə görə "qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Qaydanın 3-cü bəndinin 1-ci hissəsinə əsasən "qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Qaydanın 8-ci bəndinə görə müsahibə zamanı şəxs "qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Qaydanın 13-cü bəndinə görə şəxsə "qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərsin. Göründüyü kimi qanunvericilik “qaçqın” statusunun verilməsi üçün şəxsin vətəndaşı olduğu, yaxud vətəndaşlığı olmayıb adətən yaşadığı ölkənin himayəsindən istifadə edə bilməməsini onun irqi, milli, dini, sosial və ya siyasi səbəblərə görə ölkəsində təqiblərin qurbanı olması və ya olacağı ehtimalını tam əsaslandırması və bu müdaxilənin ehtiyat tədbiri kimi onun üçün zəruri olmasını sübut etməsi halı ilə şərtləndirir. Belə ki, qaçqın statusunun verilməsi üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri şəxsə münasibətdə ödənilmiş olmalıdır. Yəni şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsi mövcud, eyni zamanda həm də real olmalıdır. Qeyd olunan hallarla bağlı təqibə məruz qalacağı ilə bağlı iddiaçının ehtimalları və həmin ehtimallara söykənən qorxu hissi həm ümumu xarakterli, həm də fərdi xarakterli potensial təhlükələrdən irəli gəlməli və onların ağlabatan olduğu qənaətinin formalaşması üçün yetərli olmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, mənşə ölkəsinə qayıdacağı təqdirdə iddiaçının təqibə məruz qalacağı, təqib təhlükəsinin reallığı və nəticədə ona ziyan vurulacağı kimi hallar inzibati orqan, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən onun qiymətləndirmə azadlığına əsasən qiymətləndirilir. Bu baxımdan, təqiblərin qurbanı olmaq təhlükəsindən doğan qorxu hissi əsaslı olmalı və şəxsin mənşə ölkəsinə qayıdacağı təqdirdə irqi, milli, dini və ya sosial qrup mənsubiyyətinə yaxud da siyasi əqidəsinə görə real təqibə məruz qalacağına və bundan ziyan çəkəcəyinə qarşı tərəfi inandırma keyfiyyətinə malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisədə isə istər inzibati icraat, istərsə də məhkəmə araşdırması zamanı yuxarıda qeyd olunan şərtlərin mövcud olması iddiaçılar tərəfindən əsaslandırılmadığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddiaçılara münasibətdə əsaslı qərar qəbul etmişdir. İddiaçıların mənşə ölkəsində təqibə məruz qalacağı ilə bağlı real riskin mövcudluğu iş üzrə müəyyən olunmuş hallarla təsdiq olunmur. Göründüyü kimi iddiaçıların istinad etdiyi hallar vətəndaşı olduğu ölkədəki vəziyyətlə bağlı narahatlıqdan doğan ümumi mülahizələrə söykənir və özü-özlüyündə qaçqın statusunun verilməsi üçün yetərli sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona “qaçqın” statusunun verilməsi ilə bağlı dəlilləri qanunvericliklə («Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə) “qaçqın”a verilən anlayışın tələbləri, buna dair əlamətlərl əhatə olunmur. Eləcə də iddiaçı vətəndaşı olduqları təhlükəsizliyinin təmin edilməməsi, təqiblərə məruz qalmasını təsdiqləyən tutarlı sübutlar təqdim etməmiş, onun dəlilləri isə mülahizələrə söykənir. AR İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13505/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı Jonson Emmanuelin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13505/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1460/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1460/2023
17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver