Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1461/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakı ilə müharibə veteranı statusu və vəsiqəsinin verilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1433/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı gedən döyüşlərdə iştirak etməyini nəzərə alaraq, ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 1991-1992-ci illərdə Naxçıvan MR Sədərək rayonu istiqamətində Azərbaycan Respublikasının suverenliyi, müdafiəsi və ərazi bütovlüyü uğrunda Ermənistan silahlı qüvvələrinə qarşı aparılan döyüş əməliyyatlarında könüllü özünümüdafiə dəstələri tərkibində iştirak etmişdir. Bu barədə iddiaçının hərbi biletinin 7-ci səhifəsində Sədərək rayon hərbi komissarının möhürü ilə təsdiq olunmuş yazılı qeydi və döyüş əməliyyatlarında iştirakını təsdiq edən Sədərək rayon hərbi komissarı tərəfindən verilən xx.xx.2003-cü il tarixli 4/10 nömrəli arayışında öz əksini tapmışdır. İddiaçının həmin illərdə döyüşlərdə iştirak etməsi Sədərək Rayon İcra Hakimiyyətinin Sədərək kənd X7 üzrə nümayəndəsi tərəfindən verilən arayışla da təsdiq olunur. İddiaçının 1973-cü il təvəllüdlü qardaşı X6 xx.xx.1992-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində Sədərək rayonu uğrunda erməni silahlı qüvvələrinə qarşı gedən döyüşdə qəhrəmancasına şəhid olmuş, xx.xx.1992-cı ildə isə böyük qardaşı, 1972-ci il təvəllüdlü X1 rayonu uğrunda gedən ağır döyüş əməliyyatında yaralanıb, ikinci qrup əlil olmuşdur. xx.xx.1994-cü ildə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında atəşkəs müqaviləsi bağlandıqdan sonra iddiaçı ilə birlikdə döyüşlərdə iştirak etmiş şəxslər müharibə veteranı statusu və vəsiqəsi aldıqları halda, obyektiv səbəblərə gorə ona hələ də müharibə veteranı statusu və vəsiqəsi verilməmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə elektron qaydada müraciət edərək, ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən verilən cavabda bildirilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan doyuş əməliyyatlarında könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməyinə dair təsdiqedici sənədlər olmadığı üçün ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. Hesab edir ki, verilmiş imtina cavabı həqiqəti əks etdirmir və ədalətli deyil, iddiaçının hüquqlarını pozur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarın əsaslarına görə, məhkəmə iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar məhkəməyə təqdim edilmiş və toplanılmış sübutları əlaqəli və müqayisəli şəkildə tədqiq edərək, belə nəticəyə gəlir ki, həmin sənədlər arasında ziddiyyət olduğundan və təqdim edilmiş sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğundan, habelə, həmin şübhələri istisna edəcək sübutlar məhkəməyə təqdim edilmədiyindən, iddiaçının Sədərək rayonunun ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ermənistan Respublikasının silahlı birləşmələrinə qarşı aparılmış döyüşlərdə iştirakı haqqında iddia tələbinin əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmamışdır. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmənin məntiqi ilə döyüşlərdə iştirakı haqqında iddia tələbinin əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmır. Lakin cavabdeh tərəfindən həmin sübutların əksini sübut edə biləcək hər hansı mötəbər sübut da məhkəməyə təqdim edilməmişdir. Hansı ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. Məhkəmə nədənsə nəzərə almamışdır ki, iddiaçı inzibati aktı mübahisələndirərək, tərəfindən məhkəməyə bir çox mötəbər sübutlar təqdim etmişdir. Buna baxmayaraq, bunun əksini inkar edəcək faktların sübuta yetirilməsi inzibati orqanın vəzizəsi olduğunu məhkəmə nədənsə unutmuşdur. Bundan əlavə, məhkəmə qərar qəbul edən zaman mübahisə predmeti olmayan faktlara isitnad etməklə öz qərarını əsaslandırmağa cəhd etmişdir. Halbuki, məhkəmə cavabdehin imtinasına səbəb olan halları xidməti vəzifə borcu olaraq araşdırmamışdır. Bundan əlavə, məhkəmə hər iki sənədin dövlət qurumu tərəfindən verilməsini nəzərə almamış və bu sənədlərdə yaranmış uyğunsuzluğa görə iddiaçının əleyhinə qərəzli qərar qəbul edərək, iddia tələbindən kənara çıxmışdır. Halbuki, iş materiallarına sübut kimi əlavə edilmiş, Naxçıvan MR Sədərək rayon Hərbi Komisarlığının xx.xx.2003-cü il tarixli 4/10 nömrəli arayışı, Sədərək kənd X8 üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 355 nömrəli arayışı və bundan əlavə ona məxsus AO seryalı ******* nömrəli hərbi biletin 7-ci səhifəsində 1991-1992-ci illərdə Sədərək döyüşlərində iştirak etməyi ilə bağlı qeyd və cavabdehin Suraxanı rayon idarəsi tərəfindən məhkəməyə göndərilmiş hərbi qeydiyyat kartasının kserosurətində əks olmuş müvafiq qeyd də döyüşlərdə iştirakını təsdiq edən faktlardır. Bundan əlavə, məhkəmə qərarında iş materiallarına əlavə edilmiş müharibə vereranları tərəfindən döyüş əməliyyatlarında iştirak etməyini təsdiq edən xx.xx.2019-cu il tarixli akta heç bir münasibət bildirməmiş və sadəcə olaraq iş materiallarına əlavə edilmiş sənədləri sadalamaqla onların üzərindən keçmişdir. Məhkəmənin bu mövqeyi bir daha düşünməyə əsas verir ki, tərəfindən məhkəməyə təqdim edilmiş mötəbər sənədlər təkcə ona münasibətdə deyil, həmçinin, həmin döyüşlərdə iştirak etmiş veteran döyüşçülərin hüquqi stasusunu da şübhə altına almaqdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 45.2.3 maddəsinin tələbinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən şahid ifadələri sübutetmə vasitəsi kimi qəbul edilir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı apellyasiya şikayətinə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. Belə ki, “Veteranlar haqqında” AR Qanununun 3-cü maddəsinə görə, aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu Qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Vəsiqənin hazırlanması xərcləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası Prezidentinin “Veteranlar haqqında” AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” AR Qanununun tətbiq edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 396 nömrəli Fərmanının 1.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində “Veteranlar haqqında” AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Sadalanan normativ-hüquqi aktların müddəalarının təhlili və Konstitusiya Məhkəməsinin məsələyə dair şərhindən irəli gələn nəticəyə görə, hərbi biletlər (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunma haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər, qanunvericiliklə müəyyən edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər. Lakin işdən məlum olur ki, iddiaçı ona müharibə veteranı adının verilməsi üçün təqdim edilməsi qanunvericiliklə imperativ qaydada tələb olunan sənədlərə malik deyil, onun birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlər isə məzmunca ziddiyyətli olduğuna görə mötəbər sübut kimi qəbul edilmir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə sorğuları ilə xx.xx.2016-cı il tarixli 355 nömrəli arayışın verilməsinə əsas olmuş sənədlərin və könüllü özümüdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etmiş səxslərin adlarının qeyd edildiyi siyahının təsdiq edilmiş surəti tələb edilsə də, bu siyahı təqdim edilməmiş, məhkəmə sorğusuna yalnız məktubla cavab verilmişdir ki, bu hal da həmin arayışın verilməsinə əsas olan sənədlərin mövcud olmadığına dəlalət edir. İddiaçıya məxsus xx.xx.2002-ci il tarixdə verilmiş AO ******* nömrəli hərbi biletin 7-ci səhifəsində (14-cü bölmə) onun döyüşlərdə iştirak etmədiyi göstərilsə də, sonradan həmin qeydin üstündən xətt çəkilərək, 1991-1992-ci illərdə Sədərək döyüşlərində iştirak etdiyi qeyd edilmişdir. Həmin qeyd müvafiq vəzifəli şəxs tərəfindən imzalanaraq təsdiq edilməmiş, qeydin üzərinə yalnız möhür vurulmuş, düzəliş barədə ayrıca qeydiyyat aparılmamışdır. Cavabdehin Sədərək rayon şöbəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli 233 nömrəli məktubunda həmin məsələyə dair bildirilmişdir ki, iddiaçıya məxsus AO ******* saylı hərbi biletin 7-ci səhifəsində 1991-1992-ci illərdə Sədərək rayon döyüşlərində qeydlərin aparılması əsassız şəkildə qeyd olunmuş və şöbənin arxivində iddiaçının şəxsi qeydiyyat kartasında onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında könüllü olaraq iştirak edib-etməməsi barədə heç bir məlumat yoxdur. Odur ki, işdə olan iddiaçıya aid uçot kartasında onun 1991-1992-ci illərdə Sədərək döyüşlərində iştirak etməsi barədə aparılmış qeydiyyatın və Sədərək rayon hərbi komissarlığı tərəfindən Sədərək kənd icra nümayəndəliyinin arayışına istinadən verilmiş xx.xx.2003-cü il tarixli 4/10 nömrəli arayışın da mötəbərliyi istisna edilir. Həmçinin, Naxçıvan MR Sədərək RİH-in xx.xx.2020-ci il tarixli 39 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsi haqqında və məktubda qeyd edilən siyahı barədə heç bir məlumat yoxdur. Bütün qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır. İlk olaraq, şikayətin cavabdeh tərəfindən sübutların əksini sübut edən mötəbər sübutun məhkəməyə təqdim edilməməsi barədə və “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə istinad edən dəlili əsassızdır. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirildiyi üçün, onlar mötəbər hesab olunmur. Cavabdehin imtinası və iddiaya qarşı münasibəti də məhz belə olmuşdur. Şikayətin müharibə vereranları tərəfindən iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyini təsdiq edən xx.xx.2019-cu il tarixli aktın mötəbər sübut əhəmiyyətinə malik olması barədə dəlili də əsaslı deyil. Belə ki, İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. İPM-in sözügedən maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə görə isə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Odur ki, əgər qanunvericilik işin konkret halının rəsmi sənədlə təsdiq edilməli olduğunu tələb edirsə, həmin hal şahid ifadələri ilə təsdiq oluna bilməz. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona veteran adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3), “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin döyüş əməliyyatlarında könüllü özünümüdafiə dəstələrinin tərkibində iddiaçının iştirakını təsdiq edən sənədlərin təqdim edilməməsinə əsaslanan xx.xx.2019-cu il tarixli imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1433/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1461/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1461/2020
14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver