Məhkəmə qərarları › İş №2-1(103)-1461/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1461/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1461/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Hüseyn Aida Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı arayışın verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2-1(112)-1623/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2-1(112)-1623/2021 saylı qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına İddiaçı 1991-ci ilin dekabr ayından 1992-ci ilin iyun ayınadək olan müddət ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin (hazırki N nömrəli hərbi hissənin) tərkibində hərbi toplanışda iştirak etməsinə dair müvafiq arayışın verilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim N.Abıyev). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh-Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına onun 1991-ci ilin dekabr ayından 1992-ci ilin iyun ayınadək olan müddət ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin (hazırki N nömrəli hərbi hissənin) tərkibində hərbi toplanışda iştirak etməsinə dair müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, 1990-1992-cı illərdə Naxçıvan Muxtar Respublikasının Dövlət Milli Müdafiə Komitəsinin tərkibində hərbi toplanışda olub, Şərur rayonunun sərhəd bölgələrində gedən hərbi əməliyyatlarda iştirak etmişdir. 1992-ci il may ayının 24-də Şərur rayonu ərazisinə edilən silahlı hücumun qarşısının alınması zamanı sağ saidindən və sağ budundan deşilmiş güllə yaraları almışdır. Şərur rayon xəstəxanasında ona ilkin tibbi yardım göstərildikdən sonra, Naxçıvan Respublika xəstəxanasına gətirilmişdir. Həmin xəstəxanada 24 may 1992-ci il tarixdən 05 iyun 1992-ci il tarixədək stasionar qaydada müalicə aldıqdan sonra evə yazılmışdır. Sonradan ona 2-ci qrup əlillik dərəcəsi verilmişdir.1990-1992-ci illərdə o, Naxçıvan Muxtar Respublikasının Dövlət Milli Müdafiə Komitəsinin tərkibində hərbi toplanışda olub, Şərur rayonunun sərhəd bölgələrində gedən döyüşlərdə iştirak etməsi hərbi biletinin 7-ci səhifəsində Şərur rayon hərbi komissarlığı tərəfindən aparılmış qeydlə də təsdiq edilmişdir. Buna görə də ona 10.02.1997-ci il tarixdə “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Lakin sonradan “Müharibə veteranı” vəsiqələrinin yeni nümunəsi təsdiq edilmişdir, lakin ona yeni nümunəli “Müharibə veteranı” vəsiqəsi verilmədiyindən, onun iddiası əsasında 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2-1(81 )-3163/2018 saylı qərarı ilə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə nazirliyinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 31.10.2018-ci il tarixdə ona “Müharibə veteranı” adı və 084864 № li vəsiqəsi verilmişdir. Hazırda Azərbaycan Respublikası Müdafiə nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına onun 1991-ci ilin dekabr ayından 1992-ci ilin iyun ayınadək olan müddət ərzində Naxçıvan MR Dövlət Milli Müdafiə Komitəsinin (hazırkı N nömrəli hərbi hissənin) tərkibində hərbi toplanışda iştirak etməsinə dair müvafiq arayış təqdim edilməsinə ehtiyac yaranmışdır. Qeyd edilən arayışın Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim edilməsi üçün o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə yazılı müraciət göndərmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin ona ünvanladığı 07 avqust 2020-ci il tarixli, 4/2221 nömrəli məktubda müraciətinin araşdırılıb təmin edilməsi üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərildiyi göstərilsə də, 2 aydan artıq müddət keçməsinə baxmayaraq, müraciətinin baxılmasının nəticəsi barədə ona cavab verilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivindən ünvanına göndərilmiş 04.08.2020-ci il tarixli, 9/2- 8066 nömrəli məktubda isə Naxçıvan MR Dövlət Milli Müdafiə Komitəsinin sənədlərinin və N saylı hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərinin Müdafiə nazirliyinin Mərzəzi arxivinə daxil olmaması səbəbindən araşdırma aparılmasının mümkün olmaması göstərilmişdir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X2 izahatında göstərmişdir ki, iddia tələbi aşağıdakı səbəblərdən mümkün hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35.1ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki iddia AR İnzibati-prosessual Məcəlləsinin 33.1-ci maddəsində təsbit edilən məcburetmə haqqında iddiadır. Bu qəbildən olan iddialar üçün xüsusi mümkünlük şərti iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etməsi və bunun nəticəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina edilməsi və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində hüquq və qanuni mənafelərinin pozulmasının əsaslandırılması təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair “Qərarının 1.4-cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qərarın 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmüş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üçün tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə öhdəliyinin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s) də mövcudluğu yoxlanılmalıdır. Bununla əlaqədar qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyi Mərkəzi arxivi tərəfindən iddiaçıya ünvanlanmış 04 avqust 2020-ci il tarixli 9/2-8066 nömrəli məktubda göstərilmişdir. Naxçıvan MR Dövlət Milli Müdafiə Komitəsinin sənədlərinin və N saylı hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərinin Müdafiə Nazirliyinin Mərkəzi arxivinə daxil olmaması səbəbindən araşdırma aparılması mümkün olmamışdır. İddiaçı Mərkəzi arxivin 04 avqust 2020-ci il tarixli cavab məktubunu aldıqdandan sonra N nömrəli hərbi hissəyə müvafiq sorğu ilə müraciət etməli idi. Beləliklə də Mərkəzi Arxiv tərəfindən hər hansı hərəkətsizlik edilməmiş, müvafiq əmrlərin arxivdə olmaması səbəbindən araşdırma aparılmasının mümkün olmadığı bildirilmişdir. Ona görə də qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdirlər. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan; iddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı 06.06.1962-ci ildə doğulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli 2- 1(81)3163/2018 saylı qərarı ilə İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması qərara alınmışdır. Məhkəmənin göstərilən qərarında işin məhkəmə tərəfindən müəyyən edilmiş halları kimi qeyd olunmuşdur ki, işdə olan H3 seriyalı ******* №li hərbi biletin surətindən görünür ki, Məmiyev X4 Muxtar Respublikasının sərhəd bölgələrində gedən döyüşlərdə iştirak etmişdir. Bununla bağlı hərbi biletində qeydlər mövcuddur. Göründüyü kimi, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, İddiaçı 1990-1992-ci illərdə Naxçıvan Muxtar Respublikasının Dövlət Milli Müdafiə Komitəsinin tərkibində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda Şərur rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Naxçıvan Muxtar Respublikasının Dövlət Milli Müdafiə Komitəsi Azərbaycan Respublikasının həqiqi hərbi xidmət keçirən ilk milli ordusu olmuş, onun əsasında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi yaranmışdır. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 31.10.2018-ci il tarixdə İddiaçı M/V 084864 №li “Müharibə veteranı” vəsiqəsi verilmişdir (vəsiqənin notarial qaydada təsdiq olunmuş surəti). Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Bakı şəhəri Binəqədi rayon idarəsi tərəfindən verilmiş 07.08.2019-cu il tarixli 224 №li arayışdan müəyyən olunur ki, həmin arayış 1962-ci il təvəllüdlü İddiaçı ondan ötrü verilmişdir ki, o, həqiqətən 17.10.1981-ci il tarixdən 15.12.1983-cü il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı 1990-1992-ci illərdə Naxçıvan Muxtar Respublikasının Dövlət Milli Müdafiə Komitəsinin tərkibində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda Şərur rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Naxçıvan Muxtar Respublikasının Dövlət Milli Müdafiə Komitəsi Azərbaycan Respublikasının həqiqi hərbi xidmət keçirən ilk milli ordusu olmuş, onun əsasında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi yaranmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən İddiaçı ünvanlanmış 04.08.2020-ci il tarixli 9/2-8066 №li məktubda Naxçıvan MR Dövlət Milli Müdafiə Komitəsinin sənədlərinin və N №li hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün xidməti və yaralanmağı barədə araşdırma apara bilmədikləri, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən 12.02.2020-ci il tarixli 9/2-2059 №li məktubla ünvanına cavab göndərildiyi qeyd olunmuşdur. İddiaçı hazırki tələblə bağlı 22.07.2020-ci il tarixdə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ona ünvanlanmış 07 avqust 2020-ci il tarixli, 4/2221 nömrəli məktubda müraciətinin araşdırılıb təmin edilməsi üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərildiyi qeyd olunsa da, ötən müddət ərzində müraciətinə cavab verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. İddiaçı hazırki iddia tələbi ilə 22.07.2020-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə iddiaçıya cavab verilməmiş, iddiaçı 04.09.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə müvafiq olaraq hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. Həmin Qanunun 27.1.9-cu maddəsinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər toplanışlar keçərkən hərbi xidmət vəzifələrinin icrasında sayılırlar. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikasının 1997-ci il tarixli 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 18-ci bəndində göstərilmişdir ki, müddətli həqiqi hərbi xidmətə çağırılmış Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidmətə göndərilməsi hərbi komissarlıq tərəfindən Respublika toplanış məntəqəsi (muxtar respublikanın toplanış məntəqəsi) vasitəsi ilə həyata keçirilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. İş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qərarından müəyyən olunur ki, hazırki iş üzrə İddiaçı 1990-1992-ci illərdə Naxçıvan Muxtar Respublikasının Dövlət Milli Müdafiə Komitəsinin tərkibində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda Şərur rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Naxçıvan Muxtar Respublikasının Dövlət Milli Müdafiə Komitəsi Azərbaycan Respublikasının həqiqi hərbi xidmət keçirən ilk milli ordusu olmuş, onun əsasında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi yaranmışdır. İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalı və bundan sonra iddiaçının müraciətinə cavab verilməlidir. Belə ki, İnzibati icraat haqqında” Qanunun: 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti ilə bağlı hüquqi hallar tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilmişdir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına İddiaçı 1991-ci ilin dekabr ayından 1992-ci ilin iyun ayınadək olan müddət ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin (hazırki N nömrəli hərbi hissənin) tərkibində hərbi toplanışda iştirak etməsinə dair müvafiq arayışın verilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2-1(112)-1623/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar