Məhkəmə qərarları › İş №2-1(103)-1462/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1462/2020

18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1462/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh AR Müdafiə Nazirliyinə qarşı “ müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2-1(112)-2355/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh-Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2355/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2355/2020 saylı qərarının ləğv edilməsi, iddia tələblərinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan: - İddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır (AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsi). - Bakı şəhəri Yasamal rayon Hərbi Komissarlığı tərəfindən İddiaçı verilmiş xx.xx.1996-cı il tarixli 4/360 №li arayışa (itmiş hərbi biletin əvəzinə) əsasən sonuncu iyun 1984-cü ildən xx xxxx 1985-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli 912-15971 saylı arxiv arayışına əsasən İddiaçı N №li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 29 №li əmrində (əsas: sıra-262, səh.67) Ağdərə döyüş əməliyyatları bölgəsində iştirak etmiş N №li hərbi hissənin şəxsi heyətinin siyahısında sıravi İddiaçı adı qeyd edilmişdir. Ərizədə N №li hərbi hissədə sonrakı xidmət dövrü dəqiq (ay və il) qeyd edilmədiyindən və N №li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından onun xidməti və yaralanması barədə araşdırma aparmaq mümkün olmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalından vət.C.Həsənovun ərizəsinə cavab olaraq adına tərtib edilmiş “Müayinə vərəqinin” kserosurəti ünvanına göndərilmiş, əlavə olaraq bildirilmişdir ki, Biləcəri 4 №li xəstəxananın tibbi sənədləri saxlanılması üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təhvil verilmədiyinə görə onun stasionar müayinə və müalicədə olması barədə məlumat vermək mümkün deyildir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən İddiaçı məhkumluğu yoxdur (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş H-5046 №li xx.xx.2020-ci il tarxli arayış). - İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1/71- 16985 №li məktubda müraciətçiyə bildirilmişdir ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. xx.xx.1993-cü il tarixdən sonrakı dövrdə (xəstəlik ilə əlaqədar məzuniyyətdən qayıtdıqdan sonra) hərbi xidməti barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Əlillik sənədini (vəya arayışını) əlavə edərək təkrar təqdim olunarsa komissiyanın iclasında yenidən baxıla bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adı və vəsiqəsi öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik və Ədliyyə nazirlikləri, Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Sərhəd Xidməti) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibə veteranı adı 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti tərəfindən verilmiş hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə”Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 396 nömrəli Fərmanının 1.3cü bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin İddiaçı barəsində təqdim edilmiş arxiv arayışına əsasən N №li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 29 №li əmrində (əsas: sıra-262, səh.67) Ağdərə döyüş əməliyyatları bölgəsində iştirak etmiş N №li hərbi hissənin şəxsi heyətinin siyahısında sıravi İddiaçı adı qeyd edilmiş olsa da, ərizədə sonuncunun N №li hərbi hissədə sonrakı xidmət dövrü dəqiq (ay və il) qeyd edilmədiyindən və N №li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmaması səbəbindən onun xidməti və yaralanması barədə araşdırma aparmaq mümkün olmadığından (iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması şərti ödənilmədiyindən), bundan əlavə iddiaçı tərəfindən məhkəməyə hərbi bileti təqdim olunmadığından, iddia sübüta yetirilmiş sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsassız, cavabdehin imtinası əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2355/2020 saylı qərarı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar