Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1462/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Hüseynov Azər Soltanhəmid oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, İddiaçıların nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinə qarşı “soyadın dəyişdirilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(112)-4542/2021 saylı qərardadından iddaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü ildə doğulmuş İddiaçı1 və xx.xx.2006-cı ildə doğulmuş İddiaçı2, “Abili” soyadının “Abiyev(a)” kimi dəyişikliyinin qeydə alınmasını və müvafiq olaraq yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(112)-4542/2021 saylı saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Nümayəndə). Həmin qərardaddan iddiaçılar apelyasiya şikayəti vermişdirlər. İddiaçıların nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçılar tərəfindən hazırki tələblə bağlı yerli icra hakimiyyətinə müraciət olmamışdır. Hazırki haıda mübahisə predmeti soyadların dəyişdirilməsindən yox, soyadların sonluğunda dəyişiklik edilməsindən ibarətdir. Yəni “Abili” soyadının sonluğu dəyişdirilərək “Abiyev(a)” olur. Ona görə də apelyasiya şikayətin təmin edilməsini, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iş həcminin çox olmasını nəzərə alaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində doğulmuş Nümayəndə ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 17132499 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, 17.07.1979-cu ildə Xaçmaz şəhərində doğulmuş X3 ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən 02.07.2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 013871 №li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Nümayəndə ilə X2 arasında bağlanmış nikah 2004-cü ilin iyul ayının 2-ci günündə 259 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abiyev, arvada Abiyeva soyadı verilmişdir. Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən 20.06.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 451617 nömrəli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən olunur ki, İddiaçı1 xx.xx.2004- cü il tarixdə Sumqayıt şəhərində doğulub, atası Nümayəndə, anası X1 qeyd edilmişdir. Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən 15.02.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 733171 nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən olunur ki, İddiaçı2 xx.xx.2006- cı il tarixdə Sumqayıt şəhərində doğulub, atası Nümayəndə, anası X1 qeyd edilmişdir. İddiaçıların (qanuni nümayəndələrinin) hazırki tələblə bağlı müraciətinə cavab olaraq, Bakı şəhəri, Xəzər rayon Qeydiyyat şöbəsinin 05/15-26 №li 21 yanvar 2021-ci il tarixli məktubu ilə onlara bildirilmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin 495 saylı 02.02.1993-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası vətəndaşları “-ov”, “yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “lu”, “lü”), “-zadə”, “oğlu”, “-qızı”, sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Hazırki halda yuxarıda adı çəkilən Azərbaycan Respublikası Milli Məclisinin 495 saylı 02.02.1993-cü il tarixli qərarının müddəası uşaqların doğum haqqında akt qeydlərində tətbiq olunmuşdur. Növbəti dəfə soyadın sonluğunun “-ov”, “-yev” sonluqlu soyada dəyişdirilməsi qeydiyyat şöbəsində mümkün deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 26.3-cü maddəsinə əsasən məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2114/2020 saylı iş üzrə qəbul etdiyi 25 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 26-cı, Mülki Prosessual Məcəllənin 49.3-cü və Mülki Məcəllənin 28-ci maddəsinin tələblərini sistemli şəkildə təhlil edərək göstərir ki, 28.09.2005-ci il təvəllüdlü N.V oğlu məhdud fəaliyyət qabiliyyətli hesab edildiyindən onun ümumi, yəni publik hüquq normalarından irəli gələn məsələlər üzrə inzibati məhkəmə icraatında iştirakı mülki prosessual qanunvericiliyində nəzərdə tutulmuş qayadada təmsil olunmaqla həyata keçirilməlidir. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan şəxslərin mənafeyi onların qanuni nümayəndələri tərəfindən qorunmalıdır. İddia tələbinə münasibətdə bu müddəaların tətbiqi isə o anlamı yaradır ki, yetkinlik yaşına çatmayan 28.09.2005-ci il təvəllüdlü N.V oğlu publik hüquqdan irəli gələn onun hüquqlarına bilavasitə aid olan məsələnin həll edilməsi üzrə inzibati icraatda iddiaçı qismində çıxış edə bilər, lakin məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfindən təmsil olunmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Hazırki iş üzrə qanuni nümayəndəsi tərəfindən təmsil olun yetkinlik yaşına çatmayan iddiaçıların tələbi soyadlarında dəyişiklik edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 297 №li Fərmanının 2-ci bəndinin 8-ci yarımbəndində göstərilmişdir ki, müəyyən edilsin ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-54.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına görə hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir (bənd 6.26). Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi, yetkinlik yaşına çatmayan (18 yaşına çatmamış) uşaqların soyadının dəyişdirilməsi məsələsi yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir və bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında deyil, Azərbaycan Respublikası Ailə Məcəlləsinin müddəalarına uyğun olaraq mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İş materiallarından görünür ki, iddiaçılar (onların qanuni nümayəndəsi) tərəfindən hazırki tələblə bağlı yerli icra hakimiyyətinə müraciət olunmamışdır. Qeyd edilənlərə əsaslanaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Qərarın 17-ci bəndində qeyd edilir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası apelyasiya şikayətin dəlillərini qəbul etmir və hesab edir ki, bieinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir, ona görə də iddiaçının apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(112)-4542/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1462/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1462/2021
20.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver