Məhkəmə qərarları › İş №2-1(103)-1462/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1462/2023

17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1462/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X25 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X30 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6928/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X30 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7017 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6928/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6928/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi başlayan zaman vergi orqanı əməkdaşları tərəfindən sənədlərin iddiaçının nümayəndəsinə verilməsi göstərilsə də, əslində həmin sənədlər akt tərtib edildikdən sonra təqdim edilmişdir. İddia ərizəsində göstərmişdir ki, operativ vergi nəzarəti Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50-ci maddəsinin tələbləri pozulmaqla həyata keçirilmişdir. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi başlayan zaman vergi orqanı əməkdaşları tərəfindən “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarış, “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə iddiaçıya təqdim edilməmişdir. Yalnız xx.xx.2022-ci il tarixli AKT tərtib olunduqdan sonra iddiaçının nümayəndəsinə yalnız “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə təqdim edilmişdir. Bundan əlavə qərarda göstərilir ki, iddiaçı iddia tələbinin əsasını onun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “Meridian kursu”nda 11 nəfər işçidən 2 nəfərin xidməti müqaviləsinin, 2 nəfər tələbənin tədris müqaviləsinin olması, 3 nəfərin əmək müqaviləsinin portala qeydiyyata düşməməsi və bunu iddiaçının Asan imzasının və şəxsiyyət vəsiqəsinin deaktiv olması ilə əsaslandırmağa çalışmış, 2 nəfərin isə əmək müqaviləsinin olmamasını bildirmişddir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi X23 xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, iddiaçı X15, X16, X24, X17, X8, X28, X18, X5, X12, X9, X29 ilə xidmət müqavilə əsasında onları rəhbərlik etdiyi tədris müəssisəsində tədris prosesinə cəlb etmiş, bununla da faktiki olaraq onlarla əmək müqaviləsinin bağlanmadığını etiraf etmişdir. Halbuki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü bəndinə iddiaçı ilə 11 nəfər şəxs arasında yaranan münasibətlər əmək münasibətləri heab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Bundan başqa, operativ vergi nəzarəti tədbiri zamanı 11 nəfər fiziki şəxsdən alınmış izahatlardan görünür ki, onlardan 9-u əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərini, 1 nəfər onunla əmək müqaviləsi bağlanacağına söz verildiyini, 1 nəfər isə bağlandığını bildirmişdir. Məhkəmə nümayəndənin məhkəməyə təqdim etdiyi Yasamal Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli arayışını nəzərə almamışdır. Belə ki, həmin arayışda göstərilir ki, iddiaçının şəxsiyyət vəsiqəsi xx.xx.2021-ci il tarixdən qeyri-aktivdir. Həmin vaxt nümayəndəsi X10 şəxsiyyət vəsiqəsi də qeyri-aktiv olmuşdur. Bu səbəbdən də iddiaçı, əmək müqavilələrini qeydiyyatdan keçirə bilməmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir ki, 11 nəfərdən biri olan X3 “Meridian” kurslarında işləməsi təsdiq olunmadığından onun barəsində hesablanmış maliyyə sanksiyası ləğv edilmişdir. Məhkəmə bu faktı nəzərə almamışdır. X2 istintaqa verdiyi izahatında bildirmişdir ki, o, göstərilən kurslarda işləməmişdir. Bundan əlavə məhkəməyə təqdim edilmiş qeydiyyatdan keçməmiş əmək müqavilələrindən görünür ki, həmkin müqavilələr 2022-ci ilin yanvar ayının axırlarında, hətta 2 müqavilə bir gün əvvəl bağlanmışdır. Asan imza və şəxsiyyət vəsiqəsi qeyri-aktiv olduğundan həmin müqavilələri qeydiyyatdan keçirmək mümkün olmamışdır. Göründüyü kimi məhkəmə göstərilən faktlara tam aydınlıq gətirməmişdir. Bundan əlavə Qərarda göstərilir ki, qeyd olunan şəxslər vermiş olduqları izahatlarında fəaliyyətdə olan obyektlərin işçiləri kimi iddiaçı tərəfindən işə cəlb edildiklərini vergi orqanına bildirmiş, vergi orqanı da həmin məlumatlar əsasında iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul etmişdir ki, həmin qərarın qəbul edilməsində iddiaçının izahatı məhkəmə hesab edir ki, həlledici olmuşdur. İddiaçı isə verilən izahataların məcburi olaraq alınması barədə iddiasında qeyd etsə də, məhkəmə araşdırması zamanı məcburetmənin nədən ibarət olması müəyyən edilməmişdir. Qeyd olunan hal isə iddiaçının dəlillərinin həqiqəti əks etdirmədiyini və vergi məsuliyyətindən yayınma ilə bağlı müdafiə xarakterli dəlil kimi məhkəmənin qiymətləndirmə aparması üçün əsas verir. İddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, göstərilən şəxslər tam təzyiq altında izahat vermişlər və onların təzyiqlə alınmış izahatları nəticəsində qəbul edilmiş vergi məsuliyyətinə cəlb etmə haqqında qərar qanuni hesab oluna bilməz. Məcburetmənin nədən ibarət olmasını müəyyən etmək üçün həmin şəxslərin məhkəmə tərəfindən ifadələri alnmalı idi, lakin həmin şəxslərin dindirilməsi cavabdehin nümayəndəsinin həmin məhkəmə iclaslarında iştirak etməməsi səbəbindən baş tutmamışdır. Bu halı isə iddiaçının dəlillərinin həqiqiəti əks etdirmədiyi kimi qiymətləndirilməsi özü əsassızdır. Bundan əlavə qərarda göstərilir ki, izahatların psixoloji təsir altında alınması ilə bağlı qeyd olunanların həqiqəti əks etdirmədiyini məhkəmə onunla təsdiq edir ki, qeyd olunan hallar yalnız iddiaçının və faktiki işə cəlb edilmiş şəxslərin izahatında öz əksini tapmış, psixoloji təsirə məruz qalmanı təsdiq edəcək digər sübutlar məhkəməyə təqdim edilməmiş, vergi yoxlamasında iştirak edən şəxslər isə məhkəməyə verdiyi izahatlarında işçilərin izahatı alınarkən heç bir təzyiqin mövcud olmadığını qeyd etmişlər. Buna görə də məhkəmə hesab edir ki, izahatlardan əlavə məcburetmə ilə bağlı halı təsdiq edəcək heç bir əsaslı sübut məhkəməyə təqdim edilmədiyindən həmin halın mövcudluğu öz təsdiqini tapmır. Necə olur ki, məhkəmə psixoloji təsirlə bağlı iddiaçının və faktiki işə cəlb edilmiş şəxslərin izahatlarını sübut kimi qəbul etmir, lakin vergi orqanının işçilərinin təzyiq olmaması barədə izahatlarını sübut kimi qəbul edir. Məcburetmə ilə bağlı hansı əsaslı sübut təqdim edilməli idi ki, məhkəmə onu sübut kimi qəbul etsin. Hadisə qapalı məkanda baş vermiş və hər iki tərəf ayrı-ayrılıqda yuxarıda göstərilən izahatları vermişlər. Məhkəmənin mövcud vəziyyəti birtərəfli qiymətləndirməsini əsaslı hesab etmir. İddiaçının iddia tələbində işin faktiki hallarına dair halların mövcud olması öz təsdiqini tapmışdır. Mübahisələndirilən qərar vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında ” Qanunun 61-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun tərtib olunmamış və əsaslandırılmamışdır. Qərarda iddiaçıya hesablanmış vergi məbləğinin yaranma əsasları, işin faktiki və hüquqi halları və bu halları təsdiq edən sübutlar, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və məlumatlar tam göstərilməmişdir. Məhkəmənin iddia tələbinə münasibətdə gəldiyi nəticə səhvdir, iddia tələbinin təmin edilməməsi isə qanunsuz və əsassızdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkii Vəkil apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X19 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, qərar digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan iddiaçıya məxsus fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə ********** VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır İş materiallarında olan cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3667 nömrəli qərarından görünür ki, iddiaçının sahibkarlıq fəaliyyətini (fəaliyyət növü: hazırlıq kurslarının fəailiyyəti) həyata keçirdiyi ünvan 1 ünvandakı obyektdə “Meridian kursu”nda (**********-13001) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələ(ləri) üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarix daxil olmaqla) operativ vergi nəzarəti tədbirinin keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY221711627 saylı çıxarışdan görünür ki, iddiaçının sahibkarlıq fəaliyyətini (fəaliyyət növü: hazırlıq kurslarının fəailiyyəti) həyata keçirdiyi “Meridian kursu”nda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək vergi nəzarətinin keçirilməsi qeydiyyata alınmışdır (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi). İş materiallarında olan cavabdehin tərtib etdiyi xx.xx.2022-ci il tarixli DVX seriyalı 005915 saylı aktdan və ona əlavədən görünür ki, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 11 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 22.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuşdur. İş materiallarında olan cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7017 saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 11 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 22.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsi X10 xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, X15, X16, X24, X17, X8, X28, X18, X5, X13, X6, X29 ilə xidmət müqaviləsi əsasında onları rəhbərlik etdiyi tədris müəssəsində tədris prosesinə cəlb etdiyi bildirmişdir. İş materiallarında olan operativ vergi nəzarəti tədbiri zamanı 11 nəfər fiziki şəxsdən alınmış izahatlardan görünür ki, onlardan 9-u əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərini, 1 nəfər bağlanacağına söz verdiyini, 1 nəfər isə bağlandığı bildirmişdir. İş materiallarında olan Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxsləri, yəni ümumilikdə 10 nəfəri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə X10 barəsində cinayət işinin başlanması, bu cür əməli ilk dəfə törətməsi, işçilərlə əmək münasibətlərini rəsmiləşdirməsi, vergi, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə borcunun olmaması ilə əlaqədar, cinayət qanunu müddəalarının qüvvəsinə görə onun cinayət məsuliyyətindən azad olunduğundan, Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilərək, əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyəti üzrə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş X14, X5, X29, X18, X17, X28, X6, X15, X16 və X11 hər biri üzrə ödənilməkdən yayındırılmış 194,44 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının onların Dövlət Sosial Müdafiə Fondunda, 23,56 manat icbari tibbi sığorta haqlarının isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində olan hesablarına köçürülməsinin təmin olunması üçün müvafiq hesabatların alınması, habelə gələcəkdə analoji halların baş verməsinin qarşısının alınmasından ötrü vergi ödəyicisi tərəfindən təqdim olunan bəyannamələrin nəzarətdə saxlanılması və işçi sayında azalma olduğu halda, məlumatın dəqiqləşdirilməsi məqsədilə zəruri tədbirlərin görülməsi vergi ödəyicisinin qeydiyyatda olduğu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X30 üzrə Baş İdarəsinə tapşırılmış, X3, X1 fəaliyyəti göstərdiyi “Meridian" kurslarında işləməsi öz təsdiqini tapmadığından, qeyd olunan şəxs barəsində hesablanmış maliyyə sanksiyası ləğv edilmişdir. İşin faktiki hallarından görünür ki, cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3667 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini (fəaliyyət növü: hazırlıq kurslarının fəailiyyəti) həyata keçirdiyi ünvan 1 ünvandakı obyektdə “Meridian kursu”nda (**********-13001) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələ(ləri) üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarix daxil olmaqla) operativ vergi nəzarəti tədbirinin keçirilməsi qərara alınmışdır. Cavabdehin tərtib etdiyi xx.xx.2022-ci il tarixli DVX seriyalı 005915 saylı akta əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 11 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 22.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuşdur. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7017 saylı qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 11 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 22.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı hal-hazırda həmin qərarı mübahisələndirərək, ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əsaslandığı prinsiplərdən biri də əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipidir. 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 3-cü maddəsinin 5-1-ci hissəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 7-ci maddəsinin 2-3-cü hissəsinə əsasən aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. 7-ci maddəsinin 2-4-cü hissəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. 12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Göründüyü kimi, qanunvericilik əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol vermir. Əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə elektron sənəd, yəni əmək müqaviləsi bildirişi daxil edilir. Əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sistemində əmək müqaviləsinin qeydiyyatdan keçirilməsi isə işəgötürənin əsas vəzifələrindən biridir. Hazırki iş üzrə iddiaçıya məxsus olan obyektdə operativ vergi nəzarəti həyata keçirilərkən fiziki şəxslərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edir ki, elektron informasiya sisteminə müqavilənin daxil edilməməsi işəgötürənlə işçi arasında əmək münasibətlərinin əmək qanunvericiliyinə əsasən həyata keçirilmədiyini təsdiq edir və həmin işçinin gəlirinin gizlədilməsinə səbəb olur. Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Bu halın müəyyən edilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq maliyyə sanksiyasının tətbiqi üçün əsasdır. İddiaçı fiziki şəxslərin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi ilə əlaqədar cavabdehin mövqeyinin əsassız olduğunu bildirir. Eyni zamanda iddiaçı tərəf vergi orqanına verdiyi izahatında həmin şəxslərlə əmək müqaviləsi bağlamadığını bildirmişdir. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işə cəlb etmişdir. Həqiqətən də, yuxarıda göstərildiyi kimi, əgər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən cəlb olunmuş əməkdaşların əmək funksiyalarının yerinə yetirilməsi aşkar olunursa, bu zaman vergi ödəyicisinə təqvim ili ərzində belə hallara neçə dəfə yol verilməsindən asılı olaraq maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı operativ vergi nəzarətinin həyata keçirilməsi başlayan zaman vergi orqanı əməkdaşları tərəfindən ‘‘Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarış, “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə ona təqdim edilmədiyini iddia etsə də, iş materiallarından görünür ki, həmin sənədlər vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsinə təqdim edilmiş və sonuncu tərəfindən “tanış oldum" qeydi ilə imzalanmışdır. Bundan başqa, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” tərtib edilmiş akt vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanaraq bir nüsxəsi qəbul edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı izahatlar alınmışdır. Belə ki, işdə olan operativ vergi nəzarəti zamanı alınmış iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X10 izahatından göründüyü kimi o, işçilərin sınaq müddətinə işə cəlb etdiyini, daha sonra uyğun işçilərlə xidməti müqavilənin bağlandığını bildirmişdir. X4 xx.xx.2022-ci il tarixli izahatında X23 tərəfindən 1 aydır ki, “rus dili müəllimi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının uşaq sayından asılı olaraq gəlirin 40%-i həcmində müəyyən olunduğunu bildirmişdir. Digər bir işçi X5 da öz növbəsində X23 tərəfindən 10 gündür ki, stajçı “fizika müəllimi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını bildirmişdir. Digər bir işçi X29 da iddiaçı tərəfindən 1 aydır ki, “rus dili müəllimi” vəzifəsinə sınaq müddətinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını bildirmişdir. Digər bir işçi X18 3 aydan çoxdur ki, X23 tərəfindən “azərbaycan dili və ədəbiyyatı müəllimi’’ vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının uşaq sayından asılı olaraq gəlirin 40%-i həcmində müəyyən olunduğunu bildirmişdir. Digər bir işçi X28 da öz növbəsində X23 tərəfindən “qrafik dizayn” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının uşaq sayından asılı olaraq gəlirin 40%-i həcmində müəyyən olunduğunu bildirmişdir. Digər bir işçi X8 xx.xx.2022-ci il tarixdən X23 tərəfindən sınaq müddətinə “operator’ vəzifəsinə işə cəlb edildiyini, onunla xidməti müqavilənin bağlandığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını bildirmişdir. Digər bir işçi X17 xx.xx.2021-ci il tarixdən X23 tərəfindən “ingilis dili müəllimi” vəzifəsinə işə cəlb edildiyini, onunla xidməti müqavilənin bağlandığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının uşaq sayından asılı olaraq gəlirin müəyyən faizi həcmində müəyyən olunduğunu bildirmişdir. Digər bir işçi X24 1 ildir ki, “Meridian" tədris mərkəzində X23 tərəfindən “rus dili müəllimi” vəzifəsinə işə cəlb edildiyini, onunla xidməti müqavilənin bağlandığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının uşaq sayından asılı olaraq gəlirin müəyyən faizi həcmində müəyyən olunduğunu bildirmişdir. Digər bir işçi X16 1 aydır ki, “Meridian” tədris mərkəzində X23 tərəfindən “ingilis dili müəllimi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını bildirmişdir. Digər bir işçi X15 xx.xx.2022-ci il tarixdən “Meridian” tədris mərkəzində X23 tərəfindən “internet operatoru” vəzifəsinə işə cəlb edildiyini, onunla xidməti müqavilənin bağlandığını, əmək haqqının aylıq 200 manat təşkil etdiyini, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını bildirmişdir. Digər bir işçi X6 xx.xx.2022-ci il tarixdən “Meridian” tədris mərkəzində X23 tərəfindən “azərbaycan dili və ədəbiyyatı” vəzifəsinə işə cəlb edildiyini, onunla əmək müqaviləsinin hələ bağlanmadığını, lakin bağlanacağını bildirmişdir. İddiaçı həmin şəxslər tərəfindən izahatların məcburi olaraq alınmasını, izahatların psixoloji təsir altında alınmasını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir və məhkəmə tərəfindən həmin hallar öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, aparılmış istintaqla X3 Şahin Əliyevin fəaliyyətinə rəhbərlik etdiyi «MERİDİAN» kurslarında çalışmadığı, onunla «MERİDİAN» kursları arasında bağlanmış Tədris müqaviləsinə əsasən həmin kursda tələbə olduğu, operator işini öyrənmək üçün kursa getdiyi müəyyən edilmişdir. Həmin qərarla X3, X1 fəaliyyəti göstərdiyi “Meridian" kurslarında işləməsi öz təsdiqini tapmadığından, qeyd olunan şəxs barəsində hesablanmış maliyyə sanksiyası ləğv edilmiş və qərar surəti icra üçün Dövlət Vergi Xidmətinin Bakı şəhəri X30 üzrə Baş İdarəsinə göndərilmişdir. Lakin qeyd olunan hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Belə olan halda həmin şəxslə əlaqədar iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi əsassızdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qeyd olunan hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməlidir. Digər şəxslərə münasibətdə isə iddiaçı tərəfindən onların Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapır. Qeyd olunan hissədə cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Ona görə də həmin hissədə iddia tələbi əsassızdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin hissədə iddia tələbini təmin etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6928/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qərarı qismən ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X30 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********7017 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, yəni İddiaçı 2000 (iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6928/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qərarı digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6928/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qərarı qismən ləğv edilsin, həmin hissədə iddia təmin edilsin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X30 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********7017 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, yəni İddiaçı 2000 (iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6928/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qərarı digər hissədə dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar