Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1462/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “səbəbli əlaqənin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X7 və X5 ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xəstəliyinin səbəbli əlaqəsinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8796/2024 saylı 16 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “iddiaçıya 19 mart 2022-ci il tarixli şəhadətnamə ilə təyin edilmiş səbəb əlaqənin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.1990-cı il təvəllüdlü İddiaçı 19 mart 2022-ci il tarixli şəhadətnamə ilə təyin edilmiş “ümumi xəstəlikdir” səbəb əlaqəsinin səbəbinin “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədardır”a dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 16 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1990-cı il təvəllüdlüdür, iddiaçı 1 saylı BPL-ni 2010-cu ildə bitirdikdən sonra hərbi xidmətə yararlı hesab edilərək xx.xx.2010-cu ildə hərbi hissəyə göndərilmişdir. xx.xx.2010-cu il tarixli, 197 nömrəli əmrlə doldurucu, xx.xx.2010-cu il tarixli, 298 nömrəli əmrlə sürücü vəzifəsinə təyin edilmişdir. xx.xx.2012-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2011-ci il tarixli, 342 nömrəli əmri əsasında xx.xx.2012-ci ildə ehtiyata buraxılmışdır. 2014-cü ildən etibarən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeliyində müxtəlif hərbi hissələrdə müddətdən artıq həqiqi hərbi xidmət etmişdir. xx.xx.2019-cu ildə ordu sıralarından tərxis olunmuşdur. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2018-ci il tarixli çıxarış epikrizinə əsasən N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət əsgəri iddiaçıya qoyulmuş diaqnoz “sağalma ilə nəticələnmiş şəraitlə əlaqəli dissosiativ reaksiya”dır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2018-ci il tarixli, 8110 nömrəli arayışında qeyd olunur ki, xəstəliyin səbəb əlaqəsi “dissosiativ reaksiya, xroniki tonzillit, dekompensə forma. Stasionar müayinədən sonra şəhadətləndirilməlidir”.xx.xx.2022-ci il tarixli 3711 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”yə əsasən qoyulmuş diaqnoz şizofreniya paranoid formadır. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “ümumi xəstəlikdir” səbəb əlaqəsi təsdiq olunur. Bakı şəhəri Pirallahı rayon məhkəməsinin 2(094)- 21/2023 nömrəli qətnaməsi ilə iddiaçı fəaliyyət qabiliyyətsiz şəxs hesab olunmuşdur və Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti Başçısının 56 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə X1 Emil Şahin oğlunun üzərində qəyyum təyin edilmişdir. X2 cavabdehə müraciət edərək İddiaçı 19 mart 2022-ci il tarixli şəhadətnamə ilə təyin edilmiş səbəb əlaqənin dəyişdirilməsini xahiş etmişdir. Belə ki, İddiaçı müvafiq komissiya yoxlanışından keçərək hərbi xidmətə yollanmış, daha sonra isə müddətdən artıq hərbi xidmət əsgəri kimi xidmət keçmişdir. Travmanın səbəbi Sülhməramlı Qüvvələrin tərkibində Əfqanıstanda xidmət keçərkən baş nahiyəsində travma alması olmuşdur. Xəstəlik sonradan qazanılmışdır, hər hansı genetik amildən asılı olmamışdır. Bu baxımdan ümumi xəstəlik kimi səbəb əlaqəsinin təyin edilməsi düzgün deyildir. Cavabdeh 92 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə müraciətin təmin edilməsindən imtina etmiş, qeyd etmişdir ki, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi olmadığından “ümumi xəstəlikdir” kimi təyin edilmişdir, dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8796/2024 saylı 16 sentyabr 2024-cü il qərarı ilə iddianın təmin edilməsi və iddiaçı xx.xx.1990-cı il təvəllüdlü İddiaçı 19 mart 2022-ci il tarixli şəhadətnamə ilə təyin edilmiş “ümumi xəstəlikdir” səbəb əlaqəsinin səbəbinin “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədardır”a dəyişdirilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək Baş Klinik Hospitalın psixatriya bölməsində “Sağalma ilə nəticələnmiş şəraitlə əlaqəli dissosiativ reaksiya” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Bu diaqnozla olan xəstəliyin hərbi xidmət dövründə yaranması inkar olunmur. Lakin bundan 3 il yarım keçdikdən sonra xx.xx.2022-ci il tarixdə İddiaçı MN MHP-nın hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərkən onda bu diaqnoz müəyyən edilməmişdir, çünki o 2018-ci il tarixdə Baş Klinik Hospitalın psixatriya bölməsində bu xəstəlikdən müalicə olunub sağalma ilə öz hərbi hissəsinə göndərilmişdir. Bu səbəbdən də xx.xx.2022ci il tarixli 3711 №-li "Xəstəlik haqqında şəhadətnamədə” bu diaqnoz (“Sağalma ilə nəticələnmiş şəraitlə əlaqəli dissosiativ reaksiya”) düzgün olaraq qeyd olunmamışdır. Məhkəmə isə qərar çıxararkən bu xəstəliyin hərbi xidmət dövründə başlanması və şəraitlə (hərbi xidmətlə) əlaqəli olması və bunun işin mübahisəsiz halı olmasına əsaslanaraq (bax : qərarın 25 və 26-cı bəndləri) xidmətdən buraxıldıqdan 1 il 10 ay sonra İddiaçı təyin edilmiş “Şizofreniya paranoid forma, fasiləli gedişli”diaqnozu ilə olan xəstəliyin səbəb əlaqəsinin tamamilə absurd və əsassız olaraq “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin edilməsi nəticəsinə gəlmişdir. Beləliklə məhkəmə hərbi xidmət dövründə İddiaçı təyin edilmiş “Sağalma ilə nəticələnmiş şəraitlə əlaqəli dissosiativ reaksiya” diaqnozuna əsaslanaraq onda xidmətdən buraxıldıqdan 1 il 10 ay sonra təyin edilmiş tamamilə başqa bir xəstəliyi (“Şizofreniya paranoid forma, fasiləli gedişli”) hərbi xidmətlə əlaqələndirərək səbəb əlaqəsinin nəinki “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”kimi. hətda “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin edilməsi qərarına gəlmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, atəşkəsdən sonra, yəni 1994-cü ilin may ayının 12-dən sonra xəstələnmiş və MN MHHK tərəfindən şəhadətləndirilmiş bütün hərbi qulluqçuların xəstəliklərinin hərbi xidmətlə səbəb-əlaqəsi "XƏSTƏLİKDİR. HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin edilmişdir. İddiaçı təyin edilmiş “Şizofreniya paranoid forma, fasiləli gedişli” diaqnozu ilə olan xəstəlik isə nəinki xidmət dövründə yaranmamış, xidmətdən buraxıldıqdan 1 il 10 ay sonra yaranmışdır. Şəhadətləndirilən şəxslərin hərbi xidmət dövründə aldığı xəstəliklərin səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin olunması halları isə “Əsasnamə”nin 7.2-ci maddəsinin “c” yarımbəndinin 2-ci, 3-cü və 4-cü abzaslarında aydın göstərilmişdir. İddiaçı müəyyən edilmiş “Şizofreniya paranoid forma, fasiləli gedişli” diaqnozu ilə olan xəstəliyi isə “Əsasnamə”nin yuxarıda qeyd olunan hallarına aid etmək mümkün deyildir. “Şizofreniya paranoid forma, fasiləli gedişli” diaqnozu xəstəlikdir travma deyildir və travma ilə hec bir əlaqəsi yoxdur. Vətəndaşın travma alma faktı onun müalicə olunduğu tibb müəsəssinin travma və xəsarətlə bağlı verdiyi çıxarış epikrizi və travmanın alınma şəraitini müəyyən edən hərbi hissə komandirinin verdiyi travma haqqında arayışla təsdiq olunur. Lakin vətəndaş İddiaçı travma ilə əlaqədar müalicə olunduğunu təsdiq edən çıxarış epikrizini və travma haqqında arayışı komissiyaya təqdim etməmişdir. Vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin olunması tələbi cavabdeh inzibatı orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd olunan öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.7-ci maddəsinin tələblərinə əsasən MN MHHK-sı diskresion səlahiyyətlərə, yəni qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququna malikdir. Vətəndaş İddiaçı xx.xx.2019-cu il tarixdən Silahlı Qüvvələrdən ehtiyata buraxılmış, bundan 1 il 10 ay sonra yəni xx.xx.2020xx.xx.2021-ci il tarixədək 3 nömrəli Şəhər Kliniki Xəstəxanasında “Şizofreniya paranoid forma, fasiləli gedişli” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Bu da hərbi xidmətdən sonrakı dövrə təsadüf edir. Bundan başqa İddiaçı iddia ərizəsində qeyd olunan xəstəliyin yaranma səbəbini Sülhməramlı qüvvələrin tərkibində Əfqanıstanda hərbi keçərkən baş nahiyəsindən aldığı travma ilə əlaqələndirməyə çalışmışdır. Lakin o. başından travma almasını təsdiq edən çıxarış epikrizini və bununla əlaqədar hərbi hissə komandirinin verməli olduğu “travma haqqında arayışı” komissiyaya təqdim etməmişdir. Həmçinin şəhadətləndirilmə zamanı onun başında hər hansı travma və onun nəticələri aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 bəndinin “e” yarımbəndi ilə vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi və ya “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR”kimi təyin edilməsi nəzərdə tutulmamışdır. Ona görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 bəndinin “e” yarımbəndinə əsasən, vətəndaş İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi “ÜMUMİ XƏSTƏLİKDİR” kimi düzgün təyin edilmişdir və dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi və ya “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin" 7.2 maddəsinin “c” və “ç” yarımbəndlərinin tələblərinə ziddir. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İşin faktiki hallarına görə, İddiaçı hərbi bileti və şəxsi işində olan məlumatlara əsasən xx.xx.2010-cu ildən xx.xx.2012-ci ilə qədər müddətli həqiqi hərbi xidmətdə olmuşdur, xx.xx.2013-cü ildə müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmuş və Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən xx.xx.2019-cu ildə ehtiyata buraxılmışdır. İddiaçının şəxsi işində olan sənədlərə - 3711 nömrəli, xx.xx.2022-ci il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən İddiaçı hərbi xidmətdə olan zaman – xx.xx.2018-ci ildə psixi vəziyyətini dəqiqləşdirilməsi üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmişdir, xx.xx.2018-xx.xx.2018-ci ilə qədər “Sağalma ilə nəticələnmiş şəraitlə əlaqəli dissosiativ reaksiya” diaqnozu ilə stasionar müalicə və müayinədə olmuşdur, xx.xx.2019-cu ildə hərbi xidmətdən ehtiyata tərxis olunmuş və xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər 3 nömrəli Şəhər Klinik Xəstəxanasında “Şizofreniya paranoid forma, fasiləsiz artan gedişli” diaqnozu ilə stasionar müalicədə olmuşdur, xx.xx.2021-xx.xx.2021 və xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında “Şizofreniya paranoid forma, fasiləsiz gedişli” diaqnozu ilə müalicədə olmuşdur, xx.xx.2021-ci ildə ona “şizofreniya paranoid forma F20.0” diaqnozu təyin edilmişdir, xx.xx.2018-xx.xx.2018-ci ildə Baş Klinik Hospitalında psixiatriya bölməsində, xx.xx.2020-xx.xx.2021-ci il dövründə 3 nömrəli Şəhər Klinik Xəstəxanasında, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021-ci dövrlərində Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2021-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında müayinə və müalicədə olmuşdur, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “Ümumi xəstəlikdir” səbəb əlaqəsi təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 160 №li arayışına əsasən iddiaçı N nömrəli hərbi hissənin komandirinin xx.xx.2018-ci il tarixli, 2982 nömrəli göndərişi ilə xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir, qısa anamnezi: şikayəti əsəbilikdən, həyəcandan, ümumi halsızlıqdandır, xx.xx.2018-ci ildən xx.xx.2018- ci ilə qədər Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “Sağalma ilə nəticələnmiş şəraitlə əlaqəli dissosiativ reaksiya” diaqnozu ilə stasionar müalicə və müayinədə olmuşdur, N nömrəli hərbi hissənin komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi həkim komissiyasına göndərilmişdir, hərbi həkim komissiyasının qərarı – “sağalma ilə nəticələnmiş şəraitlə əlaqəli dissosiativ reaksiya, xroniki dekopmpensasiya olunmuş tonzillit.Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərarı verilmişdir. Hərbi xidmətə könüllü daxil olan şəxsin tibbi şəhadətləndirilməsi haqqında 5517 nömrəli karta əsasən iddiaçı xx.xx.2013-cü ildə sağlam şəxs olmuşdur, heç bir xəstəlikdən əziyyət çəkməmişdir. 22 oktyabr 2018-ci il tarixli, 8110 nömrəli arayışa əsasən iddiaçı xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir, qısa anamnezi: şikayəti qulağəna səs gəlməsindən, qorxu hissindən, həyəcandan, gərginlikdən, baş ağrısından, tez-tez anginadandır...N nömrəli hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi həkim komissiyasına göndərilmişdir, Silahlı Qüvvələrin baş psixiatrı ilə konsultasiya olunmuşdur. Diaqnozun xəstəliyinin səbəb əlaqəsi haqqında Hərbi Həkim Komissiyasının qərarı “dissosiativ reaksiya, xroniki tonzillit, dekompensə forma” təyin edilmişdir, “stasionar müayinədən sonra şəhadətləndirilməlidir” qərarı verilmişdir. Bundan sonra 3711 nömrəli, xx.xx.2022-ci il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən İddiaçı Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “Ümumi xəstəlikdir” səbəb əlaqəsi təsdiq olunmuşdur. Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 56 nömrəli, xx.xx.2023- cü il tarixli sərəncamına əsasən X8 fəaliyyət qabiliyyəti olmayan xx.xx.1990-cı il təvəllüdlü İddiaçı üzərində qəyyum təyin edilmişdir. Cavabdehin 92 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əsasən iddiaçının “Ümumi xəstəlikdir” səbəb əlaqəsinin dəyişdirilməsindən imtina edilmişdir. İddiaçının ambulator kartından çıxarışa əsasən iddiaçıya “Şizofreniya Paranoid forma, fasiləsiz gedişli” diaqnozu qoyulmuşdur. Silahlı Qüvvələrin Baş Klinik Hospitalnın psixiatriya bölməsinin verdiyi 9837 nömrəli çıxarış epikrizinə əsasən iddiaçı xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilə qədər həmin bölmədə müayinə-müalicə olunmuşdur, diaqnozu:sağalma ilə nəticələnmiş şəraitlə əlaqəli dissosiativ reaksiya, daxil olarkən şikayəti: əsəbilikdən, tək olan zaman onu çağıran “səslərdən” və baş ağrısından olub.Hərbi hissə həkiminin dinamik nəzarətində saxlanılma tövsiyyə edilmişdir. Hazırda iddiaçının tələbi “ona 19 mart 2022-ci il tarixli şəhadətnamə ilə təyin edilmiş “ümumi xəstəlikdir” səbəb əlaqəsinin səbəbinin “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədardır”a dəyişdirilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, iddiaçı hələ ehtiyata buraxılmazdan əvvəl 2018-ci ildə artıq hərbi hospitalın psixiatriya bölməsində stasionarda müalicə və müayinə edilmişdir, “dissosiativ reaksoya, xroniki tonzillit, dekompensə forma” diaqnozu təyin edilmişdir, “stasionar müayinədən sonra hərbi hissə həkiminin dinamik nəzarətində saxlanılma tövsiyyə edilmişdir, eyni zamanda xx.xx.2018xx.xx.2018-ci ildə Baş Klinik Hospitalda psixiatriya bölməsində “Sağalma ilə nəticələnmiş şəraitlə əlaqəli dissosiativ reaksiya” diaqnozu ilə stasionar müalicə-müayinə olunmuşdur, göründüyü kimi, iddiaçının xəstəliyinin hərbi xidmət dövründə başlanması və şəraitlə (hərbi xidmətlə) əlaqəli olması işin mübahisəsiz halıdır, belə olan halda iddiaçı hərbi xidmətə daxil olan zaman tam sağlam olduğu üçün iddiaçının hazırda əziyyət çəkdiyi xəstəliyini səbəb əlaqəsi “ümumi xəstəlik” deyildir. Ona görə də iddia təmin olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxıb müvafiq qərar qəbul etməkdə haqlı olmamışdır. Belə ki, Kollegiya hesab edir ki, iddianın mümkünlük məsələsi birinci instansiya məhkəməsi tərəfindən tam yoxlanılmamışdır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırki işdən görünür ki, iddiaçının hüquqi marağı cavabdehin 19 mart 2022-ci il tarixli “Xəstəlik haqqında şəhadətnamə”sində səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlıdır. Yəni, hazırda iddiaçı həmin şəhadətnaməni mübahisələndirir. Qeyd olunan şəhadətnamə hakimiyyət səlahiyyətlisi tərəfindən qəbul edilən, hüquqi nəticə yaradan və nizamasalma tədbiri kimi çıxış etdiyi üçün İnzibati icraat haqqında Qanunda nəzərdə tutulan “inzibati akt” meyarlarına cavab verən sənəd sayılır. Ona görə də iddiaçının “şəhadətnamədə səbəb əlaqəsinin dəyişdirilməsi” tələbi inzibati aktın məhz mübahisələndirilməsi kimi qəbul edilir. Belə olan halda qaldırılmış iddia “mübahisələndirmə haqqında” iddia növünə aid olduğu üçün onun qanunla müəyyən edilmiş müddət daxilində məhkəməyə verilib-verilmədiyi məsələsi araşdırılmalıdır. Həmin iddialar üzrə inzibati icraat haqqında qanunvericilikdə və İnzibati Prosessual Məcəllədə məhkəməyə müraciət etmə müddəti 1 ay müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Nəzərə alınmalıdır ki, prosessual müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. İş materiallarından görünür ki, iddiaçı mübahisələndirdiyi inzibati akt (şəhadətnamə) barədə hazırki iddia ilə məhkəməyə müraciət etməmişdən 1 ay öncə deyil, bundan da daha öncə məlumatlı olmuşdur. Belə ki, cavabdehin 19 mart 2022-ci il tarixli “Xəstəlik haqqında şəhadətnamə”si qəbul edildikdən sonra həmin şəhadətnamə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsinə göndərilmiş, bundan sonra iddiaçının şəxsi iş materiallarından göründüyü kimi, iddiaçı Müdafiə Nazirliyinin Xəzər rayon Komissarlığında uçota alınmış və iddiaçının hərbi biletində də bu barədə müvafiq qeydlər aparılmışdır. Bu hal ona dəlalət edir ki, iddiaçı mübahisələndirdiyi inzibati aktdan ən azı xx.xx.2022-ci il tarixli şəhadətnamənin qəbul edildiyi 2022-ci ildən məlumatlı olmuşdur. Həmçinin işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının iddiaçının qəyyumu X6 ünvanladığı 92 saylı xx.xx.2024-cü il tarixli məktubunda da göstərilmişdi ki, İddiaçı “Şizofreniya paranoid forma, fasiləli gedişli” diaqnozlu xəstəliyin hərbi xidmətlə əlaqəsi olmadığından xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin e) yarımbəndinə uyğun “Ümumi xəstəlikdir” kimi düzgün təyin edilmişdir və dəyişdirilməsi üçün əsas yoxdur. Göründüyü kimi, iddiaçı onun barəsində qəbul edilmiş 3711 nömrəli, xx.xx.2022-ci il tarixli xəstəlik haqqında şəhadətnamədən məlumatlı olsa da, bu hərəkətləri 1 ay müddətində mübahisələndirməmiş və hazırki iddia ilə yalnız xx.xx.2024-cü il tarixdə, təxminən şəhadətnamənin qəbulundan və bundan məlumatlı olduğu vaxtdan (Xəzər rayon Komissarlığında uçota alındığı və hərbi biletində qeydlərin aparıldığı 2022-ci ildən) 2 il sonra məhkəməyə müraciət etmişdir. Bu hal da onun qanunla müəyyən edilmiş 30 günlük müddət ötürülməklə məhkəməyə müraciət etdiyini göstərir. Yuxarıda qeyd olunan normaların tələbinə görə, iddia müddəti ötürüldükdə və bundan 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsi yolverilməzdir. Bu səbəbdən iş üzrə məhkəmə kollegiyası iddia müddətinin bərpası ilə bağlı müvafiq ərizənin verilməsini iddiaçıya təklif etməyə lüzum görməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqların müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və işin mahiyyəti üzrə qərar qəbul edilmişdir. Halbuki bu zaman məhkəmə iddianın mümkünlük şərtlərinin tam ödənilib-ödənilmədiyi məsələsini araşdırmalı idi. Çünki yuxarıda da qeyd olunduğu kimi, iddiaçının iddia tələbi “mübahisələndirmə haqqında” iddia növünə aid olduğu üçün məhz bu növdə iddianın mümkünlük şərtləri diqqətlə yoxlanılmalı idi. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2022-ci il tarixli Xəstəlik haqqında şəhadətnamə ilə bağlı məhkəməyə vaxtında müraciət edilməməsi şəhadətnamənin dəyişdirilməsi ilə bağlı tələbə mahiyyəti üzrə baxılmasını qeyri-mümkün edir. Qeyd olunan halları birinci instansiya qaydasında işə baxmış məhkəmə araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini tam yoxlamadan verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 8796/2024 saylı 16 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8796/2024 saylı 16 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1462/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1462/2025
29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver