Məhkəmə qərarları › İş №2-1(103)-1463/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1463/2020

14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1463/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 publik hüquqi şəxsinin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2627/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd olunan xx.xx.1973-xx.xx.1993-cü il tarixləri arasındakı dövlərin ümumi iş stajına daxil edilməklə və xx.xx.1982-xx.xx.1986, xx.xx.1989-xx.xx.1990, xx.xx.1992-xx.xx.1993 və xx.xx.1993-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər ərzində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə işlədiyini nəzərə alaraq, ona 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən əmək pensiyasının yenidən hesablanması, həmçinin, keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğinin hesablanaraq, birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçının İdarəyə təqdim etdiyi xx.xx.1974-cü il tarixli əmək kitabçasında xx.xx.1973-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində müxtəlif müəssisələrdə işlədiyinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunmadığı üçün həmin dövrlərin onun ümumi iş stajına daxil edilməsi mümkün deyildir. Həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsində isə qeyd olunmuşdur ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət qismən əsaslıdır. İlk olaraq, İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qərarın ləğv edilərək, iddianın rədd olunması xahiş edilsə də, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq, apellyasiya şikayəti vermədiyi (qərar onun tərəfindən mübahisə edilmədiyi) və apellyasiya şikayətinin dəlilləri də yalnız iddianın təmin olunan hissəsi ilə bağlı olduğu üçün birinci instansiya məhkəməsinin qərarına cavabdehin lehinə olan hissədə hüquqi müdaxilə dispozitivlik prinsipinə zidd durum yaradar (prosessual hüquq normalarının pozuntusu istisna olmaqla), bu da cavabdehin apellyasiya şikayəti verməzdən əvvəl malik olduğu daha əlverişli hüquqi vəziyyətin pisləşməsi kimi ədalətsiz bir nəticəyə gətirib çıxarmış olardı. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qərarının əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan (ödəmənin birdəfəlik həyata keçirilməsi rədd olunan) hissə tərəflər arasında mübahisəsiz olduğu və iş üzrə sair maddi və prosessual hüquq normalarının pozuntusu müəyyən edilmədiyi üçün, qərar həmin hissədə qanuni və əsaslı qəbul edilməlidir. Həmin hissədə birinci instansiya məhkəməsi qərarında bildirmişdir ki, “Məhkəmə onu da qeyd edir ki, hazırkı qərar əsasında hesablanmalı olan məbləğ iddiaçıya ödənilməlidir və bu zaman həmin ödənişin hissə-hissə aparılması mümkünlüyü yalnız tərəflərin qarşılıqlı razılığı və ya məhkəmənin müvafiq qərarına əsasən müəyyən edilə və həyata keçirilə bilər. Odur ki, məhkəmə ödənilməmiş fərqin birdəfəlik ödənilməli olmasının xüsusi göstərilməsini məqsədəuyğun hesab etmir.” Beləliklə də, birinci instansiya məhkəməsi iddianı ödənilməmiş fərqin birdəfəlik ödənilməsi tələbinə dair hissədə əslində rədd etsə də, qərarın nəticə hissəsində iddianın qismən deyil də, tam təmin olunduğunu qeyd etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qərar eyni hissədə dəyişdirilməli və qərarın nəticə hissəsində “İddia təmin edilsin” sözləri “İddia qismən təmin edilsin” sözləri ilə əvəz edilməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd olunmalıdır ki, şikayət əsasən iki dəlildən ibarətdir: 1) iddiaçının əmək kitabçasında xx.xx.1973-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində müxtəlif müəssisələrdə işlədiyinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunmur; 2) keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ən çoxu əvvəlki üç il üçün ödənilə bilər. Birinci dəlilin qanuni əsası kimi şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə, ikinci dəlilin qanuni əsası kimi isə həmin Qanunun 37.7-ci maddəsinə istinad olunmuşdur. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubunda əks olunan imtinasının əsası şikayətin birinci dəlili, iddiaya qarşı xx.xx.2020-ci il tarixli **********6 nömrəli yazılı etirazının dəlillləri isə şikayətin hər iki dəlili ilə eyniməzmunlu olmuşdur. Şikayətin birinci dəlili əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə görə, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən isə, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi, 31.2-1-ci maddə, həmin normanın özündə göndəriş edildiyi kimi, 31.2-ci maddədən ayrılıqda təfsir edilə bilməz. Belə ki, 31.2-1-ci maddə sığortaolunandan onun əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqlənməsini tələb etmir, əksinə, inzibati orqana verilən bu 10 günlük müddət çərçivəsini daraldaraq, əgər, sığortaolunanın əmək kitabçası üzrə 2006cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqlənirsə, əmək pensiyasının həmin gün təyin edilməsini tələb edir. Yəni, 31.2-1-ci maddəyə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqlənmədiyi halda əmək pensiyası 10 gün ərzində təyin edilə bildiyi (edilməli olduğu) halda, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyası sənədlər daxil olduğu gün təyin edilməlidir. Bu da o deməkdir ki, qanunverici 31.2-1-ci maddə ilə, sığortaolunanın deyil, inzibati orqanın üzərinə əlavə yük qoymuşdur və sonuncunun imtinası, iddiaya qarşı yazılı etirazı və apellyasiya şikayəti bu dəlilə münasibətdə tamamilə qanunun səhv təfsirindən ibarətdir. Apellyasiya şikayətinin ikinci dəlili də əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinin cavabdehin istinad etdiyi redaksiyası (37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir) xx.xx.2017-ci il tarixdə qüvvəyə minmişdir. İddiaçının hazırda araşdırma predmeti olan güzəştli şərtlərlə əmək pensiyası hüququ isə bu tarixdən əvvəl yaranmışdır və bu səbəbdən onun iddiasına da sözügedən normanın həmin tarixədək qüvvədə olan redaksiyası (37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir). Bu mənada, iddia, əmək kitabçasında qeyd olunan xx.xx.1973-xx.xx.1993-cü il tarixləri arasındakı dövlərin ümumi iş stajına daxil edilməklə və xx.xx.1982-xx.xx.1986, xx.xx.1989-xx.xx.1990, xx.xx.1992-xx.xx.1993 və xx.xx.1993-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər ərzində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə işlədiyi nəzərə alınaraq, iddiaçıya 57 yaşın tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğinin hesablanaraq, ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələblərinə dair hissədə əsaslıdır. Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Qanunun: 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 21.2-ci maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla); 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan, Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra - 2 nömrəli Siyahı) üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir; 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir; 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə x xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. İstinad olunan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə xüsusi iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır. Göstərilən şərtlərə iş üzrə əməl olunur. Belə ki, iddiaçının xx.xx.2014-cü il tarixdə 57 yaşının tamam olması, xx.xx.1973-cü il tarixdə əmək fəaliyyətinə başlayaraq 25 ildən çox ümumi iş stajına malik olması, müxtəlif tikinti təşkilatlarında tikinti üzrə usta və iş icraçısı vəzifələrində 12 il 6 aydan çox işlədiyi vəzifələrin 2 nömrəli Siyahı ilə nəzərdə tutulan (22900000. XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri. 2290000b b) rəhbərlər və mütəxəssislər: 2290000b- 23419. yeni tikinti və quraşdırma işlərinin ustaları; 2290000b-24441. iş icraçıları) peşələrə uyğun gəlməsi, işdə olan, Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi, xx.xx.1974-cü il tarixli və xx.xx.2000-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçaları, SOCAR “Neftqaztikinti” trestinin xx.xx.2019-cu il tarixli SOCAR **********30020123X00098 nömrəli arayışı, VF 074852 nömrəli hərbi bileti, xx.xx.1979-cu il tarixdə verilmiş EV 265661 nömrəli ali təhsil haqqında diplomu ilə təsdiq olunur, qeyd olunan məlumatlar birinci instansiya məhkəməsinin qərarında tam əks etdirildiyi üçün, həmin faktiki hallar bir-bir yenidən sadalanmır (İPM-87.8). Lakin, iddia güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yenidən hesablanması tələbinə dair hissədə əsassızdır. Belə ki, 37.3.1-ci maddəyə əsasən, işləyən əmək pensiyaçılarına, yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Göründüyü kimi, pensiya hüquq münasibətlərindən irəli gələn mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tətbiq oluna bilməsi üçün şəxsin həmin anda əmək pensiyaçısı statusuna malik olması və artıq pensiya alması ilkin və başlıca şərtdir. Əgər bu şərtə əməl olunmursa, digər dispozisiya şərtlərinin iş üzrə mövcudluğunun yoxlanmasına lüzum qalmır. İddiaçı da, həmin normada tələb olunduğu kimi, bu günkü tarixə əmək pensiyaçısı olmadığından və onun bu hüququ daha indiki mərhələdə mübahisəli olmaqla, məhkəmə müdafiəsi yolu ilə təmin edilməyə çalışıldığından, sözügedən maddə indiki durumda ona şamil oluna bilməz. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), “Əmək pensiyaları haqqında” Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin iddiaçının imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı müzakirə edilən qaydada dəyişdirilməli, qərar maddi hüquq normalarının pozulması ilə təmin edilmiş əmək pensiyasının yenidən hesablanması tələbinə dair hissədə qismən ləğv edilməli və iddia həmin hissədə rədd edilməli, qalan hissədə qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti qismən təmin edilməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2627/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı qismən - “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissədə ləğv edilsin, həmin hissədə yeni qərar qəbul edilsin və eyni hissədə iddia təmin olunmasın. Qərar dəyişdirilsin. Qərarın nəticə hissəsində “İddia təmin edilsin” sözləri “İddia qismən təmin edilsin” sözləri ilə əvəz edilsin. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 publik hüquqi şəxsinin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının apellyasiya şikayəti qismən təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar