Məhkəmə qərarları › İş №2-1(103)-1463/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1463/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1463/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « qərarın ləğv olunması») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X14 və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10142/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********2996 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nərimanov rayonu, X16 52 1996cı məhəllədə yerləşən “Mona Liza” restoranında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 21 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2023-cü il tarixli DVX seriyalı 006573 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir.

2. Həmçinin, 11 mart 2023-cü il tarixli digər bir aktda qeyd edilmişdir ki, 35 nəfərə fiziki şəxsin müqavilə ilə işə cəlb edilməsi müəyyən edilsə də, 21 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə müqavilə olmadan cəlb edilməsi müəyyən edilmişdir. Həmin şəxslər iş yükü ilə əlaqədar olaraq yazılı izahat vermədən imtina etmişdir.

3. İddiaçı direktoru Ş.Şıxıyevın xx.xx.2023-cü il tarixli izahatında qeyd edilmişdir ki, 21 nəfər fiziki şəxslə müqavilənin bağlanılması təmin ediləcəkdir. 2023-cü il tarixdə Şadlıq sarayında ilk toy məclisinin olduğunun nəzərə alara və həmin şəxslərin bir günlük işə cəlb edilməsi ilə onlarla əmək müqaviləsi bağlanılmamışdır.

4. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********2827 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 42.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinə göndərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" MMC cavabdeh İqtisadiyyat Nazirliyi yannda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********2827 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən 21 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə əmək müqaviləsi olmadan cəlb edilməsinə görə cavabdeh tərəfindən məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilmişdir. İddiaçı hesab edir ki, həmin şəxslərin işə əmək müqaviləsi olmadan cəlb edilməsi həyata keçirilməmişdir. Cavabdeh tərəfindən yalnız həmin şəxslərin şəxsiyyəti müəyyən edilmiş, işçi olduğu qərara alınmışdır. Halbuki, həmin gün bir-neçə şəxs işə qəbulla bağlı dəvət olunmuşdur. Həmin obyektdə, ümumiyyətlə ofisiantlar qəbz əsasında fəaliyyət göstərmiş, həmin gün dəvət olunmuş şəxslər isə bacarıqlarının müəyyən edilməsi ilə bağlı dəvət edilmişdir. Razılıq əldə ediləcəyi təqdirdə həmin şəxslərin qəbz əldə edilmələri tələb edilməsi nəzərdə tutulmuşdur.

7. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsinə еtirаzını təqdim edərək göstərmişdir ki, vergi nəzarət tədbiri zamanı əmək müqaviləsi olmadan fiziki şəxsin qanunsuz olaraq işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında qərar qəbul edilərək qanuni və əsaslı maliyyə sanksiyası tətbiq edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10142/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı (həmçinin, xx.xx.2023-cü il tarixli yanlışlığın düzəldilməsi qərardadı ) ilə iddianın təmin edilməsi, iddiaçı barəsində qəbul edilmiş cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 25 aprel 2023-cü il tarixli **********2827 saylı qərarının ləğv edilməsi qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin izahatında göstərilmişdir ki, həmin şəxslər məhz iş axtarılması, yoxlanılması üçün şadlıq sarayında olmuş, sonradan da həmin şadlıq evində də işləmədiklərini qeyd etmişdir. İddiaçının direktorunun izahatına münasibətdə isə, məhkəmə əlavə olaraq onun da qeyd edilməsini zəruri hesab edir ki, iddiaçının direktorunun yoxlama zamanı vermiş olduğu izahatı etirafedici izahat qismində qiymətləndirilsə belə, həmin etirafın mütləq qaydada digər sübutlarla yanaşı qiymətləndirilməsi mütləqdir. Belə ki, təqsir və məsuliyyətlə bağlı halların müəyyən edilməsi ilə əlaqədar inzibati xəta və cinayət prosessual qanunvericiliyin prinsiplərindən biri odur ki, etiraf digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Hazırkı iş üzrə də qərarın mahiyyəti məhz məsuliyyət və iddiaçının təqsiri ilə bağlı olduğundan etiraf xarakterli hesab edilsə belə izahatda qeyd edilənlərin, yəni işçilərlə əmək müqaviləsi sonradan bağlanılacaqdır formasında izahatın, məhz həmin şəxslərin işçi hesab edilməsi kimi başa düşülməsi məhkəmə işin hallarına uyğun hesab edilmir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

10. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-10142/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********2996 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nərimanov rayonu, X16 52 1996-cı məhəllədə yerləşən “Mona Liza” restoranında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 21 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2023-cü il tarixli DVX seriyalı 006573 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı 21 nəfər fiziki şəxsin və iddiaçının nüməyəndəsi izahat verəməkdən imtina edilməsi barədə akt tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********2827 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 42.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. Həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəssamlıq, aşpazlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətinə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 1 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 2.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə qərarında qeyd edilir ki, iddiaçının direktorunun izahatı alınsa da 21 nəfər siyahıda adıçəkilən şəxslərin izahatlarının alınması təmin edilməmişdir. Qeyd olunan halla bildirirlər ki, müəssisənin direktoru X10 tərəfindən xx.xx.2023-cü il tarixdə izahat verilmiş və bildirilmişdir ki, cəmiyyətin fəaliyyət göstərdiyi Bakı şəhəri Nərimanov rayonu, X17 küçəsi 52,1996-cı məhəllə ünvanında yerləşən (VÖEN:**********-15001) kodu ilə qeydiyyata alınmış “Mona Liza” şadlıq evində xx.xx.2023-cü il tarixdə aşkar edilmiş 21 nəfər əmək müqaviləsinin hər bir işçi ilə bağlanılması təmin ediləcəkdir. Göründüyü kimi izahatı müəssisənin rəhbəri yazmış və müəssisənin möhürü ilə təsdiq etmişdir. Belə bir sübutun məhkəmə tərəfindən nəzərə alınmaması heç də anlaşılan deyildir. Vergi orqanı operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi ilə bağlı müvafiq qaydaların da tələblərinə əməl etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli, **********516100 saylı əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”na əsasən. İddiaçının obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin faktiki sayı və onların şəxsiyyəti müəyyən edilmişdir. Həmin Qaydaların 10.8-ci bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəfindən qeyd edilən tələblərə riayət edilmişdir. Bununla yanaşı, sözügedən qaydalarda, eləcə də, vergi qanunvericiliyində tərtib edilmiş aktın doğruluğunun hər hansı üçüncü şəxsin (məs, hal şahidi) imzası ilə təsdiq edilməsi ilə bağlı tələb mövcud deyildir. Məhkəmənin daha bir əsaslandırması ondan ibarətdir ki, vergi orqanı iddiaçıya məxsus obyektdə aşkar etdiyi pozuntuları foto və video çəkilişdən istifadə etməli olduğu halda bunu etməmişdir. Nəzərə alınmlıdır ki, yalnız foto və video çəkilişdən istifadə edilərək protokollaşdırılan hallar məhkəmə və ya inzibati icraat çərçivəsində sübut qismində istifadə oluna bilər. Bununla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 41-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər. Qeyd edilənlərə əsasən bildirirlər ki, vergi nəzarəti tədbirləri zamanı video çəkilişlərin edilməsi əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış həyata keçirilən zaman tətbiq edilir. Belə ki nə Vergi Məcəlləsində, nə də ki "Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi" Qaydalarında əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı video çəkilişlərin həyata keçirilməsi nəzərdə tutulmamışdır. Odur ki, bu dəlil də tamamilə əsassız və qanunsuz olmaqla, maddi hüquq normalarının yanlış şərh edilməsidir. Həmçinin, bu dəlillə bir daha vergi orqanının üzərinə qanunvericilikdə nəzərdə tutulmayan vəzifənin qoyulmasına cəhd edilmişdir. Daha sonra məhkmə bildirir ki, işin hallarından da göründüyü kimi toy məclisinin ilk günündə hazırki yoxlamanın keçirilməsinə yönələn vergi yoxlamasının keçirilmə əsasları baxımından qanuniliyi müəyyən edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “h” bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biri və məsuliyyəti kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 7.2-3-cü maddəsinə əsasən aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir:- müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; - bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; - tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; -tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; -tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; - yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; -yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; - müqavilədə bu Məcəllənin 10cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. Yuxarıda qeyd olunan hallardan biri aşkar edildiyi gündən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi təmin edilməklə yazılı əmək müqaviləsi bağlanmalıdır. Göründüyü kimi, Əmək Məcəlləsinin tələblərinə əsasən işçi ilə əmək müqaviləsi yazılı şəkildə bağlandıqdan və müvafiq elektron informasiya sistemində qeydiyyata alındığı və onun qüvvəyə minməsi barədə işəgötürənə bildiriş daxil olduqdan sonra işçi öz vəzifələrinin icrasına başlamalıdır.Qanunvericilikdə işin birinci və yaxud sonuncu gün əmək müqaviləsinin bağlanılması anlayışı mövcud deyildir. Həmçinin bildirirlər ki, Lokal Gəlirlər Baş İdarəsi tərindən cinayət işinin nəticəsi barədə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə müraciət edilmişdir. Həmin idarə tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli **********758600 nömrəli məktubda "xxxx" MMC-nin direktoru X10 istintaqda verdiyi ifadəsində həmin şəxslərin onun tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi bildirmişdir. Eyni zamanda Ş.Şıxıyev öz ifadəsində ümumilikdə yuxarıda adları qeyd edilən 15 nəfər şəxsin əmək müqaviləsi olmadan "xxxx" MMC-yə məxsus “Mona Liza“ şadlıq sarayında müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiyini qeyd etmişdir Onuda qeyd edirlər ki, analoji iş ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)- 1908/2023 saylı qərarla Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin edilmiş və iddia tələbi təmin edilməmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

13. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

14. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iddiaçının direktoru apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Sonuncu məhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçının səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. 41-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər. 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 4649-cu maddələrinin müddəaları tətbiq edilir. 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir.

16. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 12-ci maddəsinin “h” bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biri və məsuliyyəti kimi müəyyən edilmişdir. 49-cu maddəsinin 1-ci bəndinə əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 7.2-3-cü maddəsinə əsasən aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: - müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; - bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; - tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; - tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; - tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; - yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; - yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; - müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mümkün iddiadır.

21. İddianın mahiyyəti və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu qərarın 15-16-cı bəndi) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.

22. Belə ki, işin hallarından müəyyən edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********2996 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nərimanov rayonu, X16 52 1996-cı məhəllədə yerləşən “Mona Liza” restoranında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 21 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2023-cü il tarixli DVX seriyalı 006573 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı 21 nəfər fiziki şəxsin və iddiaçının nüməyəndəsi izahat verəməkdən imtina edilməsi barədə akt tərtib edilmişdir.

23. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********2827 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 42.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinə göndərilmişdir.

24. Həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəssamlıq, aşpazlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audiovideo sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətinə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 1 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 2.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

25. İddiaçı "xxxx" MMC cavabdeh İqtisadiyyat Nazirliyi yannda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********2827 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

26. İddiaçının möğvqeyi ilə razılaşaraq iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qərarında qeyd edilir ki, iddiaçının direktorunun izahatı alınsa da 21 nəfər siyahıda adıçəkilən şəxslərin izahatlarının alınması təmin edilməmişdir.

27. Qeyd olunan halla bağlı məhkəmə Kollegiyası diqqətə çəkir ki, müəssisənin direktoru X10 tərəfindən xx.xx.2023-cü il tarixdə izahat verilmiş və bildirilmişdir ki, cəmiyyətin fəaliyyət göstərdiyi Bakı şəhəri Nərimanov rayonu, X17 küçəsi 52,1996-cı məhəllə ünvanında yerləşən (VÖEN:**********-15001) kodu ilə qeydiyyata alınmış “Mona Liza” şadlıq evində xx.xx.2023-cü il tarixdə aşkar edilmiş 21 nəfər əmək müqaviləsinin hər bir işçi ilə bağlanılması təmin ediləcəkdir.Cari 2023-cü ilin şadlıq sarayında ilk toy məclisi olduğundan və həmin işçilər bir günlük işə cəlb olunduqları üçün onlarla əmək müqaviləsi bağlanmamışdır.

28. Həmin izahatı müəssisənin rəhbəri yazmış və müəssisənin möhürü ilə təsdiq etmişdir.

29. Məhkəmə Kollegiyası bildirir ki, Lokal Gəlirlər Baş İdarəsi tərindən cinayət işinin nəticəsi barədə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə müraciət edilmişdir.Həmin idarə tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli **********758600 nömrəli məktubda "xxxx" MMC-nin direktoru X10 istintaqda verdiyi ifadəsində həmin şəxslərin onun tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi bildirməklə yanaşı, məktubda həmçinin göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsində "xxxx" MMC-də (VÖEN: **********) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxslərin, yəni 21 (iyirmi bir) nəfərin, müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq ibtidai araşdırma aparılmış və xx.xx.2023-cü il tarixdə cinayət işinin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilmişdir.

30. Bundan əlavə, məktubda bildirilmişdir ki, X11 (FİN 80RKGHC) xx.xx.2023-cü il tarixdən etibarən Respublika hüdudlarını tərk etdiyi, X21 (FİN 7VEFGQZ və X5 (FİN 7YWSFNN) isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduqları üçün onların dindirilməsi istintaqın hazırkı mərhələsində mümkün olmamış, lakin "xxxx" MMC-nin direktoru X10 istintaqda verdiyi ifadəsində həmin şəxslərin onun tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi bildirmişdir. Eyni zamanda Ş.Şıxıyev öz ifadəsində ümumilikdə yuxarıda adları qeyd edilən 15 nəfər şəxsin əmək müqaviləsi olmadan "xxxx" MMC-yə məxsus “Mona Liza“ şadlıq sarayında müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiyini qeyd etmişdir.

31. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı məhkəmə sorğusu ilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə müraciət edilmişdir. Həmin idarə tərəfindən sorğuya xx.xx.2024-cü il tarixli **********428900 nömrəli məktubu ilə "xxxx" MMC-nin direktoru X10 istintaqda verdiyi ifadəsinə və "xxxx" MMCdə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmiş 12 nəfərin istintaqda ifadəsinə dair “Şahidi dindirmə protokolları” məhkəməyə təqdim olunmuşdur.

32. Həmin “Şahidi dindirmə protokolları”ndan da müəyyən olunmuşdur ki, 12 nəfər aşağıdakı şəxslərdir: X12 (FİN: 4EQRP42), X2 (FİN: 25JN625), X3 (FİN: 17VU8ZB), X22 (FİN: 56XJ74X), X6 (FİN: 36EVFBV), X7 (FİN: 646PKYJ), X13 (FİN: 7NHYB4D), X30 (FİN: 67PCMW), X23 (FİN: 83DSBTD), X8 (FİN: 4WKC3TC), X9 (FİN:1W2PBTD) və X24 (FİN: 6ZCV6HN) AVŞARLAR" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİN (VÖEN: **********) fəaliyyət göstərdiyi- Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, 1996-cı məhəllə, ev 52 ünvanda yerləşən “MONA LİZA” şadlıq sarayında əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiklərini, aldıqları əməkhaqqıları və yerinə yetirdikləri vəzifələri öz ifadələrində qeyd etmişlər.

33. Birinci instansiya məhkməsi qeyd etmişdir ki, işin hallarından da göründüyü kimi toy məclisinin ilk günündə hazırki yoxlamanın keçirilməsinə yönələn vergi yoxlamasının keçirilmə əsasları baxımından qanuniliyi müəyyən edilmir.

34. Məhkəmə Kollegiyası birinci instansiya məhkməsinin bu mövqeyini əsassız hesab edərək qeyd edir ki, bu mövqe maddi hüquq normalarının yanlış şərh edilməsidir.Həmçinin, bu dəlillə bir daha vergi orqanının üzərinə qanunvericilikdə nəzərdə tutulmayan vəzifənin qoyulmasına cəhd edilmişdir.

35. Belə ki, hazırkı işin hallarına tətbiq edilən hüquq normalarndan (Bu Qərarın 16-cı bəndi) çıxış edərək məhkəmə Kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin tələblərinə əsasən işçi ilə əmək müqaviləsi yazılı şəkildə bağlandıqdan və müvafiq elektron informasiya sistemində qeydiyyata alındığı və onun qüvvəyə minməsi barədə işəgötürənə bildiriş daxil olduqdan sonra işçi öz vəzifələrinin icrasına başlamalıdır.

36. Birinci instansiya məhkəməsinin daha bir əsaslandırması ondan ibarətdir ki, vergi orqanı iddiaçıya məxsus obyektdə aşkar etdiyi pozuntuları foto və video çəkilişdən istifadə etməli olduğu halda bunu etməmişdir.

37. İddiaçının cavabdeh tərəfindən icraatın aparılması qaydalarını pozmasına istinad etməsi ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

38. Normanın mənasına görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin.Hazırkı halda cavabdeh orqan maddi hüquq normalarını düzgün tətbiq etdiyindən məhkəmə Kollegiyası hesab edir ki, onun formal tələblərə əməl etməməsi qərarın ləğvi üçün əsas ola bilməz.

39. Bundan başqa birinci instansiya məhkəməsi iddianı təmin edərkən şahidləri dindirmiş və həmin şahid ifadələrindən dindirilən şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmədikləri qənaətinə gəlmişdir.

40. Halbuki, həmin şahidlərdən X27 və X25 ifadələrində işi düzgün həll etmək üçün əhəmiyyəti olan halların mövcud olduğuna və ya olmadığına dair ifadə verməyərək, vergi yoxlamasının qanunvericiliyin tələbinə uyğun aparılmadığını bildirməklə hüquqi məsələlər üzrə fikir bildirmişlər. (xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolu, i/v- 98)

41. Məhkəmə Kollegiyası qeyd edir ki, İPM-in 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

42. MPM-in: 76.1-ci maddəsinə əsasən Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Həmçinin, birinci instansiya məhkəməsində dindirilmiş digər iki şahid ifadələrində yoxlama zamanı şadlıq sarayında işləmədiklərini bildirsələr də, məhkəmə sorğusu əsasında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********428900 nömrəli məktubu ilə məhkəməyə təqdim etdiyi “Şahidi dindirmə protokolları”ndan görünür ki, "xxxx" MMC-nin direktoru X10 istintaqda verdiyi ifadəsinə həmin şəxslərlə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, onları müxtəlif işlərin yerinə yetirilməsinə cəlb etdiyini ifadəsində bildirmişdir.

44. Bundan başqa birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X30 (FİN: 67PCMW) ifadəsində şadlıq sarayında işləmədiyini, sadəcə bir dəfə getdiyini bildirsə də (xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolu, i/v- 92), xx.xx.2023-cü il tarixli “Şahidi dindirmə protokolları”ndan da müəyyən olunmuşdur ki, X30 ifadəsində bildirmişdir ki, yoxlama keçirilən gün həmişə olduğu kimi şadlıq sarayına ofisiant işləmək üçün getmişdir.

45. Beləliklə, məhkəmə Kollegiyası diqqətə çəkir ki, 21 nəfər fiziki şəxslərin “MONA LİZA” şadlıq sarayında əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildikləri, onların aldıqları əməkhaqqıları və yerinə yetirdikləri vəzifələri özlərinin şahid ifadələrində əksini tapmaqla yanaşı, müəssisənin direktoru X10 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş izahatı ilə bir daha təsdiq olunur.

46. Müəssisənin direktoru X10 21 nəfər fiziki şəxslərin “MONA LİZA” şadlıq sarayında əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiklərini cari 2023-cü ilin şadlıq sarayında ilk toy məclisi olması və həmin işçilərin bir günlük işə cəlb olunduqları üçün onlarla əmək müqaviləsi bağlanmaması ilə əsaslandırsa da, məhkəmə Kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin tələblərinə əsasən işçi ilə əmək müqaviləsi yazılı şəkildə bağlandıqdan və müvafiq elektron informasiya sistemində qeydiyyata alındığı və onun qüvvəyə minməsi barədə işəgötürənə bildiriş daxil olduqdan sonra işçi öz vəzifələrinin icrasına başlamalıdır.

47. Belə ki, Əmək Qanunvericiliyində işin birinci və yaxud sonuncu gün əmək müqaviləsinin bağlanılması anlayışı mövcud deyildir.

48. .Məhkəmə kollegiyası yekun nəzərə alır ki, yuxarıda qeyd olunanların əksinə olaraq iddiaçı tərəfindən nə operativ vergi nəzarəti zamanı, nə də məhkəmə baxışı zamanı fiziki şəxslərlə əmək müqaviləsinin hüquqi qüvvəyə minməsini təsdiq edən sənəd təqdim edilməmişdir.

49. Göründüyü kimi, İPM-in 14-ci maddəsinə uyğun olaraq cavabdeh qəbul etdiyi qərar üçün əsas olan faktiki şərtlər 21 nəfərə münasibətdə mövcud olmuş, beləliklə də, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir.

50. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10142/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10142/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar