Məhkəmə qərarları › İş №2-1(103)-1464/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1464/2021

13.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1464/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(112)- 2272/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(112)-2272/2021 saylı qərarı ilə iddia tələbinin təmin edilməmişdir (hakim R.Kərimli). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, keçmiş müddət üzrə ödənilməmiş məbləğin ödənilməsi, maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ona pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu 13 avqust 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanaraq ödənilməsinə dair cavabdeh orqana nümayəndə vasitəsilə tələb olunan sənədlərlə birlikdə müraciət etmişdir. O, 13 avqust 1965-cü il tarixdə Ağdam rayonunda doğulmuşdur. 10 iyul 1982-ci il tarixdən 1 noyabr 1983-cü il tarixədək Ağdam rayonu Jdanov adına Üzümçülük Sovxozunda fəhlə vəzifəsində işləmişdir (1 il, 3 ay, 22 gün), 1983 – 1985-ci illərdə hərbi xidmətdə olmuşdur (2 il), 7 yanvar 1986-cı il tarixdən 7 avqust 1986-cı il tarixədək Ağdam rayonu Jdanov adma Üzümçülük Sovxozunda fəhlə vəzifəsində işləmişdir (7 ay), 1986 – 1989-cu illərdə əyani olaraq X6 X3 adına Bakı Neft Texnikumunda neft və qaz quyularının qazılması ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İxtisas Komissiyasının 1 iyun 1989-cu il tarixli qərarı ilə ona texnik-neftyanik ixtisası verilərək adına HT-İ seriyalı 545457 nömrəli diplom verilmişdir (3 il). Qum adası X8 İdarəsi üzrə 8 iyul 1989-cu il tarixdən 14 fevral 2002-ci il tarixədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi vəzifəsində işləmişdir (12 il, 7 ay, 6 gün), 15 fevral 2002-ci il tarixdən 4 yanvar 2011-ci il tarixədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı vəzifəsində işləmişdir (1 yanvar 2006-cı il tarixədək 3 il, 10 ay, 17 gün), 5 yanvar 2011-ci il tarixdən 24 yanvar 2011-ci il tarixədək KQLS-nə neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı vəzifəsində işləmişdir. X4 İdarəsi üzrə 25 yanvar 2011-ci il tarixdən 3 sentyabr 2012-ci il tarixədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı vəzifəsində işləmişdir. X7 İdarəsi üzrə 4 sentyabr 2012-ci il tarixdən 23 avqust 2013-cü il tarixədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı vəzifəsində işləmişdir. X9 Qama İşləri İdarəsi üzrə 27 avqust 2013-cü il tarixdən 3 fevral 2014-cü il tarixədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı vəzifəsində işləmişdir. 4 fevral 2014-cü il tarixdən hal-hazıradək “X5” Tresti “Neft Daşları” İstehsalat bölümünün özülündə neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı vəzifəsində işləyir. 1 yanvar 2006-cı il tarixədək onun aldığı əyani təhsillə birlikə iş stajı 24 il, 4 ay, 15 gün təşkil edir. Həmin 24 il, 4 ay, 15 gün əmək stajının 16 il, 5 ay, 23 günü AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarının 1 nömrəli siyahısına əsasən güzəştli şərtlərlə pensiya hüququ verən zərərli sahəyə uyğun olduğuna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Belə ki, 8 iyul 1989-cu il tarixdən hal-hazıradək işlədiyi qazmaçı köməkçisi və qazmaçı vəzifəsi AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın X bölməsinə əsasən “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı”nda qazmaçı köməkçisi və qazmaçı vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Bu zərərli sahələrdə işlədiyinə görə, ona 52 yaşdan, yəni 13 avqust 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. O (iddiaçı), tələb olunan sığorta stajını qanunun qüvvəyə mindiyi günədək qazandığına görə, mövcud iş üzrə «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş tələbinə uyğun baxılmalıdır. Beləliklə, «Əmək pensiyaları haqqında» AR Qanununun 9-cu maddəsinin imperativ xarakter daşıyan hüquq norması və Azərbaycan Respublikası Konstitusiyasının normaları və prinsipləri əsas götürülərək zərərli işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan, ona (iddiaçıya) 52 yaşdan pensiya təyin edilməlidir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İlkin məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, çıxışında bildirmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixədək aldığı əyani təhsillə birlikdə iş stajı 24 il 04 ay 15 gün təşkil edir. Həmin stajın 16 il 5 ay 23 günü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarının 1 nömrəli siyahısına əsasən güzəştli şərtlərlə pensiya hüququ verən zərərli sahəyə uyğun olduğuna görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İddiaçı zərərli sahələrdə işlədiyinə görə ona güzəştli şərtlərlə 52 yaşından, yəni 31.08.2017-ci il tarixdən əmək pensiyası təyin edilməlidir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılıb iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına onun nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 13 avqust 1965-ci il tarixdə doğulmuşdur. O, «Əmək pensiyaları haqqqında» AR Qanununun 9.1, 9.8-ci maddələrinə və əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə istinad edərək, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir (müvafiq sənədləri təqdim etməklə). Lakin cavabdeh onun güzəştli şərtlərlə pensiya hüququ verən 10 il iş stajının olmadığını əsas gətərək məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını, yaranmış fərq məbləğinin ödənilməsini və dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Cavabdeh iddiaçının mövqeyi ilə razılaşmamış və bildirmişdir ki, iddiaçının “qazmaçı köməkçisi” peşəsində dövr müddət onun güzəştli şərtlərlə pensiya hüququ verən işlərdəki iş müddəti kimi nəzərə almamışdır. Çünki, həmin peşə AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı»nda əksini tapmamışdır. “İnzibati icraat haqqında” Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görtə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, AR Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində güzəştli şərtlərlə pensiya hüququ verən peşə qismində neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları” (kod 1100000a—11297) qeyd edilsə də, həmin sahə üzrə “qazmaçı köməkçisi” peşəsi nəzərdə tutulmamışdır. Belə olan halda, İddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə 10 il iş stajına malik olmadığından, onun «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Qeyd olunanlara əsasən birinsi instansiya məhkəməsi belə nəticəyə gəlir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinası qanuna zidd sayıla bilməz. Cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş ziyan tələbinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçının ona əmək pensiyasının təyin olunması tələbi əsaslı olmadığından, habelə dəymiş ziyanı əsaslandıran hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, həmin tələb də təmin oluna bilməz. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üzrə ödənilməsi hissəsində təmin etməyərək haqlı olmamışdır. Belə ki, işdə olan 01.06.1989-cu ildə verilmiş İT-1 № 545457 diplomun təsdiq edilmiş surətindən görünür ki, Quliyev Mürvət Xeyrulla oğlu 1986-cı ildə X6 ordenli Oktyabr İngilabı adına Bakı neft Texnikuma daxil olmuş və “Neft və qaz quyularının qazılması” ixtisası üzrə tam kursu bitirmişdir.Dövlət İxtisas komissiyasının 29.04.1989-cu il tarixli qərarı ona texnik-neftyanik ixtisası verilmişdir. İşdə olan NZ № ******* hərbi biletindən görünür ki, İddiaçı 09.11.1983-27.10.1985-ci illərdə hərbi xidmətdə olmuşdur. İddiaçının əmək kitabçasından görünür ki, o, Qum Adası X8 İdarəsində 08.07.1989- 15.02.2002-ci illərdə qazmaçı köməkçisi, 15.02.2002-24.01.2011-ci illərdə qazmaçı; X4 İşləri İdarəsində 25.01.2011-03.09.2012-ci illərdə qazmaçı; X7 İdarəsində 04.09.2012- 23.08.2013-cü illərdə qazmaçı; Neft Daşları X8 İdarəsində 27.08.2013-03.02.2014-cü illərdə qazmaçı; X5 trestində 04.02.2014-ci ildən qazmaçı işləmişdir. Beləliklə, iddiaçının əmək kitabçasına əsasən 01.01.2006-cı ilədək əmək stajı 16 il, 05 ay, 22 gün təşkil etdiyi və bu zaman iddiaçının işlədiyi dövrlə yanaşı iddiaçının hərbi xidmətdə olduğu 2 il, orta-ixtisas təhsili aldığı 3 il müddətlər ümumi iş stajına daxil edilməklə 20 ildən artıq ümumi stajın olduğu müəyyən olunur. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin ğ) bəndinə əsasən orta ixtisas müəssisəsini bitirmiş şəxslərin təhsil müddəti; v) bəndinə əsasən hərbi xidmət müddəti iş stajına daxil edilir. Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 27-ci maddəsində 2006-cı ilin yanvarın 1-dək qazanılmış pensiyanın nəzərə alınması müəyyən edilmişdir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə 10 il iş stajına malik olmaması nəticəsinə gəlsədə, onun işlədiyi peşələrin güzəştli şərtlərlə pensiya təyin olunmasına imkan verən peşələrə aid olması tam araşdırılmamışdır. Cavabdehin iddiaçıya pensiya təyin etməkdən imtina etməsinin əsaslardan biri də odur ki, “Əmək pensiyaları haqqında” Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilməsidir. Həmçinin, cavabdehin imtina etməsinin digər əsası - iddiaçının “qazmaçı köməkçisi” peşəsində işlədiyi müddət onun güzəştli şərtlərlə pensiya hüququ verən işlərdəki iş müddəti kimi nəzərə almaması və həmin peşənin AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı»nda əksini tapmamasıdır. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçının işlədiyi hansı vəzifə və ya peşələrin, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında nəzərdə tutulan hansı peşə və vəzifəyə uyğun olduğunu müəyyən etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli Əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Məhkəmənin sorğusuna cavab olaraq AR Dövlət Neft Şirkətinin “X5 Tresti” 06.07.2021-ci il tarixli, SOCAR**********81200599X00010 saylı məktubunda aşağıdakıları bildirmişdir. İddiaçı həqiqətən SOCAR-ın “X5" trestinin müxtəlif idarələrində işləmişdir.

1. X10 Qazma İdarəsi üzrə: - 08.07.1989-cıı ildən 14.02.2002-ci ilədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi. - 15.02.2002-ci ildən 04.01.2011-ci ilədək neft və qaz iizrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı. - 05.01.201 1 -ci ildən 24.01.201 1 -ci ilədək KQLS-nə neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı peşələrində işləmişdir.

2. X4 İdarəsi üzrə: - 25.01.2011-ci ildən 03.09.2012-ci ilədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı peşəsində işləmişdir.

3. Abşeron Qazma İdarəsi üzrə: - 04.09.2012-ci ildən 23.08.2013-cü ilədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı peşəsində işləmişdir.

5. Neft Daşları X8 İdarəsi üzrə: - 27.08.2013-cü ildən 03.02.2014-cü ilədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı peşəsində işləmişdir.

6. “X5" tresti “Neft Daşları" İstehsalat bölümü üzrə: - 04.02.2014-cü ildən 21.04.2021-ci ilədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı peşəsində işləmişdir. - 22.04.2021-cü il tarixdən hal-hazıradək "X5" tresti “Neft Daşları-Günəşli" İstehsalat bölümü. 6 saylı Briqadada neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı peşəsində işləyir. Yuxarıda göstərilən peşələr, yəni 08.07.1989-cu ildən 14.02.2002-ci ilədək işlədiyi (12 il, 7 ay 6 gün) qazmaçı köməkçisi, 15.02.2002-ci ildən 01.01.2006-cı ilədək işlədiyi (3 il, 10 ay, 16 gün) qazmaçı peşələri (qazmaçı köməkçisi peşəsi zərərli sahədir və güzəştli əmək stajı hesab edilir) 01.01.2006-cı ilədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin İ nömrəli Siyahısının X bölməsində Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalında şirf 1100000a- 11297 neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. İddiaçı 01.01.2006-cı il tarixinədək yuxarıda qeyd edilən 1 nömrəli siyahı üzrə əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 16 il, 05 ay, 22 gün. hal-hazıradək isə 31 ildən çox təşkil edir. Məhkəmə kollegiyası arayışın məzmunu təqdiq edərək, hesab edir ki, bu arayışda şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin 1 nömrəli siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir, iddiaçının işlədiyi «qazmaçı köməkçisi” peşəsi “qazmaçı” peşəsi ilə uyğunlaşdırdırılmışdır, iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbi – cavabdehin imtinasının qanunsuz və əsassız sayılması, iddiaçıya pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu 13.08.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hissəsində təmin edilməlidir. İddiaçının digər tələbi - keçmiş müddət üzrə üçün pensiya məbləğinin hesablanıb hissə-hissə ödənilməsini cavabdeh tərəfindən ödənilməsi hissəsində də təmin edilməlidir. Belə ki, 01.07.2017-ci ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin birinci cümləsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. 01.01.2019-cu il tarixdən qüvvədə olan 32.1-1-ci maddəsin ikinci cümləsinə görə bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İşdən görünür ki, iddiaçı cavabdehə güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün 23.07.2020-ci il tarixdə müraciət etmişdir (i.v.8). Ona görə iddiaçının güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ olduğu halda ona cavabdehə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya hesablana bilər. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini maddi və mənəvi ziyanın ödənilməsi hissəsini təmin etməyərək haqlı olmuşdur və qərar bu hissədə dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(112)-2272/2021 saylı qərarı qismən – cavabdehin imtinasının qanunsuz və əsassız sayılması, iddiaçıya pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu 13.08.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və keçmiş müddət pensiya məbləğinin hesablanıb hissə-hissə ödənilməsi hissələrində ləğv edilsin və bu hissələrdə iddia təmin edilsin. Cavabdehin imtinası qanunsuz və əsassız hesab edilsin, İddiaçı pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu 13.08.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin və iddiaçıya pensiya müraciət edilən tarixdən - 23.07.2020-ci ildən hesablanaraq hissə-hissə ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar qalan - maddi və mənəvi ziyanın ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar