Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1464/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və fərq məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və fərq məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10421/2024 saylı 26 noyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. İddiaçıya məxsus ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1976-ci ildən xx.xx.1978-ci ilədək hərbi xidmət keçmişdir. İddiaçıya məxsus xx.xx.1978-ci ildə doldurulmuş ******* nömrəli əmək kitabçasındakı qeydlərdən görünür ki, o, xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək hərbi xidmətdə olmuş; xx.xx.1978-ci ildən motorist köməkçisi, xx.xx.1978-ci il tarixdən motorist işləmiş, xx.xx.1979-cu ildə vəzifəsindən azad edilmiş; xx.xx.1979-cu ildən darayıcı sexinə usta köməkçisi qəbul edilmiş; xx.xx.1980-ci ildən usta köməkçinə 5-ci dərəcə verilmiş; xx.xx.2013-cü ildən AR Əmək Məcəlləsinin 69-cu il maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 02 nömrəli güzəştli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1979-ci il tarixindən (əmr №129) xx.xx.2013-cü il tarixinə kimi (əmr №12) Bakı Komvol Kombinatında darayıcı sexində usta köməkçisi vəzifəsində işləmişdir. xx.xx.1979-cu ildə Darayıcı sexinə usta köməkçisi qəbul edilmiş; (əmr №129, xx.xx.1979) xx.xx.1980-ci ildə usta köməkçinə 5-ci dərəcə verilmiş; (əmr №43 xx.xx.1980) xx.xx.2013-cü ildə Əmək Məcəlləsinin 69-cu il maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. (əmr №12 xx.xx.2013) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə qərarına əsasən İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. Səh 199 932 Toxuculuq istehsalatı səh 200. Usta köməkçiləri. Qeyd: Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 931 saylı sərəncamına əsasən 27 oktyabr 1997-ci il tarixli Bakı Komvol Kombinatı "xxxx" ASC adlandırılmışdır. İddiaçı cavabdeh inzibati orqana ərizə ünvanlayaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-129496/2024 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim edilmiş 23 avqust 1978ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2020-ci il tarixli 02 nömrəli arayışında xx.xx.1979-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində Bakı Komvol kombinatında usta köməkçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsisədəki iş stajına aid məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1994-xx.xx.1994-cü il və xx.xx.1995-xx.xx.2013-cü il tarixləri arasındakı dövrlər ərzində iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilib. Bu fakt "xxxx" ASC-nin 15 aprel 2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə ödənişsiz məzuniyyətində olduğu, işləmədiyi müddəti iş stajına daxil etmək mümkün deyil. Göstərilən səbəbdən də, ümumi iş stajı 25 ildən az 16 il 11 ay 25 gün (xx.xx.1978xx.xx.1979-cu il, xx.xx.1979- xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17115 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin qeyd olunan məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu illərin iş stajına daxil edilməklə 57 yaşdan - 17 oktyabr 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və fərq məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. xx.xx.1978-ci il tarixdən xx.xx.1979- cu il tarixədək X12 İdarəsində “motorist köməkçisi” işləmişdir. xx.xx.1979-cu il tarixdən xx.xx.2013-cü il tarixədək Bakı Komvol Kombinatında (indiki adı Azərbaycan Respublikası "Komvol” ASC) darayıcı Sexində "xxxx" vəzifəsində işləmişdir. Komvol ASC-nin təqdim etdiyi xx.xx.2020-ci il tarixli 02 saylı güzəşt arayışından da görünür ki, o həqiqətən də xx.xx.1979-cu il tarixdən xx.xx.2013-cü il tarixədək Bakı Komvol Kombinatında darayıcı sexində "xxxx" vəzifəsində işləmişdir və qanunvericiliklə “toxuculuq istehsalatı”, "xxxx" vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən zərərli sahə hesab edilir. 24 may 1980-cı il tarixdə (05 nömrəli AKT-ilə təsdiq edilmişdir) Bakı Komvol Kombinatında işləyən zaman iş zamanı darayıcı maşının iynəsi qırılaraq sol gözünə batmış və nəticə etibarilə ağır göz zədəsi almışdır. Hesab edir ki, əmək qanunvericiliyinin tələblərini nəzərə alaraq 57 yaşdan etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq təxminən 40 ilə qədər əmək stajı var. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, xx.xx.2014cü il tarixindən ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Ona görə ki, qüvvədə olmuş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğunu qeyd edir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh tələbinin təmin olunmasından əsassız yerə imtina etmişdir. Cavabdeh tərəfdən verilmiş xx.xx.2024- cü il tarixli №3-17-l/2-A- 129496/2024 saylı cavab məktubu ilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələbləri təhrif edilmiş və onun ərizəsində yazılanlara heç bir münasibət bildirmədən onun qanuni tələbləri təmin edilməmişdir. Bununla da, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31-ci və 32.1-ci maddələrindəki hüquqları pozulmuşdur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, oxşar inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1100/2022 nömrəli qərarında “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinə əsasən iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinin arasında sosial məzuniyyət və ödənişsiz məzuniyyət hesab olunan dövrlər nəzərdə tutulmadığından həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Ali Məhkəmə öz mövqeyini həmin müddətlərdə iddiaçının əmək fəaliyyəti ilə məşğul olmadığını qeyd edərək əsaslandırmışdır. Yuxarıda göstərilən normalardan da göründüyü kimi, ödənişsiz məzuniyyətlərin sığorta stajına daxil edilməsi ilə bağlı qanunvericilikdə hər hansı bir norma müəyyən olunmamış, bunun əksinə ödənişsiz məzuniyyət hüququndan istifadə zamanı əmək fəaliyyəti ilə məşğul olunmadığından və həmin dövrlərdə əmək haqqı saxlanılmadığından qeyd edilən dövrlərin sığorta stajına daxil edilməməsi ilə bağlı həm qanunvericilik normaları, həm də formalaşmış məhkəmə təcrübəsi mövcud olmuşdur. Bundan başqa analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1031/2023 nömrəli, 3 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair iş üzrə 02 avqust 2023-cü il tarixli 2-1(102)-1597/2023 nömrəli qərarında məhkəmə iddiaçının “Bakı Təcrübə Eksperimental Zavodunda işlədiyi vaxt əmək kitabçasında qeyd edilən xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə ödənişsiz məzuniyyətdə olmasına münasibət bildirirərkən ödənişsiz məzuniyyətlə bağlı iddiaçının məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 74-cü maddəsində əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilməsinin nəzərdə tutulduğunu, 1999-2005-ci illərdə işlədiyi dövrdə qüvvədə olmuş Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinə görə işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bildiyini, həmçinin həmin Məcəllənin 128-ci maddəsinə görə qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququnun olduğunu bildirmişdir. Həmçinin sözügedən analoji qərardad iddiaçının ödənişsiz məzuniyyətinin qısa müddətli olmadığı və ödənişsiz məzuniyyətin verilməsinə əsas olan halların mövcud olmadığı qeyd olunmuşdur. Sonuncu qərarda məhkəmə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanuna da aydınlıq gətirərək bildirmişdir ki, adı çəkilən Qanunda ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsindən bəhs olunur. Bu işdə iddiaçının xx.xx.1997- xx.xx.2005-ci il tarixlərdə faktiki olaraq “Bakı Təcrübə Eksperimental Zavodu”nda işləməsi, ona əmək haqqı hesablanması, əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulması, lakin ödənilməməsi, nəticədə borc yaranmasına dair hər hansı məlumat mövcud deyildir. Apelyasiya məhkəməsinin istinad etdiyi Qanunun 1-ci maddəsində sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədəк ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsindən bəhs olunur. İddiaçı xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə ‘‘Bakı Təcrübə Eksperimental Zavodu”nda işləmədiyi halda uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclardan söhbət gedə bilməz. Bu səbəbdən hazırkı mübahisəyə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Qanunun müddəaları tətbiq edilə bilməz. Həmin qərarın 44-cü və 45-ci bəndlərində məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda 1 yanvar 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi staja aid etməsini nəzərdə tutmamışdır. Həmçinin Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçının öz hesabına məzuniyyətdə olduğu dövrün onun stajına daxil edilməsinin qanunvericilik əsası yoxdur. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10421/2024 saylı 26 noyabr 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia tələbinin məzmununa uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz imtina məktubunun məzmununa uyğun əsaslandıılmış və əlavə olaraq bildirilmişdir ki, iddia tələbi üzrə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsinə dair qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2024-cü il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu illərin iş stajına daxil edilməklə 57 yaşdan - 17 oktyabr 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və fərq məbləğinin hesablanaraq ödənilməsi” barədədir. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən ümumi iş stajının 25 ildən az -16 il 11 ay 25 gün olduğundan tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, lakin onun tələbi təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının ümumi və güzəştli iş stajının olmamasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hazırki işdə iddiaçı ona 57 yaşdan, yəni 17 oktyabr 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1) 20 il ümumi iş stajı; 2) 10 il güzəştli iş stajı; 3) əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və müvafiq güzəştli arayışı təqdim etmişdir. İddiaçıya məxsus ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1976-ci ildən xx.xx.1978-ci ilədək hərbi xidmət keçmişdir. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1976-cı ildən xx.xx.1978ci ilədək hərbi xidmətdə olmuşdur; xx.xx.1978-ci ildən motorist köməkçisi, xx.xx.1978-ci il tarixdən motorist işləmiş, xx.xx.1979-cu ildə vəzifəsindən azad edilmişdir; xx.xx.1979-cu ildən darayıcı sexinə usta köməkçisi qəbul edilmiş; xx.xx.1980-ci ildən usta köməkçinə 5-ci dərəcə verilmiş; xx.xx.2013-cü ildən AR Əmək Məcəlləsinin 69-cu il maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. İddiaçı onun 57 yaşının tamam olduğu tarixə qanunla tələb olunan 25 ildən artıq ümumi iş stajının mövcudluğuna istinad edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etmiş, lakin cavabdeh qurum tərəfindən tələbi təmin olunmamışdır. Belə ki, cavabdeh inzibati orqanın əsas imtina dəlilləri onunla bağlı olmuşdur ki, “adıçəkilən müəsisədəki iş stajına aid məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1994-xx.xx.1994-cü il və xx.xx.1995-xx.xx.2013-cü il tarixləri arasındakı dövrlər ərzində iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilib. Bu fakt "xxxx" ASC-nin 15 aprel 2024-cü il tarixli birgə Aktı ilə də təsdiq edilmişdir. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə ödənişsiz məzuniyyətində olduğu, işləmədiyi müddəti iş stajına daxil etmək mümkün deyil. Göstərilən səbəbdən də, ümumi iş stajı 25 ildən az, yəni 16 il 11 ay 25 gün (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979- xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17115 manat təşkil edir.” Hazırda qüvvədən düşmüş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 74-cü maddəsinə əsasən əmək haqqı saxlanılmadan məzuniyyət Ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və ya qulluqçuya onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilə bilər, bu məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirilir. Lazımi hallarda tərəflərin razılığı ilə bu məzuniyyətin əvəzində fəhlə və ya qulluqçu istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər (4, 6). 1 sentyabr 2000-ci il taixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: ... x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək; ... 54-cü maddəsinə əsasən əmək şəraitinin təmin edilməsi 1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: ... bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını; 79-cu maddəsinə əsasən əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar 1. İşəgötürən tərəfindən: ... məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 111-ci maddəsinə əsasən məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları
1. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. 2. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər. 112-ci maddəsinə əsasən məzuniyyətin növləri 1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: ... ç) ödənişsiz məzuniyyət. 128-ci maddəsinə əsasən ödənişsiz məzuniyyətdən istifadə hüququ qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlərin növləri
1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.
2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. 146-cı maddəsinə əsasən müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi:
1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.
2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. 169-cu maddəsinə əsasən boşdayanma vaxtı əməyin ödənilməsi:
1. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
2. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı cavabdeh tərəfindən etiraz məktubuna əlavə edilmiş İddiaçı "xxxx" ASC-də xx.xx.1979-xx.xx.2013-cü illər ərzində işlədiyinə dair Xüsusi Şərtlərlə Təyinat üzrə X4 şöbəsinin böyük mütəxəsisi Eyvaz Əhmədov və "xxxx" ASC-nin kadrlar şöbəsinin rəisi Xamis Dünyamalıyev tərəfindən imzalanmış 15 aprel 2024-cü il aktda qeyd olunmuşdur ki, yoxlama sənayənin toxuculuq sahəsinə aid fəaliyyət istiqaməti olan "xxxx" ASC-də İddiaçı əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1979-cu il tarixdə xx.xx.1979-cu il tarixli 129 nömrəli əmri ilə usta köməkçisi, xx.xx.1980-ci il tarixində xx.xx.1980-ci il tarixli 43 nömrəli əmri ilə usta köməkçisinə 5-ci dərəcə verilmiş, həmin vəzifədə xx.xx.2013-cu il tarixinədək işləmiş, 12 nömrəli xx.xx.2013-cü il tarixli əmrlə xx.xx.2013-cü il tarixindən işdən azad edilmişdir. İşlədiyi müddət ərzində xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə və xx.xx.1995-ci ildən xx.xx.2013- cü ilədək haqqı ödənilməyən öz hesabına məzuniyyədə olmuşdur. İş üzrə birinci instansiya məhkəməsininin sorğusuna cavab olaraq Azərbaycan Respublikasını Dövlət Arxivinin Bakı filialının xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-1506/2024 saylı məktubunda qeyd olunmuşdur ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Komvol kombinatının natamam arxiv sənədlərinin əmr kitablarında vətəndaş İddiaçı xx.xx.1994-cü il tarixli, 144/KŞ saylı əmrlə 15.08.94-15.09.94-cü ilə kimi, 23.11.94- 31.12.94-cü ilə kimi, xx.xx.1996-cı il tarixli, 33/KŞ saylı əmrlə 01.04.96-01.10.96- cı ilə kimi, 1997-ci il tarixli, 50/KŞ saylı əmrlə 01.07.97-01.01.98-ci ilə kimi,xx.xx.1998-ci il tarixli, 7/KŞ saylı əmrlə 01.01.98- 01.07.98-ci ilə kimi öz hesabına məzuniyyətə buraxılması, 1990, 1991, 1992, 1993, 1994 və 1995-ci illərə dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Mövcud dövrlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəlinə əsasən: İddiaçı 1990-1994-cü illər üzrə əmək haqqı almışdır. İddiaçı 1995-ci ilin mart, may-noyabr ayları üzrə əmək haqqı almışdır. Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Komvol kombinatının natamam arxiv sənədlərinin 1979,1995,1999-2006-cı illərə dair əmr kitablarında və 1996-cı ilə dair əmək haqqı cədvəlllərində vətəndaş İddiaçı barəsində heç bir məlumat yoxdur. Bakı Komvol Kombinatının natamam arxiv sənədlərinin 1996-cı ildən sonrakı dövrlərə dair əmək haqqı cədvəlləri və 2006-cı ildən sonrakı dövrlərə dair əmr kitabları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Beləliklə, xx.xx.1957-ci il təvəllüdlü iddiaçı xx.xx.2014-cü il tarixə artıq qanunvericiliklə müəyyən edilmiş 57 yaş həddinə çatmışdır. Aparılan məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" ASC-də işlədiyi dövrdə xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.2013-cü il tarixləri arasında ödənişsiz məzuniyyətdə olmuşdur. Həmin dövrlər üzrə iddiaçıya əmək haqqı ödənilməmişdir. Qanunla şəxsin ödənişsiz məzuniyyətdə olduğu dövrün yalnız 6 ayı onun əmək stajına daxil edilə bilər. Beləliklə, iddiaçının 57 yaşının tamam olduğu tarixə belə qanunla tələb olunan ümumi iş stajı 25 ildən az, yəni 16 il 11 ay 25 gün təşkil edir. Bununla yanaşı, Kollegiya iddiaçı güzəştli şərtlərlə ona yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması məqsədilə Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini də yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Hazırki işdə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan 12 il 6 ay güzəştli iş stajı şərti də ödənilmir (çünki onun istinad etdiyi iş stajı yuxarıda da qeyd olunan ümumi staja belə daxil edilməsi mümkün olmayan ödənişsiz məzuniyyətdə olduğu dövrlərdir). Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ikinci şərt- 12 il 6 aydan az olmayan xüsusi stajı da tam olaraq tamamlanmamışdır. Odur ki, məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, İddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu baxımdan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası həmin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız sayır və qəbul etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qəbul etdiyi 2-1(112)-10421/2024 saylı 26 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiası İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10421/2024 saylı 26 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova X11 Orxan İsmayılov