Məhkəmə qərarları › İş №2-1(103)-1465/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1465/2024

02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1465/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi) qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10585/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ona ödənilməli olan 5676,91 manat vəsaitin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı xx.xx.2023-cü il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək "xxxx" MTK ilə iddiaçı arasında 19 dekabr 2022-ci il tarixdə bağlanmış 0631 nömrəli payçı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən “Avant Park” yaşayış kompleksinin 5-ci binasının, 5-ci blok, 15-ci mərtəbə, 6 saylı mənzilinə görə iddiaçıya qaytarılacaq əlavə dəyər vergisinin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankının Şərifzadə filialı) ötürülməsi öhdəliyinin Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 02 may 2023-cü il tarixdə elektron ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə aldığı evə görə ödədiyi 124051 manat ödənişin ƏDV-nin geri qaytarılması üçün müraciət etmişdir. Müraciətinə cavab olaraq 16 may 2023cü il **********923300 nömrəli qərarı ilə imtina məktubu göndərilmişdir. Qərarda Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanında “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndini əsas gətirmişdir. İddiaçı hesab edir ki, qərar qanunsuz və əsassızdır. Belə ki, həmin qərarın 2.2.-ci bəndində qeyd olunmuşdur ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi məqsədilə Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən portalın, proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar fondu hesabına təmin etsin. Bu da o deməkdir ki, Prezidentin Fərmanı məsul dövlət orqanları tərəfindən düzgün icra edilməyib və buna görə məsuliyyət iddiaçının üzərinə yüklənə bilməz. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Fərman ilə təsdiq edilmiş Qaydaların 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.6-ci bəndlərinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10585/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, ünvan 1 ünvanda yerləşən “AVANT Park” yaşayış kompleksinin 5-ci binasında, 5-ci blok, 15-ci mərtəbə, 6 saylı mənzilə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankın Şərifzadə filialı) ötürülməsi öhdəliyinin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10585/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddia ərizəsinə verilmiş etiraza uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı ilə xx.xx.2022-ci il tarixdə "xxxx" MTK arasında alqı-satqı müqaviləsi bağlanmış, xx.xx.2022-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankının Şərifzadə filialındakı hesabdan MTK-nın hesabına pul köçürülmüşdür. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı satıcı tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal hazırlanıb və 21 noyabr 2022-ci il tarixdən istifadəyə verilmişdir. Qaydaların tələblərində qeyd olunur ki, dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan, yəni 90 gün müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Bununla yanaşı, iş materiallarında olan elektron qaimənin tələb olunması ilə bağlı "xxxx" MTK-ya ünvanlanan ərizədən aydın olur ki, ərizə MTK-dan elektron qaimənin istənilməsi barədə olan ərizədir. Həmin ərizədə sistemin işləyib-işləməməsi barədə hər hansı təsdiqedici məlumat yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin və iddiaya etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10585/2023 nömrəli, 28 noyabr 2023cü il tarixli qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10585/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddianın mahiyyəti ilə bağlı müəyyən edilmişdir ki, yaşayış sahəsinə ödənişin qəsdən fərqli qaydada həyata keçirilməsi iddiaçıya münasibətdə hər hansı əlverişli şərait yaratmır. Qeyd edilən dövrdə ƏDV məbləğinin əsas vəsaitdən ayrı ödənilməsi üçün texniki imkanların mövcud olmasına da cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən, üçüncü şəxs "xxxx" MTK tərəfindən həmin ƏDV məbləği ilə bağlı hesabat təqdim etməsi və depozit hesabına köçürülmüş olması ilə bağlı da hər hansı şübhə və mübahisə yoxdur. Odur ki, iddiaçının yaşayış sahəsinə görə ödənişi müvafiq olaraq iki fərqli hesaba deyil, vahid hesaba köçürməsi formal xəta olaraq qəbul edilməli və iddiaçının hüquqların həyata keçirilməsinə maneə olan hal kimi dəyərləndirilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********923300 saylı “Yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında“ Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Həmçinin, üçüncü şəxs "xxxx" MTK tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” barədə xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən İddiaçı Bakı şəhəri, Şərifzadə 241 ünvanında yerləşən “AVANT Park” Yaşayış Kompleksində 5-ci binada iki otaqlı, 75,18 m2 ölçüdə 6 saylı mənzilin nağdsız ödənişinə dair “X5” proqramından (bundan sonra "xxxx") MTK vasitəsilə e-qaimə təqdim edilmişdir. (Elektron qaimədən çıxarış əlavə edilir) Həmin elektron qaimədə İddiaçı aid mənzilin ƏDV daxil qiyməti, həmçinin 5 676,91 (beş min altı yüz yetmiş altı) manat 91 qəpik qaytarılacaq ƏDV-nin məbləği öz əksini tapmışdır. “AVANT Park” X2 Kənan Sətdar oğluna aid olan 5-ci bina, 6 nömrəli, 2 otaqlı mənzilin alışı zamanı onun tərəfindən üçüncü şəxsin cari hesabına nağdsız ödənilmiş 18 923,03 (on səkkiz min doqquz yüz iyirmi üç) manat 03 qəpik ƏDV məbləği isə MTK-nın ƏDV depozit hesabına ödənilmiş və son nəticədə vergi orqanına hesabat təqdim edilmişdir. Bundan əlavə, İddiaçı tərəfindən "xxxx" MTK-ya müxtəlif tarixlərdə ödənişlərin həyata keçirilməsini təsdiqləyən mədaxil qəbzləri məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən "xxxx" MTK-ya ünvanlanan “ƏDV sub-uçot hesabına ödənilmiş məbləğ haqqında” məktubda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Fərmanla təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən fiziki şəxs tərəfindən digər sənədlərlə yanaşı alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi təqdim edildiyi təqdirdə ƏDV-nin qaytarılması həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.6-ci bəndlərinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Qeyd olunan ödənişləri həyata keçirmək üçün xx.xx.2022-ci tarixdən proqram təminatında müvafiq düzəlişlər edilərək, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ödənişi həyata keçirmək üçün texniki imkan yaradılmışdır. Bildirilmişdir ki, aparılan araşdırma zamanı ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlıq müəyyən olunmamışdır”. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan, yəni 90 gün müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Bununla yanaşı, iş materiallarında olan elektron qaimənin tələb olunması ilə bağlı "xxxx" MTK-ya ünvanlanan ərizədən aydın olur ki, ərizə MTK-dan elektron qaimənin istənilməsi barədə olan ərizədir. Həmin ərizədə sistemin işləyib-işləməməsi barədə hər hansı təsdiqedici məlumat yoxdur. Qeyd olunmuş bu hala münasibətdə məhkəmə kollegiyasi hesab edir ki, iş üzrə İddiaçı alıcı qismində, yəni satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı olaraq, üçüncü şəxs "xxxx" MTK isə satıcı qismində, yəni ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olaraq iştirak edirlər. Yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya tam şəkildə ödənilmiş (iş materiallarında olan mədaxil qəbzləri ilə sübut olunur) və tələb olunan müddətdə əlavə dəyər vergisinin qaytarılması məqsədilə portaldan qeydiyyatdan keçərək müvafiq orqana müraciət etmişdir. Qanunvericilikdə nəzərdə tutulan 90 gün müddətində portalda qeydiyyatdan keçərək elektron kabinetin yaradılmasına münasibətdə iddiaçı qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MTK ilə alqı-satqı müqaviləsi bağlanmış, xx.xx.2022-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankının Şərifzadə filialındakı hesabdan MTK-nın hesabına pul köçürülmüşdür. Daha sonra iddiaçı tərəfindən üçüncü şəxs "xxxx" MTK-ya xx.xx.2023-cü il tarixində ərizə ilə müraciət edilərək elektron qaimənin surəti tələb olunsa da, elektron qaimə yalnız mart ayında təsdiq edilmişdir və 90 gün müddət keçmədən iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində cavabdehə müraciət edilmişdir. Cavabdeh tərəfindən ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlıq müəyyən olunmadığı bildirilsə də, üçüncü şəxs "xxxx" MTK tərəfindən 2022-ci ilin noyabr ayından 2023-cü ilin aprel ayına kimi elektron sistemdə problem olduğu, yaranmış nasazlıqla əlaqədar MTK tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət olunduğu qeyd edilmiş və bu halı təsdiqləyən digər şəxslər tərəfindən elektron qaimənin tələb olunması ilə bağlı "xxxx" MTK-ya ünvanlanan ərizələr məhkəməyə təqdim edilmişdir. Eyni zamanda, "xxxx" MTK tərəfindən İddiaçı təqdim edilmiş “əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın forması” xx.xx.2023-cü il tarixlidir. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.4-cü bəndinə əsasən alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir və Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV-nin qaytarılması ilə bağlı müraciət olunarkən 10 iş günü müddətində iddiaçı tərəfindən təqdim olunan sənədlər yoxlanılmalı və çatışmazlıqlar barədə müvafiq olaraq iddiaçıya məlumat verilməlidir. Lakin hazırkı iş üzrə cavabdeh orqan tərəfindən sənədlərdəki çatışmazlıqlar barədə hər hansı məlumat verilmədən iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina olunması barədə qərar qəbul edilmişdir. Nəticədə isə iddiaçı çatışmazlıqlar barədə məlumatlanma və çatışmazlıqların aradan qaldırılması hüququndan da məhrum olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, üçüncü şəxs "xxxx" MTK tərəfindən məhkəməyə eyni vəziyyətdə olan digər alıcılara münasibətdə ƏDV məbləğinin geri qaytarılmasına dair sübutlar təqdim edilmişdir. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftarın hər hansı ağlabatan əsaslandırması da yoxdur. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi, ünvan 1 ünvanda yerləşən “AVANT Park” yaşayış kompleksinin 5-ci binasında, 5-ci blok, 15-ci mərtəbə, 6 saylı mənzilə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankın Şərifzadə filialı) ötürülməsi öhdəliyinin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, cavabdeh inzibati orqanın verdiyi apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10585/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar