Məhkəmə qərarları › İş №2-1(103)-1465/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1465/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1465/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi və məruzəsilə, X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, apellyasiya şikayəti vermiş Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X2 cəlb edilməklə) «sərəncamın etibarsız sayılması» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1122/2023 nömrəli, 08 may 2023-cü il tarixli qərarından Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Səbail RİH-ə qarşı Səbail RİH-in 15 mart 1995-ci il tarixli 885 saylı sərəncamın etibarsız hesab edilməsi və həmin sərəncamdan yaranmış bütün hüquqi əsasları kimi RX seriyalı, ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1122/2023 nömrəli, 08 may 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Bakı şəhəri Səbail RİH-in 15 mart 1995-ci il tarixli 885 nömrəli sərəncamı etibarsız sayılması barədə qərar qəbul edilmişdir. Həmin qərardan Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə Rüstəmov Mehman arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, sahə 1304 A ünvanında yerləşən torpaq sahəsi Maraqlı şəxs satılmış və ******* nömrəli çıxarış verilmişdir. Həmin torpaq sahəsi hazırda Maraqlı şəxs mülkiyyətindədir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı Maraqlı şəxs maraqlarına toxunduğundan o icraata üçüncü şəxs qismində cəlb edilməlidir. Məhkəmə iclasında iştrak edən İddiaçı nümayəndəsi Nümayəndə verilmiş apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, Maraqlı şəxs hazırki, iş üzrə 3-cü şəxs qismində cəlb edilmədiyindən onun apellyasiya şikayətinin verməsi üçün subyektiv hüququ yoxdur. Odur ki, iddiaçının nümayəndəsi apellyasiya şikayətinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən verilmiş iddia tələbinin Maraqlı şəxs maraqlarına toxunubtoxunmaması Bakı İnzibati Məhkəməsi tərəfindən müəyyən edilməli və zərurət yarandığı təqdirdə məhkəmə özünün 08 may 2023-cü il tarixli qərarının ləğv edərək, verilmiş iddia tələbinin Maraqlı şəxs maraqlarına toxunması ehtimalı olduğu tədqirdə onu 3-cü şəxs qismində icraata cəlb etməklə iddia tələbinə mahiyyəti üzrə yenidən baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etsə də, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam araşdırmamış və düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən də apellyasiya qeydi-mümkün hesab edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməsin və qəbulundan imtina edilsin. Qərardaddan, qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kolleqiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar