Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1466/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil Firuddun oğlunun və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş vəsatin geri qaytarılması barədə rəy verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2-1(112)-696/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 12.000 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə rəy verilməsi vəzifəsinin cavabdehə həvalə olunması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı vergi ödəycisi kimi 2018-ci ilin avqust ayına qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 27 avqust 2018-ci il tarixdə sahibkarlıq fəaliyyətini tam dayandırmışdır. Həmin tarixdə iddiaçının dövlət büdcəsinə artıq ödənilmiş 12.000 manat vəsaiti olmuşdur. Bu səbəbdən də 12.09.2018-ci il tarixdə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə forması ilə vergi orqanına müraciət etmişdir. Həmin tarixdən etibarən vergi orqanları tərəfindən ona müxtəlif bəhanələr edilərək artıq ödəmənin geri qaytarılması barədə rəy tərtib edilməsindən imtina edilmişdir. İlk olaraq 02.10.2018-ci il tarixli **********558300 nömrəli məktubla ərizəsində bank rekvizitlərinin düzgün göstərilmədiyi qeyd olunmuşdur. Bundan sonrakı məktublara da analoji cavablar verilmiş və tərəfindən 05.11 2018-ci il tarixli artıq ödəmənin geri qaytarılması barədə yeni ərizə ilə Lokal Gəlirlər Baş İdarəsinə müraciət edilmişdir. 29.11.2018-ci il tarixli **********869000 nömrəli məktubla ərizəsinə baxıldığı və səyyar vergi yoxlamasının keçirilməsi ilə bağlı müzakirələrin aparıldığı qeyd edilmişdir. Bundan sonra Lokal Gəlirlər Departamentinin 05.12.2018-ci il tarixli **********170721 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən iddiaçının sahibkarlıq faəliyyəti üzrə səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi barədə 15.10.2019-cu il tarixli **********695500 saylı müraciətinə cavab olaraq sahibkarlıq fəaliyyəti üzrə keçirilən səyyar vergi yoxlamasının 25.11.2019-cu il tarixli **********193916 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğvi barədə” Qərar ilə ləğv edildiyi bildirilmişdir. Yoxlamanın ləğv edilməsinə rəğmən iddiaçının artıq ödəmənin qaytarılması barədə icraatda olan ərizəsinə heç bir münasibət bildirilməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən 16.12.2019-cu il tarixli **********782200 nömrəli məktubla müraciət olunaraq bir il öncə təqdim etdiyi və icraatda olan artıq ödəmənin qaytarılması barədə ərizəyə baxılması tələb edilmişdir. Bütün bəhanələr bitdikdən sonra vergi orqanı son məktubuna cavab olaraq 16.01.2020-ci il tarixli **********443400 nömrəli məktubda 29.06.2015-ci tarixdə tərəfindən vergi partnyorluğu sazişinin bağlanması ilə bağlı ərizə ilə müraciət edildiyini əsas gətirmiş və ödənilmiş vergi məbləğlərinin həmin sazişə uyğunlaşdırılması tövsiyə olunmuşdur. Halbuki, iddiaçı tərəfindən 03.07.2015-ci il tarixli **********531800 nömrəli məktubla partnyorluq sazişinin etibarsiz hesab edilməsi ilə bağlı müraciət olunmuşdur. Yəni vergi orqanı ilə arasında hər hansı niyyət razılaşması mövcud olmamışdır. Göstərilənlər onu deməyə əsas verir ki, vergi orqanları iddiaçının dövlət büdcəsinə ödədiyi 12.000 (on iki min) manat artıq ödəmənin geri qaytarılmaması üçün vergi qanunvericiliyinin tələblərini kobud sürətdə pozmuşlar. İş üzrə cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddia tələbi aşağıdakı səbəblərdən mümkün sayılmamalıdır. Belə ki, İddiaçı 12.000 manat məbləğin qaytarılması barədə 16.12.2019-cu il tarixli **********782200 nömrəli ərizə ilə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir. Müraciətə baxılarkən vergi ödəyicisi tərəfindən vergi orqanına 11.02.2015-ci il, 14.05.2015-ci il və 29.06.2019-cu il tarixlərdə vergi orqanı ilə vergi ödəyicisi arasında Vergi partnyorluğu sazişinin bağlanması üçün ərizələr ilə müraciət edildiyi məlum olmuşdur. Lakin təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları Vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilmədiyi üçün müraciətin icrası mümkün olmamışdır. Vergi Məcəlləsinin 13.2.49-cu maddəsinə əsasən “Vergi partnyorluğu sazişi” vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2-1(112)-696/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 12.000 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə rəy verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 12.000 manat məbləğin qaytarılması barədə 16.12.2019-cu il tarixli **********782200 nömrəli ərizə ilə Baş İdarəyə müraciət etmişdir. Müraciətə baxılarkən vergi ödəyicisi tərəfindən vergi orqanına 11.02.2015, 14.05.2015 və 29.06.2019-cu il tarixlərində vergi orqanı ilə vergi ödəyicisi arasında Vergi partnyorluğu sazişinin bağlanması üçün ərizələr ilə müraciət edildiyi məlum olmuşdur. Lakin təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları Vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilmədiyi üçün müraciətin icrası mümkün olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin iddiaçıya ünvanladığı “Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə” məktubdan görünür ki, iddiaçının 26.08.2018-ci il tarixli ərizəsinə əsasən fəaliyyətinin 26.08.2018-ci il tarixdən 26.08.2023 tarixədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin iddiaçıya ünvanladığı 02.10.2018-ci il tarixli **********558300 saylı məktubundan görünür ki, 12.09.2018-ci il tarixli iddiaçının artıq ödəmənin qaytarılması barədə müraciətinə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində baxılmış, təqdim etdiyini ərizədə bank rekvizitlərinin tam qeyd olunmadığı aşkar edilmişdir. Artıq ödəmənin yaranma tarixləri əks etdirilməklə vahid ərizə forması ilə müraciət etməyi iddiaçıya tövsiyə olunmuşdur. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin iddiaçıya ünvanladığı 19.04.2019-cu il tarixli **********710400 saylı məktubundan görünür ki, iddiaçının 28.03.2019-cu il tarixli keçirilən səyyar vergi yoxlaması barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən yuxarı vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” 15.01.2019-cu il tarixli **********174321 və Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildiyi üçün “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” 27.02.2019-cu il tarixli **********177620 və 28.03.2019-cu il tarixli **********179617 nömrəli qərarlarına əsasən səyyar vergi yoxlaması dayandırılmışdır. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin iddiaçıya ünvanladığı 29.11.2019-cu il tarixli **********889200 saylı məktubundan görünür ki, 15.10.2019-cu il tarixli **********695500 saylı iddiaçının aparılan səyyar vergi yoxlamasından narazılıq barədə müraciətinə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində baxılmış, təyin edilmiş 05.12.2018-ci il tarixli **********170721 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar yuxarı vergi orqanının 25.11.2019-cu il tarixli **********193916 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğvi barədə” Qərarı ilə ləğv edildiyi bildirilmişdir. İddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə ünvanladığı 16.12.2019-cu il tarixli ərizəsindən görünür ki, artıq ödəmənin qaytarılması barədə ərizənin 1 il bundan əvvəl təqdim edildiyini nəzərə alaraq ərizənin icra edilməsi məqsədilə göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin iddiaçıya ünvanladığı 16.01.2020-ci il tarixli **********443400 saylı məktubundan görünür ki, iddiaçıya bildirilmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.07.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Göstərilən qaydaların tələbinə uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında müraciət etməklə), artıq ödənilmiş məbləğ (artıq ödəmənin yaranma tarixləri və səbəbləri göstərilməklə) səyyar vergi yoxlaması keçirilməklə təsdiq olunduğu və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. Həmçinin iddiaçı tərəfindən 29.06.2015-ci il tarixində vergi orqanına Vergi partnyorluğu sazişinin bağlanması ilə bağlı ərizə ilə müraciət edilmişdir. Lakin təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları Vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir. Sahibkarlıq fəaliyyəti göstərdiyi dövr üzrə dövriyyə məlumatlarının Vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməsi iddiaçıya tövsiyə olunmuşdur. İddiaçının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə ünvanladığı 03.07.2015-ci il tarixli məktubundan görünür ki, iddiaçı 29.06.2015-ci il tarixdə göndərdiyi partnyorluq bağlanması barədə ərizəsinin etibarsiz hesab edilməsini xahiş etmişdir. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə ünvanlanmış 11.02.2015-ci il tarixli “vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə”dən görünür ki, İddiaçı 01.02.2015-ci il tarixdən 01.02.2016-cı il tarixədək vergi partnyorluğu sazişinin bağlanmasına razılıq verilməsini xahiş etmişdir. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin 17.02.2015-ci il tarixli **********018500 saylı məktubundan görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş 12.02.2015-ci tarixli, **********045000 saylı “Vergi partnyorluğu Sazişinin bağlanması üçün” ərizəsinə baxılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 190 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi partnyorluğu Sazişinin bağlanması” haqqında Qaydaların tələblərinə əsasən aşağıda göstərilən səbəblərdən iddiaçı ilə “Vergi partnyorluğu Sazişi”nin bağlanmasından imtina edilmişdir: Vergi orqanı tərəfindən vergi ödəyicisinin fəaliyyəti ilə bağlı həyata keçirilən nəzarət tədbirinin nəticəsi üzrə yekun qərar çıxarılmadıqda. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə ünvanlanmış 14.05.2015-ci il tarixli “vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə”dən görünür ki, İddiaçı 01.05.2015-ci il tarixdən 01.05.2016-cı il tarixədək vergi partnyorluğu sazişinin bağlanmasına razılıq verilməsini xahiş etmişdir. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin 21.05.2015-ci il tarixli **********486700 saylı məktubundan görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş 14.05.2015-ci tarixli **********626500 saylı “Vergi partnyorluğu Sazişinin bağlanması üçün” ərizəsinə baxılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 190 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi partnyorluğu Sazişinin bağlanması” haqqında Qaydaların tələblərinə əsasən aşağıda səbəblərdən iddiaçı ilə “Vergi partnyorluğu Sazişi”nin bağlanmasından imtina edilmişdir: Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergi tutma obyektinin gizlədilməsi (azaldılması) müəyyən edildikdə. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə ünvanlanmış 29.06.2015-ci il tarixli “vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə”dən görünür ki, İddiaçı 01.06.2015-ci il tarixdən 01.06.2016-cı il tarixədək vergi partnyorluğu sazişinin bağlanmasına razılıq verilməsini xahiş etmişdir. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin 04.07.2015-ci il tarixli **********594800 saylı məktubundan görünür ki, iddiaçının “vergi partnyorluğu sazişinin bağlanması haqqında ərizə”nin etibarsız hesab edilməsi haqqında 03.07.2015-ci il tarixli **********531800 nömrəli məktubuna əsasən onun tərəfindən təqdim edilmiş 29.06.2015-ci tarixli **********130600 saylı “Vergi partnyorluğu Sazişinin bağlanması üçün” ərizəsi baxılmamış saxlanılmışdır İddiaçının 17.02.2020-ci il tarixli şəxsi hesab vərəqəsindən görünür ki, həmin tarixə 12.056,22 manat, 29.12.2020-ci il tarixli şəxsi hesab vərəqəsindən görünür ki, həmin tarixə 12.074,62 manat məbləğində saldo olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.49-cu maddəsinə əsasən “Vergi partnyorluğu sazişi” vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Həmin Məcəllənin 13.2.49-1-ci maddəsinə əsasən vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar, gələcəkdə həyata keçiriləcək vergi tutulan əməliyyatlar üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin vergi orqanı tərəfindən əvvəlcədən müəyyən edilməsini təsdiq edən Vergi Məcəlləsinin 77-1-ci maddəsində nəzərdə tutulan sənəddir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın 1.1-ci bəndinə əsasən həmin Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 4.1 və 4.1.3-cü bəndlərinə əsasən 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. Həmin Qaydaların 4.10-ci bəndinə əsasən vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Həmin Qaydaların 4.11-ci bəndinə əsasən məcburi dövlət sosial və işsizlikdən sığorta haqları üzrə artıq ödəmələrin qaytarılması barədə vergi orqanları tərəfindən tərtib olunmuş rəyin (5 nömrəli əlavə) 1 (bir) nüsxəsi və ərizənin surəti sığortaedənin ərizəsi daxil olduğu tarixdən 20 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq sosial təminatı və müdafiəni həyata keçirən orqana, 1 (bir) nüsxəsi bu Qaydaların 4.10-cu bəndində nəzərdə tutulan qaydada müvafiq maliyyə orqanına və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan sığortaedənə göndərilir, 1 (bir) nüsxəsi isə vergi orqanında qalmalıdır. Həmin Qaydaların 4.12-ci bəndinə əsasən tərtib olunmuş rəy nəticəsində büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləğləri vergilərin, hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılmasına münasibətdə maliyyə orqanlarının, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılmasına münasibətdə isə sosial təminatı və müdafiəni həyata keçirən orqanların rəsmi məlumatına əsasən vergi ödəyicisinin və ya sığortaedənin şəxsi hesab vərəqəsində əks etdirilir və büdcəyə daxilolmalar barədə hesabatlarda nəzərə alınır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 26.08.2018-ci il tarixli ərizəsinə əsasən onun fəaliyyətinin 26.08.2018-ci il tarixdən 26.08.2023-cü il tarixədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. 12.09.2018-ci il tarixdə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə forması ilə vergi orqanına ona artıq ödəmənin geri qaytarılması barədə rəy tərtib edilməsindən qanunsuz olaraq imtina edilmişdir. Belə ki, iddiaçının şəxsi hesab vərəqəsinə əsasən 31.07.2018-ci il tarixə 12.330.77 manat məbləğində saldo (artıq ödəməsi) olmuşdur. İddiaçının şəxsi hesab vərəqəsindən 31.07.2018-ci il tarixdən sonrakı qeydə alınmış ilk əməliyyatın tarixinə, yəni 20.10.2018-ci il tarixə də eyni məbləğdə - 12.330.77 manat məbləğdə saldosu (artıq ödəməsi) olmuşdur. Buna görə də iddiaçı həmin məbləğin qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Vergi orqanı tərəfindən iddiaçının tələbindən imtinanın əsası kimi göstərdiyi 29.06.2015-ci tarixdə tərəfindən vergi partnyorluğu sazişinin bağlanması ilə bağlı ərizə ilə müraciət edildiyini əsas gətirməsi də əsassız və qanunsuz olmuşdur. Belə ki, cavabdehin istinad etdiyi partnyorluq sazişinin etibarsız hesab edilməsi ilə bağlı iddiaçının vergi orqanına müraciət olunduğu və vergi orqanı ilə arasında hər hansı niyyət razılaşması mövcud olmadığı müəyyən edilmişdir. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda şərh edilən qanunvericiliyin normaları pozulmuş, əsassız səbəblərdən məsələ iddiaçının xeyrinə həll edilməmişdir. Apellyasiya şikayətinin və artıq ödənilmiş məbləğin geri qaytarılması barədə müraciətin təmin olunmasından imtinanın dəlili kimi qeyd olunmuş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatlarının Vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı cavabdehə vergi partnyorluğu barədə sazişinin təqdim edilməsi üçün imkan yaradılsa da, cavabdeh inzibati orqan tərəfindən qeyd olunan saziş təqdim olunmamışdır. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2- 1(112)-696/2021 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2-1(112)-696/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1466/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1466/2021
29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver