Məhkəmə qərarları › İş №2-1(103)-1467/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1467/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1467/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2981/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2981/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 112, mənzil 3 ünvanında yerləşən mənzilin ailəsi ilə birlikdə yaşamaq üçün İddiaçı kirayəyə verilməsi barədə müvafiq sərəncamın qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi xx.xx.2020-ci il tarixdə qərar qəbul edərkən iddiaçıya həmin mənzilə hüquq qazandırmaqla xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 36, 45, 48, 51, 80, 85-ci maddələrinin tələbləri nəzərə almamış, bu da balanssaxlayıcı kimi cavabdehin hüquqlarını pozmuşdur. Məhkəmə qərarında iddiaçının mübahisəli mənzilə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən müvəqqəti yerləşdirilməsi barədə tələbini sübut edən heç bir hüquqi sənəd tələb etməmiş, əksinə iddiaçinin fikirlərini əhatə edən müvafiq qeydlər aparmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olanİddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx xxxx 2018-ci il tarixli mənzilin kirayəyə verilməsi barədə ərizənin surətindən görünür ki, o, Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 112, mənzil 3 ünvanında yerləşən mənzilin ailəsi ilə birlikdə yaşamaq üçün onun kirayəsinə ayrılmasını və onunla kirayə müqaviləsinin bağlanması barədə müvafiq inzibati aktın (sərəncamın) qəbul olunmasını xahiş etmişdir. İddiaçının qeyd edilən ərizəsi xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətində “Eyvazova” adlı şəxs tərəfindən qəbul edilsə də (SS448478538AZ saylı xəbərnamə) cavabdeh tərəfindən müraciət cavablandırılmamışdır. Bundan sonra İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 112, mənzil 3 ünvanında yerləşən mənzilin ailəsi ilə birlikdə yaşamaq üçün onun kirayəsinə verilməsi barədə müvafiq sərəncam qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia edir ki, o, Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev № 112-də yerləşən 3 №-li mənzildə 1991-ci ildən bu günə kimi ailəsi ilə birlikdə fasiləsiz olaraq yaşayır. O, həmin mənzili zəbt etməmişdir. Belə ki, mənzil növbəsində olmuşdur və işlədiyi müəssisənin (“X1" Kollektiv Müəssisəsinin) Xətai RİH-nə göndərdiyi məktub əsasında mənzil ona ayrılıb, lakin indiyə kimi müvafiq sənədləşmə aparılmayıb. Mənzildə ondan əvvəl erməni millətindən olan şəxs yaşayıb. Hətta Xətai Rayon Prokurorluğunun xx.xx.1993-cü il tarixli qərarı ilə müəyyən olunub ki, o, mənzili zəbt etməmişdir. Mənzilə başqa şəxslərin qeydiyyatı və hüququ yoxdur. 1991-ci ildən sonra ötən müddət ərzində mənzildən yalnız o və onun ailəsi istifadə edib, o, mənzilin qorunub saxlanması üçün zəruri olan təmir işlərini görmüş, bütün kommunal xərcləri ödəmişdir. Lakin mənzil onun adına sənədləşdirmədiyinə görə mənzilə qeydiyyata düşə bilmir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı uzun müddət yaşadığı və faktiki olaraq icarədarı olduğu mənzilin ailəsi ilə birlikdə yaşamaq üçün kirayəsinə verilməsinə dair sərəncamın qəbul edilməsini tələb etmək hüququna malik olmaqla, bu tələbi qanunvericiliyə uyğundur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş və apelyasiya icraatı zamanı təsdiqini tapmış işin faktiki hallarından müəyyən olunur ki: - İddiaçı xx.xx.1963-cü ildə Bakı şəhərində doğulmuş, yaşayış yeri ünvan 2 ünvanıdır. (Azərbaycan Respublikası vətəndaşının AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surəti) - İddiaçı aid əmək kitabçasındın surətindən görünür ki, o, Azərbaycan Respublikası “X1" Kollektiv Müəssisəsində 4-cü dərəsəli elektrik monytoru vəzifəsində işləmişdir. - İddiaçı “Tikinti Mexanizasiyası" Trestinin rəhbərinə ünvanlandığı xx.xx.1991-ci il tarixli ərizədən görünür ki, ağır mənzil şəraiti ilə bağlı mənzil növbəsinə götürülməsini xahiş etmişdir. - “Tikinti Mexanizasiyası" Trestinin mənzil-məişət komissiyasının xx xxxxxx 1992-ci il tarixli, 1 №-li protokolundan çıxarışdan görünür ki, İddiaçı 3 nəfərlik ailəsi ilə (özü, arvadı və qızı) birlikdə mənzil növbəsinə götürülməsi qərara alınmış, İddiaçı 3 nəfərlik ailəsi ilə (özü, arvadı və qızı) birlikdə mənzil növbəsinə götürülməsinə dair qərarın Xətai rayon icraiyyə orqanları tərəfindən təsdiq edilməsi xahiş edilmişdir. - Xətai rayonunun yaşayış sahəsinin qeydə alınması və yaşayış sahəsinin müəyyənləşdirilməsi üzrə komissiyasının xx.xx.1992-ci il tarixli, 17 №-li protokolundan çıxarışdan görünür ki, “Tikinti Mexanizasiyası" Trestinin xx xxxxxx 1992-ci il tarixli, 1 №-li protokolunun təsdiq edilməsi və İddiaçı 3 nəfərlik ailəsi ilə (özü, arvadı və qızı) birlikdə mənzil növbəsinə götürülməsi qərara alınmışdır. - Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 385 №-li qərarından çıxarışdan görünür ki, yaşayış komissiyasının xx.xx.1992-ci il tarixli, 17 №-li protokolu təsdiq edilmiş və İddiaçı 3 nəfərlik ailəsi ilə (özü, arvadı və qızı) birlikdə iş yeri üzrə mənzil növbəsinə götürülməsi qərara alınmışdır. - Azərbaycan Respublikası “X1" Kollektiv Müəssisəsi tərəfindən Xətai Rayon İcra Hakimiyyətinin sədrinə ünvanlanmış xx.xx.1992-ci il tarixli, 02/555 nömrəli məktubdan görünür ki, “X1” Kollektiv Müəsisəsinin 07.01.91-ci il tarixli, 025/15 №-li məktubuna əsasən kollektiv müəsisəsinin işçisi İddiaçı Həzi Aslanov qəsəbəsi, 5-ci Kolsovaya küçəsi, ev 112 mənzil 3-də 2 otaqlı mənzil müvəqqəti yaşamaq üçün ayrılmış və yoldaş İddiaçı 1 (bir) ildən çoxdur ki, həmin mənzildə yaşayır (mənzil erməniyə məxsus olmuşdur). Həmin mənzilə yoldaş Qasımovun ailəsinin qeydə alınması xahiş olunmuşdur. - Azərbaycan Respublikası “X1” Kollektiv Müəssisəsi tərəfindən Xətai Rayon İcra Hakimiyyəti Başçısı G.Cəlilova ünvanlanmış 11.12.93-cü il tarixli, Oİ1K 07 nömrəli məktubdan görünür ki, “X1” Kollektiv Müəssisəsinin işçisi İddiaçı müəssisədə elektrik montyoru vəzifəsində çalışır və 3 nəfər ailə tərkibi ilə anası S.K.Mehdiyevaya məxsus Mir Cəlal küçəsi 64 №-li binanın 32 №-li mənzilində (2 otaqlı 29,7 kv.m) yaşayırdı. Həmin mənzildə onun ailəsindən əlavə daha 4 nəfərin də yaşaması və yoldaş İddiaçı mənzil növbəsində dayanması və mənzil şəraitinin dözülməzliyini nəzərə alaraq müəssisənin rəhbərliyi və həmkarlar komitəsi xahiş edir ki, yoldaş Qasımovun mənzil şəraitini yaxşılaşdırmaq üçün müəssisəyə 1 ədəd 2 otaqlı mənzil ayrılmasına kömək edilsin, həmin mənzilin əvəzində müəssisə üçün 8-ci kilometr qəsəbəsində tikilən 1 ədəd 2 otaqlı mənzil ayrılmasını təmin edəcəklər. İddiaçı hal-hazırda Xətai Rayon İcra Hakimiyyətinin verdiyi məktub əsasında H.Aslanov qəsəbəsi, 5-ci Kolsevaya küçəsi, 112 №-li evin 3 №-li mənzilində yaşayır. - Azərbaycan Respublikası “X1” Kollektiv Müəssisəsi tərəfindən Bakı şəhəri mənzillərin qeydiyyatı və bölünməsi idarəsinə ünvanlanmış 28.08.92-ci il tarixli, 02/554 nömrəli məktubdan görünür ki, “X1” Kollektiv Müəsisəsinin 07.01.91-ci il tarixli 025/15 №-li məktubuna əsasən Xətai rayon İcraiyyə Komitəsi tərəfindən Həzi Aslanov qəsəbəsi, 5-ci Kolsovaya küçəsi, ev 112, mənzil 3 müvəqqəti yaşamaq üçün müəsisəsinin işçisi İddiaçı 3 (nəfər) ibarət ailəsinə verilmişdir. Bir ildən artıqdır ki, yoldaş Qasımov həmin mənzildə yaşayır. Onun ailəsinin həmin mənzildə qeydiyyata alınmasına kömək edilməsi xahiş edilmişdir. - Xətai rayon prokurorunun xx xxxxxx 1993-cü il tarixli inzibati qaydada mənzildən çıxarılmaya dair sanksiyanın verilməsindən imtinaya dair qərarından görünür ki, vətəndaş İddiaçı 4 nəfərdən ibarət ailəsi ilə (özü, arvadı, iki uşağı) 2 otaqlı 5-ci Kolsovaya küçəsi 112, 33 nömrəli mənzildən inzibati qaydada çıxarılmaya dair sanksiyanın verilməsindən imtina edilmişdir. - Həmin qərardan, həmçinin görünür ki, İddiaçı mübahisəli mənzili özbaşına tutmamış, Xətai rayon icra orqanlarının razılığı ilə bir ildən artıqdır ki, həmin mənzildə yaşayır. - Bakı şəhəri, Xətai rayon 66 saylı MKİS-nin rəisi Ş.Rəcəbov, texnik P.Sadatov, qonşular X6, X2 və X3 tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş xx.xx.2005-ci il tarixli aktdan görünür ki, həqiqətən İddiaçı 1991-ci ildən H.Aslanov qəsəbəsi, 5-ci Dairə küçəsi, ev 112, mənzil 3-də aşağıdakı ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayır. Həyat yoldaşı X5, qızı X7, qızı X8. - Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi (keçmiş 5-ci dairə küçəsi), ev 112, mənzil 3 ünvanında yerləşən mənzilin planından görünür mənzil 2 otaqdan ibarət olmaqla, yaşayış otaqları müvafiq olaraq 16,0 kvm. və 12,39 kvm., dəhliz 4,3 kvm., sanitar qovşaq - 4,9 kvm., mətbəxt 6,7 kvm.-dir. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 795 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sahib Hümmətov küçəsi, 112 ünvanında yerləşən yaşayış binası Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. - Azərbaycan Respublikası DİN Xətai rayon bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2016-cı il tarixli, 101-9526Q nömrəli məktubdan görünür ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün qanunvericilikdə nəzərdə tutulan sənədlər təqdim edilməlidir. - Bakı şəhəri, Xətai rayonu, Mənzil Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS tərəfindən verilmiş 1784 saylı, xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı ailə üzvləri - həyat yoldaşı - X5, qızı - X7, qızı - X8 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, ev 112, mənzil 3 ünvanında qeydiyyatsız yaşayır. - İşdə olan kommunal xidmətlər üzrə ödəniş qəbzlərindən görünür ki, mübahisəli mənzil üzrə kommunal xidmətlər İddiaçı adına olmaqla sonuncu tərəfindən ödənilir. Beləliklə, işdən görünür ki, İddiaçı Azərbaycan Respublikası “X1” Kollektiv Müəssisəsinin işçisi olmuş, mənzil şəraitinin dözülməzliyi ilə bağlı müəssisədə mənzil növbəsinə götürülmüş, müəssisənin müraciəti əsasında isə Xətai Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən iş yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Mübahisəli mənzil iddiaçıya işlədiyi müəssisənin xx.xx.1991-ci il tarixli müraciəti əsasında Xətai rayon icraiyyə komitəsi tərəfindən müvəqqəti yaşamaq üçün verilmiş və İddiaçı həmin vaxtdan ailəsi ilə birlikdə hal-hazıradək qeyd olunan mənzildə yaşayır. Hazırda İddiaçı uzun müddətdir (27 il) ailəsi ilə birlikdə yaşadığı mənzilin onun kirayəsinə verilməsi barədə müvafiq sərəncamın qəbul edilməsini mübahisələndirir. xx xxxx 1982-ci ildən qüvvədə olmuş və xx xxxx 2009-cu il tarixli 845-İİİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş Azərbaycan SSR Mənzil Məcəlləsinin 33-cü maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Eyni Məcəllənin 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş “Respublika Məhkəmələri tərəfindən Mənzil Qanunvericiliyinin tədbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli, 2 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondunun evlərində yaşayış sahəsinin kirayə müqaviləsi order əsasında bağlanılır. Hüquqi faktların məcmusu - sübutetmənin predmetini təşkil edir və onların dərk edilməsi işin həlli üçün zəruridir. İddia iki elementdən ibarətdir: predmet və əsas. İddianın predmetini - mübahisəli hüquq münasibətlərindən yaranan iddiaçının cavabdehə konkret maddi hüquq tələbi, əsasını isə həmin tələbi şərtləndirən hüquqi faktlar təşkil edir. Müəyyən bir şəxsə yönəlmiş hər bir tələb müəyyən faktiki və hüquqi əsaslara söykənməlidir. Hüquqi münasibətlərin yaranması, dəyişməsi və xitam olunması ya bir hüquqi faktla, ya da faktların məcmusu ilə şərtlənə bilər. Hazırki iş üzrə mənzilə dair icarə müqaviləsi bağlanılması üçün hüquqi faktların məcmusu olmalıdır – müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı və orderin verilməsi. Yalnız bu iki hüquqi faktların məcmusu olduqda vətəndaşın mənzilə dair kirayə müqaviləsinin bağlanılmasını tələb etmək hüququ yaranır. Kollegiya qeyd edir ki, hazırki sözügedən mənzilə dair yuxarıda qeyd edilən order olmasa da, bu hal həmin mənzilin iddiaçının qanuni istifadəsinə verilməməsi kimi qəbul edilə bilməz. İşin mübahisə olunmayan halları ilə də təsdiqlənir ki, iddiaçı işlədiyi müəssisənin qərarı ilə, daha sonra həmin qərar əsasında icra hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülmüşdür. İddiaçı, eyni zamanda, həmin mənzilə müəssisənin razılığı ilə yerləşmiş, bu barədə icra hakimiyyətinə müəssisə tərəfindən müvafiq məlumat verilərək iddiaçının ailəsi ilə həmin mənzilə qeydə alınması xahiş edilmişdir. Eyni zamanda, iddiaçının mənzildən inzibati qaydada çıxarılmasına dair sanksiyanın verilməsindən imtina edilmişdir. Dolayısı ilə iddiaçı mübahisəli mənzili özbaşına tutmamış, cavabdeh orqan isə balansında olan mənzildə iddiaçının yaşamasına icazə vermiş, bununla bağlı hər hansı xəbərdarlıq və ya pretenziya irəli sürməmişdir. Qüvvədə olan Mənzil Məcəlləsinin 48.1-ci maddəsində göstərilir ki, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir (m.48.2) Eyni Məcəllənin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Kollegiya qeyd edir ki, istər keçmiş dövr mənzil qanunvericiliyi, istərsə də qüvvədə olan məcəllənin tələbləri baxımından dövlət orqanının mənzil uçotuna alınmış şəxsi müvafiq mənzillə təmin etmək öhdəliyi, eləcə də mübahisəli mənzildə iddiaçının uzun müddət ərzində yaşamasına icazə verilməsi, onu həmin mənzilin faktiki olaraq icarədarı statusuna sahib olmasını deməyə əsas verir. Dövlət orqanının müvafiq mənzilə iddiaçının adına rəsmiləşmənin aparılmaması iddiaçının qanunla qorunan “mənzil” hüququnu istisna etməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. X11 Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» sayıla bilər (bax: İatridis Yunanıstana qarşı iş, b. 54; Beyeler İtaliyaya qarşı iş, b. 100). Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də bu marağın 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır (bax: Tre Traktörer AB İsveçə qarşı iş, b. 53; Van Marle və b. Niderlanda qarşı iş, b. 40). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Bu səbəbdən apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2981/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Anar Tanrıverdiyev Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar