Məhkəmə qərarları › İş №2-1(103)-1467/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1467/2022

21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1467/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müharibə veteranı üçün nəzərdə tutulan sosial müavinətin hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7454/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 21.06.2014-cü il tarixdən 04.02.2019-cu il tarixədək veteranlar üçün nəzərdə tutulmuş müavinətin hesablanıb birdəfəlik qaydada ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-430/2021 nömrəli 16.02.2021-ci il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçının ərizəsi əsasında Şəki İnzibati Məhkəməsinin 30.04.2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir və iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 11.11.1992-ci il tarixdən 21.07.1993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində əsgər kimi xidmət etmişdir. 21.06.2017-ci il tarixdə ona müharibə veteranı vəsiqəsi verilmişdir. Lakin iddiaçı savadsızlıq və xəstə olması səbəbindən ona müharibə veteranı adı və müvafiq vəsiqəsi verildikdən sonra müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin alınması üçün müraciət etməmişdir. 04.02.2020-ci il tarixdə ona 5 illik müddətə əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə göstərilən 3-cü dərəcəli əlillik təyin edilmişdir. Həmin vaxtdan ona müharibə əlilləri üçün nəzərdə tutulan prezident təqaüdü ödənilir. Müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətlər 01.04.2019-cu il tarixdən ləğv olunmuş və müharibə veteranlarına prezident təqaüdü ödənilməyə başlanılmışdır. İddiaçı hesab edir ki, onun 21.06.2014-cü il tarixdən 04.02.2019-cu il tarixədək olan müddət üçün müharibə veteranı kimi sosial müavinət almaq hüququ olmuşdur və bu müavinət hesablanaraq ona ödənilməlidir. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə, 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən sosial müavinət ödənişi həyata keçirilir. Qanunvericiliklə güzəştlərin (müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli vəsiqənin verildiyi tarix həmin müavinətlərin almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Bu mənada, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə də müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Həmçinin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin ödənişi onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda dayandırılır. İddiaçı isə 20.09.2019-cu il tarixdən etibarən əlilliyə görə əmək pensiyası almaqdadır. Beləliklə, iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ istisna edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7454/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim S.Salahova) iddia qismən - xx.xx.1969-cu il təvəllüdlü İddiaçı müharibə veteranı üçün nəzərdə tutulmuş və 21.06.2014-cü il tarixdən 21.06.2017-ci il tarixədək ödənilməmiş müavinətin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması hissəsində təmin edilmiş, qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın iddia tələbinin təmin olunan hissədə ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaşa 21 iyun 2017-ci il tarixdən veteran vəsiqəsi verilmişdir. Veteran statusunu aldığı vaxtdan sosial müavinət təyin edilmiş, əvvəlki illər üzrə müavinət ödənilməsindən isə imtina edilmişdir. Belə ki, “Sosial müavinətlər haqqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. İddiaçı müharibə veteranı kimi vəsiqəni aldıqdan sonra tanınır və belə bir adı təsdiq edən sənəd kimi isə qeyd olunan vəsiqə çıxış edir. Buna görə də, hüquqi olaraq veteran kimi tanınmadığı dövr üçün bu adla müavinətin verilməsi qanuni deyildir. İşə baxan məhkəmələr “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” müddəasına əsaslanmaqla, həmin müavinətlərin şəxsin müharibə veteranı statusunu aldığı vaxtdan, yəni müvafiq müavinəti almaq hüququnun yarandığı gündən əvvəlki üç il üçün də ödənilməli olmasını qət edirlər ki, bu da sözügedən maddi hüquq normasının məhkəmələr tərəfindən səhv təfsir və tətbiq edilməsinin nəticəsidir. Həmçinin. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə, 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İddiaçı məhkəməyə poçt vasitəsi ilə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, işə onun iştirakı olmadan baxılıb iddiasının tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia qismən təmin edildiyindən, qərarın yalnız iddianın təmin edilən hissəsindən cavabdeh apellyasiya şikayəti verdiyindən birinci instansiya məhkəməsinin qərarı şikayət həddində yoxlanılır. İnzibati işdən müəyyən olunur ki, 21.06.2017-ci il tarixdə iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən müharibə veteranı adı və MV №059310 nömrəli vəsiqəsi verilmişdir. İddiaçı 2017-ci ilin sentyabr ayında sosial müavinətin təyin edilməsi barədə ərizə ilə DSMF-nin Yevlax rayon şöbəsinə müraciət etmiş, 05.09.2017-ci il tarixli 190305 saylı qərarla ona 23.06.2017-ci il tarixdən sosial müavinət təyin edilmişdir. İşdə olan müavinət işindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 20.09.2017-ci ildə 163.33 manat, 19.10.2017-23.02.2018-ci illərdə 50 manat, 17.03.2018- 20.02.2019-cu illərdə 55 manat, 15.03.3019-cu ildə 138.71 manat, 15.03.2019-cu ildə 179.03 manat, 24.04.2019-cu ildə 110 manat, 24.05.2019-cu ildə 210 manat, 24.05.2019- cu ildə 110 manat, 28.06.2019-cu ildə 210 manat ödəniş edilmişdir. İddiaçı iddia tələbi ilə müharibə veteranı vəsiqəsinin verildiyi 21.06.2017-ci il tarixdən əvvəlki üç il üçün ödənilməmiş sosial müavinətin, həmçinin vəsiqə verildikdən sonra ödəniş olunmadığını iddia edərək 04.02.2019-cu il tarixədək olan dövr üçün müavinətin ödənilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11.07.2005-ci il tarixli 257 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilmiş və bu məqsədlə “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının 1-ci bəndinin doqquzuncu abzasının əvvəlinə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştiraketdiyinə görə müharibə veteranı adı almış şəxslərə,” sözləri əlavə edilmiş, həmin Fərman 2005-ci il avqustun 1-dən qüvvəyə minmişdir. “Veteranlar haqqında” Qanunun 1-ci maddəsinə əsasən, veteranlar barəsində dövlət siyasətinin əsaslarından biri də sosial və hüquqi müdafiənin təmin edilməsindən ibarətdir. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanununun 4-cü maddəsinə görə müharibə və silahlı qüvvələrin veteranlarına veteran adını və sənədlərini müvafiq olaraq Azərbaycan Respublikasının müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirlikləri verirlər. Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Məhkəmə kollegiyası ilk öncə qeyd etmək istəyir ki, «Veteranlar haqqında» Qanunun qeyd olunan norması cavabdeh tərəfindən düzgün təfsir olunmur. Belə ki, həmin normada, güzəştlərin veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilməsi anlamı, məhz veteran vəsiqəsinin verildiyi tarixindən belə güzəştlərin tətbiq edilməsini ehtiva etmir. Burada qanunverici sadəcə olaraq nəzərdə tutur ki, müavinətin verilməsi üçün veteran vəsiqəsinin mövcudluğu tələb olunur. Güzəştlərin, o cümlədən, müavinətlərin verilməsi mexanizminin isə qanunvericiliklə tənzimlənən digər qaydaları vardır. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun: - 1.0.1-ci maddəsinə görə sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. - 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. - 4.0.1.6-cı maddəsində qeyd olunmuşdur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə aylıq müavinətlər ödənilir. - 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24.02.2006-cı il tarixli 373 saylı Fərmanının 3-cü hissəsinə əsasən ...bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə ... müavinətlərin məbləği Azərbaycan Respublikası Prezidentinin ... “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli 613 nömrəli fərmanı ...ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq olunmuş “müharibə veteranları, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 4-cü bəndinə əsasən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qanunvericiliyin istinad olunan müddəalarını nəzərə almaqla Məhkəmə kollegiyası hesab edir ki, sosial müavinətin cavabdehin imtinasında göstərdiyi kimi müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən təyin edilməli olmasına dair qanunda imperativ göstəriş nəzərdə tutulmamışdır. İstinad olunan maddi hüquq normalarında müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinətin Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. Beləliklə, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun qeyd olunan tələbi baxımından və iş materiallarına əsasən iddiaçıya müharibə veteranı vəsiqəsi 21.06.2017-cü il tarixdə verilmiş və həmin vəsiqəni aldıqdan sonra o, cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ona müharibə veteranı vəsiqəsi təqdim edilən andan etibarən müavinət təyin olunmuş, ödənişlər həyata keçirilməyə başlanılmışdır. Lakin əvvəlki üç il müddət üçün müavinətlərin ödənilməsindən imtina edilmişdir. Buna görə də, yuxarıda istinad olunan normalara əsasən əvvəlki üç il üçün müavinətin ödənilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Həmçinin, apellyasiya şikayətinin dəlillərində hazırda müharibə veteranlarına müavinət yox, Prezident təqaüdü ödənilməsini göstərsə də, qanunvericiliyə edilmiş bu dəyişiklik iddiaçının müharibə veteranı adı və vəsiqəsi almasından sonra, yəni, 01.04.2019-cu il tarixdə qüvvəyə minmişdir və həmin müddəalar iddiaçıya tətbiq edilə bilməz. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7454/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar