Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1467/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı, onun vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8850/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş, lakin dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və bu müddətdəki ödənilməyən məbləğin birdəfəyə ona ödənlməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə eyni məzmunlu ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq görə əmək pensiyası təyin edilmişdir. 2020-ci ilin avqust ayına qədər vaxtı-vaxtında həmin pensiya ödənişləri edilmişdir. 2020-ci ilin avqust ayında ona heç bir xəbərdarlıq edilmədən əmək pensiyası ödənişi dayandırılmışdır. Pensiya ödənişlərinin dayandırılmasının səbəbləri ilə bağlı cavabdehə çoxsaylı müraciətlər edilmiş, heç bir nəticə əldə edilməmiş, 05 may 2022-ci il tarixli cavab məktubunda ona cavabdeh tərəfindən bildirilmişdir ki, pensiya təminatı sahəsində müxtəlif risk qrupları və parametrlər üzrə aparılan araşdırmalar nəticəsində analoji hallar və ya şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş əmək pensiyalarının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.8.3-cü maddəsinin tələbinə uyğun olaraq dayandırılır. 2020-ci ilin avqust ayında pensiyası dayandırıldıqdan sonra, cavabdehin əməkdaşları tərəfindən ondan bir sıra arayışlar və sənədlər tələb edilmiş, o da həmin sənədləri qısa müddətdə cavabdehin əməkdaşlarına təqdim etmişdir. Pensiya ödənişi qanunsuz dayandırılmaqla onun sosial təminat hüququ kobudcasına pozulmuş və bununla da ona maddi və mənəvi zərər vurmaqla əlverişsiz şəraitə salınmışdır. O, 2011-ci ildə pensiya hüququ yarandıqdan sonra əmək pensiyasının təyin olunması üçün müraciət etmiş və əmək pensiyası təyinatı üçün sənədlərə baxılaraq qanuni əsaslarla, yəni sığorta stajı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər üçün nəzərdə tutulmuş sığorta stajı, yaşı nəzərə alınmaqla, işlədiyi peşə sahələri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” ilə uyğun gəldiyindən, pensiya hüququ yarandığı tarixdən həmin dövrdən qüvvədə olan qanunvericiliyə əsasən ona müvafiq yaşdan pensiya təyin edilmişdir. Cavabdeh orqanla görüşlər zamanı, şifahi olaraq qeyd edilən pensiya təyin edilərkən, təqdim olunmuş sənədlərin qaydasında olduğu və hər hansı bir qanun pozuntusuna yol verilmədiyi bildirilməsinə baxmayaraq, ona bildirmişlər ki, pensiya təyinatı zamanı, saxta sənədlər pensiya işinə daxil edilmiş, əlavə vəsait mənimsənilmişdir. Lakin o, dəfələrlə cavabdehə bildirmişdir ki, həmin sənədlərdən və hər hansı vəsaitdən onun xəbəri yoxdur. O, təqdim edilən pensiya kartından istifadə etmiş və ödənişləri də həmin kartdan çıxarmışdır. Onun pensiya işinə edilən müdaxiləyə görə məsuliyyəti o, daşıya bilməz, bu hal qeyd edilən pensiyanın dayandırılması üçün əsas ola bilməz. Eyni zamanda, hüquq mühafizə orqanlarının araşdırma dövründə pensiya ödənişinin dayandırılması qanunsuz bir hərəkətdir. Əgər iddiaçının təqsiri müəyyən edilməyibsə və ümumiyyətlə onun barəsində cinayət işi mövcud deyilsə, onun pensiyası dayandırıla bilməz. Qanunda belə bir əsas göstərilməmişdir. Buna görə də, ona təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması ilə bağlı hərəkətlər qanunsuz və əsassızdır. İki ilə yaxındır ki, onun pensiya ödənişləri dayandırılmış və guya araşdırma aparıldığı bildirilir. Lakin həmin araşdırmanın nə vaxt başa çatacağı bəlli deyil. Onun 63 yaşı var. Heç bir yerdə işləmir və yeganə gəlir mənbəyi aldığı pensiyadır. Həmin pensiyanın kəsilməsi maddi çətinliklər yaratmaqdadır. Onun cavabdehə dəfələrlə etdiyi şikayətlərinin heç bir nəticəsi olmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X2 pensiyasının dayandırılması haqqında xx.xx.2020-ci il tarixli **********4 nömrəli qərarının ləğv edilməsi və həmin qərara əsasən dayandırılmış İddiaçı təyin olunan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8850/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə İddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X2 pensiyasının dayandırılması haqqında xx.xx.2020-ci il tarixli **********4 nömrəli qərarı ləğv edilsin və həmin qərara əsasən dayandırılmış İddiaçı təyin olunan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa olunaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8850/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaçıya verilmiş imtina məktubuna uyğun tərtib edilmiş və əlavə olaraq qeyd edilmişdir ki, müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Sözügedən orqandan Nazirliyə daxil olmuş məktuba əsasən həmin faktlar üzrə cinayət işinin başlanmasına dair qərar qəbul edilib. Bu səbəbdən də əmək pensiyası ödənişinin bərpa edilməsi məsələsinə araşdırmanın nəticəsi barədə müvafiq məlumatlar cavabdeh inzibati orqana daxil olduqdan sonra baxılacaqdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8850/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş müraciətlərinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Araşdırmanın nəticəsi olaraq Sizə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Sözügedən orqandan Nazirliyə daxil olmuş məktuba əsasən həmin faktlar üzrə cinayət işinin başlanmasına dair qərar qəbul edilib. Qeyd olunanlara əsasən, cinayət işi üzrə icraatın başa çatmasına dair cinayət prosesini həyata keçirən orqanın yekun qərarı ilə bağlı məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra pensiya ödənişinizin bərpa edilib-edilməməsi məsələsinə baxılacaqdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından və Azərbaycan Respublikası Birinci Vitse-Prezidentinin Katibliyindən 03 fevral 2022-ci il tarixlərində daxil olmuş müraciətlərinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütəmadi olaraq pensiya təminatı sahəsində müxtəlif risk qrupları və parametrlər üzrə aparılan araşdırmalar nəticəsində analoji hallar və ya şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş əmək pensiyalarının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.8.3-cü maddəsinin tələbinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar Sizə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş hallar pensiya qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi müstəvidə araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmək pensiyası hüququnuza yenidən baxılacaqdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli **********4 nömrəli “Əmək pensiyasının dayandırılması haqqında” qərarından görünür ki, İddiaçı DSMF Səbail rayon şöbəsi tərəfindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsindən İdarənin e-mailinə xx.xx.2020-ci il tarixində daxil olmuş məktuba əsasən dayandırılmışdır. - Azərbaycan Respublikasının Prokurorluğu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə daxil olmuş 18 may 2022-ci il tarixli 2-1(112)-8850/2022 nömrəli cinayət işi üzrə sorğunuza baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1, 313, 320.1 və 320.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə istintaq çərçivəsində ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı saxta sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə etməsi faktı araşdırılır. Halhazırda qeyd edilən cinayət işi üzrə X3 və qeyrilənin barəsində istintaq davam etdirilməklə nəticəsindən asılı olaraq təqsirli şəxslərin əməllərinə cinayət işinin istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla istintaqın yekununda hüquqi qiymət veriləcəkdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İddiaçıya xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaş görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli ********** nömrəli “Əmək pensiyasının dayandırılması haqqında” qərarına əsasən iddiaçıya təyi edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi dayandırılmışdır. Əmə pensiyasının bərpa edilməsi üçün iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciə edilsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfində iddiaçıya ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır, araşdırmanın nəticəsi olaraq iddiaçıya qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir və həmin orqandan Nazirliyə daxil olmuş məktuba əsasən həmin faktlar üzrə cinayət işinin başlanmasına dair qərar qəbul edilib, ona görə də cinayət işi üzrə icraatın başa çatmasına dair cinayət prosesini həyata keçirən orqanın yekun qərarı ilə bağlı məlumatlar Mərkəzi Filiala daxil olduqdan sonra pensiya ödənişinin bərpa edilib- edilməməsi məsələsinə baxılacaqdır. Azərbaycan Respublikasının Prokurorluğu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan da görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1, 313, 320.1 və 320.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə istintaq çərçivəsində İddiaçı saxta sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə etməsi faktı araşdırılır, hazırda yekun qərar qəbul edilməmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Cavabdeh apellyasiya şikayətində, eyni zamanda imtina məktubunda araşdırmanın nəticəsi olaraq iddiaçıya qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasına əsaslı şübhələr olduğundan təyin edilmiş pensiya ödənişinin dayandırıldığı qeyd edilsə də, iddiaçıya ilkin pensiya təyin olunması barədə DSMF orqanının qərarı - inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmədən ona təyin edilmiş pensiya məbləğinin ödənişi dayandırılmışdır. Cavabdeh inzibati orqan nə inzibati icraat çərçivəsində, nə də hazırkı inzibati məhkəmə icraatında iddiaçıya təyin olunmuş pensiyanın ödənişinin dayandırılmasının «Əmək pensiyaları haqqında» Qanunun 37.8-ci maddəsinin və «İnzibati icraat haqqında» Qanunun 17-ci maddələrinin tələbləri baxımından zəruriliyi və əsaslılığı ilə bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. İddiaçının saxta sənəndlər əsasında pensiya hüququ əldə etməsi faktının araşdırılması qanuni qüvvəyə minmiş yekun qərar olmadan iddiaçıya təyin edilmiş əmək pensiyasının ödənişinin dayandırılması üçün əsas deyildir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8850/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8850/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1467/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1467/2023
01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver