Məhkəmə qərarları › İş №2-1(103)-1468/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1468/2021

08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1468/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın qanunsuz sayılaraq ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2-1(112)- 1825/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məhkəmədə iddia qaldıraraq Xidmətin İQ67/1 saylı 20.04.2020-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, İddiaçı 13 yanvar 2020-ci il tarixli vəsatətini təmin edərək, İddiaçı qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin Xidmətin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Əfqanıstan İslam Respublikası vətəndaşı və etnik olaraq həzara, dini mənsubiyyətinə görə şiə-müsəlmandır. Subaydır. 08.02.2001ci ildə Əfqanıstan İslam Respublikasının Qəzni vilayətinin Nahur Ulusvaliliyinin, Kurmudə kəndində doğulmuşdur, 1-7-ci sinifləri Kurmurdə kəndində oxumuş, daha sonra ailəsi Kabil şəhərinə köçdüyü üçün 8-12-ci sinifləri Kabil şəhərində “X2” adlı orta məktəbdə oxumuşdur. Məktəbi bitirdikdən sonra 6 ay fotoqraf işləmişdir. Daha sonra tikintidə fəhləlik etmiş, çörək satışı ilə məşğul olmuşdur. 2 yaşı olarkən atası Eyvazəli naməlum şəxslər tərəfindən oğurlanaraq qətlə yetirilmişdir. 1 bacısı 4 qardaşı olmuşdur. Böyük qardaşı Nacibullah 5 il əvvəl Almaniyaya getmişdir. Bacısı Tahirə ailəlidir və Əfqanıstan İslam Respublikasının Kabil şəhərində yaşayır. 1,5 il əvvəl kiçik qardaşı Rəhmətullah naməlum şəraitdə itkin düşmüşdür. Əfqanıstanda mövcud qeyri- stabil vəziyyət, tez-tez terror hadisələri olduğu üçün, həyatlarının təhlükədə olması səbəbindən 14.12.2020- ci ildə anası Fatema, qardaşı Nematullah ilə birlikdə Əfqanıstanı tərk edərək Azərbaycana gəlmişdir. O, 14.12.2019-cu ildə Azərbaycana gəlib. 13 yanvar 2020-ci ildə o, sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti (“DMX”) onun vəsatətini 08-2020 saylı iş nömrəsi ilə qeydiyyata alıb və iddiaçıyla müsahibə aparıb. İddiaçı bildirib ki, taliblərlə əməkdaşlıq etməkdən imtina etdiyinə görə taliblər tərəfindən təqib olunacağından qorxduğu üçün Əfqanıstana geri qayıtmaq istəmir. İddiaçı cavabdehin qərarından inzibati şikayət verib. 177 saylı 28.08.2020-ci il tarixli qərar inzibati şikayət rədd edilib. Şikayət instansiyası qərarını İddiaçı tərəfindən verilmiş şikayətin əsassız olması ilə (ümumi və qeyri-müəyyən sözlərlə) əsaslandırıb. Bakı İnzibati Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2-1(112)-1825/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2-1(112)-1825/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin materialları ilə müəyyən edilir ki, İddiaçı 08.02.2001-ci ildə Əfqanıstan İslam Respublikasının Qəzni vilayətinin Nahur ulusvaliliyinin, Kurmudə kəndində doğulmuş və hazırda da həmin ölkənin vətəndaşıdır. İddiaçı 13.01.2020-ci il tarixdə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə Xidmətə müraciət etmişdir. İddiaçının vəsatətinə Xidmət tərəfindən təşkil olunmuş Komissiya tərəfindən baxılmış və 20.04.2020-ci il tarixli İQ-67/1 №-li qərarla ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. İddiaçı bundan sonra adıçəkilən qərarla razılaşmayaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı hesab edir ki, Xidmət tərəfindən vəsatətə baxılan zaman onun tərəfindən irəli sürülən bütün hallar nəzərə alınmamış və bununla da qanunla qorunan hüquq və mənafeləri pozulmuşdur. Cavabdeh isə hesab edir ki, iddiaçının irəli sürdüyü fikirlər öz təsdiqini tapmadığından Xidmət tərəfindən ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. İmtinanı verilməsinə əsas kimi qeyd olunmuşdur ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini baxışlarına görə təqib olunmadığı, iddiaçı və ailə üzvlərinin vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadıqları müəyyən edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş vəsatətə baxılması haqqında sənədlərdən (müsahibə, ərizə-anket) görünür ki, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ona qaçqın statusu verilməmişdir. Göründüyü kimi, iddiaçı qaçqın statusu alınması üçün əsas gətirdiyi hallar ehtimal üzərində qurulmuş və hər hansı bir mötəbər sübut Xidmətə təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının barəsində irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən edilmədiyindən inzibati orqan qaçqın statusunun verilməsindən qanuni və əsaslı olaraq imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İddiaçının apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Əfqanıstan İslam Respublikasının vətəndaşıdır. 13 yanvar 2020-ci ildə o, sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini 08-2020 saylı iş nömrəsi ilə qeydiyyata alıb və onunla müsahibə aparıb. O, taliblərlə əməkdaşlıq etməkdən imtina etdiyinə görə taliblər tərəfindən təqib olunacağından qorxduğuna ölkəsinə geri qayıtmaq istəmir. Cavabdehin imtinasının əsası isə ondan ibarətdir ki, iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini baxışlarına görə təqib olunmadığı, iddiaçının və ailə üzvlərinin vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. “Qaçqın” statusu əldə etmək üçün müraciət etmiş şəxsin bu barədə vəsatətinin təmin oluna bilməsi üçün adıçəkilən Qanunun 1-ci maddəsində göstərilən və “Qaçqın” anlayışını xarakterizə edən tələblərə cavab verməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi üçün, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı olmuşdur. İş materiallarında olan müsahibə, ərizə-anketdən aydın görünür ki, ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi etibarlı pasportunu təqdim edərək adını, yaşını, doğulduğu yeri, vətəndaşlığını sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. Ərizəçinin müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İddiaçının qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və bu halları təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu o deməkdir ki, İddiaçı ona “Qaçqın” statusunun verilməməsinin qanuna zidd olduğunu və ya qanunun tələblərinə cavab verməyən hərəkət (hərəkətsizlik) olduğunu məhkəmə qarşısında sübut etmək vəzifəsini daşıyır. Eyni zamanda, İPM-in 14.3-cü maddəsi tələb edir ki, iddiaçı hansı əsasların, faktiki şərtlərin ona “Qaçqın” statusu verilməsi barədə qərarın qəbulunun zəruri etdiyini göstərsin. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən və iddiaçıya qaçqın statusu verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş faktiki əsaslar mövcud olmadığından cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, qəbul edilmiş müvafiq qərar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış, və onların həyata keçirilməsinə maneəçilik yaradılmamışdır, həmin qərarda ifadə edilmiş nəticənin qanunsuzluğu qənaətinə gəlmək üçün əsaslar olmadığından hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2-1(112)-1825/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar