Məhkəmə qərarları › İş №2-1(103)-1468/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1468/2022

05.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1468/2022 05.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2200/2022 saylı, 12 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 02-05 avqust 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun X7 Partiyasının Ermənistan Lenin X2 müxtəlif orqanlarında və Ermənistan X1 Komitəsində xx.xx.1977-xx.xx.1989-cu illərdə işlədiyi dövr, Azərbaycan Respublikası Həmkarlar X4 xx.xx.1990-cı il tarixli 39 saylı qərarı ilə xx.xx.1989-xx.xx.1990-cı ilə olan bərpa olunmuş iş stajı dövlət qulluğu stajına daxil olunmaqla, ona - xx.xx.1956-cı il təvəllüdlü İddiaçı, 65 yaşı tamam olduğuna görə xx.xx.2021-ci il tarixindən hesablanaraq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişinin hesablanaraq ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə 7 iyul 2021-ci il tarixində cavabdehə müraciət etmişdir. Cavabdeh orqan 27 iyul 2021-ci il tarixli **********9 nömrəli məktubu ilə ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Həmin imtina məktubunda “Əmək pensiyaları haqqında" Qanunun 20.11.1-ci 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyalarına və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsaslanaraq qeyd olunmuşdur ki, onun dövlət qulluğu stajı 15 ildən az (13 il 9 gün (xx.xx.1990xx.xx.1991-ci il xx.xx.1991-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər) təşkil etdiyinə görə müraciətinin icrası mümkün deyildir. Cavabdeh orqan tərəfindən iddiaçının dövlət qulluğu stajı hesablanarkən SSRİ dövlətinin mövcud olduğu dövrdə X7 Partiyasının Ermənistan Lenin X2 müxtəlif orqanlarında və Ermənistan X1 Komitəsində xx.xx.1977- xx.xx.1989-cu illərdə işlədiyi dövr, həmçinin Ermənistandan deportasiya olunduqdan sonra qaçqın statusunun olduğu əsas götürülərək Əmək və Sosial məsələlər üzrə SSRİ Dövlət Komitəsinin xx.xx.1985-ci il tarixli 252 saylı qərarına uyğun olaraq Azərbaycan Respublikası Həmkarlar X4 xx.xx.1990-cı il tarixli 39 saylı qərarı ilə xx.xx.1989-01.1990-cı ilə olan bərpa olunmuş iş stajını da dövlət qulluqçusu stajına daxil edilməmişdir. Yuxarıda qeyd olunan dövrlərin onun dövlət qulluğu stajına daxil edilməsi ilə bağlı cavabdeh orqana yenidən müraciət etmişdir. Cavabdeh 20 avqust 2021-ci il tarixli **********4 nömrəli məktubu ilə müraciətinin icrasından imtina etmişdir. Sonradan iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən, yəni 65 yaşdan dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2200/2022 saylı, 12 yanvar 2022-ci il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2200/2022 saylı, 12 yanvar 2022ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: E.Əliyev) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən 4 mart 2009-cu il tarixindən sabiq dövlət qulluqçusu kimi əlilliyə (İİ qrup) görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir, sözügedən Qaydaların 6.2-ci bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 51 nömrəli misalda qeyd edildiyi kimi, təyin edilmiş yeni növ pensiya “Əmək pensiyaları haqqında” Qanununa 1 iyul 2017-ci il tarixindən edilmiş dəyişikliklərə uyğun olaraq hesablanır. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1 və 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyalarına və “Dövlət qulluğu haqqında" Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçının Mərkəzi Filialda mövcud olan sənədlərdə onun dövlət qulluğu stajı 15 ildən az (13 il 9 gün (xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Ermənistan, Amasiya rayonunda doğulmuşdur. İş materiallarında olan İddiaçı məxsus notarial qaydada tərcümə və təsdiq edilmiş ******* nömrəli Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdən əmək fəaliyyətinə başlamış, həmçinin xx.xx.1983-xx.xx.1983-cü illərdə Ermənistan Kommunist Partiyası MK kənd təsərrüfatı şöbəsinin instruktoru, xx.xx.1983-xx.xx.1986-cı illərdə Kənd təsərrüfatı şöbəsinin kənd təsərrüfatı və qida sənayesi şöbəsinin instruktoru, xx.xx.1986xx.xx.1989-cu illərdə Ermənistan KP MK təşkilati – partiya işi şöbəsinin instruktoru, xx.xx.1989-xx.xx.1991-cı illərdə Azərbaycan KP BK-ın partiyanın şəhər komitəsinin təşkilat şöbəsinin instruktoru, xx.xx.1991-xx.xx.1992-ci illərdə Bakı şəhər şurasının icra komitəsi Millətlərarası münasibətlər sektor şöbəsinin rəisi, xx.xx.1992-xx.xx.1993-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı yanında millətlərarası münasibətlər sektor şöbəsinin rəisi, xx.xx.1993-xx.xx.1995-ci illərdə Qaçqınlar və məcburi köçkünlər şöbəsinin müdiri, xx.xx.1995-xx.xx.2003-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində işləmişdir. İş materiallarında olan cavabdeh tərəfindən İddiaçı ünvanlanmış dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin olunmasından imtinanın əsas səbəbi onun dövlət qulluğu stajının 15 ildən az olması göstərilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən İddiaçı ünvanlanmış müvafiq vəzifənin dövlət qulluğu vəzifəsi hesab edilməməsi haqqında xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, iddiaçının xx.xx.1983-xx.xx.1990-cı tarixləri arasındakı dövr ərzində Ermənistan Sovet Sosialist Respublikasında işlədiyi vəzifələr qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu stajına daxil etmək mümkün deyildir. İşdən görünür ki, iddiaçı ona xx.xx.2021-ci il tarixdən, yəni 65 yaşdan dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” qüvvəyə minənədək dövlət orqanlarında mövcud olmuş vəzifələrin uyğunlaşdırılması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə aparılmışdır. Həmin “Siyahı”nın 1.4-cü bəndinə əsasən X1 Komitəsinin Aparatında instruktor (təlimatçı) vəzifəsi məsləhətçi inzibati vəzifəsinə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda iddiaçının müvafiq dövlət orqanlarında işlədiyi instruktor (təlimatçı) vəzifəsi məsləhətçi vəzifəsinə uyğunlaşdırılaraq inzibati vəzifələrə aid edilməklə dövlət qulluğu vəzifələri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının dövlət qulluğu stajı 15 ildən çox, yəni 20 il 10 gün təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Həmin Qanun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajina görə əmək pensiyalarına əlavələr təyin edilir. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.1-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial haqqı ödənilən hər hansı işinin müddəti əlavə edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə görə isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 №-ü Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları"nın 6-cı bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Həmin Qaydaların 11-ci bəndinə əsasən dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 №-li Fərmanı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı"nın 1.6-cı bəndində Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin aparatında mövcud olmuş vəzifələr (birinci katib, ikinci katib, katib, şöbə müdiri, partiya nəzarəti komissiyasının sədri, partiya nəzarəti komissiyasının sədrinin müavini, birinci katibin köməkçisi, sektor müdiri, katibin köməkçisi, instruktor) rayon, şəhər və şəhərdə rayon icra hakimiyyətinin başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında mövcud vəzifələrə (aparatın rəhbəri, aparatın rəhbərinin müavini, bölmə rəhbəri, bölmə rəhbərinin müavini, sektor müdiri, böyük məsləhətçi) uyğunlaşdırılmışdır. Həmin Fərmanın 2-ci bəndinə əsasən, bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. İşdən göründüyü kimi cavabdehin imtinasının əsası iddiaçının xx.xx.1983-xx.xx.1990cı tarixləri arasındakı dövr ərzində Ermənistan Sovet Sosialist Respublikasında işlədiyi vəzifələrin dövlət qulluğu stajına daxil edilməsinin mümkün olmaması ilə bağlıdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Apelyasiya baxışı zamanı məhkəmə tərəfindən İddiaçı xx.xx.1983-xx.xx.1983-cü illərdə işlədiyi Ermənistan KP MK Aparatında kənd təsərrüfatı şöbəsində təlimatçı, xx.xx.1983-xx.xx.1986-cı illərdə işlədiyi Ermənistan KP MK Aparatında kənd təsərrüfatı şöbəsinin kənd təsərrüfatı və qida sənayesi şöbəsində müfəttiş, xx.xx.1986-xx.xx.1989-cu illərdə işlədiyi Ermənistan KP MK Aparatında təşkilati-partiya və kadrlar işi üzrə şöbəsində müfəttiş, xx.xx.1989-xx.xx.1990-cu illərdə işlədiyi Ermənistan KP MK Aparatında təşkilatipartiya və kadr işi şöbəsində cavab instruktoru vəzifələrinin Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na əsasən hansı dövlət qulluqçusu vəzifəsinə uyğunluğunu müəyyən etmək üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə sorğu verilmişdir. Sorğuya cavab olaraq X5 daxil olmuş və iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli PHŞ/3-2-2022-1440 nömrəli məktubdan görünür ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddətinin nəzərə alındığını, müvafiq Siyahının 1-ci hissəsində 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin adları nəzərdə tutulduğundan, İddiaçı xx.xx.1983-xx.xx.1990-cı illərdə Ermənistan KP MK Aparatında müxtəlif vəzifələrdə işlədiyi müddət dövlət qulluqçusunun qulluq stajı hesablanarkən qulluq stajı kimi nəzərə alınır. Əlavə olaraq bildirilmişdir ki, qeyd edilən Siyahının 1-ci hissəsində 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin adları nəzərdə tutulmuşdur və Ermənistan KP MK Aparatında mövcud olmuş vəzifələr həmin Siyahının 1-ci hissəsində nəzərdə tutulan müvafiq orqanlarda analoji vəzifələrə uyğundur. Göründüyü kimi iddiaçının xx.xx.1983-xx.xx.1990-cı tarixləri arasındakı dövr ərzində Ermənistan Sovet Sosialist Respublikasında işlədiyi vəzifələr yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan müvafiq orqanlarda analoji vəzifələrə uyğundur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.1983-xx.xx.1990-cı illərdə Ermənistan KP MK Aparatında müxtəlif vəzifələrdə işlədiyi müddət dövlət qulluqçusunun qulluq stajı hesablanarkən qulluq stajı kimi nəzərə alınmalı və həmin dövr onun dövlət qulluğunda qulluq stajına daxil edilməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 65 yaşının tamam olması və dövlət qulluğu stajının 15 ildən çox olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2200/2022 saylı, 12 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar