Məhkəmə qərarları › İş №2-1(103)-1468/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1468/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1468/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9274/2022 saylı 19 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam oldğu 17 yanvar 2019-cu il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9274/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9274/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 15 fevral 1985-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 20 ildən az (19 il 7 ay 24 gün (xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq, sözügedən əmək kitabçasının 2-3-cü səhifələrində xx.xx.1985-ci il tarixədək onun iş stajının olmadığı qeyd edilmişdir. Göstərilənlərə əsasən Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 9274/2022 nömrəli qərarını ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 14 may 1985-ci il tarixdən 26 iyul 1987-ci il tarixinədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 04 may 2022-ci il tarixli, **********1 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 8 oktyabr 2021-ci il tarixli **********4 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 6 aprel 2022-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bir daha bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə sasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Mərkəzi Filiala təqdim etdiyi 15 fevral 1985-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, 01 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 20 ildən az (19 il 7 ay 24 gün (xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq bildiririk ki, sözügedən əmək kitabçasının 2-3cü səhfələrində xx.xx.1985-ci il tarixədək iş stajınızın olmadığı qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X4 tərəfindən iddiaçıya 26 avqust 2021-ci il tarixli məktubla ünvanlanmış Dövlət X4nda saxlanılan S.Ə.Şirvani adına sovxozun 1983-1984-cü illərin əmr kitablarından arxiv çıxarışından görünür ki, S.Ə.Şirvani adına sovxozun direktorunun 22 iyul 1983-cü il tarixli 88 nömrəli əmrilə İddiaçı sovxoza fəhlə qəbul edilmiş, 28 dekabr 1984-cü il tarixli 211 nömrəli əmrlə isə işdən azad edilmişdir. Əsas: fond – 320, siyahı – 1, s/v – 18,19.v.72.159. İş materiallarında olan SOCAR “Azneft” İB N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş 40 nömrəli, xx.xx.2021-ci il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilə qədər N.Nərimanov adına NQÇİ-nin 3 saylı NQÇS-də neft və qaz hasilatı üzrə operator peşəsində işləyib (əmr 405/k, xx.xx.1989-cu il), ixtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a-15824, güzəştli staj ixtsasa əsasən 03 il 06 ay 16 gün; xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilə qədər “Bulla-dəniz” NQÇİ-nin 2 saylı NQÇS-də neft və qaz hasilatı üzrə operator peşəsində işləyib (əmr 02/k, xx.xx.1993-cü il), ixtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a-15824, güzəştli staj ixtisasa əsasən 12 il 09 ay. Arayışa əsasən xx.xx.2006-cı il tarixinə güzəştli əmək stajı 16 il 3 ay 16 gün. Yuxarıda qeyd olunmuş bütün ixtisaslar dəniz şəraitində neft və qazçıxarma stasionar özül obyektləri ilə əlaqədardır. Azərbaycan Respublikası NK-nin 12/Vİ-93-cü il tarixli 320 №-li qərarı ilə təsdiq edilmiş bu ixtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır. Arayış N.Nərimanov adına NQÇİ-də saxlanılan T-2 formalı kartoçka, kadr əmrləri əsasında verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X4 tərəfindən məhkəməyə ünvanlanmış 264 nömrəli, 26 iyul 2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş İddiaçı Şamaxı rayonu S.Ə.Şirvani adına sovxozunda 1983- 1984-cü illərdə işləyib aldığı aylıq əmək haqqı barədə arxiv arayışı və əmr kitablarından arxiv çıxarışından görünür ki, S.Ə.Şirvani adına sovxozun direktorunun 22 iyul 1983-cü il tarixli 88 nömrəli əmrilə İddiaçı sovxoza fəhlə qəbul edilmiş, 28 dekabr 1984-cü il tarixli 211 nömrəli əmrilə isə işdən azad edilmiş və həmin dövdə əmək haqqı almışdır. Əsas: fond – 320, siyahı – 1, s/v – 18,19.v.72.159. İş materiallarında olan iddiaçıya məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək “Xəzərqazmaneftqazsənaye” İB-nin Sahil dəniz kəşfiyyatqazma idarəsində takelajçı, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək “Aztransqaz” İB takelajçı, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək “Azenerjitikinti” trestində fəhlə, xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilədək “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-də neft-qaz hasilatı üzrə operator, xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək “Bulla-Dəniz” NQÇİ-də neft-qaz hasilatı üzrə operator işləmiş, xx.xx.2006-cı ildən hal-hazıra qədər N.Nərimanov adına NQÇİ-də neftqaz hasilatı üzrə operator vəzifəsində işləyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sgrortaolunangn sgrorta stajgna bu Qanunun 21.1-ci maddəsində qeyd olunan mğddətlərdən əlavə, aöargdakg mğddətlər daxil edilir: 21.2.3. mğddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvargn 1-dək kezmiö SSRG-nin ərazisində mğddətli həqiqi hərbi xidmət düvrğ daxil olmaqla) və mğvafiq icra hakimiyyəti orqangnda qeydiyyatdan kezmiö üzğnğmğdafiə dəstələrində və birləєmələrində olduru mğddət, mğvafiq icra hakimiyyəti orqanlargnda və hərbi xidmət nəzərdə tutulmuö digər düvlət orqanlargnda (düvlət orqanlargngn strukturuna daxil olan qurumlarda) xidmət mğddəti. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1967-ci il təvəllüdlüdür. İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmət müddəti daxil olmaqla iddiaçının ümumi stajı (əmək kitabçasına əsasən xx.xx.1985xx.xx.1985, xx.xx.1988-xx.xx.1988, xx.xx.1989-xx.xx.1989, xx.xx.1989-xx.xx.1993, xx.xx.1993-xx.xx.2006) 19 il 7 ay 24 gün təşkil edir, cavabdeh tərəfindən həmin müddət mübahisələndirilmir. Eyni zamanda Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X4nın arxiv arayışlarından görünür ki, iddiaçı Şamaxı rayonu S.Ə.Şirvani adına sovxozda 22 iyul 1983-cü il tarixdən 28 dekabr 1984-cü il tarixədək fəhlə işləmişdir və əmək haqqı almışdır. Cavabdeh tərəfindən həmin dövr iddiaçının ümumi stajına daxil edilməmişdir. Məhkəmə bununla əlaqədar aşağıdakıları qeyd edir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasında onun xx.xx.1985-ci il tarixədək iş stajının olmamasının qeyd edilməsi ilə əlaqədar cavabdehin dəlili əsassızdır. Belə ki, iddiaçının 22 iyul 1983-cü il tarixdən 28 dekabr 1984-cü il tarixədək Şamaxı rayonu S.Ə.Şirvani adına sovxozda fəhlə işləməsi arxiv arayışı ilə öz təsdiqini tapır. Həmçinin arxiv arayışında qeyd edilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Şamaxı rayonu S.Ə.Şirvani adına sovxozda fəhlə işlədiyi dövr də (1 il 5 ay 6 gün) iddiaçının ümumi stajına daxil edilməlidir. Göründüyü kimi, hərbi xidmət və sovxozda işlədiyi müddət daxil olmaqla iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi stajı 20 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı cavabdeh tərəfindən mübahisələndirilməsə də, bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilə qədər N.Nərimanov adına NQÇİ-nin 3 saylı NQÇSdə neft və qaz hasilatı üzrə operator, xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilə qədər “Bulladəniz” NQÇİ-nin 2 saylı NQÇS-də neft və qaz hasilatı üzrə operator peşəsində işləmişdir (cəmi 16 il 3 ay 16 gün). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: X Bölmə - Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı; 2. Neft-qaz və qaz kondensatının hasilatı; a) fəhlələr; kod 1100000a—15824 neft və qaz hasilatı üzrə operatorlar. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən çoxdur (cəmi 16 il 3 ay 16 gün). İddiaçı tərəfindən təqdim edilmiş ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 52 yaşından (xx.xx.2019-cu ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün cavabdeh inzibati orqana daha əvvəl də müraciət etmiş və onun müraciətinə cavabdeh xx.xx.2021-ci il tarixli məktubla imtina cavabı vermişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya təyin edilmiş pensiya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tələblərinə əsasən (müraciət edilən tarixdən əvvəlki üç ilin iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2019-cu ildən də əvvələ təsadüf etməsi nəzərə alınmaqla) xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi göstərilməklə, dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9274/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi göstərilməklə, dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar