Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1468/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-15121/2024 nömrəli, 04 dekabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqadar ömürlük ikinci dərəcəli əlil olduğuna görə orqanizminə dəymiş ziyanı DİN-nin Nəqliyyatda Baş Polis İdarəsində sonuncu işlədiyi ictimai təhlükəsizlik şöbəsinin inspektoru vəzifəsinin bugünki məvacibinin 50 misli miqdarında birdəfəlik kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1982 - 12.2012-ci il tarixlərdə X3 xidmət etmiş, təqaüddə olan zabitdir. Xidməti vəzifəsini icra edərkən DİN tərkibində Moqilyov Polis Məktəbindən xx.xx.1986-cı il, xx.xx.1986-cı il Çernobıl qəzasının nəticələrini aradan qaldırılmasında iştirak etməkdən ötəri hadisə yerinə ezam olunmuş, nətcədə xidməti vəzifəsini yerinə yetirərkən şüalanmaya məruz qalaraq, ömürlük 2 dərəcəli əlil olmaqla sağlamlığına ağır zərər dəymişdir. Xidməti vəzifəsini yerinə yetirərkən orqanizmə dəyən ziyana görə kompensasiya alacağını bilmədiyindən bu barədə DİN qarşısında idda qaldırmamış və cavabdeh də öz növbəsində öhdəliyini yerinə yetirib ona kompensansiya ödəməmişdir. Hüquqlarının pozulması, yəni kompensasiya verilməməsi barədə ona onunla birgə Çernobl AES-in qəzasının nəticələrini aradan qaldırmaqda iştirak etmiş, hal-hazırda Xaçmaz PŞ-dən təqaüddə olan Elşad Məmmədov orqanizminə dəyən ziyanın kompensasiyasını aldığı barədə məlumatlandırandan sonra hüquqlarının pozulması barədə bilmiş və cababdehə kompensasiya ödənilməsinə dair ərizə ilə müraciət etmişdir. Nazirlik xx.xx.2024-cü il tarixli 3-13-22/2-S-71123/1/2024 saylı məktubla imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15121/2024 nömrəli, 04 dekabr 2024-cü il tarixli qərardadı ilə (hakim C.Quliyev) iddia mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsinin məzmununa oxşar məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2015-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında müvafiq komissiya xəstəliyinin dərəcəsini 2-ci qrup Çernobıl əlili kimi qiymətləndirmişdir. xx.xx.2015-ci il tarixindən cavabdeh tərəfindən kompensasiya ödənilməsi öhdəliyi yaranmışdır. Sağlamlığına dəyən ziyan üçün kompensasiya almaq hüququnu indi bilib bu barədə DİN-nə müraciət etmişdir. Cavabdeh müddətin ötürüldüyünü və Azərbaycan Respubikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli 1513 saylı Fərmanına istinad edərək, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizə aparan şəxslərə kompensasiya ödənilməsi şamil edildiyini əsas tutub ona kompensasiya ödənilməsindən imtina etmişdir. Məhkəmə 2011-ci il tarixinədək qəbul edilmiş aktların mübahisələndirməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddətinin 2011-ci il tarixinədək artıq ötürüldüyündən, yeni qanunlara görə mübahisələndirilə bilməyəcəyi qənaətinə gələrək 27 dekabr 2024-cü il tarixli iddianın mümkünsüzlüyünə dair qərardad qəbul etmişdir. DİO-da xidməti vəzifəsini yerinə yetirərkən şüalanma nəticəsində sağlamlığına dəyən ziyanın 2 qrup əlil kimi qiymətləndirilməsi xx.xx.2015-ci ildə baş verdi. Onun kompensasiya almaq hüququ bu tarixdən yarandığından o, məhkəmənin qeyd olunan 2011-ci ildən əvvəlki qanunla iddianı verə bilməzdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 15121/2025 nömrəli, 04 dekabr 2024-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, işdən müəyyən olunur ki, iddiaçının tələbi xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqadar ömürlük ikinci dərəcəli əlil olduğuna görə orqanizminə dəymiş ziyanın DİN-nin Nəqliyyatda Baş Polis İdarəsində sonuncu işlədiyi ictimai təhlükəsizlik şöbəsinin inspektoru vəzifəsinin bugünki məvacibinin 50 misli miqdarında birdəfəlik kompensasiya ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməsi barədədir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarından müəyyən edilir ki: - xx.xx.1986-cı il tarixli 5130 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı Xoyniksk RDİŞ-də xidməti vəzifəsini yerinə yetirmişdir və ona “29” oktyabr 1986-cı ildən “29” noyabr 1986-cı ilə qədər SSRİ DİN-in 11 may 1986-cı il tarixli əmrində nəzərdə tutulmuş məbləğdə və qaydada ştat vəzifəsinə görə pul vəsaiti verilməlidir. -İddiaçı dair tibbi-sosial ekspert komissiyasının xx.xx.2015-ci il tarixli qərarından görünür ki, o, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik statusuna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydalarının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 406 №li qərarı: Maddə 14. bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların səhhətinin pozulmasına səbəb olmuş ziyana görə onlara aşağıdakı məbləğlərdə birdəfəlik maddi yardım göstərilir: İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud uşaqlara - minimum əmək haqqının 30 misli məbləğində; İİ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud uşaqlara - minimum əmək haqqının 20 misli məbləğində; İİİ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanla məhdud uşaqlara - minimum əmək haqqının 15 misli məbləğində. Onlara habelə hər il müalicə ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğlərdə birdəfəlik müavinətlər verilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, iddianın mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü yoxlanılan zaman işin hallarının araşdırılması prinsipi pozulmuşdur. Bununla bağlı ilk öncə qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur və bununla yanaşı məhkəmə iddianın növünü düzgün müəyyən etməlidir. Birinci instansiya məhkəməsi hazırki iddia üzrə müddətin ötürülməsinə istinad edərək iddianı mümkün saymamışdır. Halbuki, hazırki iddia mübahisələndirmə iddia növünə aid deyil. Hazırki iddia öhdəliyin icrası iddia növünə aiddir. Qeyd olunmalıdır ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Bundan əlavə, yuxarıda qeyd olunduğu kimi iddiaçının əlilliyi 2015-ci ildə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi 2011-ci il tarixinədək qəbul edilmiş aktların mübahisələndirməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddətinin 2011-ci il tarixinədək artıq ötürüldüyündən, hazırki qanunvericilik normalarına görə mübahisələndirilə bilməyəcəyi qənaətinə gəlmişdir. İddiaçının kompensasiya almaq hüququ 2015-ci ildən etibarən yarandığından o, birinci instansiya məhkəməsinin qeyd olunan 2011-ci ildən əvvəlki qanunvericilik normalarına əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməzdi. Həmçinin nəzərə almaq lazımdır ki, “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydaları” Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 406 №li Qərarı ilə təsdiq edilmişdir. Sözügedən qərarın “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qəbul edilməsi istinad olunan qərarın giriş hissəsindən aydın şəkildə görünür. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanunun 14-cü maddəsi “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsinin birbaşa hüquqi əsasını təşkil edir və həmin hüququn həyata keçirilməsini tənzimləyən Qaydaların sonradan qüvvədən düşməsi iddiaçının həmin Qanunda göstərilən birdəfəlik yardımı almaq hüququnu aradan qaldırmır. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15121/2024 nömrəli, 04 dekabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1468/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1468/2025
25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver