Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1469/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Abdülrəhim oğlunun, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Abdülrəhim oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1031/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Abdülrəhim oğlu cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1992-ci ilin yanvar ayından aprel ayınadək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi faktının müəyyən olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə müraciət edərək ona “müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ilin yanvar ayınadək Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsində rəis müavini vəzifəsində xidmət etmişdir. Həmin vaxtlarda erməni işğalçıları Qarabağ ətrafında olan rayonlara mütəmadi təcavüz göstərərək, torpaqları işğal edir, vətəndaşları xüsusəndə dinc sakinləri qırırdılar. Erməni işğalçılarına qarşı döyüşən qüvvə əsasən polis işçiləri olmuşdur. Polis işçilərinə mənəvi dəstək olmaq, problemlərini həll etmək və onları ruhlandırmaq məqsədilə DİN rəhbərliyinin göstərişi ilə təcili olaraq Qubadlı, Laçın və Şuşa rayonlarında dəfələrlə xidməti ezamiyyətdə olmuş,ezamiyyətə təcili surətdə göndərildiyindən verilmiş əmrlərin şifahi formada olduğunu, həmin əmrlərin rəsmiləşdirilmədiyini və bu səbəbdən də ezamiyyət vərəqələri tərtib olunmadığını bildirmişdir. 1992-ci ilin yanvar ayından aprel ayınadək Qubadlı, Laçın və Şuşa rayonlarında xidməti ezamiyyətdə olan zaman, polis şöbələrinin şəxsi heyəti ilə görüşlər keçirmiş, problemli məsələləri həll etmişdir. Polis şöbəsinin əməkdaşları ilə birlikdə Ermənistanla sərhəd zonasında qurulmuş postlarda olmuş, ön cəbhədə düşmən qarşısında xidmət göstərən polis işçiləri ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə onlarla birlikdə iştirak etmiş, onlar ilə söhbət aparmış, onların problemlərinin həll olunması ilə bağlı DİN rəhbərliyi qarşısında məsələ qaldıraraq lazımi tədbirlərin aparılmasını təmin etmişdir. Ön cəbhədə xidmət aparan polis əməkdaşlarına xüsusi geyim formasının,silah və sursatların təmin olunmasını həyata keçirmişdir. Lakin buna baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi X7 tərəfindən bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin Arxiv-Uçot şöbəsinin arayışına əsasən, arxiv şəxsi işinizdə döyüş əməliyyatlarında iştirakınız ilə bağlı məlumat aşkar edilməmişdir, həmçinin DİN və Bakı şəhər BPİ-nin 1992-1994-cü illəri əhatə edən əmrlərində döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumatlar müəyyən edilməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə yazılı etiraz ilə müraciət edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 təqdim olunmuş xx.xx.2019-cu il tarixli 012-24806-1219 nömrəli məktuba əsasən iddiaçı vətəndaş İddiaçı xx.xx.1973—cü il tarixdən xx.xx.1999-cu il tarixədək daxili işlər orqanlarında xidmət etməsi müəyyən olunmasına baxmayaraq, arxiv şəxsi işinin xidmətkeçmə siyahısında onun döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin, DİN və Bakı şəhər Baş Polis İdarəsinin 1992-1994-cü illəri əhatə edən əmrlərində onun döyüş bölgəsinə ezam olunması barədə əmrlər aşkar olunmamışdır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş daxili işlər orqanları əməkdaşlarına verilir. Sabiq polis əməkdaşı İddiaçı iddiasının təmin edilməsi məqsədəuyğun deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1031/2020 saylı, xx xxxxxx 2020-cu tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı Abdülrəhim oğlu Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1031/2020 saylı xx xxxxxx 2020-cu tarixli qərarından apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı Abdülrəhim oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarıdəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin hallarından müəyyən olunur ki, İddiaçı Abdülrəhim oğlu xx.xx.1946-ci ildə Azərbaycan Respublikası Qubadlı rayonunda anadan olmuşdur. O, xx xxxxx 1973-cü ildən xx xxxxxx 1999-cu il tarixinədək daxili işlər orqanlarında xidmət etmişdir. İddiaçı Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyini göstərərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi X5 xx.xx.2019-cu il tarixli, 024-3412Ş-3219 nömrəli məktubunda bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin arxiv-uçot şöbəsinin arayışına əsasən iddiaçının şəxsi işində döyüş əməliyyatlarında iştirakı barədə məlumat olmadığına və DİN-in və Bakı şəhər BPİ-nin 1992-1994-cü illəri əhatə edən əmrlərində iddiaçının döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumatlar müəyyən edilmədiyindən, iddiaçının xahişinin müsbət həlli imkan xaricindədir və iddiaçının müraciətinə baxılması dayandırılmışdır. İddiaçı cavabdehin imtinası ilə razılaşmamış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etmişdir və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə, həmçinin döyüş bölgəsinə ezam olunmasına dair əmrlər mövcud olmadığından iddiaçının cavabdehdən müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb etmək hüququ yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşır və bununla bağlı aşağıdakı maddi və prosessual hüquq normalarını qeyd edir: «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»yə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüşəməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara– müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında «Müharibə veteranı» adı verilir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və digər orqanlar tərəfindən verilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə, həmçinin döyüş bölgəsinə ezam olunmasına dair əmrlər mövcud olmadığından iddiaçının cavabdehdən müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb etmək hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ona müharibə veteranı statusunun verilməsi barədə arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas təşkil etmədiyindən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1031/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, qərarın təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1469/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1469/2020
16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver