Məhkəmə qərarları › İş №2-1(103)-1469/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1469/2022

03.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1469/2022 03.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2 və üçüncü şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı MMM-in cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu) qarşı “hərəkətlərin qanunsuz sayılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2-1(112)-142/2022 saylı qərarından cavabdeh və 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMM cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiaçıya əsassız olaraq hesablanmış 139631,03 manat borcun (97098,83 manat m.d.s.s.h, 42532,20 manat penya) silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM (VÖEN **********) 2006-cı il tarixdən fəaliyyətə başlamış və başladığı gündən etibarən istər vergi öhdəliklərini istərsə də digər öhdəliklərini vaxtlı-vaxtında tam şəkildə icra etmişdir. Müəssisə 2016-cı ilin sonlarından etibarən maliyyə çətinlikləri ilə əlaqədar fəaliyyətini tamamilə dayandırmış və bu günədək hər hansı bir fəaliyyəti olmamışdır. Müəssisə tərəfindən vergi orqanlarına və DSMF-na bütün hesabatlar vaxtlı-vaxtında təqdim edilmiş, bütün vergi öhdəlikləri lazımı qaydada yerinə yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 421 nömrəli fərmanına əsasən məcburi dövlət sığorta haqlarının hesablanması və tutulmasına nəzarət xx.xx.2019-cu il tarixdən Vergilər Nazirliyinə həvalə edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən müəssisəyə müraciət olunaraq 159861,51 manat sosial sığorta haqları üzrə borcun qısa müddət ərzində ödənilməsini tələb etmişlər. Bu müraciətdən sonra necə və hansı əsasən müəssisəyə DSMF tərəfindən heç bir əsas olmadan qanunsuz olaraq dövlət sosial sığorta haqları üzrə 159861,51 manat borcu olduğu məlum olmuşdur. Bundan sonra vergi orqanı ilə uzun və məşəqqətli yazışmalar başlamışdır. Lakin vergi orqanı iddiaçının müraciətlərinin heç birini araşdırmamış, ümumi cavablar verməklə işlərini bitmiş hesab etmişdilər. Dövlətin vergilərini hər kəs ödəməlidir, lakin heç kim də əsassız olaraq vergiyə cəlb olunmamalıdır. Vergilər Nazirliyinin bizə ünvanladığı məktubdan aydın olur ki, qeyd olunan borc guya tərəfimizdən vergi orqanlarına təqdim edilmiş bəyannamələrdə göstərilən muzdlu işlə əlaqədar gəlir məbləği ilə Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmiş hesabatlarda qeyd edilən əmək haqqı fondu arasında 388395,32 manat fərqin yaranmasına görə hesablanmışdır. İddiaçının təqdim etdiyi hesabatlar arasında heç uyğunsuzluq mövcud deyil. Əgər belə bir uyğunsuzluq olsa idi vergi orqanı onlarla müraciətinə heç olmasa bir əsaslandırılmış cavab verərdi. Hesablanmış borcu sübut etmək əvəzinə vergi orqanı əlavə sənədlər, dolayısı ilə borcu əsaslandırmaq üçün sübutlar tələb edir. Halbuki, qəbul etdiyi inzibati aktı sübut etmək inzibati orqanın vəzifəsidir. Buna baxmayaraq biz həmin borcun hansı əsasla hesablanması barədə DSMF-na məktubla müraciət etdik (halbuki bunu vergi orqanı etməli idi). DSMF-nun xx.xx.2019-cu il tarixli, ********** saylı cavab məktubunda qeyd olunmuşdur ki, müəssisənin xx.xx.2015-ci il tarixə 689,64 manat (o cümlədən məcburi dövlət sosial sığorta haqqı üzrə 6097,48 manat, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə 793,16 manat) borcu olmuşdur. Vergi orqanlarına təqdim edilmiş bəyannamələrdə göstərilən muzdlu işlə əlaqədar gəlir məbləği ilə Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmiş hesabatlarda qeyd edilən əmək haqqı fondu arasında 388395,32 manat fərq yaranmışdır. Bu səbəbdən də qanunvericiliyə uyğun olaraq yaranmış fərqin 25 %-i miqdarında olan 97098,83 manat məcburi dövlət sığorta haqqı və 42532,20 manat penya 2015-ci ilin İİİ rübündə sığortaedənin şəxsi hesab vərəqəsinə kameral qaydada bərpa edilmişdir. Eyni zamanda DSMF-nun məktubundan aydın olur ki, qanunsuz hesablanmış həmin məbləğ xx.xx.2015-xx.xx.2015-ci il tarixləri əhatə edən dövr üçün hesablanmışdır. Lakin dəfələrlə müraciətlərimizə baxmayaraq həmin borcun hesablanması üçün əsas olmuş fərqin yaranmasına səbəb olan sənədlər iddiaçıya təqdim edilməmişdir. Təqdim də edilə bilməzdi çünki belə bir fərqin olması qeyri-mümkündür. 2015-ci ilin İ, İİ rübü ərzində DSMF-na məcburi dövlət sosial sığorta üzrə təqdim olunmuş rüblük əmək haqqı 21840 manat olmuşdur. Fərqin haradan yarandığı məlum deyil və cavabdeh təşkilat da bununla bağlı müraciətlərinə hər hansı bir əsaslandırılmış cavab vermir. Göründüyü kimi müraciətlərimizə inzibati orqan tərəfindən lazımı qaydada baxılmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları” və “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu Qaydaları”nın təsdiq edilməsi barədə DSMF-nun Kollegiyasının 18.1 1.2014-cü il tarixli, 04 saylı qərarına əsasən DSMF orqanı tərəfindən növbəti iş günündən başlayaraq gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya hesablanmalıdır. Lakin DSMF tərəfindən penya daha yüksək faizlə hesablanmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMM-yə 139631,03 manat borcun (97098,83 manat m.d.s.s.h, 42532,20 manat penya) hesablanması ilə bağlı hərəkətlərinin qanunsuz sayılması” kimi oxunması qərara alınmışdır. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 30 noyabr 2018-ci il tarixli, 1360-VQD nömrəli Azərbaycan Respublikası Qanununa və “Həmin Qanunun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli, 421 nömrəli fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetmə Azərbaycan Respublikası Vergilər Nazirliyinə (hal-hazırkı Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə) həvalə edilmişdir. İşin faktiki halları ilə bağlı qeyd edirlər ki, mübahisələndirilən borc məbləği məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilməsindən əvvəl yarandığından borcun tərkibi barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat alınmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilən məlumata əsasən iddiaçının xx.xx.2015-ci il tarixə 6890,64 manat (o cümlədən məcburi dövlət sosial sığorta haqqı üzrə 6097,48 manat, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə 793,16 manat) borcu mövcud olmuşdur. Həmçinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən məlumata əsasən iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələrdə göstərilən muzdlu işlə əlaqədar gəlir məbləği ilə Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən hesabatlarda qeyd edilən əmək haqqı fondu arasında 388395,52 manat fərq yaranmışdır. Yaranmış fərqin aradan qaldırılması ilə bağlı iddiaçıya ünvanlanmış uyğunsuzluq məktublarında qeyd edilən uyğunsuzluğun aradan qaldırılması və ya dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi təklif edilmişdir. Lakin iddiaçı tərəfindən qeyd edilən tələblərə əməl edilmədiyindən qanunvericiliyə uyğun olaraq yaranmış fərqin 25 %-i miqdarında 97098,83 manat məcburi dövlət sosial sığorta haqqı hesablanaraq, 2015-ci ilin İİİ rübü üzrə şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. İddiaçı sözügedən kənarlaşma barəsində məlumatlı olmadığını və vergi orqanına ünvanladığı müraciətlərə verilən cavablarda qeyd edilən kənarlaşma ilə bağlı vergi orqanı tərəfindən məlumat verilmədiyi bildirilmişdir. İddiaçının qeyd edilən arqumentinə münasibətdə bildirirlər ki, vergi orqanı tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2019-cu il tarixli **********001000 saylı cavab məktubunda iddiaçının təqdim etdiyi bəyannamələrə əsasən yaranan 388395,32 manat fərqin yaranmasına istinad edilmişdir. Odur ki, iddiaçı yaranmış fərq məbləği barədə məlumatlı olmuş, lakin həmin halı aradan qaldıran sənədləri təqdim etməmişdir. Odur ki, iddiaçı qeyd edilən hala istinad etməkdə haqlı olmamışdır. Digər tərəfdən iddiaçı tərəfindən təqdim edilmiş hesabatlarda 2015-ci il üzrə 45412 manat, 2016-cı il üzrə 5320 manat əmək haqqı göstərilmiş, nəticədə iddiaçının xx.xx.2018-ci il tarixinə 159861,51 manat (o cümlədən məcburi dövlət sosial sığorta haqqı üzrə 117329,31 manat, maliyyə sanksiyası və inzibati cərimələr üzrə 42532,20 manat) borcu yaranmışdır. Beləliklə, işin hallarından da məlum olduğu kimi iddiaçı tərəfindən mübahisləndirilən borc məbləğinin yaranma əsası iddiaçının özü tərəfindən təqdim edilən bəyannamələrdə qeyd edilən göstəricilər arasındakı fərqdir. “Məcburi sosial sığorta haqqında” Qanununun 9-1.1ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Vergi Məcəlləsinin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Üçüncü şəxs iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində “X5”da İddiaçı MMM-nin illik 2016-ci il tarixinə (son hesabatı) məcburi dövlət sosial sığorta haqqı üzrə 117329,31 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 43325,36 manat olmaqla ümumilikdə 160654,67 manat Dövlət Sosial Müdafiə Fonduna borcu qalmışdır. “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən 1 yanvar 2019-cu il tarixindən etibarən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə silinir. Qeyd olunanlara əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olsa belə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlar üzrə borcların silinməsi vergi qanunvericiliyində nəzərdə tutulmayıb. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” 24 may 2019-cu il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu ilə vətəndaşların pensiya və digər sosial müdafiə hüquqlarının təmin edilməsi məqsədilə hər bir sığortaolunanın (vətəndaşların) stajı, əmək haqqı (gəliri) və ödədiyi məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları Dövlət Sosial Müdafiə Fondunun məlumatlar bazasına işlənilməsi təsbit olunmuşdur. Sığortaolunanlara təyin ediləcək pensiyanın məbləğinin sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləğindən asılı olaraq müəyyən edilməsi nəzərdə tutulmuşdur. Hesab edirik ki, Lalə MMC tərəfindən məhkəmədə borcun silinməsinə dair qaldırdığı iddia tələbi cəmiyyətdə çalışan işçilərin pensiya və digər sosial müdafiə hüquqlarının kobud surətdə pozulması deməkdir. Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2-1(112)-142/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMM-yə 139631,03 manat borcun (97098,83 manat m.d.s.s.h, 42532,20 manat penya) hesablanması ilə bağlı hərəkətlərin qanunsuz sayılması qərara alınmışdır. Cavabdeh və 3-cü şəxs iddia ərizəsinə etirazın dəlillərinə uyğun apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, heç bir məlumat verilməyib, vergi xidməti elektrona keçəndən sonra bildiriş gəlib, hesabatları ümumi çıxarışda veriblər, borc varsa belə, sadəcə 4332 manatı görürlər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMM-ə 139631,03 manat (97098,83 manat m.d.s.s.h, 42532,20 manat penya) borc hesablanmışdır. Birinci instansiya məhkəməsinin “xx.xx.2019-cu il tarixədək İddiaçı MMM barəsində məcburi sosial sığorta haqları üzrə borcun hesablanmasına əsas olan sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim edilməsi” məzmunlu sorğusunu kifayət qədər vaxt verilərək şərait yaradılmasına baxmayaraq nə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cavablandırmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qeyd etmişdir ki, mübahisələndirilən borc iddiaçı tərəfindən vergi qanunverciliyinin pozulması faktı ilə əsaslandırılmadığından və iddiaçının təqsiri sübuta yetirilmədiyindən, iddiaçıya vergilər hesablanarkən heç bir məlumat mənbəyinə əsaslanılmadığından, eləcə də cavabdeh inzibati orqan tərəfindən müvafiq dövrlər üzrə verginin hesablanmasına əsas olan hallara dair hər hansı əlavə sübut və dəlillər təqdim olunmadığından, həmin borcun İddiaçı MMMdən tələb edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətləri qanunsuz sayılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməklə əsaslı nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: -vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata (83.2.1.); -bu Məcəllənin 73cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata (83.2.2.); -vergi yoxlaması materiallarına (83.2.3.); -vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara (83.2.4.). VM-in 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəlləsinin 85.5-1-ci maddəsi ilə müəyyən olunmuşdur ki, bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. “Sosial sığorta haqqında” AR Qanununun 14.3-cü maddəsinə əsasən bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: - 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; - 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. AR ƏƏSMN-nin DSMF-nin Kollegiyasının xx.xx.2014-cü il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş və mübahisələndirilən məbləğin hesablandığı dövrdə qüvvədə olan “Məcburi dövlət sosial sığorta haqqının toplanması” Qaydalarının 5.1-ci bəndinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (sığortaolunanın) vəsaitləri hesabına ödənilir. Qaydaların 5.2-ci bəndinə əsasən seçkili orqanlar və mülkiyyətindən və təşkilatihüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, habelə başqasını sosial sığortaedən şəxslər hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. Qaydaların 5.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; dövlət qulluqçuları; seçkili ödənişli vəzifələrdə işləyənlər; hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorluq orqanlarında xidmət keçən prokurorluq işçiləri; vergi orqanlarının işçiləri; əmək müqaviləsi (kontraktı) ilə işləyənlər hesablanmış əmək haqqının 3 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. Qaydaların 7.4-cü bəndinə əsasən sığortaedənlər uçota alındığı DSMF orqanına hər rüb hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər daxil olan məbləğlər barədə hesabat təqdim edirlər. Hər rüb üçün hesabat həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda DSMF orqanına təqdim edilməlidir. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır. Qaydaların 7.15-ci bəndinə əsasən DSMF orqanı rüblük hesabat təqdim edildiyi gündən 10 gün ərzində kameral sosial sığorta yoxlaması aparmalıdır. Kameral sosial sığorta yoxlaması nəticəsində hesabatların vaxtında təqdim edilməməsinə, məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmamasına və vaxtında ödənilməməsinə, habelə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınmaya dair faktlar aşkar edildikdə, müvafiq maliyyə sanksiyaları tətbiq olunur, sığortaedənin məcburi dövlət sosial sığortası üzrə şəxsi uçot hesabında müvafiq qeydlər aparılır və maliyyə sanksiyalarının 5 (beş) iş günü ərzində ödənilməsi tələbi barədə sığortaedənə bildiriş (Əlavə №9) göndərilir. Qaydaların 7.20-ci bəndinə əsasən sığortaolunanlar haqqında məlumatların sığortaolunanların şəxsi hesablarına işlənilməsi kameral yoxlamalar aparıldıqdan sonra 1 (bir ay) müddətində həyata keçirilir. Qaydaların tələbindən də göründüyü kimi DSMF orqanı tərəfindən kameral yoxlama hər rüblük hesabat təqdim olunduqdan sonrakı 10 (on) gün müddətində aparılır və yoxlama nəticəsində hər hansı bir uyğunsuzluq aşkar olunarsa bu barədə yoxlama aparıldıqdan sonrakı 1 (bir ay) müddətində sığortaolunanların şəxsi hesablarına işlənilir. Hazırda cavabdeh iddiaçının mübahisələndirdiyi məbləğin müəssisə tərəfindən Vergi orqanına verilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi” bəyənnamələri və DSMF-yə verilmiş “Məcburi dövlət sosial sığortası üzrə hesabat”larda qeyd olunmuş əmək haqqı məbləğləri əsasında aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş 388395,32 manat həcmində kənarlaşmaya görə yarandığını bildirir. Cavabdeh orqan Vergi və DSMF orqanlarına verilmiş hesabatlar arasında 388395,32 manat məbləğində fərq yarandığını iddia edir və qanunvericiliyin tələbinə əsasən yaranmış fərqin 25 %-i miqdarında, yəni 97098,83 manat məcburi dövlət sosial sığorta haqqının hesablandığını, hesablanmış məbləğ ödənilmədiyinə görə də həmin məbləğə 42532,20 manat penya əlavə olunduğunu bildirir. Cavabdeh mübahisələndirilən məbləğin 2015-ci ilin 3-cü rübündə müəssisənin şəxsi hesabına işlənildiyini bildirsə də həmin məbləğin hansı dövrlərdə verilmiş hesabatlar arasında yaranmış fərqə görə hesablanması ilə bağlı təsdiqedici sübutları məhkəməyə təqdim edə bilməmişdir. “Məcburi dövlət sosial sığorta haqqının toplanması” Qaydalarının tələblərinə əsasən DSMF orqanı tərəfindən kameral yoxlama hər rüblük hesabat təqdim olunduqdan sonrakı 10 (on) gün müddətində aparılmalı və yoxlama nəticəsində hər hansı bir uyğunsuzluq aşkar olunarsa bu barədə yoxlama aparıldıqdan sonrakı 1 (bir ay) müddətində sığortaolunanların şəxsi hesablarına işlənilməli idi. Hazırda isə cavabdeh tərəfindən bu qaydalara riayət olunduğu iş materialları ilə sübuta yetirilmir. Eyni zamanda, mübahisə predmeti barədə vergi orqanı tərəfindən hər hansı qərar qəbul edilməmişdir. Cavabdeh iddia etdiyi kimi İddiaçı MMM tərəfindən DSMF və Vergi orqanına 2015-ci ilin 1-ci və 2-ci rübləri üzrə verdiyi hesabatlar arasında 388395,32 manat məbləğində fərq yarandığını bildirsə də, bunu sübut edən sənədləri təqdim edə bilməmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, 2015-ci ilin 1-ci və 2-ci rübləri üzrə İddiaçı MMM tərəfindən Vergi orqanına yanvar ayında işçi sayı 72 nəfər olmaqla 9792 manat, fevral ayında işçi sayı 72 nəfər olmaqla 9792 manat, mart ayında işçi sayı 72 nəfər olmaqla 9792 manat, aprel ayında işçi sayı 72 nəfər olmaqla 9792 manat, may və iyun aylarında isə boş hesabat verilməklə cəmi 39168.00 manat məbləğində hesabat verilmişdir. DSMF-nin xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, 2015-ci ilin 1-ci və 2-ci rübləri üzrə İddiaçı MMM tərəfindən DSMF orqanına yanvar ayında işçi sayı 3 nəfər olmaqla 450 manat, fevral ayında işçi sayı 62 nəfər olmaqla 6200 manat, mart ayında işçi sayı 62 nəfər olmaqla 6200 manat, aprel ayında işçi sayı 72 nəfər olmaqla 8250 manat, may ayında işçi sayı 3 nəfər olmaqla 370 manat və iyun ayında işçi sayı 3 nəfər olmaqla 370 manat olmaqla cəmi 21840.00 manat məbləğində hesabat verilmişdir. Məktublarda qeyd olunanlardan məlum olur ki, İddiaçı MMM tərəfindən DSMF və Vergi orqanına 2015-ci ilin 1-ci və 2-ci rübləri üzrə verdiyi hesabatlar arasında hazırda cavabdehin iddia etdiyi kimi 388395,32 manat məbləğində deyil, cəmi 17328 manat məbləğində (391xx.xx-21840.00=17328.00) fərq vardır. Bu əmək haqqı fərqinin m.d.s.s. haqqı isə cəmi 4332 manat (17328.00 * 25%= 4332) təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli və DSMF-nin xx.xx.2019-cu il tarixli məktublarında göstərilənlər nəzərə alınmaqla Vergi və DSMF orqanlarına verilmiş hesabatlar arasında fərqə görə məcburi dövlət sosial sığorta haqları üzrə 4332 borcun hesablanması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanuni olmuş, təqdim edilmiş hesabatlar arasında yaranmış fərqə görə məcburi dövlət sosial sığorta haqları üzrə 92766,83 manat, maliyyə sanksiyası və inzibati cərimələr üzrə 42532,20 manat borcun hesablanması cavabdeh tərəfindən əsaslandırılmamış, buna dair hər hansı sənəd, sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, inzibati orqan kimi onun tərəfindən edilmiş hərəkətlərin qanuniliyini sübut etmək yükü vergi orqanının üzərinə düşür. Odur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMM-yə 135.299,03 manat borcun (92766,83 manat m.d.s.s.h, 42532,20 manat penya) hesablanması ilə bağlı hərəkətləri qanunsuz sayılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMM-yə 135.299,03 manat borcun (92766,83 manat m.d.s.s.h, 42532,20 manat penya) hesablanması ilə bağlı hərəkətləri qanunsuz sayılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2-1(112)-142/2022 saylı qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMM-yə 135.299,03 manat borcun (92766,83 manat m.d.s.s.h, 42532,20 manat penya) hesablanması ilə bağlı hərəkətləri qanunsuz sayılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar