Məhkəmə qərarları › İş №2-1(103)-1469/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1469/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1469/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4302/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq cavabdehin xx.xx.2021-ci il tarixli **********151294 nömrəli qərarının hesablanmış borc (maliyyə sanksiyası ilə birlikdə) hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2021ci il tarixli, **********151294 nömrəli qərarına əssən İddiaçı ASC vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir və ona 1251610,91 manat borc - 2014-2020-ci illər üzrə cəmi 834407,24 manat məbləğində mənfəət, əlavə dəyər və əmlak vergiləri; həmin vergilər üzrə cəmi 417203,67 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Eyni zamanda İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1145624,06 manatın ödənilməsi haqqında **********712100 nömrəli Tələbnamə də təqdim edilmişdir. Bu tələbnaməyə əsasən əsas borc 763834,77 manat, maliyyə sanksiyası 381789,29 manat təşkil edir. Bütövlükdə cavabdehnin borc hesablanması barədə qərarı əsaslandırılmamışdır, hesablanmış verginin əsası bəlli deyildir. Qərarın preambula hissəsində səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2021-ci il tarixli **********144674 nömrəli akta istinad edilir, halbuki həmin akt xx.xx.2021-ci il tarixlidir, eyni zamanda xx.xx.2021-ci il tarixli, **********540500 nömrəli sənədə istinad edilir, halbuki həmin sənəd İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təqdim edilməmişdir.Bundan başqa qərardakı məbləğlə tələbnamədəki məbləğ də üst-üstə düşmür. Cavabdehin qərarı 2014-cü ildən başlayan dövrü əhatə etmişdir, halbuki həmin dövr üzrə Vergi Məcəlləsinin müddəalarında nəzərdə tutulmuş müddətlər buraxılmışdır. xx.xx.2021-ci il tarixli akta dair cavabdehə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən şikayət təqdim edilmişdir, lakin şikayətə cavabdeh tərəfindən heç bir münasibət bildirilməmişdir. Aktda göstərilmişdir ki, güya icarə müqaviləsində icarə haqqı bazar qiymətinə uyğun deyildir, lakin bununla bağlı əsaslı bir sübüt gətirilməmişir.Aktda əlavə vergilər hesablanan zaman “X16” MMC tərəfindən iddiaçıya məxsus və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 2014-2020-ci illər üzrə icarə haqqının müəyyənləşdirilməsinə dair ekspert rəyi əsas götürülmüşdür.Lakin “X16” MMC xx.xx.2020ci ildə təsis olunmuşdur, heç bir illik təcrübəsi belə yoxdur, onun nizamnamə kapitalı 10 manatdır, özü barəsində bir dəfə də olsun belə vergi hesabatı verməmiş, 100 manatlıq əmlakı olmayan hüquqi şəxs başqalarının fəaliyyətinə necə qiymət verə bilər, həmin MMCnin heç ofisi də yoxdur, ünvanı kimi mənzil göstərilmişdir, rəyi imza edən şəxsin peşəkar qiymətləndirici olması nə ilə təsdiq edilir, rəydə yalnız xarici ali təhsil vurğulanmış, həmin təhsilin isə qiymətləndimə fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur, beləliklə “X16” MMC tamamilə etimad doğurmayan, qeyri-ciddi bir qiymətləndiricidir, onun rəyi mötəbər deyildir, rəyin predmeti icarə haqqının müəyyənləşdirilməsi olmalı olduğu halda rəydə alqı-satqı müqavilələrinə istinad edilmişdir. Rəy cari qiymətlər əsasında, digər icarəyə verənlərin qiymət təklifinə əsaslanır, halbuki Vergi Məcəlləsinin normalarına əsasən bazar qiyməti malı (işin, xidmətin), tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətidir, buna görə də ekspertin gəldiyi nəticə birtərəfli xarakter daşıyır.Rəydə ekspertin istinad etdiyi 2021-ci il elanlarından görünür ki, qeyd edilən icarə qiymətləri 90% kiçik sahəli obyektlərin icarə qiymətlərini əks etdirir. İddiaçı ASC-yə məxsus təqdim edilən icarə haqqı qiymətləri isə həm obyektlərin sahəsinin böyüklüyü, həm müqavilənin uzunmüddətliyi, obyektlərin həmin dövrdə baxımsızlığı, zirzəminin istifadə olunmaması və icarəçilər tərəfindən sonradan təmir olunması, etibarlı tərəfdaş olduğu səbəbindən aşağı qiymətlə icarəyə verilmişdir. Halbuki icarə qiymətləri arasında fərq icarə sahəsinin böyük və kiçikliyi, təmir vəziyyəti və yuxarıda qeyd edilən başqa səbəblərdən kəskin fərqlənir. Cavahdehin mübahisələndirilən qərarı qəbul edən zaman istinad etdiyi rəydə göstərilən 90 manat orta qiymət heç bir reallığı əks etdirmir və bu qiymət kiçik sahəli obyektlərin icarə qiymətinə uyğundur. Nisbətə böyük sahəli obyektlərə baxdıqda onların qiymətlərinin 50-90 manat arasında dəyişdiyini görürük. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, **********144643 nömrəli, xx.xx.2021-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən İddiaçı ASC-də növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr yanvar 2014 – iyul 2020) təyin edilmişdir. Aparılan səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2021-ci il tarixli, **********144674 nömrəli aktla rəsmiləşdirilmiş, həmin aktda qeyd edilənlər əsaslı hesab edildiyindən xx.xx.2021-ci il tarixli, **********151294 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində mənfəət vergisinin ödəyicisi olmuşdur. Ödəyici tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 2014-cü ildə gəlir 58644,06 manat, xərcləri isə 276873,88 manat, 2015-ci ildə gəlir 66423,73 manat, xərcləri isə 52446,58 manat, 2016-cı ildə gəlir 79209,00 manat, xərcləri isə 69419,00 manat, 2017-ci ildə gəlir 101016,94 manat, xərclər isə 99750,74 manat, 2018-ci ildə gəlir 101694,91 manat, xərcləri isə 102472,63 manat, 2019-ci ildə gəlir 132202,40 manat, xərcləri isə 25511,76 manat, 2020ci ildə gəlir 103260,54 manat, xərclər isə 24348,90 manat olmuşdur. Yoxlama zamanı (ekspert rəyi əsasən) yoxlanılan illər üzrə dövriyyə məbləğinin azadıldığı müəyyən edilmiş və nəticədə 2014-cü il üzrə 55755,99 manat, 2015- ci il üzrə 59466,63 manat, 2016-cı il üzrə 66656,53 manat, 2017-cü il üzrə 83748,77 manat, 2018-ci il üzrə 78854,53 manat, 2019-cu il üzrə 97523,46 manat və 2020-ci il üzrə 22486,38 manat verginin az hesablandığı müəyyən edilmişdir. Beləliklə, yoxlanılan dövr üçün ümumilikdə 464492,29 manat mənfəət vergisinin azaldılmasına görə 232246,15 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama ilə təqdim edilmiş bəyannamələr müqayisə olunarkən 369532,28 manat kənarlaşma aşkar edilmişdir. ƏDV üzrə hesablamanın əsasını ekspert rəyi təşkil edir. Belə ki, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza 23 ünvanda yerləşən İddiaçı ASC-yə məxsus obyektin təqdim edilmiş texniki pasportuna əsasən obyektin göstəriciləri aşağıdakı kimi olmuşdur: 1-ci mərtəbə 236,1 kv.m., köməkçi sahə - zirzəmi 403,9 kv.m. Ekspertin təqdim etdiyi rəyə əsasən illər üzrə qiymətlər aşağıdakı kimi müəyyən edilmişdir: sahənin 1 kv.m. üçün qiyməti ƏDV ilə: 1) 2014-ci il – qeyri yaşayış sahəsi - 76,10 manat, zirzəmi – 38,03 manat; ƏDV ilə qeyri yaşayış sahəsinin aylıq icarə məbləği 17967,21 manat, zirzəmi sahəsinin aylıq icarə məbləği – 15360,32 manat, obyektin icarə məbləği – 33327,53 manat, obyektin illik icarə məbləği 399930,32 manat təşkil edir. 2) sahənin 1 kv.m. üçün manatla qiyməti ƏDV ilə: 2015-ci il – qeyri yaşayış sahəsi - 79,50 manat, zirzəmi – 39,27 manat, qeyri-yaşayış sahəsinin aylıq icarə məbləği 18533,85 manat, zirzəmi sahəsinin aylıq icarə məbləği – 15861,15 manat, obyektin icarə məbləği – 34395,00 manat, obyektin illik icarə məbləği 42740,04 manat təşkil edir. 3) sahənin 1 kv.m. üçün manatla qiyməti ƏDV ilə: 2016-cı il üzrə – qeyri yaşayış sahəsi- 86,60 manat, zirzəmi – 43,30 manat; qeyriyaşayış sahəsinin aylıq icarə məbləği 20446,26 manat, zirzəmi sahəsinin aylıq icarə məbləği – 17488,87 manat, obyektin icarə məbləği – 37935,13 manat, obyektin illik icarə məbləği 45535,13 manat təşkil edir; 4) sahənin 1 kv.m. üçün manatla qiyməti ƏDV ilə - 2017–ci il üzrə: qeyri yaşayış sahəsi - 99,30 manat, zirzəmi – 99,79 manat; qeyri-yaşayış sahəsinin aylıq icarə məbləği 2355,56 manat, zirzəmi sahəsinin aylıq icarə məbləği – 20110,18 manat, obyektin icarə məbləği – 43625,74 manat, obyektin illik icarə məbləği 623508,89 manat təşkil edir; 5) 2018-ci il üzrə – sahənin 1 kv.m. üçün manatla qiyməti ƏDV ilə: qeyri- yaşayış sahəsi - 111,50 manat, zirzəmi – 55,76 manat; qeyri-yaşayış sahəsinin aylıq icarə məbləği 26325,15 manat, zirzəmi sahəsinin aylıq icarə məbləği – 22521,46 manat, obyektin icarə məbləği – 48846,61 manat, obyektin illik icarə məbləği 586159,37 manat təşkil edir; 6) 2019-cu il üzrə sahənin 1 kv.m. üçün manatla qiyməti ƏDV ilə – qeyri- yaşayış sahəsi - 121,00 manat, zirzəmi – 60,50 manat; qeyri-yaşayış sahəsinin aylıq icarə məbləği 28568,10 manat, zirzəmi sahəsinin aylıq icarə məbləği – 24435,95 manat, obyektin icarə məbləği – 53004,05 manat, obyektin illik icarə məbləği 636048,60 manat təşkil edir; 7) 2020-ci il üzrə – sahənin 1 kv.m. üçün manatla qiyməti ƏDV ilə qeyriyaşayış sahəsi - 93,20 manat, zirzəmi – 46,59 manat; qeyri-yaşayış sahəsinin aylıq icarə məbləği 22004,52 manat, zirzəmi sahəsinin aylıq icarə məbləği – 18817,70 manat, obyektin icarə məbləği – 40822,22 manat, obyektin illik icarə məbləği 489866,65 manat təşkil edir. Ekspertin təqdim etdiyi rəyə əsasən illər üzrə qiymətlər aşağıdakı kimi müəyyən edilmişdir: sahənin 1 kv.m. üçün manatla qiyməti ƏDV-siz: 1) 2014-ci il üzrə – qeyriyaşayış sahəsi - 64,49 manat, zirzəmi – 32,23 manat; ƏDV-siz qeyri-yaşayış sahəsinin aylıq icarə məbləği 15226,09 manat, zirzəmi sahəsinin aylıq icarə məbləği – 13017,70 manat, obyektin icarə məbləği – 28243,67 manat, obyektin illik icarə məbləği 338924,04 manat təşkil edir. 2) 2015-ci il üzrə – qeyri yaşayış sahəsi - 66,52 manat, zirzəmi – 33,28 manat; ƏDV-siz qeyri-yaşayış sahəsinin aylıq icarə məbləği 15706,52 manat, zirzəmi sahəsinin aylıq icarə məbləği – 13441,79 manat, obyektin icarə məbləği – 29148,31 manat, obyektin illik icarə məbləği 349779,72 manat təşkil edir. 3) 2016-cı il üzrə – qeyriyaşayış sahəsi - 73,39 manat, zirzəmi – 36,69 manat; ƏDV-siz qeyri-yaşayış sahəsinin aylıq icarə məbləği 17328,21 manat, zirzəmi sahəsinin aylıq icarə məbləği – 14820,26 manat, obyektin icarə məbləği – 32148,42 manat, obyektin illik icarə məbləği 385781,04 manat təşkil edir; 4) 2017-ci il üzrə – qeyri-yaşayış sahəsi - 84,41 manat, zirzəmi – 42,19 manat; ƏDV-siz qeyri-yaşayış sahəsinin aylıq icarə məbləği 19929,20 manat, zirzəmi sahəsinin aylıq icarə məbləği – 17042,52 manat, obyektin icarə məbləği – 36970,97 manat, obyektin illik icarə məbləği 443651,64 manat təşkil edir; 5) 2018-ci il üzrə – qeyri yaşayış sahəsi - 94,49 manat, zirzəmi – 47,25 manat; ƏDV-siz qeyri-yaşayış sahəsinin aylıq icarə məbləği 22309,09 manat, zirzəmi sahəsinin aylıq icarə məbləği – 19084,28 manat, obyektin icarə məbləği – 41395,44 manat, obyektin illik icarə məbləği 496745,28 manat təşkil edir; 6) 2019-cu il üzrə – qeyri yaşayış sahəsi - 102,54 manat, zirzəmi – 51,27 manat; ƏDV-siz qeyri-yaşayış sahəsinin aylıq icarə məbləği 24209,69 manat, zirzəmi sahəsinin aylıq icarə məbləği – 20707,95 manat, obyektin icarə məbləği – 44918,69 manat, obyektin illik icarə məbləği 639024,28 manat təşkil edir; 7) 2020-ci il üzrə – qeyri yaşayış sahəsi – 78,98 manat, zirzəmi – 39,48 manat; ƏDV-siz qeyri-yaşayış sahəsinin aylıq icarə məbləği 1864,18 manat, zirzəmi sahəsinin aylıq icarə məbləği – 15945,97 manat, obyektin icarə məbləği – 34593,15 manat, obyektin illik icarə məbləği 415117,80 manat təşkil edir. Yoxlanılan dövrdə 2014-cü il üzrə 50450,37 manat, 2015-ci ildə 51184,11 manat, 2016-cı ildə 54830,86 manat, 2017-ci ildə 57898,59 manat, 2018-cu ildə 71109,12 manat, 2019-cu ildə 73227,72 manat və 2020-ci ildə 10831,51 manat ƏDV-nin azadıldığı müəyyən edilmişdir.Beləliklə yoxlama ilə ümümilikdə 369532,28 manat ƏDV-nin azaldılmasına görə 184766,14 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində onun hansı dəlilinə münasibət bildirilmədiyini qeyd etməmişdir, səyyar vergi yoxlaması aktının tarixi isə iddia ərizəsində göstərildiyi kimi xx.xx.2021-ci il deyil, xx.xx.2021-ci ildir, xx.xx.2021-ci il tarixli sənədə gəldikdə isə həmin sənəd “Səyyar vergi yoxlaması aktına baxılma haqqında” protokolun iddiaçının elektron poçtuna göndərilməsi haqqında məktubdur. Bundan başqa vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarına əsasən vergi ödəyicisində keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən təyin edilmişdir. Göstərilənlərə əsasən, cavabdeh iddia tələbinın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4302/2022 saylı, 31 oktyabr 2022-ci il qərarı (hakim M.Hacıbəyova) ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Vergi Məcəlləsinin qeyd edilən maddələrində vergilərin hesablanmasının bazar qiyməti və ekspert rəyi əsas götürülməklə hesablanması birbaşa olaraq təsbit edilmişdir. Məhkəmə qeyd edilən normaları nəzərə almayaraq əsassız qərar qəbul etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, vergi ödəyicisinin yoxlamaya təqdim etdiyi icarə müqavilələri notariat qaydasında təsdiq edilməmişdir. Məhkəmənin ekspertə münasibətdə “öz fəaliyyətinin nəticələri barədə vergi hesabatı verməmiş" ifadəsi ümumiyyətlə işin mahiyyətinə aid olan bir məsələ deyil, çünki müəssisənin vergi hesabatın verməsi və ya verməməsi onun ekspert kimi fəaliyyət göstərməsinə mane olmur. Digər tərəfdən, məhkəmənin bunu necə müəyyən etməsi də məlum deyil. Əlavə olaraq, hər hansı hüquqi şəxsin təsis edilmə tarixi onun ekspert kimi fəaliyyət göstərməsi, obyektiv rəy verməsinə təsir etmir. Ekspert tərəfindən hesablama aparılarkən daşınmaz əmlakın satışında ən çox istifadə olunan internet səhifələrinə istinad edilmişdir. Ekspert rəyinə əsasən müəssisə yerləşən ərazidə 2021-ci ilin iyul ayı üçün orta çəkili qiymət 110 AZN/kv.m hesablanmışdır. Daha sonra bu qiymətə 10% nisbətində götürülən sahənin çoxluğu və uzun müddətli müqavilə endirimi tətbiq olunmuşdur. Nəticədə 2021-ci il üçün real bazar qiyməti 99 AZN/kv.m müəyyən edilmişdir. Daha sonra 2021-ci il üçün hesablanmış real bazar qiyməti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həmin dövrlər üçün təyin edilmiş uçot faiz dərəcəsinə əsasən müvafiq tarixlərə görə indeksləşdirilmişdir. Zirzəmi üzrə icarə haqqının hesablanması zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı icarə haqqı tariflərinə” istinad edilmişdir. Bu tariflərə əsasən zirzəminin icarə qiyməti birinci mərtəbənin 8/5-i nisbətində götürülmüşdür. Daha sonra bütün zirzəminin bir icarəçi tərəfindən götürüldüyü nəzərə alınaraq 20% endirim tətbiq edilmişdir. Göründüyü kimi, səyyar vergi yoxlaması zamanı tərtib edilmiş ekspert rəyində icarə haqqı məbləğinin hesablanma qaydası müfəssəl qaydada izah edilib, qiymətlərin əsaslandırılması göstərilib. Məhkəmə tərəfindən isə qeyd edilən hallara qiymət verilməmişdir. Məhkəmə yalnız iddiaçı tərəfindən təqdim edilmiş rəyləri mötəbər hesab etmiş, həmin rəylərin obyektiv olduğu qənaətinə gəlmişdir. Həmçinin, iddiaçının təqdim etdiyi rəylərdə 2021 -ci il internet səhifələrinə verilmiş elanlara istinad edilmiş, 2021-ci ilin qiymətləri 2014-2020-ci illərə tətbiq edilmiş, lakin bunun əsaslandırılması göstərilməmişdir. İddiaçının təqdim etdiyi ekspert rəyinin daha mötəbər olmasının əsası kimi məhkəmə yalnız həmin rəyləri vermiş şəxslərin hər hansı sertifikata malik olmasını göstərir. Məhkəmənin istinad etdiyi sertifikatlar isə "xxxx" MMCnin tərtib etdiyi ekspert rəyi ilə əlaqədar Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin “Qeyri-yaşayış təminatlı daşınmaz əmakın qiymətləndirilməsi sahəsində mütəxəssislərin sertifikatlaşdırılması sistemi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq ixtisaslaşma imtahanını müvəffəqiyyətlə verərək sertifikat almış X5 və “CFR GROUP" MMC-nin tərtib etdiyi ekspert rəyi Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin “Yaşayış təminatlı daşınmaz əmakın qiymətləndirilməsi sahəsində mütəxəssislərin sertifikatlaşdırılması sistemi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq ixtisaslaşma imtahanını müvəffəqiyyətlə verərək sertifikat almış X1. Sonuncu ekspertin sertifikatının adına diqqət yetirdikdə həmin ekspertin ümumiyyətlə yaşayış sahələri ilə ixtisaslaşdığı aydın olur. Bunda əlavə, istinad edilən sertifikatlar Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən verilməsi qeyd edilib. “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti”-nin nizamnaməsinə əsasən “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” ictimai birliyi (bundan sonra - Birlik adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətlərinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır. Göründüyü kimi, məhkəmə ictimai birlik tərəfindən verilmiş sertifikatları rəhbər tutaraq həmin ekspertlərin verdiyi rəyi daha mötəbər hesab etmişdir ki, bu da əsassız qərarın qəbul edilməsinə səbəb olmuşdur. Qeyd edilən təşkilat hər hansı dövlət qurumu deyil və məhkəmə qərarında istinad edilən “sertifikatlar" hər hansı rəsmi dövlət orqanı tərəfindən verilməyib və rəy vermiş şəxslərin digər ekspertlərdən üstün olmasını göstərmir. “X16" MMC tərəfindən rəy vermiş şəxs isə X12dur ki, Avstarilyanın Sidney Universitetində kommersiya üzrə magistr dərəcəsi, İngiltərənin Uarvik Universitetində kommersiya ixtisası üzrə doktorant elmi dərəcələrinə malikdir. Əlavə olaraq, səyyar vergi yoxlaması ilə bağlı aşkar edilmiş faktlar əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iddiaçı müəssisənin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi açılmış, cinayəti işinin ibtidai araşdırması zamanı ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli, 9/9433 saylı ekspert rəyi tərtib edilmişdir. Müvafiq ekspert rəyi məhkəməyə təqdim edilsə də, məhkəmə tərəfindən həmin rəyə hər hansı qiymət verilməmişdir. "X16” MMC tərəfindən müəyyən edilmiş bazar qiymətinin düzgünlüyünü təsdiq edən icarə müqavilələri də məhkəməyə təqdim edilsə də, məhkəmə əsassız olaraq həmin müqavilələri bazar qiymətinin göstəricisi kimi qəbul etməmişdir. Eyni zamanda ki, vergi ödəyicisinin icarəyə verdiyi obyektlə eyni ərazidə yerləşən digər müqayisə oluna bilən obyektlərlə bağlı icarə müqavilələrində təsbit edilmiş qiymətlər iddiaçı tərəfindən verginin yayındırılması faktını sübut edir. Bundan əlavə, məhkəməyə təqdim edilmiş cinayətin işinin ibtidai araşdırılması zamanı tərtib edilmiş xx.xx.2022-ci il tarixli ittiham aktında qeyd edilmişdir ki, cinayət işi üzrə təqsirləndirilən şəxs X6 ona Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, ifadəsində onun öz hesablamalarına görə yoxlanılan dövrdə ASC-də təxminən 100 000 manat məbləğində vergilərin ödənilməkdən yayındırıldığını, həmin vergilərin ödənilməməsinə görə özünün cavabdeh olduğunu və yayındırılmış vergilərin tədricən ödəniləcəyini göstərmişdir. İş üzrə şahid qismində dindirilmiş “X16” MMC-nin direktoru X12 ifadəsində, rəhbəri olduğu MMC-nin əsas fəaliyyətinin bazar araşdırılması və real bazar qitymətlərinin müəyyənləşdirilməsi xidmətləri daxil olmaqla, konsultasiya xidmətlərinin göstərilməsindən ibarət olduğunu, İddiaçı ASC-nin rəhbəri Qənirə Hacıyevəm bu işə qədər tanımadığını, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 23 06.2021-ci il tarixli “Ekspertizanın təyin edilməsi haqqında" Qərarına əsasən İddiaçı ASC-də aparılan vergi yoxlamasaına cəlb edildiyini və xx.xx.2014-cü il tarixdən 01.01 2020-ci il tarixədək olan dövr üzrə ASC-yə məxsus ünvan 3 ünvanda yerləşən ticarət obyektində kirayə haqlarının real bazar qiymətini müəyyənləşdirdiyini və bu haqda xx.xx.2021-ci il tarixli Rəy verdiyini, qeyd olunan obyektin yanındakı digər obyektlərdə mövcud olan kirayə haqlarına, internetdə olan məlumatlara və apardığı sorğulara əsasən illər üzrə bazar qiymətinə uyğun kirayə haqqını müəyyənləşdirdiyini göstərmişdir. Həmçinin, məhkəmə cavabdeh tərəfindən iddiaçıda aparılmış yoxlamanın 3 ildən artıq bir dövrü, 2014-cü ildən 2020-ci ilə qədər olan dövrü əhatə etdiyini bildirsə də, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, ekspertin gəldiyi nəticə digər qeyri-yaşayış sahələrinin “icarə təklifi” əsasında qurulub. Yəni sırf digər icarəyə verənlərin qiymət təklifinə əsaslanır. Həmin digər icarə obyektlərinə dair tələb haqda rəydə heç bir məlumat yoxdur. Buna görə də, ekspertin gəldiyi nəticə birtərəfli xarakter daşıyır və mötəbər deyil. Obyektin icarə qiyməti sırf iddiaçı tərəfindən icarə müqavilələrinin bağlanması dövrünə münasibətdə müəyyən edilməlidir. Ekspert rəyində isə söhbət cari (yəni rəyin verildiyi anda) qiymətdən gedir. Təbii, qiymət dəyişə də bilərdi və ekspertin gəldiyi nəticə heç bir halda icarə müqavilələrinin bağlandığı dövrə tətbiq edilə bilməz. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-cü maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dıyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə verilmiş, prosessual müddətə əməl edilməklə iddia qaldırılmış, xx.xx.2021-ci il tarixli inzibati akt xx.xx.2021-ci il tarixdə iddia ərizəsi verilməklə mübahisələndirilmişdir. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. - 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. - 14.6-cı maddəsinə əsasən bu Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. 14.6.1-ci maddəsinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır:14.6.1.1. göndərilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə partiyasının həcmi);14.6.1.2. öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri;14.6.1.3. mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi, (o cümlədən istehlakçı tələbinin mövsümi olaraq artıb-azalması);14.6.1.4. malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer;14.6.1.5. malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri; 14.6.1.6-cı maddəsinə əsasən malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi;14.6.1.7. marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi;14.6.1.8. işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər nəzərə alınır. 14.6.2-ci maddəsinə əsasən malların (işlərin, xidmətlərin) keyfiyyəti ilə əlaqədar qiymətlər bazar qiymətlərindən aşağı səviyyədə müəyyənləşdirilərkən keyfiyyətin səviyyəsi səlahiyyətli şəxs tərəfindən təsdiq olunmalıdır. Həmin Məcəllənin 14.6.3-cü maddəsinə əsasən eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər:14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir.14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır.14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir.14.6.4. Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır. - 15.1.8-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ var. - 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət elmək vergi ödəyicisinin hüququdur. - 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. - 24.0.1-ci maddəsinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar. - 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. - 38.2-ci maddəsinə görə vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər (03 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa qədərki redaksiyaya əsasən). - 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. - 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə;38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə.38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə;38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə;38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. - 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. - 44.6-cı maddəsinə əsasən ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin bu Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur. - 44.7-ci maddəsinə əsasən ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin ekspertə etiraz etmək, ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək, ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək, ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək, ekspertin rəyi ilə tanış olmaq hüquqları vardır. - 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, yeni qərarın qəbul edilməsi. - 49.2-ci maddəsinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. - 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. - 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. - 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. - 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə” dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 mart 2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyinə əsasən “Bununla əlaqədar, qeyd edilməlidir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Məhz bu prezumpsiyadan çıxış edərək, Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür.” Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı inzibati mübahisə vergi orqanı tərəfindən iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən obyektin vergitutma məqsədləri üçün aylıq icarə haqqının bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi barədədir. Birinci instansiya məhkəməsi "xxxx" MMC-nin və "xxxx" MMC-nin tərtib etdiyi ekspert rəylərini nəzərə alaraq, cavabdeh inzibati orqan tərəfindən İnzibati icraat haqqında Qanunun və Vergi Məcəlləsinin normalarının pozulmasını əsas götürərək iddianı təmin etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş həmin qərardan verilmiş apellyasiya şikayətinin dəlillərinin əsası səyyar vergi yoxlaması zamanı təyin edilmiş ekspert rəyinin mötəbərliliyidir. Lakin ilk öncə cavabdehin inzibati icraat zamanı Vergi məcəlləsinin 14-cü maddəsində və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Qərarında nəzərdə tutulmuş bazar qiymətinin müəyyən olunması üçün ardıcıl proseslərin riayət olunubolunmamasını yoxlanılmalıdır. İş materiallarına əlavə olunmuş: - xx.xx.2021-ci il tarixli **********144674 nömrəli Səyyar vergi yoxlaması aktından görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********144643 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı ASC-də növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr yanvar 2014 – iyul 2020) təyin edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı barəsində xx.xx.2021-ci il tarixli, **********151294 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. - Səyyar vergi yoxlaması aktından görünür ki, cəmiyyət özünə məxsus olan obyektləri icarəyə verməklə fəaliyyət göstərmişdir. Lakin icarə qiymətlərinin bazar qiymətindən aşağı olduğunu nəzərə alaraq ekspert dəvət edilmiş və ekspertin verdiyi rəyə əsasən bazar qiyməti tətbiq edilməklə icarə qiymətləri hesablanmışdır. Nəticədə Azərbaycan Respublikası VM-nin 104.1-ci maddəsinin tələbləri pozulmuşdur. 2014-2020ci illər üzrə əlavə 464492.29 manat mənfəət vergisi hesablanmış, VM-nin 58.1 -ci maddəsiniə əsasən 232246.17 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilir. Yoxlama ilə müəyyən edilmişdir ki, cəmiyyət özünə məxsus olan obyektləri icarəyə verməklə fəaliyyət göstərmişdir. Vergi Məcəlləsinin 197-201-ci maddələrinin tələbləri pozulmuş və 382,67 manat Əmlak vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən 191.34 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilir. Yoxlama ilə müəyyən edilmişdir ki, cəmiyyət özünə məxsus olan obyektləri icarəyə verməklə fəaliyyət göstərmişdir. Əvvəlki yoxlamada (Ləgv edilmiş SVY) ödəyiciyə əsassız ÖMV hesablanmışdır. Nəticədə Azərbaycan Respublikası VM-nin 122-ci maddəsinin tələbləri pozulmuşdur. Hesablanmış 70572.47 man vergi məbləği ödəyicinin şəxsi vərəqəsindən azaldılması təklif edilir. “X16” MMC-nin verdiyi ekspertin rəyinə əsasən illər üzrə qiymətlər aşağıdakı kimi olmuşdur. 2014-cü il üçün qeyri yaşayş sahəsinin 1 kv.metrin qiyməti ƏDV ilə 76,10 manat,zirzəminin 1 kv.metrin qiyməti ƏDV ilə 38.03 manat, 2015-ci il üçün qeyri yaşayş sahəsinin 1 kv.metrin qiyməti ƏDV ilə 78,50 manat,zirzəminin 1 kv.metrin qiyməti ƏDV ilə 39,27 manat, 2016-cı il üçün qeyri yaşayş sahəsinin 1 kv.metrin qiyməti ƏDV ilə 86,60 manat,zirzəminin 1 kv.metrin qiyməti ƏDV ilə 43,30 manat, 2017-ci il üçün qeyri yaşayş sahəsinin 1 kv.metrin qiyməti ƏDV ilə 99,60 manat,zirzəminin 1 kv.metrin qiyməti ƏDV ilə 49,79 manat, 2018-ci il üçün qeyri yaşayş sahəsinin 1 kv.metrin qiyməti ƏDV ilə 111,50 manat,zirzəminin 1 kv.metrin qiyməti ƏDV ilə 55,76 manat, 2019-cu il üçün qeyri yaşayş sahəsinin 1 kv.metrin qiyməti ƏDV ilə 121,00 manat,zirzəminin 1 kv.metrin qiyməti ƏDV ilə 60,50 manat, 2020-ci il üçün qeyri yaşayş sahəsinin 1 kv.metrin qiyməti ƏDV ilə 93,20 manat,zirzəminin 1 kv.metrin qiyməti ƏDV ilə 46,59 manat təşkil etmişdir. 2014-cü il üçün qeyri yaşayış sahəsinin 1 kv.metrin qiyməti ƏDV -siz 64,49 manat,zirzəminin 1 kv.metrin qiyməti ƏDV -siz 32,23 manat, 2015-ci il üçün qeyri yaşayş sahəsinin 1 kv.metrin qiyməti ƏDV-siz 66,52 manat,zirzəminin 1 kv.metrin qiyməti ƏDV siz 33,28 manat, 2016-cı il üçün qeyri yaşayş sahəsinin 1 kv.metrin qiyməti ƏDV-siz 73,39 manat,zirzəminin 1 kv.metrin qiyməti ƏDV-siz 36.69 manat, 2017-ci il üçün qeyri yaşayş sahəsinin 1 kv.metrin qiyməti ƏDV-siz 84,41 manat,zirzəminin 1 kv.metrin qiyməti ƏDV-siz 42,19 manat, 2018-ci il üçün qeyri yaşayş sahəsinin 1 kv.metrin qiyməti ƏDV-siz 94,49 manat,zirzəminin 1 kv.metrin qiyməti ƏDV-siz 47,25 manat, 2019-cu il üçün qeyri yaşayş sahəsinin 1 kv.metrin qiyməti ƏDV-siz 102,54 manat,zirzəminin 1 kv.metrin qiyməti ƏDVsiz 51,27 manat, 2020-ci il üçün qeyri yaşayş sahəsinin 1 kv.metrin qiyməti ƏDV-siz 78,98 manat,zirzəminin 1 kv.metrin qiyməti ƏDV-siz 39,48 manat tətbiq etmələ ƏDV hesablanmışdır. Beləki yoxlanılan dövr üzrə (ekspert rəyinə) müəyyən olundu ki, yoxlanılan illər üzrə dövriyyə azadılmış və nəticədə 2014-ci il üzrə 50450.37 manat, 2015-ci ildə 51184.11 manat, 2016-ci ildə 54830.86 manat, 2017-ci ildə 57898.59 manat, 2018-ci ildə 71109.12 manat, 2019-cu ildə 73227.72 manat və 2020-ci ildə 10831.51 manat azadılmışdır. Apellyasiya şikayətinin vergilərin ekspert rəyi (rəylə bazar qiyməti nəzərə alınmaqla məbləğ müəyyənləşdirilib) əsas götürülməklə hesablanması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 67-ci maddəsində göstərilir: 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri;67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar;67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar;67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar;67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar;67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar;67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar, həmin məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir:67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Göründüyü kimi qanunverici vergi orqanı tərəfindən yoxlama nəticəsində vergi ödəyicilərinin ödəməli olduqları verginin həcmini müəyyən etmək üçün istifadə edə biləcəyi üsul və qaydanı Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən etmişdir və qeyd edilən maddənin normalarında ödənilməli verginin həcminin ekspert rəyi əsasında müəyyən edilməsi nəzərdə tutulmamışdır, eyni zamanda cavabdeh hansı səbəbdən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydada verginin hesablanması üsullarından istifadə etmədiyini məhkəməyə bildirməmişdir və əsaslandırmamışdır. Həmçinin, cavabdehin inzibati icraat zamanı Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiymətinin müəyyən olunması üçün ardıcıl proseslərə riayət etməmişdir. Belə ki, Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması Barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə, müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda, daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda həyata keçirilir. İnzibati icraat materiallarından müəyyən olunur ki, cavabdeh ekspertiza təyin edənədək daşınmaz əmlakın icarəsi üçün bazar qiymətinin müəyyənləşdirilməsinə ehtiyac olmasının müəyyən olunması istiqamətində hər hansı tədbir görməmiş, hər hansı araşdırma aparmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiymətinin əmlakın icarəyə verilməsindən əldə olunan gəlirə verginin hesablanması məqsədilə tətbiqi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 390-cı maddələrində təsbit edilmiş mülkiyyət hüququnu və müqavilə azadlığını pozmur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur. - Bu müddəalarla bazar qiymətinin, ilk növbədə, müqayisəli şəkildə aşkar edilməsinin əsası qoyulur. Bu metod əvvəllər ekvivalent hallarda bağlanılmış oxşar predmetli icarə müqavilələrinin şərtlərinin müşahidəsinə əsaslanmaqla müvafiq dövlət mənbələrindən, rəsmi, yaxud da açıq məlumatlardan istifadə etməklə əmlakların mümkün olan ən həqiqi qiymətinin müəyyən edilməsindən ibarətdir. Lakin bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi məqsədilə növbəti mərhələyə də keçə bilər. - Belə ki, Vergi Məcəlləsinin 14.6-cı maddəsinə əsasən bu Məcəllənin 14.4-cü maddəsinin, eləcə də qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyata aid 14.5-ci maddəsinin müddəalarının tətbiqi mümkün olmadıqda, vergi orqanı malın (işin, xidmətin) bazar qiymətini bu maddənin tələblərinə uyğun olaraq müəyyən edir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. - Həmin maddənin tətbiqi nəticə vermədikdə, sonrakı mərhələ kimi Vergi Məcəlləsinin 14.6.3-cü maddəsi müəyyən edir ki, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: - sonrakı (təkrar) satış qiymətinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir (14.6.3.1-ci maddə); - dəyərin toplanması üsuluna əsasən bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır (14.6.3.2-ci maddə); - malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Beləliklə, vergi orqanı tərəfindən yoxlama başlanılan tarixdən ekspertizanın təyin edilməsinədək Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə qeyriyaşayış sahəsinin bazar dəyərinin müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülməmişdir. Cavabdeh tərəfindən aparılan inzibati icraatda iddiaçı kimi fəaliyyət göstərən və iddiaçının əmlakına uyğun əmlakın icarəsi barədə heç bir analoji vergi ödəyicisinin məlumatı yoxdur. İnzibati orqanın qərarında onun bazar qiymətinin tətbiq etməsinin hər hansı konkret əsası barədə sənədlər, faktlar və ya sübutlar göstərilməmişdir. Cavabdeh inzibati orqan yuxarıda sadalanan qanunvericiliyin və konstitusiya məhkəməsinin qərarında göstərilən tələblərə riayət etmədən birbaşa ekspertiza təyin etməklə həmin norma və qərarın müddəalarını pozmuşdur. Məhkəmə kollegiyası həmçinin, diqqətə çatdırır ki, birinci instansiya məhkəməsində ətraflı araşdırma zamanı cavabdeh tərəfindən təqdim edilmiş müxtəlif icarə sahələrinə dair icarə müqavilələrinin aid olduğu ünvanda baxış keçirilərkən müəyyən edilmişdir ki (iş v 158, İ cild), Bakı şəhəri, R.Rza küçəsi,3, Bakı şəhəri, R.Rza küçəsi,3/5, Bakı şəhəri, Nizami küçəsi,50 ünvanında yerləşən obyektlər İddiaçı ASC-nin ünvan 6ektindən 100 metr məsafədə yerləşirlər, ünvan 7 yerləşən obyekt tapılmadığı üçün cavabdehin nümayəndəsi həmin obyektin göstərilməsinin mümkün olmayacağını bildirmişdir. Bundan başqa məhkəmə kollegiyası cavabdeh inzibati orqanın yeganə sübut kimi istinad etdiyi ekspert rəyinə də nəzərə yetirir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti barəsində mübahisələndirilən qərarı qəbul edən zaman istinad edilmiş səyyar vergi yoxlaması aktında iddiaçıya əlavə ƏDV və mənfəət vergilərinin, habelə əmlak vergisinin hesablanması üçün əsas götürülmüş “X16” MMC-nin tərtib etdiyi ekspert rəyindən görünür ki, ekspert Azərbaycanda internetin inkişaf etmədiyinə əsaslanaraq 2021-ci ilin iyul-avqust aylarında müxtəlif saytlarda verilən elanlardakı məlumatları (təklifləri) 2014-cü ildən 2021-ci ilə qədər olan dövrlərə şamil edərək hesablamalar aparmışdır ki, bu da hesablanmış vergilərin məbləğlərinin düzgünlüyünü şübhə altına alır, belə ki, 2021-ci ildəki qiymətlərin 2014-2020-ci ildəki qiymətlərlə eyni olması işdə olan heç bir sübutla təsdiqlənmir. Halbuki, VM-nin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Ekspert yalnız təklifləri nəzərə almaqla bazar qiymətini müəyyən etməyə çalışmışdır. Həmçinin, ekspert rəyinə (hesablama metodologiyası) diqqət edildikdə aydın görünür ki, hesablama aparılarkən internetdə daşınmaz əmlakın satışında ən çox istifadə olunan internet səhifələrinə istinad edilmişdir. Halbuki, ekspert icarə qiymətləri üzrə bazar qiymətini müəyyənləşdirməli idi. Bundan əlavə ekspert yalnız 2021-ci ilin iyul avqust aylarında müxtəlif saytlara elanlardakı qiyməti əsas götürərək, müəssisənin yerləşdiyi ərazidə 2021-ci ilin iyul ayı üçün orta çəkili qiyməti 110 azn/kvm hesablamış və bu qiymətə 10 % nisbətində sahənin böyüklüyü və uzunmüddətli müqavilə endirimi tətbiq etmişdir. Nəticədə 2021-ci il üçün real bazar qiyməti 99 azn/kvm hesablamışdır. Daha sonra bu qiymətə Azərbaycan Respublikası Mərkəzi Bankının yoxlanılan dövrlər üzrə təyin etdiyi uçot faiz dərəcəsinə əsasən hesablama aparmışdır. Halbuki, qanunvericilikdə bu cür hesablama metodu nəzərdə tutulmamışdır. Bundan əlavə ekspert müvafiq sahədə xüsusi biliyə malik olmasını təsdiq edən sənəd təqdim edə bilməmişdir. Apellyasiya baxışı zamanı sonuncu məhkəmə iclasına dəvət olunmuş “X16” MMCnin direktoru (rəydə müstəqil ekspert kimi qeyd edilmiş) X12 öz izahatında bildirdi ki, hesablama aparılarkən internetdə daşınmaz əmlakın satışında ən çox istifadə olunan internet səhifələrə istinad olunmuşdur. Yoxlanılan dövr üzrə icarə obyektlərini 1 kv/m orta qiyməti 99 manat müəyyən edilmişdir. İcarə haqları müəyyən edilərkən 2 meyar götürülür: İnflyasiya və Azərbaycan Respublikası Mərkəzi Bankının həmin dövrlər üzrə təyin etdiyi uçot faiz dərəcəsi. İnflyasiya yüksək olduğu üçün Azərbaycan Respublikası Mərkəzi Bankının həmin dövrlər üzrə təyin etdiyi uçot faiz dərəcəsi əsas götürülmüşdür. Belə ki, müəssisə yerləşən ərazidə 2021-ci ilin iyul ayı üçün orta çəkili qiymət 110 Azn/kv.m (94600 Azn / 860 kv) hesablanmışdır. Daha sonra bu qiymətə 10% nisbətində götürülən sahənin çoxluğu və uzun müddətli müqavilə endrimi tətbiq olunmuşdur. Nəticədə 2021-ci il üçün real bazar qiyməti 99 Azn/kv.m hesablanmışdır. Beləliklə, 2021-ci il üçün hesablanmış real bazar qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının həmin dövrlər üçün təyin etdiyi uçot faiz dərəcəsinə əsasən müvafiq tarixlərə görə indeksləşdirilmişdir. Həmçinin, ekspert məhkəmə iclasında müvafiq sahədə xüsusi biliyini təsdiq edən amilin Avstraliyanın Sidney Universitetindən Kommersiya üzrə magistr dərəcəsi, İngiltərənin Uarvik Universitetində Kommersiya ixtisası üzrə doktorantı olması ilə əlaqələndirmişdir. Halbuki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş iki ekspert rəyinə diqqət edildikdən görünür ki, həmin ekspert rəylərindən "xxxx" MMC-nin tərtib etdiyi ekspert rəyi Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin “Qeyri-yaşayış təminatlı daşınmaz əmakın qiymətləndirilməsi sahəsində mütəxəssislərin sertifikatlaşdırılması sistemi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq ixtisaslaşma imtahanını müvəffəqiyyətlə verərək sertifikat almış X5 tərəfindən imzalanmışdır, qeyd edilən ekspert rəyinə əsasən ünvan 3 ünvanda yerləşən ekspertizaya təqdim edilmiş daşınmaz əmlakın icarə qiyməti 1 kv metr üçün 2014-cü ildə əsas sahə üçün 50 manat, köməkçi sahə üçün 10 manat, 2015-ci ildə əsas sahə üçün 50 manat, köməkçi sahə üçün 10 manat, 2016-cı ildə əsas sahə üçün 55 manat, köməkçi sahə üçün 15 manat, 2017-ci ildə əsas sahə üçün 60 manat, köməkçi sahə üçün 20 manat, 2018-ci ildə əsas sahə üçün 60 manat, köməkçi sahə üçün 20 manat, 2019-cu ildə əsas sahə üçün 60 manat, köməkçi sahə üçün 20 manat, 2020-ci ildə əsas sahə üçün 65 manat, köməkçi sahə üçün 25 manat müəyyən edilmişdir. Digər "xxxx" MMC-nin tərtib etdiyi ekspert rəyi Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin “Yaşayış təminatlı daşınmaz əmakın qiymətləndirilməsi sahəsində mütəxəssislərin sertifikatlaşdırılması sistemi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq ixtisaslaşma imtahanını müvəffəqiyyətlə verərək sertifikat almış X3 tərəfindən imzalanmışdır, qeyd edilən ekspert rəyinə əsasən ünvan 3 ünvanda yerləşən ekspertizaya təqdim edilmiş daşınmaz əmlakın icarə qiyməti 1 kv metr üçün 2014-cü ildə əsas sahə üçün 50 manat, köməkçi sahə üçün 10 manat, 2015-ci ildə əsas sahə üçün 50 manat, köməkçi sahə üçün 15 manat, 2016-cı ildə əsas sahə üçün 50 manat, köməkçi sahə üçün 15 manat, 2017-ci ildə əsas sahə üçün 55 manat, köməkçi sahə üçün 20 manat, 2018-ci ildə əsas sahə üçün 60 manat, köməkçi sahə üçün 25 manat, 2019-cu ildə əsas sahə üçün 65 manat, köməkçi sahə üçün 25 manat, 2020-ci ildə əsas sahə üçün 65 manat, köməkçi sahə üçün 20 manat müəyyən edilmişdir. Göründüyü kimi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinın təqdim etdiyi ekspert rəylərindəki icarə qiymətləri cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin təqdim etdiyi ekspert rəyindəki icarə qiymətləri ilə ziddiyyət təşkil edir, hər iki rəydəki qiymətlər cavabdehin təqdim etdiyi ekspert rəyindəki qiymətlərdən əhəmiyyətli dərəcədə azdır, hər iki rəy cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin təqdim etdiyi və iddiaçıya əlavə vergilərin hesablanması və maliyyə sanksiyalarının tətbiq edilməsi üçün əsas kimi götürülmüş növbədənkənar səyyar vergi yoxlaması aktında istinad edilən ekspert rəyindən fərqli olaraq qiymətləndimə sahəsində müvafiq sertifikata malik olan mütəxəssislər tərəfindən imzalanmışlar. Digər tərəfdən isə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçının təqdim etdiyi ekspert rəylərinin mötəbərsizliyinə dair heç bir dəlili və sübutu məhkəmə araşdırmaları zamanı təqdim edə bilməmişdir. Apellyasiya şikayətinin vergilərin hesablanması müddəti ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, 01 yanvar 2020-ci ilədək qüvvədə olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. 29 noyabr 2019-cu il tarixli Qanunla “səyyar” sözü “Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə,səyyar” sözləri ilə əlavə edilmişdir. 03 dekabr 2021-ci il tarixli Qanunla əlavə edilmiş 36.3-1-ci maddəsinə əsasən Vergi ödəyicisində keçirilən səyyar vergi yoxlaması zamanı bu maddə ilə müəyyən olunmuş müddətlər nəzərə alınmaqla yoxlamanın əhatə etdiyi dövr və (və ya) vergi növləri aşağıdakı hallarda artırıla bilər: 36.3-1.1. vergi ödəyicisinin müraciəti əsasında; 36.3-1.2. keçirilən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdən sonrakı dövrdə vergidən yayınma hallarının olması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 36.3-1.3. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda. Hazırki inzibati işdən aydın görünür ki, cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən Qanunla edilmiş dəyişiklikdən əvvəlki dövrlər üzrə yəni, yanvar 2014-iyul 2020-ci illər üzrə dövrlərin yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin etmişdir. Halbuki, birbaşa yoxlamanın əhatə etdiyi dövrə münasibətdə Qanunda edilmiş dəyişiklik yoxlama ilə əhatə edilən dövrlərdən sonra baş vermişdir. Cavabdeh apellyasiya şikayətində VM-nin 85.4-cü maddəsinə istinad etsə də, Məhkəmə kollegiyası onunla bağlı da qeyd edir ki, 85.4-cü maddəyə 29 noyabr 2019-cu il tarixli Qanunla əlavə edilmiş 2-ci və 3-cü abzaslarda qeyd edilir ki: Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Aydın olduğu kimi sözügedən əlavələrlə bağlı Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Belə olan halda qanunla edilmiş dəyişiklikdən əvvəlki dövrlərə (yoxlanılan dövrlərə) bu dəyişikliklərin tətbiq edilməsi tamamilə qanunsuz və konstitusion normaların prinsiplərinə zidd olmuşdur. Bundan əlavə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 2014-2020-ci il dövrləri üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması xx.xx.2021-ci ildə başa çatdırılaraq yoxlama aktı tərtib edilmişdir, həmin vergi yoxlamasının nəticələri əsasında isə iddiaçının mübahisələndirdiyi qərar xx.xx.2021-ci ildə qəbul edilmişdir, belə olan halda cavabdeh tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.1-ci maddəsinin tələbləri də pozulmuş, 10 günlük müddətə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır:49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi;49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması;49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında;49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi;49.1.6. yeni qərarın qəbul edilməsi. Həmin Məcəllənin 49.5.-ci maddəsinə əsasən, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Beləliklə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: - 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********151294 nömrəli qərar qəbul olunarkən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi, nəticədə əsassız vergi məbləğləri hesablandığı, müvafiq maliyyə sanksiyalarının tətbiq edildiyi müəyyən edildiyindən, sübutetmə yükü daşıyan cavabdeh tərəfindən qəbul edilmiş qərarın əsaslı olması barədə sübutlar təqdim edilmədiyindən, təqdim edilən sübutlar məhkəmə araşdırması ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4302/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar