Məhkəmə qərarları › İş №2-1(103)-147/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-147/2020

22.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-147/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Abiyeva Kəmalə Nəbi qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, İddiaçı və vəkili X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Nərimanov rayon Şöbəsinə qarşı “yaşa görə pensiyanın təyin edilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)-3413/18 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X4 Bakı şəhər Nərimanov rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək pensiyasının hesablanaraq təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 1974-1980-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində ali təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək, ona 60 yaş 06 ayının tamam olduğu xx xxxxxx 2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(82)- 3413/2018 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, onun ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2-1(103)-702/2019 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan cavabdeh kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin 2-1(102)- 2428/19 saylı xx xxxxxxx 2019-cu il tarilxi qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2-1(103)-702/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf şikayətə etiraz edərək, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеlyаsiyа şikаyətini iş materialları ilə аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Nərimanov rayon şöbəsinə müraciət etmişdir. DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx xxxx 2018-ci il tarixli, xx/xx-1256 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx xxx 2017-ci il tarixli, 1352 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Vətəndaş İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə sığorta stajı, cəmi 18 il 11 ay 23 gün təşkil edir. Vətəndaşın ərizəsində qeyd etdiyi X1 iş dövrü ilə əlaqədar bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən “Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edildiyindən həmin dövrün (X1 iş dövrü) sığorta stajı hesablanarkən nəzərə alınması qanuna ziddir. Cavabdehin qeyd olunan imtinasından sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İşə baxan birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin iddiaçının ali təhsil aldığı dövrdə qüvvədə olmuş tələblərinə görə ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti iş stajına daxil edilməlidir. İddiaçının təhsil aldığı dövr artıq onun qazanılmış əmək stajına daxil olduğundan, cavabdehin qanunvericiliyin iddiaçının hüquqi vəziyyətini çətinləşdirən normalarını geriyə tətbiq edərək, onun əyani təhsil müddətini sığorta stajına daxil edilməsindən imtinası iddiaçının konstitusion hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək kitabçasına əsasən, onun 19 il 11 ay 23 gün əmək stajına malik olması öz təsdiqini tapdığından, habelə iddiaçı 6 il təhsil aldığından onun qanunvericiliklə tələb olunan 25 il sığorta stajı tamam olmuş və 60 yaş 6 ayının tamam olduğu xx xxxxxx 2018-ci il tarixdən yaşa görə pensiya hüququ yaranmışdır. Birinci instansiya məhkəməsinin mövqeyini təkrarlayan apelyasiya məhkəməsinin qərarını ləğv edərkən kassasiya məhkəməsi yuxarıda adı çəkilən qərarında ona istinad etmişdir ki, şəxsin sığorta stajı müəyyən edilərkən, onun hesablanması zamanı bilavasitə 25 il təşkil etdiyi işlədiyi dövrlər üzrə hər bir əmək fəaliyyətinin müddəti illər, aylar və günlərlə hesablanmalıdır ki, onların cəm şəklində toplanmasının istinad edilən nəticənin verdiyi aydın olsun. Kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilibedilməməsini yoxlayır. İddiaçının yaşa görə pensiya hüququnun hansı qaydada yarandığı qeyri-müəyyəndir və bu halda kassasiya instansiya məhkəməsi həmin müddətlərin hesablanması məcburiyyəti qarşısında qalır. Halbuki, işin halı olmaqla, sığorta stajı apelyasiya məhkəməsi tərəfindən istinad edilmiş maddənin tələblərinə əsasən müəyyən edilməli idi. Kollegiya işin hallarını və kassaisya məhkəməsinin qərarındakı göstərişləri nəzərə alaraq aşağıdakı nəticəyə gəlir. “Əmək pensiyaları haqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin qeyd hissəsini nəzərə alaraq məhkəmə qeyd edir ki, xx xxxx 2017-ci il tarixindən xx xxxx 2018-ci il tarixinə qədər qadınların pensiya hüququnun yaranması üçün onların 60 il 6 ay yaş həddinə çatması tələb olunur. İşdən müəyyən olunur ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla xx.xx.2018-ci ildə 60 yaş 06 ayını tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələbindən görünür ki,60 yaşına (hazırki iş üzrə 60 yaş 06 ay) çatmış qadınların yaşa görə pensiya hüququnun yaranmasının zəruri edən aşağıdakı şərtlərdən biri mövcud olmalıdır: sığorta stajından asılı olmayaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya məbləğinə imkan verməlidir və yaxud azı 25 il sığorta stajı olmalıdır. İşin mübahizəsiz hallarından müəyyən olunur ki, iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan birinci şərt ödənilmir,yəni fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən azdır. Bu halda iddiaçının pensiya hüququ ikinci şərtin yerinə yetirilməsi ilə- 25 ildən artıq sığorta stajına malik olması ilə bağlıdır. "Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: Qaydaların 3.1.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsаsən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx xxxxxxxx 1992-ci il tarixli "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ortinaturada təhsil müddəti iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya aid EB seriyalı 280894 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 1974-xx.xx.1980-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda müalicə işi ixtisası üzrə ali təhsil almışdır. İddiaçıya məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş sürətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1980-ci ildə 5 saylı Klinik Xəstəxanaya terapiya üzrə həkim-intern vəzifəsinə qəbul edilmiş (Əmr N 86, xx.xx.1980), xx.xx.1981-si ildə internaturanı bitirməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş (Əmr N 94, xx.xx.1981), xx.xx.1982-ci ildə 0,5 ştat üzrə Təcili yardım stansiyasının çağırış həkimi vəzifəsinə təyin edilmiş (Əmr N 153,p.2, xx.xx.1982), xx.xx.1985-ci ildə tutduğu vəzifədən azad edilmiş (Əmr N 243-k, xx.xx.1985), xx.xx.1985-ci ildə 21 nömrəli Orconokidze rayon şəhər xəstəxanası Funksional diaqnostika otağına həkim vəzifəsinə işə qəbul edilmiş (Əmr N 136, xx.xx.1986), xx.xx.1986-cı ildə 3 nömrəli Lenin rayon q/m keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş (Əmr N 40, xx.xx.1986), xx.xx.1986-cı ildə 3 nömrəli X2 həkim terapevt vəzifəsinə işə qəbul edilmiş (Əmr N 37, xx.xx.1986), xx.xx.1990-cı ildə tutduğu vəzifədən azad edilmiş (Əmr N 163, xx.xx.1990), xx.xx.1990-cı ildə Semaşko adına şəhər kliniki xəstəxanasına 5-ci kardioloji intensiv terapiya blokuna həkim-terapevt vəzifəsinə qəbul edilmiş (Əmr N 154, xx.xx.1990), xx.xx.1998-ci ildə Ümumi reanimasiya şöbəsinə həkim vəzifəsinə keçirilmiş (Əmr N 49k, xx.xx.1998), xx.xx.1998-ci ildə 3-cü terapiya şöbəsinə həkim vəzifəsinə keçirilmiş (Əmr N 58k, xx.xx.1998), xx.xx.1998-ci 5-ci kardiologiya şöbəsinə həkim vəzifəsinə keçirilmiş (Əmr N 62k, xx.xx.1998), xx.xx.2000-ci ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr N 14k, xx.xx.2001). “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Kollegiya iddiaçıya aid yuxarıda adı çəkilən diplom üzrə təhsil aldığı müddəti və əmək kitabçasındakı iş fəaliyyəti ilə bağlı qeydləri :xx.xx.1980-xx.xx.1981-ci ilədək 11 ay 21 gün, xx.xx.1982-xx.xx.1985-ci ilədək 03 il 01 ay 04 gün, xx.xx.1985-xx.xx.1986-cı ilədək 04 ay 28 gün, xx.xx.1986-xx.xx.1990-cı ilədək 04 il 06 ay 16 gün, xx.xx.1990xx.xx.2000-ci ilədək 09 il 11 ay 14 gün, 06 il ali təhsil müddəti də nəzərə alaraq iddiaçının ümumilikdə topladığı iş stajını 18 il 11 ay 23 gün müəyyən etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında əmək kitabçasında AR Səhiyyə nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsi 1 saylı Klinik Xəstəxanasından xx.xx.2000-ci ildə tutduğu vəzifədən azad edildiyi qeyd edilsə də, əslində həmin xəstəxananın baş həkiminin xx.xx.2001-ci il tarixli 14k saylı əmri ilə və həmin tarixdən işdən azad edildiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, işdə olan Bakı şəhəri Baş Səhiyyə İdarəsi 1 saylı Klinik Xəstəxanasından verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1990-cı il tarixindən 1 saylı şəhər klinik xəstəxanasının (1 saylı şəhər klinikxəstəxanasının və M.Nağıyev adına TTTY xəstəxanasının birləşdirilməsi ilə əlaqədar BŞBSİ-nin xx.xx.2005ci il tarixli 49 nömrəli əmrinə əsasən X7 yaradılmışdır). 5-ci kardiologiya şöbəsi intensiv terapiya bloku ilə birlikdə həkim-terapevt vəzifəsinə qəbul edilmişdir (xx.xx.1990-cı il tarixli 154 nömrəli əmrlə), xx.xx.1998-ci il tarixindən ümumi reanimasiya şöbəsinə həkim vəzifəsinə keçirilmişdir(xx.xx.1998-ci il tarixli 49k nömrəli əmrlə), xx.xx.1998-ci il tarixindən 3-cü terapiya şöbəsinə həkim vəzifəsinə keçirilmişdir (xx.xx.1998-ci il tarixli 58k nömrəli əmrlə), xx.xx.1998-ci il tarixindən 5-ci kardiologiya şöbəsinə həkim vəzifəsinə keçirilmişdir (xx.xx.1998-ci il tarixli 62k nömrəli əmrlə), xx.xx.2000-ci il tarixindən ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir (xx.xx.2001-ci il tarixli 14/k nömrəli əmrlə) Göründüyü kimi işəgötürən tərəfindən verilmiş arayışda da iddiaçının məhz xx.xx.2000-ci il tarixdən işdən azad olunduğu qeyd olunmuşdur. Belə olan halda işdən çıxma barədə əmrin rəsmiləşdiyi xx.xx.2001-ci il tarixə kimi müddət iddiaçının iş stajına daxil edilməməlidir. Digər tərəfdən iddiaçı iddia edir ki, Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tərəfindən dövlət xətti ilə əməkçi miqrant olaraq işləməyə Səudiyyə Ərəbistanına göndərilmişdir. Onun xarici ölkədə işləməsi faktı Nazirliklə onun arasında bağlanmış müqavilə ilə də öz təsdiqini tapmışdır. Belə olan halda həmin dövr pensiya təyin edilməsi üçün onun iş stajına hesablanmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən 23.1. vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Göründüyü kimi qanunvericilik vətəndaşın başqa dövlətlərin ərazisində iş dövrünü yalnız Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödənildikdə sığorta stajına hesablanmasını mümkün sayır. Kollegiya hesab edir ki, cavabdeh isə iddiaçının X1 iş dövrü üzrə sığorta ayırmalarının mövcud olmadığına istinadən həmin dövrü sığorta stajı hesablamaqdan imtina etməkdə haqlı olmuşdur. Beləliklə, Kollegiya işdə olan sübutları bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, iddiaçı yaşa görə pensiya təyin olunması üçün qanunla tələb olunan 25 il sığorta stajı toplamamışdır. Bu əsasdan kollegiya iddia tələbinin təmin olunmaması nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtına edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Nərimanov rayon şöbəsinin apelyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)-3413/18 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Nərimanov rayon Şöbəsinə qarşı “yaşa görə pensiyanın təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: M.N.Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar