Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-147/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, iddiaçı Bakı Şəhəri İddiaçı (bundan sonra - iddiaçı) nümayəndəsi X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) iştirakı ilə iddiaçının kompensasiya ödənilməklə mənzilin boşaldılması tələbinə dair ilk iddia ərizəsi, cavabdehlərin maddi və mənəvi kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1500/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan iddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları ilə bağlı alınması ilə əlaqədar mülkiyyətçi Cavabdeh1 155.856 manat məbləğdə kompensasiya ödənilərək bütün cavabdehlər tərəfindən fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, AR Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 51 nömrəli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi iddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədilə iddiaçı alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Cavabdeh1 ünvan 1-də yerləşən daşınmaz əmlakın mülkiyyətçisidir, digər cavabdehlər isə onun ailə üzvü olmaqla həmin evdə qeydiyyatdadırlar. Həmin əmlak Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli qərarının təsirinə düşür. Cavabdehə danışıq (könüllü alqı-satqı) yolu ilə onun mülkiyyətində olan daşınmaz əmlakın satın alınmasına razılıq verilməsi barədə bildiriş göndərilmişdir. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq cavabdehə yaşadığı ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 155.856 manat məbləğdə kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirmişdir. Lakin cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir. Cavabdehlər də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, Cavabdeh1 məxsus ailəlikcə yaşadıqları ünvan 1 ünvanda yerləşən evin qanunsuz sökülməsi nəticəsində onlara dəymiş 270.975 manat maddi ziyanın, 100.000 manat məbləğdə mənəvi ziyanın iddiaçıdan tutaraq onlara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddianın əsaslarına görə, xx.xx.2019-cu ildə cavabdehlərin yaşadıqları ev içərisindəki əşyalarla brlikdə iddiaçı tərəfindən qanunsuz olaraq sökülmüşdür. Yaşadıqları evdə 3 nəfərin yaşaması üçün zəruri olan bütün mebel, məişət və mətbəx əşyaları olmuşdur. Sökülmə nəticəsində həmin ev əşyaları qarət olunmuş, təkcə əşyalara görə cavabdehlərə iddiaçının qanunsuz hərəkətləri nəticəsində 20.000 manat ziyan dəymişdir. Bundan başqa, AR Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 51 nömrəli qərarında Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsi yoxdur, yəni evin hansı əsasla sökülməsi aydın deyil. Həmçinin, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna əsasən evin bu qaydada qanunsuz olaraq, insanları küçəyə atmaqla, ləyaqəti alçaltmaqla sökülməsi nəzərdə tutulmamışdır. Belə ki, evin sökülməsi ilə bağlı məhkəmə qərarı olmamışdır. Evin sökülməsi nəticəsində dəymiş maddi ziyan evin Cavabdeh1 aid olan 73,4 kv.m-nə görə hər kv.m. üçün 1.500 manat olmaqla, 110.100 manat, 93,25 kv.m. torpaq sahəsinə görə hər kv.m. üçün 1.500 manat olmaqla, 138.875 manat, 1.000 manat köçürmə xərci, cəmi 250.975 manat təşkil edir. Halbuki, iddiaçı tərəfindən təşkil edilmiş komissiya onlara bundan aşağı kompensasiya məbləği hesablamışdır ki, torpağın çıxarışı olsa da qiyməti çox aşağı götürülmüş, evin hər kv.m-nə görə də 1.500 manat məbləği hesablamaqdan imtina etmişdir. Bundan başqa, qanunsuz olaraq evlərin sökülməsi nəticəsində dəymiş mənəvi zərərin əvəzi kimi 100.000 manat məbləği iddiaçıdan cavabdehlərin xeyrinə tutulmalıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ilk iddia qismən təmin edilmiş, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan iddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları ilə bağlı alınması ilə əlaqədar mülkiyyətçi Cavabdeh1 iddiaçı tərəfindən 155.856 manat məbləğdə kompensasiyanın ödənilməsi qərara alınmış, cavabdehlər tərəfindən fərdi yaşayış evinin boşaldılması hissəsində iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. Qərarla razılaşmayan cavabdehlər ondan apellyasiya şikayəti verərək, ləğv edilib, ilkin iddianın tam rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdehlər 2019-cu ilin 28 yanvarında işə getmək üçün yaşadıqları evdən çıxmış, lakin axşam evə qayıdanda ev yerində deyildi. Bütün əşyalar qarət olunmuş, ev tamam sökülmüşdü. Sökülmə ilə bağlı onlara məlumat verilməmiş, xəbəri və razılığı olmadan, həmçinin, məhkəmə qərarı olmadan ev sökülmüş, əşyaları qarət olunmuş və küçələrdə qalmışdılar. İddiaçı evi sökdükdən sonra iddia qaldırmışdır. İşdən göründüyü kimi, iddiaçı öncədən kompensasiya ödənilmədən və məhkəmə qərarı olmadan özbaşına cavabdehlərin yaşadığı və xüsusi mülkiyyətdə olan fərdi yaşayış evini sökmüşdür və mülkiyyət hüququnun müdafiəsi ilə bağlı konstitusion tələbləri kobud şəkildə pozmuşdur. Məhkəmə qərarda evin məhkəmə qərarı qəbul edilənə qədər sökülməsini qeyd etmişdir, buna görə də iddianı evin boşaldılması hissəsində təmin etməmişdir. Lakin məhkəmə iddiaçı tərəfindən konstitusion tələblərin pozulmasına diqqət yetirməmiş, cavabdehlərin məhkəmə qərarı olmadan və öncədən ədalətli kompensasiya ödənilmədən sökülən evə görə qaldırdıqları əsaslı iddiasını təmin etməmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehlər apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-cimaddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Həmçinin, İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası bildirir ki, əmlak tələbinə dair hazırkı ilk iddia fiziki şəxslərə qarşı qaldırılsa da, mübahisəyə inzibati mühakimə icraatı qaydasında baxılmalıdır. Belə ki, mübahisənin predmeti və ona tətbiq olunan hüquq normaları ümumi (publik) hüquq sahəsinə aid olduğundan, bu növ iddialara inzibati mühakimə icraatı qaydasında baxılmalıdır. Oxşar hüquqi situasiya kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 10.4-cü bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı AR Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Şikayət mahiyyətcə qismən əsaslıdır. İlk olaraq, İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qərarın ləğv edilməsi xahiş olunsa da, cavabdehlər ilk iddianın tam rədd olunmasını xahiş etdiyi və iddiaçı ilk iddianın qismən təmin olunması ilə razılaşaraq, apellyasiya şikayəti vermədiyi (qərar onun tərəfindən mübahisə edilmədiyi) və apellyasiya şikayətinin dəlilləri də yalnız ilk iddianın təmin olunan və qarşılıqlı iddianın rədd olunması ilə bağlı olduğu üçün, birinci instansiya məhkəməsinin qərarına cavabdehlərin lehinə olan hissədə hüquqi müdaxilə dispozitivlik prinsipinə zidd durum yaradar, bu da cavabdehlərin apellyasiya şikayəti verməzdən əvvəl malik olduğu daha əlverişli hüquqi vəziyyətin pisləşməsi kimi ədalətsiz bir nəticəyə gətirib çıxarmış olardı. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qərarının əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan (ilk iddia rədd olunan) hissə tərəflər arasında mübahisəsiz olduğu və iş üzrə sair maddi və prosessual hüquq normalarının pozuntusu müəyyən edilmədiyi üçün, qərar həmin hissədə qanuni və əsaslı qəbul edilməlidir. Bu baxımdan, qeyd edilməlidir ki, AR Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” xx.xx.2018-ci il tarixli 51 nömrəli qərarına əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1.130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2.010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Yasamal RİH müəyyən edilmişdir. Qərarla iddiaçıya tapşırılmışdır ki, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə AR Nazirlər Kabinetinə təkliflər təqdim etsin. İşdə olan, AR ƏMDK Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin işdə olan Bakı şəhəri Yasamal rayonu ərazisində Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq, Çingiz Mustafayev və Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu, Mirzəağa Əliyev küçələri arasındakı ərazilərdə dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alınacaq torpaq sahələrinin yerquruluşu planına görə, ünvan 1 ünvan AR Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 51 nömrəli qərarının təsiri altına düşür. Qərarın icrası məqsədilə iddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununun tələblərinə uyğun olaraq Daşınmaz əmlakın alınması qrupunu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədilə “xxxx” MMC-ni müstəqil qiymətləndirici qismində cəlb etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX ******* nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən 0,01865 ha torpaq sahəsi və ümumi sahəsi 123,4 kv.m. olan yaşayış evi xüsusi mülkiyyət hüququ ilə 1/2 hissə Cavabdeh1 və 1/2 hissə X3 adına qeydə alınmışdır. Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsi dalan 5-də yerləşən 3 nömrəli evin xx.xx.2016-cı il tarixli **********14-10301 nömrəli texniki pasportuna əsasən ev iki tikilidən, həmin tikililərdə yerləşən anbar-zirzəmidən, 5 yaşayış otağından, bir zirzəmidən, 3 bağlı eyvandan ibarət olmuşdur, həyətyanı tikililərə 2 ayaqyolu, hasar, taxta hasar, iki taxta qapı daxil olmuşdur. 43 saylı MKİS-in 2018-ci il tarixli may tarixli arayışına görə, cavabdehlər ünvan 1-də qeydiyyatdadırlar. “Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak üçün “xxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli “Qiymətləndirmə hesabatından çıxarış”a əsasən, iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin əsas sahəsi 38 kv.m, köməkçi sahəsi 32,73 kv.m, sanitar qovşağı 2,67 kv.m, 1/2 torpaq sahəsi 93,25 kv.m. təşkil etmiş, qiyməti 154.856 manat müəyyən edilmiş, 2 aylıq kirayə və köçmək xərci 1.000 manat, bütün kompensasiya növləri, o cümlədən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan 20% əlavə nəzərə alınmaqla, ümumilikdə cəmi 155.856 manat kompensasiya məbləği müəyyən edilmiş, evin əsas və köməkçi sahələri üçün kompensasiya məbləği hər kv.m. üçün 1.500 manatdan, sanitar qovşağı üçün 800 manatdan, torpaq sahəsi üçün isə 500 manatdan hesablanmışdır. xx.xx.2019-cu il tarixli akta əsasən Cavabdeh1 ona məxsus yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar iddiaçının təşkil etdiyi komissiyaya dəvət edilmiş və xx.xx.2019-cu il tarixdə Komissiya tərəfindən qəbul edilmiş, qəbul zamanı ünvan 1 ünvanda cavabdehə məxsus yaşayış sahəsinə görə 155.856 manat məbləğində kompensasiya təklif edilmiş, lakin o, könüllü razılaşmadan imtina etmişdir. Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “Kompensasiya məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 52.2-ci maddəsinə əsasən, alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün verilir: 52.2.1. torpağın alınmasının bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olmasının; 52.2.2. alınan torpağa sahibliyin bu Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının; 52.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. Həmin Qanunun 66.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir. Həmin Qanunun 66.2-ci maddəsinə əsasən, çətinliklərə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxsə alınan yaşayış sahəsində əsas yaşayış yeri kimi ən azı beş il müddətində yaşamasını təsdiq edən sənədi onun tərəfindən təqdim edildikdə ödənilir. Həmin Qanunun 66.3-cü maddəsinə əsasən, alınmanın təsirinə məruz qalmış şəxs alan orqana çətinliklə bağlı ödəniş üçün tələbi bu Qanunun 66.2-ci maddəsində nəzərdə tutulmuş halın baş verdiyi tarixdən bir təqvim ili müddətində təqdim edə bilər. Həmin Qanunun 66.4. Çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin aşağıda göstərilən faizi miqdarında müəyyənləşdirilir: 66.4.1. 5 ildən 6 ilədək müddət üçün — 5 faiz; 66.4.2. 6 ildən 7 ilədək müddət üçün — 6 faiz; 66.4.3. 7 ildən 8 ilədək müddət üçün — 7 faiz; 66.4.4. 8 ildən 9 ilədək müddət üçün — 8 faiz; 66.4.5. 9 ildən 10 ilədək müddət üçün — 9 faiz; 66.4.6. 10 ildən artıq müddət üçün — 10 faiz. Göstərilən maddi hüquq normalarının tələbləri baxımından iddiaçının hərəkətlərini təhlil etdikdə məlum olur ki, cavabdeh sözügedən yaşayış sahəsində 10 ildən artıq müddət yaşadığına görə kompensasiya hesablanarkən ona təklif edilən kompensasiyanın 10 faizi məbləğində çətinliklə bağlı ödəniş də nəzərə alınmalı idi. Lakin, iddiaçı həmin ödənişi kompensasiya hesablanması zamanı nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi isə kompensasiya məbləğinin ədalətli olub-olmaması məsələsinə qiymət verərkən bu halı nəzərə almamışdır. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən yol verilən pozuntulardan biri də cavabdehlərin qarşılıqlı iddiası ilə bağlıdır. Belə ki, qarşılıqlı iddia ilə cavabdehlər mənəvi zərərin əvəzi kimi 100.000 manat məbləğində pul tələb etsələr də, məhkəmə mənəvi zərərlər bağlı məsələyə heç bir qiymət verməmiş, cavabdehlərin bu istiqamətdə dəlillərini də araşdırmamışdır. ... İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi iddiaçı orqanın sözügedən evi almasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa və “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə uyğun olub-olmadığını müəyyən etməli, sökülmüş evin bazar qiymətinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin etməli, ekspert rəyindən aslı olaraq iddiaçının təklif etdiyi kompensasiya məbləğinin ədalətli və ağlabatan olub-olmadığını qiymətləndirməli, cavabdehlərin qarşılıqlı iddiasında mənəvi ziyana görə tələb etdikləri 100.000 manat məbləğində pul tələbinə münasibət bildirməli və araşdırmanın nəticəsindən asılı olaraq əsaslı və ədalətli qərar qəbul etməlidir.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin qərarında şərh edilən göstərişlərin icrası ilə bağlı, ilk öncə, məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadları ilə iş üzrə həm məhkəmə ekspertizası, həm də qiymətləndirmə təyin edilmişdir. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında xx.xx.2020-ci il tarixli 10/3366 nömrəli Məlumatı ilə Mərkəzdə bu suallar üzrə ekspertizanın aparılmadığı bildirilib, qərardad icrasız saxlanılaraq, inzibati iş geri qaytarılmışdır. “X7” MMC-nin xx.xx.2021-ci il tarixli ƏEM/Y-13-013/21 nömrəli mütəxəssis rəyinə əsasən, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın mülkiyyətçi Cavabdeh1 aid hissəsinin söküldüyü vaxt real bazar qiyməti, mülkiyyətçinin payı (1/2) nəzərə alınmaqla sahəsi, fərdi yaşayış evi 70,73 kv.m x 1 kv.m-nin dəyəri 2.500 manat = 176.825 manat, sanitar qovşağı 2,67 kv.m x 1 kv.m-nin dəyəri 1.000 manat = 2.670 manat, açıq torpaq sahəsi 31,15 kv.m x 1 kv.m-nin dəyəri 1.600 manat = 49.840 manat olmaqla, cəmi 229.335 manat təşkil edir. Rəydə xidmət haqqı 300 manat məbləğdə göstərilmişdir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarının “... cavabdeh sözügedən yaşayış sahəsində 10 ildən artıq müddət yaşadığına görə kompensasiya hesablanarkən ona təklif edilən kompensasiyanın 10 faizi məbləğində çətinliklə bağlı ödəniş də nəzərə alınmalı idi” barədə göstərişinin icrası ilə bağlı bildirir ki, Ali Məhkəmənin daha əvvəlki 2-1(102)- 2348/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarında birmənalı qaydada mövqe ortaya qoyularaq qeyd olunmuşdur ki, “... mövcud inzibati praktikaya əsasən hər kv.m-ə görə ödənilən 1.500 manat bütün kompensasiya növləri, o cümlədən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanunu və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun və “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 506-VİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələri ehtiva edir.” Ali Məhkəmənin sözügedən qərardan sonrakı və hazırkı mövqe və təcrübəsi də bu yöndədir. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarının “... qarşılıqlı iddia ilə cavabdehlər mənəvi zərərin əvəzi kimi 100.000 manat məbləğində pul tələb etsələr də, məhkəmə mənəvi zərərlər bağlı məsələyə heç bir qiymət verməmiş, cavabdehlərin bu istiqamətdə dəlillərini də araşdırmamışdır” məzmunda dəlilinin icrası ilə bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” AR Qanununun 89.1-ci maddəsinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarının 2 və 8-ci bəndlərində izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir (2). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır (8). Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirilən hərəkətləri nəticəsində cavabdehlərin mənəvi sarsıntı və iztirab keçirməsi, o cümlədən bu hərəkətlər nəticəsində yaxın qohumlarını və ya iş yerlərini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olmaları, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzun ləkələnməsi, hər hansı başqa hüquqların məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və sair hallar iş üzrə müəyyən olunmadığı və sübuta yetmədiyi üçün, qarşılıqlı iddia mənəvi zərərin ödənilməsi hissədə təmin olunmamalıdır. İlk və qarşılıqlı iddiaların yaşayış evinin sökülməsi nəticəsində cavabdehlərə ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı isə sonrakılar qeyd olunmalıdır. İşdən görünür ki, AR Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli qərarının təsiri altına düşən, Cavabdeh1 mülkiyyətində olan evin könüllü alqı-satqı yolu ilə satın alınmasına razılıq barədə alan orqan qismində iddiaçı tərəfindən cavabdehlərə bildiriş göndərilmiş, müstəqil qiymətləndirici “xxxx” MMC müqayisə metodlu araşdırma nəticəsində tərtib etdiyi Qiymətləndirmə hesabatı ilə cavabdehin mülkiyyətində olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar mövcud bazar qiymətini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun və “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 506-VİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə hesablayaraq, ona 155.856 manat (əsas sahə 38 kv.m. x 1.500 manat = 57.000 manat + köməkçi sahə 32,73 kv.m. x 1.500 manat = 49.095 manat + sanitar qovşağı 2,67 kv.m. x 800 manat = 2.136 manat + torpaq sahəsi 1/2 93,25 kv.m. x 500 manat = 46.625 manat + 1.000 manat iki aylıq kirayə haqqı və köçmək xərci) məbləğdə kompensasiya ödənilməli olduğunu müəyyən etmiş, alan orqan qismində iddiaçı cavabdehlərə həmin məbləğdə kompensasiyanı ödəməyə hazır olduğunu bildirmiş, cavabdehlər təklif olunan kompensasiyanı almaqdan imtina etmiş (xx.xx.2019-cu il tarixli akt) və iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır; 246.1-ci maddəsinə görə, bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir; 248.1-ci maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. 248.2-ci maddəsinə görə, alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir: 248.2.1. torpağın alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının; 248.2.2. alınan torpağa sahibliyin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının; 248.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun: 4.1-ci maddəsinə əsasən, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər; 6.1-ci maddəsinə görə, torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir; 19.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 18-ci maddəsinə uyğun olaraq təqdim edilmiş torpağın alınması təklifi və bununla bağlı sənədləri, habelə məqsədəuyğun hesab etdiyi digər sənədləri araşdırdıqdan sonra alan orqanın təklifini tam və ya qismən nəzərə almaqla, torpağın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edə bilər; 19.3-cü maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır; 20.1-ci maddəsinə əsasən, torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən: 20.1.1. həmin torpaq alınan torpaq kimi tanınır; 20.1.2. alınan torpaqda yaşayan və ya ondan istifadə edən, bu Qanunun 11-ci maddəsinin müddəalarına əsasən siyahıya alınmış şəxslər alınmanın təsirinə məruz qalan hesab edilir; 20.1.3. alan orqan alınan torpağın alınması ilə bağlı tələb olunan tədbirləri yerinə yetirmək öhdəliyini daşıyır; 20.1.4. köçürülmə planı və (və ya) təlimatı tələb olunan hallarda, alan orqan onların alınmanın təsirinə məruz qalan şəxslərlə məsləhətləşməklə ağlabatan müddətdə hazırlanmasını təmin etmək öhdəliyini daşıyır; 20.1.5. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara ödəniləcək kompensasiyanın müəyyən edilməsi məqsədilə alınan torpağın və həmin torpaqda yerləşən tikililərin (inşası başa çatdırılmamış tikililər də daxil olmaqla), məhsulun, bitkilərin, bütün digər təbii əşyaların və tikilmiş əmlakın qiymətləndirilməsində qiymətləndirmə komissiyasına kömək etmək öhdəliyini daşıyır; 20.1.6. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır; 20.1.7. alan orqan kompensasiyanın ödənilməsi məqsədilə aidiyyəti dövlət orqanlarından vəsait almaq üçün zəruri sənədləri hazırlamaq öhdəliyini daşıyır; 22.1-ci maddəsinə görə, alınma prosesini həyata keçirmək məqsədilə alan orqan müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələrinin də daxil olduğu tərkibdə torpağın alınması qrupunu (qruplarını) təşkil edir; 24.1-ci maddəsinə əsasən, müstəqil qiymətləndirici hər bir torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təkliflərini bütün müvafiq sənədlərlə birlikdə qiymətləndirmə komissiyasına və nəzarət orqanına təqdim edir; 30.1-ci maddəsinə görə, alan orqan bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş alınmanın təsirinə məruz qalan şəxslərin alınan torpaqla bağlı hüquqlarını bu fəsildə müəyyən edilmiş qaydada danışıq (könüllü alqı-satqı) yolu ilə əldə edə bilər; 31.1-ci maddəsinə əsasən, torpağın alınması barədə bu Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş qərar qəbul edildikdən sonra alan orqan bu Qanunun 7.3.1- 7.3.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərə həmin torpaqlar üzərində hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satın alınmasına razılığı barədə bildiriş göndərir; 52.1-ci maddəsinə görə, alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər; 52.2-ci maddəsinə əsasən, alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün verilir: 52.2.1. torpağın alınmasının bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olmasının; 52.2.2. alınan torpağa sahibliyin bu Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının; 52.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin; 53-cü maddəsinə görə, alan orqanın bu Qanunun 52-ci maddəsində nəzərdə tutulmuş qaydada etdiyi müraciətindən sonra torpağa sahibliyin əldə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməyərək sahiblikdən imtina etmək istəməyən şəxslər barəsində icra haqqında qanunvericiliyin müvafiq müddəaları tətbiq olunur. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ilk iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur, apellyasiya şikayətinin qərarın ləğv edilib, ilk iddia rədd olunması barədə dəlilləri ilk iddianın əsasları ilə təkzib olunur. Ona görə də birinci instansiya məhkəməsinin ilk iddianın təmin olunan hissəsi ilə əlaqədar gəldiyi nəticə düzgündür. Belə ki, Cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlak AR Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli qərarının təsiri altına düşür, Qərarla alan orqan kimi iddiaçı müəyyən edilmişdir, iddiaçı əmlakın qiymətləndirilməsi məqsədilə müstəqil qiymətləndirici cəlb etmiş, müstəqil qiymətləndirici Cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müəyyən məbləğdə kompensasiya ödənilməli olduğunu müəyyən etmiş, alan orqan qismində iddiaçı cavabdehlərə həmin məbləğdə kompensasiyanı ödəməyə hazır olduğunu bildirmiş, lakin cavabdehlər təklif olunan kompensasiyanı almaqdan imtina etmişlər, qanunvericiliyə əsasən torpağın alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olması, alınan torpağa sahibliyin həmin Qanunun tələblərinə uyğun olaraq əldə olunması və alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növü və məbləği alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəmə tərəfindən təsdiq olunur. Həmçinin, mövcud inzibati praktikaya əsasən hər kv.m-ə görə ödənilən 1.500 manat bütün kompensasiya növlərini, o cümlədən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”Qanun və “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 506-VİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələri ehtiva edir. Bu səbəbdən məhkəmə kollegiyası “X7” MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi ilə razılaşmır və rəydə əks olunan qiymətləri formalaşmış təcrübəyə zidd sayır. Beləliklə də, iddiaçı tərəfdən cavabdehlərin əmlakına müdaxilə qanuni olmuş, mübahisəli əmlakın əvəzi ödənilərkən cəmiyyətin maraqları ilə şəxsin maraqları arasında lazımi tarazlıq gözlənilmiş, alınan əmlakın əvəzinə cavabdehlərə son illərin formalaşmış məhkəmə təcrübəsinə də uyğun ağlabatan məbləğdə ədalətli kompensasiya təklif olunmuşdur. “Sporrong və Lönnroth İsveçə qarşı” işi ilə bağlı İnsan Hüquqarı üzrə Avropa Məhkəməsi öz qərarında qeyd etmişdir ki, ictimai marağın nə olduğunun müəyyən edilməsində milli hakimiyyət orqanları beynəlxalq hakimdən daha yaxşı mövqedədirlər, çünki onlar öz cəmiyyətlərini və onun ehtiyaclarını daha yaxşı bilirlər. ... İctimai maraq doğuran problemin olub-olmadığını və alınacaq tədbirlərin nə olduğunu müəyyən etmək milli hakimiyyət orqanlarının işidir. ... Bu işdə də onlar konkret mülahizə sərbəstliyindən istifadə edirlər. “X2rşı” işi üzrə isə eyni Məhkəmənin qərarında göstərilmişdir ki, “kompensasiya məbləği mütləq əşyanın tam dəyərində olmamalıdır, bəzi amillər kompensasiyanın əşyanın dəyərindən daha az məbləğdə olmasını haqlı göstərə bilər. Lakin belə hallarda da kompensasiya məbləği əşyanın əsl dəyərinə münasibətdə ağlabatan olmalıdır.” Eyni əsaslarla qarşılıqlı iddia qismən əsaslıdır. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi, mübahisəli yaşayış evinə 1/2 pay hüququ olan digər birgə mülkiyyətçi X4 93,25 kv.m. torpaq sahəsinə görə 51.288 manat (1 kv.m. 550 manat) kompensasiya ödənildiyi halda, Cavabdeh1 eyni 93,25 kv.m. torpaq sahəsi üçün 46.625 manat (1 kv.m. 500 manat) hesablanmış, lakin iddiaçı eyni ərazidə yerləşən, hətta bir-birinə bitişik olan torpaq sahəsinin 1 kv.m-nə görə paylı mülkiyyətçilərə fərqli bazar dəyəri müəyyən edilməklə kompensasiya ödənilməsinin səbəbini izah edə bilməmişdir. Odur ki, qarşılıqlı iddia 4.663 manat hissədə (51.288 - 46.625) qismən təmin olunmalıdır. Qarşılıqlı iddia mübahisəli evdə olduğu irəli sürülən əşyalara görə 20.000 manat zərər tələbi hissədə də əsassızdır. Birincisi, cavabdehlər həmin məbləğlə bağlı Məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişlər. İkincisi, Yasamal RPİ 26-cı PB-nin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mübahisəli ev iddiaçıların bildirdiyi kimi xx.xx.2019-cu ildə yox, xx.xx.2019-cu il tarixdə sökülmüşdür və həmin vaxt evdə iki ədəd nasaz oturacaqdan başqa dəyərli heç bir əşya olmamışdır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qarşılıqlı iddia rədd olunan hissədə ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilməli və eyni hissədə iddia qismən təmin olunmalı, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı (İPM-in 87.6-cı maddəsi), qiymətləndirmə tədqiqatının dəyəri iddiaçıya aid edilməlidir (İPM-in 110.1-ci maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1500/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı qismən - qarşılıqlı iddia rədd olunan hissədə - ləğv edilsin, həmin hissədə yeni qərar qəbul edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. 4.663 (dörd min altı yüz altmış üç) manat məbləğdə kompensasiyanın Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilməsi öhdəliyi Bakı Şəhəri İddiaçınə həvalə edilsin. Qarşlıqlı iddia qalan hissədə təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qiymətləndirmə tədqiqatının dəyəri 300 (üç yüz) manat Bakı Şəhəri İddiaçındən tutularaq “X7” MMC-nin hesabına (VOEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAYBANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-147/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-147/2021
05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver