Məhkəmə qərarları › İş №2-1(103)-147/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-147/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-147/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X13 Sofiyanın Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin qərarının ləğv edilməsi, qaçqın statusunun verilməsi haqqında vəsatətin təmin edilməsi, ona və ailə üzvlərinə qaçqın vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı X13 Sofiyanın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin qərarının ləğv edilməsi, qaçqın statusunun verilməsi haqqında vəsatətin təmin edilməsi, ona və ailə üzvlərinə qaçqın vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-208/2022 saylı 19 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.1977-ci ildə X5 Dubay şəhərində anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı X13 Safiya X13 16 aprel 2019-cu il tarixdə ona və ailə üzvlərinə (əri, xx.xx.1974cü il təvəllüdlü Wahed Abdul; qızı xx.xx.2002-ci il təvəllüdlü Warda və oğlu xx.xx.2016-cı il təvəllüdlü X16) qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə Xidmətə müraciət etmişdir. İddiaçının vəsatətinə Xidmət tərəfindən təşkil olunmuş Komissiya tərəfindən baxılmış və İQ-166/4 saylı xx.xx.2019-cu il tarixli qərarla ona və ailə üzvlərinə qaçqın statusunun verilməsindən imtina edilmişdir. Xidmət tərəfindən qəbul edilmiş qərar onunla əsaslandırılmışdır ki, ərizəçinin və ailə üzvlərinin daimi yaşadıqları ölkəni (BƏƏ) - 2018-ci il tarixdə tərk edib Azərbaycana gəldikləri, qaçqın statusu almaq məqsədilə DMX-ya müraciət etdikləri və barələrində Vİ29/4 saylı, xx.xx.2018-ci il tarixli qaçqın statusu verilməsi haqqında vəsatətin təmin edilməməsi barədə qərar qəbul edildiyi məlum olmuşdur. Ərizəçi Azərbaycan Respublikasına gəldikdən sonra Banqladeşə getmək üçün heç bir səy göstərməmiş, bunu Banqladeşin Bakıda səfirliyinin olmaması ilə əlaqləndirməyə çalışmışdır. Ərizəçi hazırkı əri ilə qardaşının izni olmadan evləndiyi üçün, həmçinin xristian dinini qəbul etdiyi üçün Pakistana getməkdən ehtiyat etdiyini, vətəndaşı olduğu ölkəyə gedəcəyi təqdirdə qardaşı tərəfindən təqiblərə məruz qalacağından ehtiyat etdiyini, qardaşının Pakistanın Kəraçi şəhərində fəaliyyət göstərən qeyri-qanuni cinayətkar qrup sayılan “Koranqi” qrupuna mənsub olduğunu demişdir. Ərizəçi 2013-cü ildən xristianlığı qəbul etdiyini, bu səbəbdən Pakistana qayıdacağı təqdirdə qardaşı tərəfindən həyatı üçün təhlükə ola biləcəyini desə də, o, 2018-ci ildə verdiyi müsahibəsində bu barədə Dövlət Miqrasiya Xidmətinə heç bir məlumat verməmiş, həmin müsahibəsində özünü müsəlman kimi təqdim etmişdir. Bundan başqa, söylədiklərindən xristianlığı qəbul etməsini iddia etməsinə və bu məsələnin üzərindən 5 il keçməsinə baxmayaraq, hələ də xaç suyuna salınmadığı, bu proseduru Azərbaycanda həyata keçirmək fikrinin olduğu məlum olmuşdur. Ərizəçinin 2018-ci ildə verdiyi müsahibə zamanı özünü müsəlman olaraq təqdim etməsi, xristianlığı qəbul etməsi ilə bağlı heç bir məlumat verməməsi onun 2013-cü ildən etibarən dinini dəyişməsi ilə bağlı söylədiklərini inandırıcılıq baxımından şübhə altına almış və bu şübhə onun xeyrinə həll edilməmişdir. X13 Safiya X13ın və ailə üzvünün müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, onlar vətəndaşı olduqları və daimi yaşadıqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları və adətən yaşadıqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Cavabdeh inzibati orqanın qərarından narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, tərəfindən ailə üzvləri ilə birlikdə onlara qaçqın statusu verilməsi haqqında vəsatətlə Xidmətə müraciət edilmiş, sonuncu tərəfindən isə onun vəsatətinin dəlillərini görməməzlikdən gələrək imtina qərarı qəbul edib. “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli, 419 nömrəli Fərmanına əsasən “Qaçqın” statusu haqqında vəsatətə baxılması Qaydasının 1-ci bəndində deyilir ki, Azərbaycan Respublikasında “Qaçqın” statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs sərhəd-nəzarət buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona “Qaçqın” statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Həmin qaydanın 15-ci bəndinə əsasən “Qaçqın” statusu almış şəxsə və onun ailə üzvlərinə Dövlət Miqrasiya Xidməti tərəfındən “Qaçqın vəsiqəsi” və Azərbaycan Respublikasından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Həmin qaydanın 13-cü bəndində göstərilir ki, Şəxsə “Qaçqın” statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti “Qaçqın” statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən 3 ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətində yazılı bildiriş göndərsin. Cavabdeh vəsatət ilə əlaqədar 07 yanvar 2020-ci il tarixli, MŞ-158-2019 nömrəli qərarını qəbul etsə də həmin qərarı iddiaçıya yanvar ayında təqdim edib. İnzibati orqan qaçqın anlayışının maddihüquq şərtlərini iddiaçıya düzgün tətbiq etməmişdir. 1951-ci il “Qaçqınların statusu haqqında” Konvensiyada və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində müəyyən edilmiş qaçqın anlayışına əsasən qaçqın statusunun verilməsi üçün ilkin tələb edilən zəruri maddi-hüquq element əsaslı təqib qorxusudur. Cavabdeh əsassız olaraq onun işində əsaslı təqib qorxusu olmaması nəticəsinə gəlmiş, onun müsahibəsində bildirdiyi məlumatları yetərli səviyyədə araşdırmamışdır. Halbuki, o işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusiyyətlər barədə müfəssəl izahatlar verib və onun verdiyi izahatlar mötəbərdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, onun izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə, onun izahatları müfəssəldir, spesifıkdir və ziddiyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. Onun işində digər şahid ifadəsi mövcud deyil. Buna görə də həmin izahatlar iş üzrə müəyyən edilmiş fakt kimi qəbul edilməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-208/2022 saylı 19 aprel 2022-ci il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı X13 Sofiya apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o və ailə üzvləri daimi yaşadıqları X2 2018-ci il tarixində tərk etmiş, Azərbaycana gəlmiş, vətəndaşları olduqları ölkələri olan Pakistana gedəcəyi təqdirdə öldürülə bilinəcəyi, linç olunacağı əsası ilə AR DMX-nə müraciət edərək ona qaçqın statusu verilməsini xahiş etmişdir. Onun iddiasının faktiki əsası kimi o götürülmüşdür ki, o, dinin dəyişərək xristianlığı qəbul etmiş, onun ailəsi dəfələrcə yerli adət ənənəyə uyğun olaraq ölkəyə qayıdacaqları təqdirdə onları öldürəcəkləri ilə hədələmişlər. İddia edir ki, dini qaydaların ciddi hökm sürdüyü Pakistanda adət ənənəyə görə belə addım ölümlə cəzalandırılır. Cavabdeh qərar qəbul edərkən edərkən iki fundamental səhvə yol verib. İlk növbədə, eavabdeh qaçqın statusu verilməsi icraatında riayət edilməli olan iki mərhələli yoxlamanın ikinci mərhələsinə əməl etməyib. İkincisi, cavabdeh inandırıcılığın qiymətləndirilməsinin göstəricilərini təyin etməyib və düzgün tətbiq etməyib. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi; 2-ci mərhələ, gələcək riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində cavabdeh ərizəçinin işinin mühüm faktlarını müəyyən etməlidir. Gələcək riskin qiymətləndirilməsi mərhələsində isə mühüm faktların işığında ərizəçiyə münasibətdə əsaslı təqib qorxusunun olub-olmadığını yoxlamalıdır. Cavabdehin imtina qərarında mötəbərliyin (inandırıcılığın) anlayışı verilmir. Eləcə də daxili qanunvericilikdə və Konvensiyada mötəbərliyin (inandırıcılığın) hüquqi tərifi verilməyib. Mötəbərliyin (inandırıcılığın) anlayışı BMT QAK-ın təlimatlarında verilib. Həmin Təlimata müvafiq olaraq mötəbərlik o halda müəyyən edilir ki, ərizəçinin təqdim etdiyi iddialar rabitəli və ağlabatan olur, ümumi bəlli olan faktlarla ziddiyətdə təşkil etmir və buna görə də həmin iddialar balanslaşdırılmış olaraq inandırıcı olma qabiliyyətinə malikdir (bax BMT QAK Qeydləri, 11-ci Qeyd). Bu standart ərizəçinin iddiaları və digər sübutlarının tamamilə düzgün olmasını tələb etmir: mötəbərliyin ərizəçinin ümumi davranışı yaxud şəxsiyyəti ilə deyil, onun izahatları ilə əlaqəli olduğunu vurğulayır: Nəhayət olaraq, bu qərar qəbul edən şəxsdən ərizəçiyə həqiqətən inanmağı tələb etmir. “İnandırıcı olmaq qabiliyyəti" standartı obyektiv yanaşmadır. Çünki bu qərar qəbul edən şəxsdən ərizəçiyə inanmaq üçün ağlabatan əsasların olub-olmadığını qiymətləndirməyi tələb edir. Mötəbərliyin (inandırıcılığın) qiymətləndirilməsinin 4 indikatoru var. Bu indikatorlardan (göstəricilərdən) ikisi daxili, digər ikisi isə xarici göstəricilər sayılır. Daxili göstəricilərə aşağıdakılar aiddir: 1) Kifayət qədər müfəssəl və spesifik; 2) Daxili uzlaşma. Xarici göstəricilərə aşağıdakılar aiddir: 3) Digər şahidlər tərəfindən təmin edilən informasiya ilə uzlaşma; 4) Mövcud xarici informasiya ilə uzlaşma. Qeyd edilən iki mərhələli yoxlama və inandırıcılığın qiymətləndirilməsi indikatorlarını hazırkı işin hallarına tətbiq etdikdə aşağıdakı nəticələr hasil olur. Onun Pakistana qayıdacağı təqdirdə işgəncəyə məruz, qalma və eyni zamanda öldürüləcəyinin reallığını məhkəmə tərəfindən araşdırmamışdır. Bu baxımdan hazırkı iş üzrə X8 (MÖM) və beynəlxalq hesabatlara istinad edilməlidir. MÖM qismində BMT QAK-ın Rəhbər Prinsiplərinə (2016) istinad edilməlidir. Bütün bunlar araşdırmadan verilən qərar ədalətsiz və reallıqla ziddiyyətlidir. Şəxsin müdafiə hüququnu pozmaqla bərabər onun fundemental hüquqları-yaşamaq. vicdan azadlığı, işgəncəyə məruz qalmama, şəxsi həyata hörmət hüququna təhdid yaradır. Tərəflərin izahatları: xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçı X13 Sofiyanın iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında iddiaçının 18 yanvar 2023-cü il tarixdə ölkəni tərk edərək Almaniyaya, oradan da Kanadaya getdiyini bildirmiş, bununla da apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının “iddia müddətinin bərpa edilməsi” barədə ərizəsi təmin edilmiş və iddia mümkün sayılmışdır. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, xx.xx.1977-ci il təvəllüdlü Pakistan İslam Respublikasının vətəndaşı Sofiya X13la xx.xx.2019-cu il tarixdə müsahibə aparılmış və müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixdə ölkəsini qanuni yolla tərk etdiyini, xx.xx.2018-ci il tarixdə təyyarə ilə qanuni yolla Azərbaycan Respublikasına gəldiyini, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, 26 Bakı Komissarları, ev. 0022 ünvanda yaşadığını və həmin ünvanda qeydiyyata alındığını, qaçqın statusu almaq üçün əvvəllər BMT QAK-a müraciət etdiyini, amma müraciətin qəbul olunmadığı, məhkəməyə müraciət etdiyini, məhkəmənin BMT QAK-a müraciət edilməsi ilə bağlı qərarın qəbul edildiyini, 2-ci dəfə BMT QAK-a müraciət edildiyini, oradan ona Miqrasiya Xidmətinə müraciət etməli olması bildirildiyini, 2018-ci illərdə turist kimi Türkiyə və Gürcüstan Respublikalarında olduğunu, Tanzaniya, Malayziya üçün viza aldığını, lakin iş səbəbindən gedə bilmədiyini, “BƏƏ-ni niyə tərk etmisiniz?” sualına “Ərimin problemləri səbəbindən buraya gəlməli olmuşam. Ərim orada işlədiyi mağazanın lisenziyasını vaxtında uzatmaq üçün sponsora 1100 dirham vermişdir. Amma sponsor pulu xərclədi lisensiyanı yeniləmədi. Ərim öz cibindən əlavə pul verib bu məsələni həll etdi. Amma 2018-ci il ildən o yenidən 11000 dirhamı xərcləyib lisenziyanı uzatmadı. Bunun üstündə ərim onunla dalaşdı və şüşə qabı onun başına vurdu. O, yaralandı və xəstəxanaya düşdü. Biz bildik ki polis ərimi tutacaq, ona görə də ərimin Rəşd adlı Banqladeşli dostunun evində 3 gün qaçıb gizləndik”, “Siz Pakistana və ya ərinizin ölkəsi Banqladeşə gedə bilərdiniz?” sualına “Xeyr, biz Pakistana gedə bilməzdik. Çükni mənim orada yaşayan qardaşım mənim bu evliliyimə qarşı idi. Bundan əlavə mən 2013-cü ildən xristianlığa keçdim. Buna görə də qardaşım məni təhdid etdi. Ərim və uşaqlarım Banqladeş vətəndaşları olduğundan Pakistan səfirliyi onlara viza vermədi”, “Bəs Banqladeşə?” sualına “Banqladeşə getmək üçün onların BƏƏ-dəki səfirliyinə müraciət etdim. Amma viza verməkdən inkar etdilər. Mən bu imtinanın səbəbini Pakistan və Banqladeş arasında olan siyasi gərginlikdə görürəm”,“Bəs Azərbaycana necə gəlmək fikrinə düşdünür?” sualına “Ərimin dostu Rəşid bizə bunu məsləhət gördü”, “Bəs o haradan bilirdi ki, Azərbaycana asanlıqla viza almaq olur?” sualına “Bunu bilmirəm. o, sadəcə bizə dedi ki, Pakistanlilar və Banqladeşlilər üçün Azərbaycana onlayn viza almaq olar”, “Sizin Azərbaycana gəlişiniz, bilet və vizanı kim təşkil etdi?” sualına “Həmin Rəşid”, “Yəni əsas məqsədiniz oradan uzaqlaşmaq idi və təsadüfən də Azərbaycana getmək məsələsi ortaya çıxdı?” sualına “Bəli, biz heç Azərbaycan barədə əvvəldən fikirləşməmişdik”, “Bəs Şarcadan Azərbaycana gəlməzdən əvvəl sizi və ərinizi kimsə təhdid etdimi?” sualına “ Xeyr, bu hadisədən sonra polis bizi axtarmağa başladı. Evə zəng etdi, amma biz telefonu götürmədik. Ərimin dostu Rəşidin evinə getdik”, “Şarcanı tərk etməyinizin hər hansı bir başqa səbəbi də varmı?” sualına “Xeyr, başqa bir səbəb yox idi”, “ Şarcaya və ya Pakistana qayıtmaq istəyirsinizmi?” sualına “Xeyr, indiki vəziyyətdə oraya qayıtmaq istəməzdik”, “Əgər Şarcaya və ya Pakistana qayıtsanız həyatınız üçün hansı təhlükə ola bilər?” sualına “Bəli, Şarcada polis bizi tutar, Pakistanda isə qardaşım bacım vasitəsilə mənə bildirmişdir ki, buraya gəlsəm başıma oyun açacaq”, “Nə edəcək?” sualına “Qardaşım orada bir banda üzvüdür. Təhlükəli adamdır. Mənim banqladeşli ilə evliliyimi əvvəldən qəbul etmədi. Sonradan mənim xristianlığa keçməyimi də öyrəndi və buna görə də təhdidlər etdi mənə”, “Bizim təşkilatdan xahişiniz nədir?” sualına, “Burada qalmaq, qanuni yaşamaq, uşaqları oxutmaq istəyirəm. Burada bir iş tapıb işləmək istəyirəm. Hazırda bizə kilsə yardım edir. Amma bu nə vaxta kimi belə davam edəcək? Ona görə Sizdən xahişim odur ki, bir artıq bir ildir ki, Azərbaycandayır və burada qalmaq istəyirik amma qanuni yolla”, “Urdu dilində verilən sualları başa düşdünüzmü?” sualına “Bəli, başa düşdüm“ cavabını verərək və hazırkı iddia ərizəsində göstərilən halları əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə görə şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin Qaydanın 13-cü bəndinə əsasən şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətində yazılı bildiriş göndərir. Həmin “Qayda”nın 7-9-cu bəndlərinə əsasən “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyası və onun 1967-ci il tarixli Protokolu altmış ildir ki, qaçqınların beynəlxalq himayəsi rejiminin təməlini təşkil edən əsas sənəd rolunu oynayırlar. 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ali Komissarlığı təsis ediləndən və 1951-ci il Konvensiyası qəbul olunandan bəri ölkə sərhədlərini keçərək didərgin düşmüş şəxslər üçün beynəlxalq himayənin təmin edilməsi olduqca mürəkkəb qlobal vəzifə olaraq qalır. Konvensiyanın 1-ci maddəsinə görə “Bu Konvensiyanın məqsədləri üçün “qaçqın” anlayışı: irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubluğuna və ya siyasi rəyinə görə təqib ediləcəyinə dair əsaslı qorxunun olması səbəbindən vətəndaşı olduğu ölkədən kənarda olan və həmin qorxunun ucbatından bu ölkənin müdafiəsindən yararlanmaq istəməyən, yaxud vətəndaşlığı olmayan və yuxarıdakı səbəblərlə bağlı hadisələr nəticəsində adətən əvvəllər yaşadığı ölkədən kənarda olan və ya həmin səbəblərlə bağlı qorxu ucbatından oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən istənilən şəxsə şamil olunur.” İddiaçı Pakistana qayıtdıgı təqdirdə Avropa Konvensiyasının 3-cü maddəsinə zidd olan rəftarın baş verəcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblərin oldugunu göstərmir. Bunların olub-olmadığını müəyyən edərkən Məhkəmə ona təqdim edilmiş, yaxud da öz təşəbbüsü ilə əldə etdiyi bütün materialları əsas kimi götürür (bax: H.L.R. Fransaya qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b. 37; və X3rşı, ərizə N 45276/99, b. 60, AİHM 2001-İİ). Bu işlərdə real riskin mövcudluğunun Məhkəmə tərəfindən araşdırılması ciddi şəkildə aparılır (Çahalın işi üzrə qərar, b. 96). Barəsində şikayət edilən tədbir həyata keçiriləcəyi təqdirdə iddiaçının 3-cü maddəyə zidd rəftara məruz qalacağına dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblər olduğunu sübut etməyə qadir olan sübutların təqdim edilməsi prinsipcə iddiaçının öhdəsinə düşür (bax: N. Finlandiyaya qarşı, ərizə N 38885/02, b. 167, 26 iyul 2005). Bu cür sübut təqdim edildikdə onunla bağlı hər hansı şübhələri dağıtmaq isə hökumətin öhdəsinə düşür. Qəddar rəftar riskinin olub-olmadığını müəyyən etmək üçün Məhkəmə iddiaçını onu qəbul edəcək ölkəyə göndərməyin öncədən görülə bilən nəticələrini araşdırır və bu zaman oradakı ümumi situasiyanı və iddiaçının şəxsi vəziyyətini nəzərə alır (bax: Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 108, yekun hissə). Hazırkı işdə iddiaçı ölkəsini tərk etməsini həyatı üçün təhlükə olması ilə əlaqələndirmiş, lakin özünün hər hansı cinayət təqibinə məruz qalmasını (polisdə saxlanılma, tavandan asma, zorlama ilə hədələmə, elektroşokun tətbiqi, başını suya salınması, döymə və bəndəni siqaretlə yandırma – bütün bunlar, şübhəsiz ki, 3-cü maddənin tələb etdiyi qəddarlıq səviyyəsinə çatan cəza praktikalarıdır, işgəncə və qəddar rəftar iddialarının səlahiyyətli orqanlar tərəfindən araşdırılmaması, şikayətlərinə baxmaqdan imtina edilməsi və məcburiyyət altında ittiham hökmlərini təmin etmək üçün alınmış etiraflardan istifadə edilməsi) təsdiq edən hər hansı subutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçının istinad etdiyi ümumi narahatçılıq özü-özlüyündə qaçqın statusunun verilməsi üçün əsas təşkil etmir. Həmçinin iddiaçının vətəndaşlığı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmadığı, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən də təqibə məruz qalmadığı müəyyən olunur. Buna görə də inzibati orqan tərəfindən iddiaçıya qaçqın statusunun verilməsi ilə bağlı onun irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusunun mövcudluğu halı aşkar olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Pakistan Respublikasına qayıdacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olması iş materialları əsasında sübut olunmur. Beləliklə, iddiaçınin vəsatəti onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ona qaçqın statusu verilməsindən cavabdeh inzibati orqanın imtina etməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin, cavabdehin iddiaçı ilə apardığı müsahibə zamanı və digər sənədlərlə müəyyən edilmişdi ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Ona görə də iddiaçının bildirdikləri ona qaçqın statusunun verilməsinə əsas kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın tələblərinə uyğun olduğundan iddia tələbi əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq rədd edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-208/2022 saylı 19 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-208/2022 saylı 19 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar