Məhkəmə qərarları › İş №2-1(103)-1470/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1470/2021

05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1470/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Nəsimi rayon xidmət nümayəndəliyinə qarşı əmək pensiyasının yenidən hesablanması vəzifəsinin həvalə olunması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-379/2020 nömrəli iş üzrə 31 avqust 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı onun təqaüdə çıxdığı vaxtda hesablanmamış 14 il, 9 ay, 9 gün əmək stajının hesablanması üçün qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, onun 02.04.1974-11.01.1989-cu illər ərzində Ermənistan Respublikasının Kalinino rayonunun Qızıldaş Sovxozuna işlədiyi müddətin sosial sığorta stajına daxil olunaraq, ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2-1(112)-379/2020 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, iddiaçının 02 aprel 1974 – 11 yanvar 1989-cu illər ərzində Ermənistan Respublikasının Kalinino rayonunun Qızıldaş Sovxozunda işlədiyi müddətin 12 il 06 ayı sosial sığorta stajı kimi nəzərə alınaraq, ona yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. AR Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə görə, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. AR Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Qaydaların 4.1-ci bəndinə görə, işçinin əmək kitabçasında işdən çıxması işəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. İddiaçının iddia etdiyi 1974-1989-cu illər üçün əmək kitabçasında məsul şəxsin imzası və sovxozun möhürü yoxdur. Əmək kitabçasında olan Bakı şəhəri Nəsimi rayonu Dövlət Sığorta İnspeksiyasının qeydi isə əsas kimi qəbul edilməməlidir, çünki, bu İnspeksiya Ermənistan Respublikası Kalinino rayonunun Qızıldaş kənd sovxozunda fəhlə işlədiyini iddia edən şəxsin həqiqətən orada işlədiyini təsdiq edə bilməz. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası 23 noyabr 2020-ci il tarixli, 2- 1(103)-1881/2020 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-379/2020 nömrəli iş üzrə 31 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Nəsimi rayon xidmət nümayəndəliyinə qarşı onun 02 aprel 1974 – 11 yanvar 1989cu illər ərzində Ermənistan Respublikasının Kalinino rayonunun Qızıldaş Sovxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil olunaraq, ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iddiasının təmin edilməməsi, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi qərara alınmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası 23 noyabr 2020-ci il tarixli, 2-1(103)-1881/2020 nömrəli qərarının ləğv edilməsini, inzibati işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-529/2021 nömrəli, 03.03.2020-ci il tarixli qərarı ilə kassasiya şikayət təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2020-ci il tarixli, 2-1(103)-1881/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmənin qərarında qeyd olunmuşdur ki, apelyasiya instansiyası məhkəməsinin Dövlət Sığorta İnspeksiyasına dair tam və hərtərəfli araşdırma aparmadan, yəni, həmin Dövlət İnspeksiyası olan təşkilatın hal-hazırda mövcud olub-olmamasını, o yoxdursa, onun hüquqi varisi kim olmasını müəyyən etmədən, sonradan isə sözügedən Dövlət Sığorta İnspeksiyasının adıçəkilən qeydin nəyə əsasən aparılmasını və nəticə etibarı ilə də qanuniliyini yoxlamadan, «qeyd, belə sübutetmə qüvvəsinə malik olmamaqla, mötəbər deyil» kimi qənaətə gəlməsi əsassızdır və İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 68.2ci maddələrinin tələblərinə uyğun deyildir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, yuxarıda göstərilmiş məsələlər tam və hərtərəfli araşdırıldıqdan sonra iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul edilməlidir. İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Növbəti Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək Bakı İnzibati Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2-1(112)-379/2020 nömrəli qərarının ləğv olunması, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan iddiaçının (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan: - İddiaçıya məxsus 09.01.1990-cı il tarixdə doldurulan İT-İ ******* nömrəli əmək kitabçasından müəyyən edilir ki, kitabçanın 42-43-cü səhifələrinə “19891990-cı illərdə Respublikada yaranmış məlum vəziyyətə görə Ermənistanın Kalinino rayonundan qovulmuş İddiaçı ərizəsinə əsasən Kalinino rayonu Qızıldaş sovxozunda 02.04.74-cü ildən 11.01.1989-cu ilə kimi fəhlə işləmişdir” məzmunda qeyd edilmiş, həmin qeydin alt tərəfində Bakı şəhəri Nəsimi rayonu Dövlət Sığorta İnspeksiyasının ştampı vurulmuşdur. - Cavabdehin iddiaçıya ünvanladığı 14.08.2019-cu il tarixli **********0 nömrəli məktuba görə, təqdim etdiyi sənədlərə əsasən 03.01.1990-cı il tarixdən 01.01.2006-cı il tarixədək 14 il 08 ay iş stajı, 01.01.2006-cı ildən 01.01.2018-ci il tarixədək 12 il sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və 01.01.2018-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 11.490,93 manat pensiya kapitalına əsasən 25.03.2018-ci il tarixədək 151,92 manat pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərmanına müvafiq olaraq 01.01.2019-cu il tarixdən pensiyanın məbləği 156,49 manata çatdırılmışdır. 09.01.2019-cu il tarixədək işdən çıxması səbəbindən pensiyanın məbləği yenidən hesablanmışdır. 09.01.2019-cu il tarixdən pensiyanın məbləği 161,76 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyası təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvar ayının 1dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə pensiya alt sisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1 əmək kitabçası, 3.2. əmək fəaliyyəti barədə sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə, İnzibati Prosessual Məcəllənin 2.2.3, 34.1, 52, 68.1, 68.2, 73.1-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, iddiaçının pensiyası yenidən hesablanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq növbəti apellyasiya baxışı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müvafiq sorğu ünvanlanaraq bildirilmişdir ki, iddiaçının əmək kitabçasında 1990cı ildə Bakı şəhəri Nəsimi rayonu Dövlət Sığorta İnspeksiyası tərəfindən “1989-1990-cı illərdə Respublikada yaranmış məlum vəziyyətə görə Ermənistanın Kalinino rayonundan qovulmuş İddiaçı ərizəsinə əsasən Kalinino rayonu Qızıldaş sovxozunda 02 aprel 1974-cü ildən 11 yanvar 1989-cu ilə kimi fəhlə işləmişdir” məzmununda qeyd aparılmışdır. Bu baxımdan Dövlət İnspeksiyası olan təşkilatın hal-hazırda mövcud olub-olmamasını, o yoxdursa, onun hüquqi varisi haqqında təşkilatın mövcud olduğu və ya təşkilatın mövcud olduğu halda sözügedən Dövlət Sığorta İnspeksiyasının adıçəkilən qeydin nəyə əsasən aparılması barədə məlumatın məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Sorğuya cavab olaraq Şirkət tərəfindən məhkəməyə ünvanlanmış məktuba əsasən müəyyən edilmişdir ki, Dövlət Sığorta İnspeksiyası adlı təşkilat hal-hazırda mövcud deyildir. SSRİ Dövlət Sığorta İdarəsi (İnspeksiyası) 1992-ci ildə ləğv edilmiş və əvəzində Azərbaycan Dövlət Sığorta Şirkəti yaradılmışdır. Sorğu olunan məsələ barədə arxiv sənədləri hal-hazırda mövcud olmadığından Sizə hər hansı məlumat verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göründüyü kimi iddiaçı tərəfindən qeyd olunan sənədlər məhkəməyə təqdim olunmamışdır. İddiaçının əmək kitabçasında 1990-cı ildə Bakı şəhəri Nəsimi rayonu Dövlət Sığorta İnspeksiyası tərəfindən aparıldığı ehtimal olunan “1989-1990-cı illərdə Respublikada yaranmış məlum vəziyyətə görə Ermənistanın Kalinino rayonundan qovulmuş İddiaçı ərizəsinə əsasən Kalinino rayonu Qızıldaş sovxozunda 02.04.74-cü ildən 11.01.1989-cu ilə kimi fəhlə işləmişdir” məzmunda qeydlə bağlı məhkəmə tərəfindən müvafiq sorğu ünvanlanmış, sorğuya cavab olaraq sorğu olunan məsələ barədə arxiv sənədləri hal-hazırda mövcud olmadığı bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtinası normativ hüquqi aktlara əsaslandığı üçün qanunazidd olmamış və onun hüquqlarının pozulmasına səbəb olmamışdır. Belə olan halda, imtinası mahiyyətcə qüvvədə olan maddi hüquq normalarının tələblərinə cavab verən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyula, bu tələbi ehtiva edən iddia isə təmin oluna bilməz. Ona görə də məhkəmə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın rədd edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2-1(112)-379/2020 nömrəli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Nəsimi rayon xidmət nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2-1(112)-379/2020 nömrəli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar