Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1470/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı (üçüncü şəxslər: Dövlət Gömrük Komitəsi və Maliyyə Nazirliyi) “artıq ödəmənin geri qaytarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4950/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək: -"xxxx" MMC tərəfindən artıq ödənilmiş 13.179,29 manat əlavə dəyər vergisinin qaytarılması barədə rəy tərtib edilməsi; - artıq ödənilmiş 3.469,44 manat gömrük rüsumunun qaytarılması barədə rəy tərtib edilməsi; - 360 manat gömrük yığımının qaytarılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırmışlar ki, iddiaçı tərəfindən **********5775 nömrəli gömrük bəyannaməsi tərtib edilərkən texniki səhvə yol verilmiş, nəticədə 17.646 manat artıq vəsait gömrük rüsumu olaraq dövlət büdcəsinə ödənilmişdir. Belə ki, bəyannamənin “Əlavə xərclər” bölməsində nəqliyyat xərci qeyd olunarkən, ümumi “brutto” çəki 8253,16 kq əvəzinə, səhvən, 339,30 kq qeyd edilmiş, nəticədə avtomatlaşdırılmış proqram 17.646 manat məbləğində artıq rüsum hesablamışdır. Bununla bağlı dəfələrlə cavabdehə müraciət olunmuş, birinci cavab xx.xx.2020-ci il tarixli, 1000-120/1xx-xx/019912 saylı məktubla Komitə tərəfindən verilmiş, cavab məktubunda müraciətin araşdırılması Bakı Baş Gömrük İdarəsinə həvalə edilmiş, sonuncu tərəfindən iddiaçının xx.xx.2020-ci il tarixli müraciətlərinə xx.xx.2020-ci il tarixli, 1400-012/00424/008582 saylı məktubu ilə cavab verərək sadəcə bildirmişdir ki, **********5775 nömrəli gömrük bəyannaməsi təqdim edilmiş sənədlərə əsasən qanunamüvafiq qaydada rəsmiləşdirilərək, yükün buraxılışı təmin edilmişdir. Bundan sonra da iddiaçının xx.xx.2020-ci il tarixində müraciətinə Komitəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 100-170/1xx-xx/023318 saylı cavab məktubu ilə bildirilmişdir ki, müraciətin araşdırılması Bakı Baş Gömrük İdarəsinə tapşırılmışdır. Bakı Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 1400-018/00426/000634 saylı imtina cavabı verilərək bildirilmişdir (ona xx.xx.2021 ci il tarixində təqdim edilmişdir) ki, **********5775 nömrəli gömrük bəyannaməsi üçün ödənilən artıq vəsait VAİS proqramında aşkar edilməmişdir. Cavabdehin imtinası əsassızdır. Çünki, qeyd edildiyi kimi 08 iyun 2020-ci il tarixli, 432-05 saylı invoysa əsasən ölkəyə gətirilən yükün brutto çəkisi 8253,16 kq olmuş, səhvən 339,30 yazılmış və nəticədə deyilən VAİS proqramı artıq rüsum hesablamışdır. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş və hesab etmişdir ki, iddia mümkün sayılmamalıdır. Etirazın əsaslarına görə **********5775 sorğu nömrəli gömrük bəyannaməsi iddiaçı tərəfindən təsdiq edilərkən bəyannamənin əsas vərəqinin 35ci qrafasında brutto çəki 7871.82 kq., əlavə vərəqinin 35ci qrafasında brutto çəki 381.30 kq. olaraq cəmi, 8253.12 olaraq göstərilmiş, bu isə iddiaçının elektron qaydada təqdim etdiyi bəyannaməyə əlavə etdiyi sənədlərdə göstərilən məlumatlarla eynilik təşkil etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4950/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, "xxxx" MMC tərəfindən artıq ödənilmiş 13.179,29 manat əlavə dəyər vergisinin qaytarılması barədə rəy tərtib edilməsi, artıq ödənilmiş 3.469,44 manat gömrük rüsumunun qaytarılması barədə rəy tərtib edilməsi və 360,00 manat gömrük yığımının qaytarılması barədə qərar qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı tərəfindən apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qərar maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, **********5775 sorğu nömrəli gömrük bəyannaməsi iddiaçı tərəfindən təsdiq təsdiqlənmiş və gömrük orqanına təqdim edilmiş, gömrük ödənişləri verilmiş, gömrük orqnı tərəfindən də həmin bəyannamə təsdiqlənərək malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir AR Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsaən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən hüquqi əhəmiyyətə malik sənəd sayılır. İddiaçı tərəfindən təsdiq edilərkən bəyannamənin əsas vərəqinin 35-ci qrafasında brutto çəki 7871.82 kq., əlavə vərəqinin 35ci qrafasında brutto çəki 381.30 kq. olaraq cəmi, 8253.12 olaraq göstərilmiş, bu isə iddiaçının elektron qaydada təqdim etdiyi bəyannaməyə əlavə etdiyi sənədlərdə göstərilən məlumatlarla eynilik təşkil etmişdir. Gömrük bəyannaməsində “Əlavə xərclər” adlı bölmə yoxdur. Gömrük ödənişləri malın gömrük dəyəri əsas tutulmaqla, bəyannaməçi tərəfindən hesablanılaraq ödənilmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi E.Əliyev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək şikayətin təmin edilməsini, cavabdehin nümayəndəsi Ə. Məhərrəmov isə onunla razılaşmamış və VAİS proqramından çıxarışlara əsaslanaraq iddianın əsaslı olduğunun sübuta yetirildiyini vurğulayaraq, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək artıq ödənilmiş - 13.179,29 manat ƏDV-nin və 3.469,44 manat gömrük rüsumunun qaytarılması barədə rəy tərtib edilməsi, 360 manat gömrük yığımının qaytarılması barədə isə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyaı hesab edir ki, iddiaçı həmin tələblərində haqlıdır. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 224.1-ci maddəsinə əsasən, bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: gömrük rüsumları; əlavə dəyər vergisi; aksizlər; yol vergisi; gömrük yığımları; haqq; dövlət rüsumu (224.1.1 - 224.1.7.) Həmin Məcəllənin 266.1-ci maddəsinə əsasən gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır; Həmin Qanunun 267.1-ci maddəsinə əsasən Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasən, gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır; Həmin Məcəllənin 269-cu maddəsinə əsasən gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır; Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər; Həmin Məcəllənin 270.3-cü maddəsinə əsasən, gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. Eyni zamanda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, malların idxalı zamanı gömrük orqanları tərəfindən: gömrük rüsumları, əlavə dəyər vergisi, aksizlər, yol vergisi, gömrük yığımları, haqq, dövlət rüsumu kimi - gömrük ödənişləri alınır. Gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə isə bu ödəmə ödəyici tərəfindən əsaslandırıldıqda, onun və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizəsi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. Müvafiq icra hakimiyyəti - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli, 25 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları” isə aşağıdakıları müəyyən edilmişdir: 6.1. gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir; 6.7. gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir; 6.8. tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır; 6.9.gömrük orqanı bu Qaydaların 6.2-ci bəndində qeyd olunan gömrük yığımlarının və haqqın qaytarılması haqqında qəbul etdiyi qərarın və ərizənin surətinin 1 (bir) iş günü müddətində Komitəyə göndərilməsini təmin edir; 7.1. maliyyə orqanı gömrük orqanı tərəfindən bu Qaydaların 6.7-ci bəndinə uyğun olaraq tərtib edilmiş rəyi və bu Qaydaların 6.10-cu bəndinə uyğun olaraq, Komitənin göndərdiyi müraciəti qəbul edir; 7.2. gömrük ödənişlərinin qaytarılması maliyyə orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İş materiallarına əlavə olnmuş xx.xx.2020-ci il tarixli malların “Qablaşdırma siyahısı”ndan (Packing List), 16 iyun 2020-ci il tarixli invoys (“original”) sənəddən və xx.xx.2020-ci il tarixli Gömrük bəyannaməsindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən 8253.12 kq “brutto” çəkiyə malik (əsas və əlavə vərəqin vərəqin 35-ci qrafası üzrə 7871,82 kq+381,3, kq) 25310,68 ABŞ dolları invoys dəyərində mallar idxal olunmuşdur. Qeyd olunmalıdır ki, idxal olunan malların “brutto çəkisi”nin 8253,12 kq təşkil etdiyi işin mübahisələndirilməyən halıdır. Lakin işin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçı tərəfindən idxal etdiyi malların gömrük ödənişlərini müəyyən edilməsi məqsədilə gömrük orqannın “VAİS” proqram təminatına malların göstərriciləri yerləşdirilərkən, “brutto çəki” 8253.12kq qeyd olunmalı halda, səhvən, 339,30 (“netto çəki”) qeyd edilmiş, ona ümumi invoys dəyəri 115.391,95 manat qeyd olunmaqla, aşağıdakı kimi gömrük ödənişləri hesablanmışdır: - 600.00 manat - gömrük yığımı; 5769,60 manat idxal gömrük rüsumu; 21.917,08 manat əlavə dəyər vergisi; 60,00 manat elektron gömrük xidmət haqqı; 10,80 manat elektron gömrük xidməti üzrə ƏDV. Beləliklə də iddiaçı tərəfindən ümumilikdə 28.357,48 manat gömrük ödənişləri ödənilmişdir. Birinci instansiya məhkəməsi, qərarında iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə X2 qəbulu” üzrə elektron sistemindən çıxarışına əsasən müəyyən etmişdir ki: - malların ümumi “brutto çəkisi (kq)” qrafasında 8253,12 kq əvəzinə 339,30 daxil edildikdə, sistem tərəfindən hesablama üçün əsas invoys göstəricisi qismində 115.391,95 manat müəyyən edilmiş və 28.357,48 manat gömrük ödənişləri hesablanır; - həmin malların doğru olan “brutto çəkisi” - 8253,12 kq daxil edildikdə isə hesablama üçün əsas invos dəyəri qismində 46.003,15 manat müəyyən edilərək mallara görə ümumilikdə 11.348,75 manat gömrük ödənişləri (gömrük yığımları – 240,00 manat, idxal gömrük rüsumu – 2.300,16 manat, əlavə dəyər vergisi – 8.737,79 manat, elektron gömrük xidmət haqqı – 60,00 manat, elektron gömrük xidməti üzrə ƏDV – 10,80 manat) hesablanmışdır. Bu halın həqiqiliyini müəyyən etmək üçün işin hazırkı apellyasiya mərhəsində Dövlət Gömrük Komitəsinə müvafiq məhkəmə sorğuları göndərilmiş və əl-nəhayət məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusuna - Komitə tərəfindən xx.xx.2022-ci il tarixli məktubu ilə cavab olaraq, **********5775 sorğu nömrəli gömrük bəyannamə üzrə malların ümumi brutto çəkisi 339,3 kq olarkən, həmçinin, 8253,12 kq olarkən - hesablanmış gömrük ödənişləri haqqında Dövlət Gömrük Komitəsinin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən (VAİS) çıxarışlar məhkəməyə təqdim edilmişdir: Həmin çıxarışlar tədqiq olunduqda həqiqətən də müəyyən olunur ki, sözügedən VAİS sisteminə malların idxal sənədlərinə əsasən doğru olan- 8253,12 kq brutto çəkisi daxil edildikdə, malların ümumilikdə gmrük ödənişləri 11.348,75 manat təşkil edir: – 240,00 manat gömrük yığımları; – 2.300,16 manat idxal gömrük rüsumu; – 8.737,79 manat ƏDV, – 60,00 manat elektron gömrük xidmət haqqı; – 10,80 manat elektron gömrük xidməti üzrə ƏDV Beləliklə də qeyd olunanlardan göründüyü kimi, iddiaçının tələbində haqlı olduğu sübutlarla təsdiq olunur. X6 Məhkəməsi S. A. Dangeville Fransaya qarşı (No. 36677/97) məhkəmə işində hesab etmişdir ki, artıq ödənilən vergiləri geri ala bilməmək - qanun pozuntusudur. Birinci instansiya məhkəməsinin qərarından da məhz görünür ki, məhkəmə tərəfindən qeyd olunanları əsas tutan məhkəmə belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 267.1.2 və 269-cu maddələrinin tələbləri təmin edildiyindən, başqa sözlə gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi sübuta yetirildiyindən, artıq ödənilmiş 13.179,29 (21.917,08-8.737,79) manat əlavə dəyər vergisi, 3.469,44 (5769,60-2.300,16) manat gömrük rüsumu və 360,00 (600,00-240,00) manat gömrük yığımı qaytarılmalıdır. İPM-in 73.1-ci maddəsi də məhz nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işin hallarına və vergi qanunvericiliyinin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4950/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4950/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Mirzə Tağızadə Zəki Babayev
Məhkəmə qərarları › İş №2-1(103)-1470/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1470/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver