Məhkəmə qərarları › İş №2-1(103)-1471/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1471/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1471/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4150/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin xx.xx.2020-ci il tarixli, İQ-10/1 saylı qərarının ləğv edilməsi və xx xxxxxxx 2019-cu il tarixli vəsatəti təmin edərək iddiaçıya qaçqın statusu verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, 26 yaşlı subay, kişi cinsinə mənsub Əfqanıstan vətəndaşıdır. Etnik mənsubiyyətinə görə hazara, dini mənsubiyyətinə görə şiədir. İddiaçı orta məktəbin 8 sinfini bitirib, lakin ailəsinin maddi çətinliyi səbəbindən təhsilini davam etdirə bilməyib. İddiaçının hər iki valideyni hazırda Əfqanıstanda, Kabulda yaşayır. Onun bir qardaşı və üç bacısı var, hamısı Kabulda yaşayır. İddiaçı 2011-ci ildən 2019-cu il tarixədək Əfqan Milli Ordusunda çavuş vəzifəsində xidmət edib. O, fəaliyyət qabiliyyətsizliyi səbəbindən işini tərk edib. İddiaçı xidmət etdiyi müddət Talibana qarşı döyüşlərdə iştirak edib və iki dəfə yaralanıb. İddiaçı Əfqan Milli Ordusundan ayrıldıqdan sonra mənşə ölkəsini tərk etmək qərarına gəlib. O, orduda işlədiyi üçün gələcəkdə Taliban tərəfindən hədəfə alına biləcəyindən qorxduğunu iddia edib. İddiaçı xx xxxxxxxx 2019-cu ildə Azərbaycan Respublikasına gəlib. xx xxxxxxx 2019-cu ildə iddiaçı sığınacaq verilməsi barədə vəsatət ilə cavabdehə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***- **** saylı iş nömrəsi ilə qeydiyyata alıb və onunla müsahibə aparıb. İddiaçı bildirib ki, o, Əfqanıstana geri dönərsə Taliban tərəfindən orduya cəlb olunacağı, imtina edəcəyi halda isə öldürüləcəyindən qorxur. Cavabdeh qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. Cavabdeh qərarını onunla əsaslandırıb ki, iddiaçının dəlilləri mötəbər deyil. İddiaçı cavabdehin qərarından inzibati şikayət verib. Qərar ilə inzibati şikayət rədd edilib. Şikayət instansiyası qərarını ümumi və qeyri-müəyyən sözlərlə əsaslandırıb. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4150/2020 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi rədd edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4150/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində iddiaçının Shahi Nematullah göstərilməsi texniki xəta kimi qiymətləndirilir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil (“Kredo” Vəkil Bürosu) iddia tələbini müdafiə edərək və apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ***-**** nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Qaçqın statusunun verilməsi” haqqında vəsatətinin (ərizə-anket) surətinə əsasən qeyd edilmişdir ki, adı-S Mohammad Ali; atasının adı-X6 (pasportda qeyd edilməyib); soyadı-Razaie; soyadı və/və ya adı dəyişilibsə-nə vaxt və nə üçün?-Bəli, o orduda xidmət edərkən soyadı Həbibi idi, ordu hissəsində onu qeydiyyata alan səhv etmişdi, səhv yazmışdı; ərizəçinin valideynləri haqqında məlumat: atası-X4 Səid Nəqi; anası-X5 Hoseyn; ərizəçini himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla müşayət edən ailə üzvləri-onunla birlikdə Azərbaycana dostu Ezatullah Rerzai gəlib, qaçqın statusu üçün müraciət edib, o onun qohumu deyil, qardaşlığıdır (bəradəre xandə). İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ***-**** nömrəli vəsatətin (ərizə-anket) 1 №-li əlavəsi müsahibəyə əsasən qeyd edilmişdir ki, hərbi xidmətə çağırılmısınızmı? Bəli, mən 8 il Əfqanıstan Milli Ordusunda iştirak etmişəm. 5 il piyada qüvvələrində, 3 il isə xüsusi təyinatlı silahlı qüvvələrdə (speşlfors) xidmət etmişəm, 1389-cu (2010) ilin sonlarında təlim keçdim, 1390-cı (2011) ildən hərbi xidmətdə oldum. Mən son 3 ildə xüsusi təyinatlı qüvvələrin tərkibində minaları zərərsizləşdirməklə (xunsasaziye mayn) məşğul olurdum. Azərbaycana gəlişinizdən əvvəl hər hansı bir siyasi, dini, hərbi və ya ictimai təşkilatın üzvü olmusunuzmu? Xeyr. Azərbaycana gəlişinizdən əvvəl həbs olunmusunuzmu? Xeyr. Azərbaycanda yaşadığınız müddətdə nə vaxtsa polis tərəfindən saxlanılmısınızmı və ya həbs olunmusunuzmu? Xeyr. Öz ölkənizdə hökümət tərəfindən fiziki və ya mənəvi təzyiqlərə məruz qalmısınızmı? Xeyr. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, AR-İİ№055127 saylı iddiaçı tərəfindən Vəkil verilmiş etibarnamənin (etibarnamə 11 ay 29 gün müddətinə verilib və xx.xx.2021-ci il tarixinədək qüvvədədir, Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X2 bu etibarnəməni təsdiq edib, reyestrdə 7E-2857 nömrəsi ilə qeyd edilib) əslinə əsasən etibarnaməni imzalayan Razaie S Mohammad qeyd edilmişdir. İş materiallarına əsasən: -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın X1 verdiyi arayışa – müvəqqəti şəhadətnaməyə əsasən iddiaçı xx xxxx 1993-cü il təvəllüdlü Əfqanıstan İslam Respublikasının vətəndaşıdır. -“Qaçqın statusunun verilməsi haqqında” vəsatətə əsasən iddiaçı qaçqın statusunun verilməsi haqqında cavabdehə müraciət etmiş və müraciətini onunla əsaslandırmışdır ki, Əfqanıstanda vəziyyət qeyri-stabildir, o, Taliban tərəfindən onlara qarşı döyüşlərdə iştirak edən keçmiş ordu heyəti kimi Taliban tərəfindən tanına biləcəyindən qorxduğu üçün ölkəsinə qayıtmaq istəmir. -Azərbaycan Respublikasının Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, İQ-10/1 saylı “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarı”na əsasən iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, 81 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarına əsasən qaçqın statusu verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, İQ-10/1 saylı nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir: “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göründüyü kimi şəxsin qaçqın hesab edilməsi üçün irqi, dini, milli və bu kimi digər əlamətlərinə görə öz ölkəsini tərk etməyə məcbur olmalıdır. İş materiallarında olan qaçqın statusunun verilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli ***-**** nömrəli vəsatətin (ərizə-anket) 1 №-li əlavəsi olan müsahibə zamanı müəyyən еdilmişdir ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İş materiallarında olan məhkəməyə təqdim edilmiş mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından aydın olur ki, iddiaçı ərizə-anketin qeydiyyatı və müsahibəsi zamanı orduda 8 il xidmət etdikdən sonra tərxis olunduğunu, Əfqanıstanı ümumi vəziyyətin qeyri-sabit olması səbəbilə tərk etdiyini, onu şəxsən və ailəsini heç vaxt təhdid etmədiklərini, Əfqanıstana hələ ki, qayıtmaq istəmədiyini, qayıdacağı təqdirdə Taliban tərəfindən öldürülə biləcəyini bildirsə də, əldə olunmuş nəticələr təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçının qaçqın statusunun verilməsi haqqında vəsatəti əsaslı olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalananlara əsasən müəyyən olunur ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamış, heç bir sosial qrupa qoşulmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Onun qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanının 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qaydaların 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qaydaların 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən 3 ay ərzində qəbul edir. Həmin Qaydaların 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını mahiyyəti üzrə düzgün olan nəticə kimi qəbul edir və hesab edir ki, onun ləğvi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuzluğu və əsassızlığı ilə bağlı dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4150/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 90, 94, 99-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4150/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar