Məhkəmə qərarları › İş №2-1(103)-1471/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1471/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1471/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı XXXXXXXXXXXXX oğlunun Cavabdeh xxxxxxxx qarşı “ona respublika hüdudlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi, 3-cü şəxs Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Eminaqarov Elvin Elman oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “ona respublika hüdudlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3323/2020 saylı 13 mart 2020-ci il tarixli qərarından iddiaçı Eminaqarov Elvin Elman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə 20 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı məxsus “Doğum haqqında şəhadətnamə”dən görünür ki, o, 15.10.1991-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonu, Alqeti kəndində doğulmuş, atası X10, anası X2 qeyd edilmişdir. 10BA6831 nömrəli, 12 iyul 2011-ci il tarixdə Gürcüstan Respublikasının verdiyi pasportun surətinə görə İddiaçı Gürcüstan Respublikasının vətəndaşıdır. Azərbaycan Kiqboksinq Federasiyasının Gürcüstanın Azərbaycandakı Səfirliyinə ünvanladığı 01.02.2019-cu il tarixli, KF-005 nömrəli məktubunda göstərilmişdir ki, Gürcüstan vətəndaşı olan İddiaçı legioner idmançı kimi 28.11.2011-ci il tarixdə ölkəni xarici yarışlarda təmsil etmək üçün ümumvətəndaş pasportu verilmişdir. Azərbaycan Respublikasında Gürcüstan səfirliyi tərəfindən İddiaçı verilmiş 06.03.2019-cu il tarixli, 05/00006745/2019-2 nömrəli arayışa əsasən “Gürcüstan vətəndaşlığı haqqında” X8 32-ci maddəsinin 1-ci bəndinin “d” yarımbəndinə müvafiq olaraq başqa dövlətin vətəndaşlığını qəbul etməsi ilə bağlı Gürcüstan Prezidentinin 31.05.2013-cü il tarixli, 360 nömrəli əmri ilə onun Gürcüstan vətəndaşlığı dayandırılmışdır. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin İddiaçı ünvanladığı 21.02.2019-cu il tarixli, K/E-861 nömrəli məktubuna əsasən iddiaçının 15.10.2018-ci il tarixli müraciəti əsasında onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti araşdırılmış və “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən onun Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” ******* nömrəli, 26.10.2018-ci il tarixli arayışında göstərilmişdir ki, 15.10.1991-ci il təvəllüdlü İddiaçı “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən olunmuşdur. “Qızıl Əlcək” İdman Klubunun 13.12.2018-ci il tarixli, Ç-01/191 nömrəli arayışına əsasən İddiaçı 2000-ci ildən 2015-ci ilə qədər “Qızıl Əlcək” İdman klubunda idmanın kikboks növü ilə məşğul olmuşdur. Dövlət Miqrasiya Xidmətinin ******* sayll 26.10.2018-ci il tarixli arayışına əsasən Əminaqarov Elvinin Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün (22.09.2011ci il tarixdən 10.01.2016-ci il tarixədək) əsas əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi olmuşdur. İddiaçı X7 hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 07.06.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbayan Respublikası ərazisində vətəndaşlığı olmayan şəxs kimi digər hallarda sənədləşmə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edildiyindən və həmin səlahiyyətlər Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirildiyindən aidiyyəti üzrə müraciət edilməsi məqsədəmüvafiqdir. Qeyd olunan imtina məktubundan narazı qalan iddiaçı Eminaqarov Elvin Elman oğlu cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona respublika hüdudlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 15.10.1991-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş və oranın vətandaşı olmuşdur. Milliyyətcə azərbaycanlıdır, valideynlərinin hər ikisi də Gürcüstan vətəndaşıdır. Peşəkar idmançı olduğundan legioner idmançı kimi 28.11.2011-ci il tarixdə Azərbaycan Respublikasını xarici yarışlarda təmsil etmək üçün ona Azərbaycan Respublikasının ümumvətəndaş pasportu verilmişdir. Gürcüstan Respublikasının vətəndaşı olsa da, Azərbaycan tərəfinin də ona təqdim etdiyi ümumvətəndaş pasportu ilə Azərbaycan bayrağı altında yarışlara qatılırdı. Bundan xəbər tutan Gürcüstan tərəfi o Azərbaycanda olduğu zaman başqa dövlətin vətəndaşlığını qəbul etməyi ilə bağlı Gürcüstan Prezidentinin 31.05.2013-cü il tarixli, 360 nömrəli əmri ilə onun Gürcüstan vətəndaşlığını dayandırmışdır. O, hazırda Gürcüstan vətəndaşı olaraq Gürcüstana daxil ola bilmir. Azərbaycan tərəfinə etdiyi müraciətə cavab olaraq isə ona bildirilmişdir ki, onun Azərbaycan Respublikasının vətəndaşı olmağı müəyyən edilməmişdir. Belə olan halda o, vətəndaşlığı olmayan şəxs hesab edilir və ona vətəndaşlığı olmayan şəxs olduğuna dair müvafiq sənəd təqdim edilməlidir. Belə ki, onun heç bir sənədi olmadığı üçün Gürcüstan Respublikasına daxil olaraq vətəndaşlığın bərpa olunmasına dair heç bir addım ata bilmir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, 30.12.1997-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında“ Əsasnamənin 2-ci bəndinə əsasən Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi yalnız 1992-ci ilin yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlara verilir. İddiaçı 2011-ci ildə Azərbaycan Respublikasına gəldiyindən və gəldiyi vaxt Gürcüstan vətəndaşı olduğundan vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsi və Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün şəxsiyyət vəsiqəsi 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə verildiyindən İddiaçı həmin sənədlər verilə bilməzdi. Həmçinin, İddiaçı 2011-ci ildə Azərbaycan Respublikasına gələrkən qeyd olunan sənədlərin verilməsi barədə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3323/2020 saylı 13 mart 2020-ci il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1278/2020 saylı 30 sentyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3323/2020 saylı 13 mart 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-258/2021 saylı 24 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1278/2020 saylı 30 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: 3-cü şəxs Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdir ki, qanunvericiliyin tələbinə görə 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi yalnız 1992-ci ilin yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlara verilir. İddiaçı 2011-ci ildə Azərbaycan Respublikasına gəldiyindən və gəldiyi vaxt Gürcüstan vətəndaşı olduğundan ona vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsi mümkün deyil. Bununla bağlı 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 20 oktyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçı Eminaqarov Elvin Elman oğlunun və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 30 iyun 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 21.02.2019-cu il tarixdir. Lakin həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınmasını təsdiq edən sübut iş materiallarında mövcud deyildir. İddiaçı hazırki iddia ilə məhkəməyə 20.05.2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı Eminaqarov Elvin Elman oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı tələbi “ona vətəndaşlığı olmayan şəxsin sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bu barədə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu hazırki məsələnin Miqrasiya Məcəlləsinə uyğun həll edilməsinə və həmin səlahiyyətlərin Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilməsinə istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 2011-ci ildə Azərbaycan Respublikasına gəldiyi vaxt onun Gürcüstan Respublikasının vətəndaşlığı olmuşdur. Buna görə də iddiaçıya vətəndaşlığı olmayan şəxsin sənədinin verilməsi qeyri-mümkündür. Hazırki iş üzrə iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşsa da kassasiya instansiyası məhkəməsi tərəfindən həmin qərar ləğv edilmiş və iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 258/2021 saylı 24 fevral 2021-ci il tarixli qərarında göstərilmişdir ki, iddiaçıya verilmiş ümumvətəndaş pasportunun kserosurətindən görünür ki, həmin pasport ona 28.11.2021-ci ilədək verilmişdir. Həmin pasportun hansı əsaslarla verilməsi və nəyə görə geri alınması iş materialları ilə müəyyən edilmir. Məhkəmənin qərarında göstərilən “iddiaçının adına verilmiş ümumvətəndaş pasportu 23.11.2018-ci il tarixdə AR DİN tərəfindən Dövlət Miqrasiya Xidmətinin məktubu əsasında fəaliyyətsizləşdirilmişdir” ifadəsi qeyri-müəyyəndir. Çünki pasportun “fəaliyyətsizləşdirilməsi”nin hüquqi əsasları müəyyən deyil. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda vətəndaşlığın əldə edilməsi və itirilməsi anlayışlarından istifadə edilir və vətəndaşlığın itirilməsinin əsasları və qaydası konkret olaraq müəyyən edilmişdir. Məhkəmə hazırki iddiaya baxılarkən iddiaçının statusunu dəqiq müəyyən etməli, onun Azərbaycan Respublikasının vətəndaşlığını itirib-itirməməsini müəyyən etməli, bundan sonra iddianı mahiyyəti üzrə araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşə təkrar apellyasiya qaydasında baxılarkən məhkəmə tərəfindən İddiaçı adına Azərbaycan Respublikasında verilən ümumvətəndaş pasportunun 23.11.2018-ci il tarixdə fəaliyyətsizləşdirilməsinin hüquqi əsasının nədən ibarət olması barədə məhkəməyə məlumat verilməsinə dair cavabdeh orqana müvafiq sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq 17.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubda göstərilmişdi ki, iddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən kikboksinq üzrə yığma komandaya dəvət edilmiş və ona 18.11.2011-ci il tarixdə P4685864 saylı ümumvətəndaş pasportu verilmişdir. Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri Baş İdarəsinin 08/10539 H.Ə. saylı 16.11.2018-ci il tarixli məktubuna əsasən aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İddiaçı milli komandada iştirakı dayandırılmış və ona verilmiş P4685864 saylı ümumvətəndaş pasportu 23.11.2018-ci il tarixdə fəaliyyətsizləşdirilmişdir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin preambulasına əsasən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirir. Həmin Məcəllənin 3.0.2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxs – heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxs; Həmin Məcəllənin 3.0.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; Həmin Məcəllənin 3.0.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasında daimi yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; Həmin Məcəllənin 3.0.17-ci maddəsinə əsasən sərhədkeçmə sənədi – xarici pasport, vətəndaşlığı olmayan şəxslərə yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün verilən sənəd, dənizçi kitabçası (vəsiqəsi), qaçqınlara verilmiş yol sənədi, vətənə qayıdış şəhadətnaməsi, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən səyahət sənədi, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədlər. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət sərhədinin buraxılış məntəqələrindən keçmək şərti ilə, pasportları və ya digər sərhədkeçmə sənədləri əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər pasportları və ya digər sərhədkeçmə sənədləri və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələri əsasında Azərbaycan Respublikasından gedə və viza almadan Azərbaycan Respublikasına qayıda bilərlər. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində yaşayan və ya müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 74.4-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti, fəaliyyətinin növündən və xarakterindən və digər hallardan asılı olmayaraq, Azərbaycan Respublikasında qanun və məhkəmə qarşısında bərabərdirlər. Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən xüsusi sənədlər verilir. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən xüsusi sənədlərin aşağıdakı növləri vardır: a) Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatanadək vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi; b) Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi; c) Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi; d) Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi. Bu maddənin “a” və “b” bəndlərində göstərilən sənədlər yalnız 1992-ci il yanvarın 1dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına verilir. Həmin Əsasnamənin 24-cü bəndinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün şəxsiyyət vəsiqəsi 18 yaşına çatmış, müstəsna hallarda təhsil almaq, beynəlxalq tədbirlərdə iştirak etmək, müalicə olunmaq və ya daimi yaşamaq üçün xaricə gedən 18 yaşına çatmamış vətəndaşlığı olmayan şəxsə onun valideynlərinin və ya qanuni nümayəndəsinin razılığı, müvafiq təşkilatların vəsatəti əsasında həmin vəsiqənin verilməsi barədə onun xüsusi forma üzrə doldurulmuş ərizəsi (3 saylı əlavə) əsasında bu barədə müraciət olunduğu vaxtdan ən geci bir ay keçənədək yaşadığı yerin müvafiq icra hakimiyyəti orqanı tərəfindən 2 il müddətinə verilir və bütün ölkələrə getmək üçün etibarlıdır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsi barədə ərizənin düzgün doldurulmasını yoxlamalı və bu məqsədlə aşağıdakı sənədləri tələb etməlidir: vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsini. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı 2011-ci ildə Azərbaycan Respublikasına gəldiyi vaxt onun Gürcüstan Respublikasının vətəndaşlığı olmuşdur. Həmin vətəndaşlıq sonradan Gürcüstan Respublikası tərəfindən ləğv edilsə də, iddiaçının Azərbaycan Respublikası tərəfindən verilmiş ümumvətəndaş pasportu qüvvədə olmuşdur. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaçıya verilmiş ümumvətəndaş pasportunun 23.11.2018-ci ildə fəaliyyətsizləşdirildiyi bildirilmişdir. Hazırki işə apellyasiya qaydasında yenidən baxılarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-258/2021 saylı 24 fevral 2021-ci il tarixli qərarında göstərilənlərlə bağlı araşdırma aparılmış və müəyyən olunmuşdu ki, iddiaçıya verilmiş ümumvətəndaş pasportunda iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olduğu qeyd olunsa da, bu qeydin hansı əsaslarla aparıldığı məlum deyildir. Belə ki, bu barədə verilmiş məhkəmə sorğusuna cavab məktubunda dəqiq məlumat qeyd olunmamışdır. Həmin ümumvətəndaş pasportun iddiaçıya Azərbaycanı idmançı olaraq xarici ölkələrdə təmsil etməklə bağlı verildiyi məlum olsa da, həmin pasportun sonradan hansı əsaslarla geri alınması da iş materialları ilə müəyyən edilmir. O ki qaldı “iddiaçının adına verilmiş ümumvətəndaş pasportunun 23.11.2018-ci il tarixdə AR DİN tərəfindən Dövlət Miqrasiya Xidmətinin məktubu əsasında fəaliyyətsizləşdirilməsinə”, bu barədə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən ifadə qeyri-müəyyəndir, iş üzrə sözügedən pasportun “fəaliyyətsizləşdirilməsi”nin hüquqi əsasları məlum deyildir (bu barədə sorğuya cavabda dəqiq məlumat verilməmişdir). “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda vətəndaşlığın əldə edilməsi və itirilməsi anlayışlarından istifadə olunub, vətəndaşlığın itirilməsinin əsasları və qaydası konkret olaraq müəyyən edilsə də, hazırki işdə iddiaçının ümumvətəndaş pasportunda vətəndaşlığı “Azərbaycan Respublikası” kimi qeyd olunsa da, bunun hüquqi əsası məlum olmadığı üçün kollegiya hesab edir ki, bu fakt onun Azərbaycan Respublikasının vətəndaşı sayılmasına əsas vermir və iddiaçıya münasibətdə həmin vətəndaşlığı “itirmə” əsasları və qaydası “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun müddəaları ilə yoxlanıla bilməz. Bir daha qeyd olunur ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin 21.02.2019-cu il tarixli, K/E-861 nömrəli məktubunda iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin araşdırıldığı və onun “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən olunmuşdur. Digər tərəfdən, iş üzrə müəyyən olunur ki, hazırki vəziyyətdə iddiaçı statusunun “vətəndaşlığı olmayan şəxs” olmasına istinad etsə də, bu hal da işin faktiki halları ilə sübut olunmur. Belə olan halda İddiaçı vətəndaşlığı olmayan şəxs statusu olmadığı üçün Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsi də qeyri-mümkündür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası qanuna zidd olmamaqla yanaşı, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını istisna edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasının rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün bu barədə qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Eminaqarov Elvin Elman oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3323/2020 saylı 13 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar