Məhkəmə qərarları › İş №2-1(103)-1471/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1471/2022

22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1471/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı Yakovlev və onun vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X18, Üçüncü şəxs X3 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Yakovlevanın cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) (üçüncü şəxslər X26, X10, X15, Sabri-Tabrizi Gholam-Reza və Sabri- Tabrizi Karım) qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və texniki pasportun ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1022/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Yakovleva cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X26, X10, X15, Sabri-Tabrizi GholamReza, X31) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə (keçmiş İskra) küçəsi, 40 saylı evin zirzəmisinin sahəsi 11,0 kv.m olan giriş sahəsi 20,7 kv.m olan, sahəsi 11,2 kv.m olan və 13,6 kv.m olan təsərrüfat sahələrinə və sahəsi 2,6 kv.m olan sanitar qovşağa dair X8 adına 11 aprel 2001-ci il tarixdə aparılmış qeydiyyatın və tərtib edilmiş texniki pasportun və həmin sahələrə dair 15 may 2019-cu il tarixdə X3 və X5 adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və texniki pasportun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1022/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəf apelyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işin yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə (keçmiş İskra) küçəsi, 40 saylı evin zirzəmisi və ya yarım-zirzəmisi heç vaxt daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin, o cümlədən 01 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə özgəninkiləşdirən X13 mülkiyyətində olmadığından, göstəriən evin zirzəmisi və yanmzirzəmisi alqı-satqı müqaviləsinin predməti olmamış və həmin tarixli müqavilə üzrə əldə edənlər X10 və X15 müqavilə üzrə göstərilən evin zirzəmisini və yarım-zirzəmisini əldə etməmişlər. Mövcud mübahisənin məhkəmə aidiyytinin müəyyən edilməsinə dair qanin qüvvədə olan məhkəmə aktı mövcuddur və İddiaçı mövcud tələblə inzibati orqana müraciət etmiş, lakin nəticəsi olmamışdır. X10 və X15 14 saylı notariat kontorunda təsdiq edilmiş 4ə-895 reyestr nömrəli 01 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 127,8 kvm yaşayış sahəsinin 1/2 hissəsi (63,9 kvm) X15: həmçinin 4ə-895 reyestr nömrəli 01 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 127,8 kv.m yaşayış sahəsinin 1/2 hissəsi (63,9 kvm) X10 əldə etmişlər və buna görə də onların hər biri mülkiyyətdə olan 63,9 kvm (cəmi 127,8 kvm) hissəsini qeydə aldırmaq hüquqları olmuşdur. Lakin, müqavilə predmeti olmayan və bununla da müqavilə ilə əhatə olunmayan zirzəmi sahələri R.Quliyevin və İ.Əsgərovun adlarına qeydə alınmışdır. Bununla da göstərilən hal inzibati orqanın hərəkəti ilə əlaqədar olan mübahisədir ki, bu tələbə də inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək qərardadın ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini əsassız hesab edərək qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 vəkili apelyasiya şikayətini əsassız hesab edərək qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Kollegiya iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin hallarından müəyyən edilir ki: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xdmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 10.06.2021-ci il tarixli **********23 nömrəli məktubda qeyd olunur ki, ünvan 2 ünvanında yerləşən mənzil 26.04.1994-cü il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir. 12 saylı DNKnın 3M-kn-1518 reyestr nömrəli 02.08.1994-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X16 adına qeydiyyatdan keçmişdir. 38 saylı DNK-nın 3/M-A3-404 reyestr nömrəli 07.05.1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X6 adına qeydiyyatdan keçmişdir. 5 saylı DNK-nın 3M-A-14 reyestr nömrəli, 25.02.1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X12 adına qeydiyyatdan keçmişdir. Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 373 nömrəli 19.04.1999-cu il tarixli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küşəsi, 40 saylı evdə sahəsi 66,1 kv.m olan zirzəmi həmin evdə yaşayan X14 yardımçı otaq verilmişdir. 31 saylı DNK-nın 4Ə-84 reyestr nömrəli 10.05.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən X25 adına qeydiyyatdan keçmişdir. 14 saylı DNK-nın 4Ə-895 reyestr nömrəli, 01.10.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin 1/2 hissəsi X5 adına qeydiyyatdan keçmişdir. 14 saylı DNK-nın 4Ə-896 reyestr nömrəli, 01.10.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin 1/2 hissəsi X3 adına qeydiyyatdan keçmişdir - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 10.06.2021-ci il tarixli **********23 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, 25.02.1999-cu il tarixli müqavilyə əsasən X17 ona məxsus olan Bakı şəhəri, İskra küçəsi, 40 nömrəli evi (ümumi sahə 34,5 kv.m, yaşayış sahəsi 24,5 kv.m) X32 Rezaya satmışdır. Həmin sənədlərdə olan Yasamal Rayon İcra Hakimiyyətinin 19.04.1999-cu il tarixli 373 nömrəli sərəncamına əsasən Ə.Hüseynzadə küşəsi, 40 saylı evdə sahəsi 66,1 kv.m olan zirzəmi həmin evdə yaşayan X35 Təbriziyə yardımçı otaq kimi verilmişdir. Həmin sənədlərdə olan Bakı şəhəri, İskra (Ə.Hüseynzadə) küçəsi, 40 nömrəli evə dair X32 Rezanın adına 07.05.1999-cu ildə tərtib edilmiş texniki pasportda həmin zirzəmi mənzilin sahəsi olaraq mənzilin digər sahələri ilə birlikdə əks olunmuşdur. Daha sonra 10.05.2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X7 məxsus olan Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi, 40 nömrəli evi X30 bağışlamışdır, X31 isə 01.10.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli və 01.10.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqısatqı müqavilələrinə əsasən ona məxsus olan Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi, 40 nömrəli eviin (ümumi sahəsi 127,8 kv.m) müvafiq olaraq 1/2 hissəsini X11 (63,9 kv.m) və 1/2 hissəsini X4 (63,9 kv.m) satmışdır. Həmin sənədlərdə olan Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi, 40 nömrəli evə dair X10 və başqasının adına 15.05.2019-cu ildə tərtib edilmiş texniki pasportda da həmin zirzəmi mənzilin sahəsi olaraq mənzilin digər sahələri ilə birlikdə əks olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmamasına dair mövqeyilə razılaşır və aşağıdakıları qeyd edir. Hazırki işin halları hərtərəfli araşdırılan zaman görünür ki, hazırki iddia tələbinin mahiyyəti üzrə iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə (keçmiş İskra) küçəsi, 40 saylı evin zirzəmi və yarım zirzəmi sahələrinə dair üçüncü şəxslərin adına aparılmış qeydiyyatın ləğvini tələb edir. İş materiallarından isə müəyyən edilir ki, mübahisələndirilən zirzəmi sahə ilkin olaraq, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 373 nömrəli 19.04.1999-cu il tarixli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küşəsi, 40 saylı evdə sahəsi 66,1 kv.m olan zirzəmi həmin evdə yaşayan X14 yardımçı otaq kimi verilmiş, həmin sənəd əsasında 07.05.1999-cu ildə tərtib edilmiş texniki pasportda həmin zirzəmi mənzilin sahəsi olaraq mənzilin digər sahələri ilə birlikdə X32 Rezanın adına dövlət qeydiyyatına alınmışdır. Sonradan isə 10.05.2018-ci il tarixli bağışlanma müqaviləsinə əsasən mənzil, zirzəmi sahəsilə birgə X30 bağışlanmış, sonuncu tərəfindən isə 2018-ci ildə 2/1 hissələr ilə ayrı-ayrılıqda X4 və X1, 2019-cu ildə mənzilin zirzəmi sahələri də daxil olmaqla müvafiiq olaraq sonuncuların adına dövlət qeydiyyatına alınmışdır. Beləliklə, işin qeyd edilən hallarından da göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən zirzəmi sahəsinin üçüncü şəxslərin adına dövlət qeydiyyatına alınmasının əsasında duran ilkin sənəd Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 373 nömrəli 19.04.1999-cu il tarixli sərəncamı olmuşdur. Sözügedən sərəncam isə hazırki iddia tələbi üzrə mübahisələndirilməmişdir. Göründüyü kimi, iddia tələbinin mahiyyəti üzrə iddiaçının hüquqlarının pozulmasına əsas olmuş inzibati akt-19.04.1999-cu il tarixli sərəncam hər hansı qaydada mübahisələndirilməməklə, hazırda qüvvəsini saxlamaqdadır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.1-ci bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7-ci bənd). AR İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin yuxarıda qeyd edilən hallarını nəzəzərə alan məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hazırki iddia tələbi uğurlu iddia hesab edilə bilməz. Belə ki, tələbin mahiyyəti üzrə iddiaçının hüquqlarının pozulmasına - Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küşəsi, 40 saylı evin zirzəmi sahəsinin üçüncü şəxslərin adına dövlət qeydiyyata alınmasına əsas olmuş inzibati akt öz qüvvəsini saxladığı təqdirdə həmin qeydiyyatın ləğvinə dair cavabdehin üzərinə öhdəlik qoyulması iddiaçının hüquqi marağının təmin edilməsi ilə nəticələnməyəcəkdir. Eyni zamanda kollegiya bildirir ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, inzibati iddia yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə mümkün sayılır. Maddənin tələbinə əsasən, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. Hazırki işin hallarından isə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarının pozulması ilə nəticələnən hər hansı qanunsuzluğa yol verilmədiyi müəyyən edilir. Belə ki, cavabdeh orqan tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə (keçmiş İskra) küçəsi, 40 saylı evin zirzəmi sahəsi üçüncü şəxslərin adına qeydiyyata alınması qanuni qüvvədə olan sərəncam əsasında həyata keçirilmişdir. Beləliklə, yuxarıda sadalanan halları nəzərə alaraq kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda qanuni və əsaslı nəticyə gəldiyindən məhkəmənin mübahisələndirilən qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. AR İPM-nin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Yakovlevanın apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1022/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar