Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1471/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10480/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1na və Cavabdeh1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubunda qeyd edilən, mübahisə edilən qərarın təsdiq olunmuş surətinin rəsmən ona göndərilməsi, həmin məktubda qeyd edilən pensiyasından tutulmalar aparılmasına dair qərarın qanunazidd olan bəndlərinin ləğv olunması və ona vurulmuş zərərin ödənilməsi barədə qərarın qəbul edilməsi, əvvəlki aldığı 808,29 manat pensiyasının bərpa olunması və 6 il təhsil ilinin həmin məbləğə əlavə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə müraciət edərək, iş üzrə Cavabdeh1 cavabdehlər sırasından çıxarılması, əvvəlcə aldığı 808,29 manat pensiya məbləğinin bərpa olunması və 2022-ci ilin may ayından etibarən artıq ödənilmiş pensiya məbləğinə görə hər ay pensiya məbləğindən tutulmanın qanunsuz hesab edilməsi, tutulmanın dayandırılması və qanunsuz tutulmuş məbləğin ona geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10480/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı pensiya məbləğindən 2022-ci ilin may ayından etibarən hər ay artıq ödənilmiş pensiya məbləğinə görə tutulma qanunsuz hesab edilmiş, tutulmanın dayandırılması və 2022-ci ilin may ayından etibarən pensiya məbləğindən tutulmuş pul vəsaitinin geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10480/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, onun pensiyası kəsilənə qədər aldığı pensiya məbləğinin sonrakı əlavələr ilə birlikdə bərpa olunması hissəsində təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ildə Binəqədi rayon şöbəsinə müraciət edərək xəstəliyə görə aldığı pensiya növünün yaşa görə pensiya növünə keçirilməsini xahiş etmişdir. O zaman iddiaçının 68 yaşı var idi. Yaşa görə pensiya hüququ isə 63 yaşında yaranmışdır. Mövcud qaydalara görə 63 yaşı tamam olduqda ölkə üzrə sonrakı ömür limiti 12 il, yəni 144 ay götürülür. İddiaçı müraciət edən zaman həmin limit yaşdan 54 ayını yaşamışdı. Binəqədi rayon şöbəsində bildirdilər ki, pensiyanın hesablanması toplanmış sığorta kapitalının orta ömür limitinə, yəni 144 aya bölünməsi ilə aparılmalıdır. İddiaçı bununla razılaşmayaraq, həmin limitdən 54 ayını yaşadığını bildirmişdir. Binəqədi rayon şöbəsinin qərarından DSMF-nin Baş ofisinə şikayət etmişdir. Orada onun şikayətini araşdırıb bildirdilər ki, yaşadığı 54 ayı limitdən çıxıb sığorta kapitalına bölmək lazımdır. Bu barədə Binəqədi rayon şöbəsinə göstəriş verdilər. Rayon şöbəsi göstərişi icra edib toplanmış sığorta kapitalını 144-ə yox, 90-a bölərək pensiya təminatı aparmışdır. 2019-cu ildə növbəti audit, 2021-ci ildə rayon şöbəsi bağlanarkən aparılan total audit heç bir qanun pozuntusu, dedikləri kimi “texniki səhv” aşkar etmədi. 2022-ci ildə təhsil illərinin pensiyasına əlavə edilməsi ilə əlaqədar müraciətindən sonra bütün bu həngamələr başlanmışdır. Hazırki mübahisələndirdiyi məhkəmə isə öz qərarında göstərilən düsturları hansı mütəxəssis tərəfindən çıxardılıb bilinmir. Bu hesablamalar 63 yaşa tətbiq edilə bilərdi. O, yaşa görə pensiyaya 68 yaşında çıxmış, bu səbəbdən qeyd edilən düsturlar onun pensiyasının hesablanmasında istifadə edilə bilməz. İddiaçının hazırda 72 yaşı var, Qarabağ müharibəsi veteranıdır, ayrılmış ömür limitindən 3 il qalmışdır. Məhkəmə isə yuxarıda qeyd etdiyi faktlara diqqət yetirməmiş, yetərli araşdırma aparmadan qərar qəbul edərək iddia tələbini qismən təmin etməməklə onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10480/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarını iddia tələbinin təmin edilməyən hissəsində ləğv edərək, iddiaçının pensiyası kəsilənə qədər aldığı pensiya məbləğinin sonrakı əlavələr ilə birlikdə bərpa olunması hissəsində təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci il təvəllüdlüdür. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 13 iyun 2022-ci il tarixli, **********9 nömrəli məktubda qeyd olunur: Sizə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə xx.xx.2014-cü il tarixində qüvvədə olan tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. xx.xx.2022-ci il tarixli müraciətinizə əsasən yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı məlum olmuşdur ki, müraciətiniz ilə əlaqədar olaraq xx.xx.2017-ci tarixində yaşa görə əmək pensiyanızın təhsil illəri əlavə edilərək yenidən hesablanması zamanı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı texniki səhv səbəbindən 50% dəyərində (10.002,45 manat) hesablanmalı olduğu halda, 90% (56.361,60 manat) hesablanmışdır. Nəticədə Sizin yaşa görə əmək pensiyanızın məbləğində xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 9.650,47 manat artıq ödəmə müəyyən olunmuşdur. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən, 01 09 1967-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək təhsil aldığınız illər, eyni zamanda əmək kitabçanızın surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 38 il 1 ay sığorta stajınıza və 01 01.2006-cı il tarixindən 01.02 2014-cü il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 10.002,45 manat pensiya kapitalı və Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2014-cü il tarixindən xx.xx.2021-ci il tarixinədək 19.020,69 manat pensiya kapitalı əsasında əmək pensiyasınızın məbləği aşağıda verilmiş cədvələ uyğun olaraq yenidən hesablanmışdır: Başlanğıc tarix – xx.xx.2018, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021, xx.xx.2022; Son tarix – xx.xx.2018, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021, xx.xx.2022; Hesablamayadək olan məbləğ – 594,96 manat, 612,81 manat, 701,71 manat, 781,77 manat, 808,29 manat; Hesablandıqdan sonra olan məbləğ – 384,29 manat, 384,29 manat, 384,29 manat, 674,19 manat, 697,11 manat. Bu səbəbdən, xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 9.650,47 manat vəsait bölünərək Sizin aylıq əmək pensiyanızdan tutulmaqla 2022-ci ilin may ayından Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunur. Qeyd olunanlara əsasən bildiririk ki, Sizə təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələbləri baxımından düzgün hsablanmışdır. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 29 sentyabr 2022-ci il tarixli, **********5 nömrəli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilir: İddiaçı xx.xx.1951-ci il təvəllüdlü İddiaçı Firidin oğluna xx.xx.1997-ci il tarixindən İİ (ikinci) qrup hərbi xidmət dövründə xəstələnmə ilə əlaqədar əlilliyə görə hərbi qulluqçu kimi pensiya təyin edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixində əlilliyə görə əmək pensiyasından ümumi əsaslarla yaşa görə əmək pensiyası növünə keçirilməsi haqqında ərizə ilə Fondun keçmiş Binəqədi rayon şöbəsinə müraciət etmişdir. Şöbənin “əmək pensiyası təyin edən komissiyası”nın xx.xx.2018-ci il tarixli 1063 saylı qərarı ilə ona xx.xx.2006-cı il tarixinədək olan 32 il 3 ay 14 gün sığorta stajına və xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 90%-nin məbləği (PSK) istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirildikdən sonra 2017-ci il vəziyyətinə 28181,08 manat olmaqla xx.xx.2018-ci il tarixindən 594,96 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı Firidin oğlunun yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşdan (xx.xx.2014-cü il tarixdən) yaranır. xx.xx.2017-ci il tarixinədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli № 377 saylı Fərmanına əsasən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınırdı. Vətəndaşın hüququ 2014-cü il tarixində yarandığı üçün vətəndaşın pensiyası sözügedən Qanunun tələblərinə uyğun hesablanmalı idi. Qanunun 27-ci maddəsinə əsasən sığortaolunanın 2006-cı il yanvarın 1-dək qazanmış olduğu iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2006-cı il 1 yanvar tarixinə qeydə alınır. Fondun keçmiş Binəqədi rayon şöbəsi xx.xx.2018 ci il tarixində vətəndaşa pensiya təyinatı apararkən sığortaolunanın 2006-cı il yanvarın 1-dək qazanmış olduğu iş stajına görə yaranan pensiya kapitalının hesablanması üçün stajın hər ilini 170 manat nisbətində hesablasa da, xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 90%-nin məbləğini hesablamışdır. Bu da (yəni PSK-nın 90%-lə hesablanması) qanunvericiliyin tələblərinə ziddir. Sözügedən Qanunun 7-ci maddəsinin həmin dövrdə (2014-cü ildə) qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+PS(PSK/T), burada: P - Pensiyanın əsas məbləği; BH - yaşa görə əmək pensiyasının baza hissəsi; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsi; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalı; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144). Həmçinin bildiririk ki, pensiya təyinatı xx.xx.2018-ci il tarixində aparılsa da, pensiyanın tərkib hissələri, yəni baza və sığorta hissələri 2017-ci il vəziyyətinə hesablanmaqla, həmçinin PSK-nin məbləği səhvən 144-ə deyil, 72-yə bölünmüşdür. Yəni BH-110,00+SH- 82,57 (xx.xx.2006-cı il tarixinədək olan 32 il 3 ay 14 gün sığorta stajından hesablanan PSK 11890,39:144=82,56)+BƏ11,00(müh.işt)+PS-391,40 (xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 90%-nin məbləği (PSK) istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirildikdən sonra 2017-ci il vəziyyətinə 28181,08:72=391,40)=594,96 manat hesablanmışdır. Sonrakı illərdə vətəndaşın pensiyasının məbləği illər üzrə “Pensiyaların sığorta hissəsinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsi haqqında” və “ölkə üzrə orta aylıq nominal əməkhaqqının müəyyən edilən illik artım tempinə uyğun indeksləşdirilməsi haqqında” fərman və sərəncamlara uyğun olaraq artırılaraq xx.xx.2022-ci il tarixindən 808,28 manata çatdırılmışdır. Sözügedən şəxs xx.xx.2022-ci il tarixində 4 saylı DOST mərkəzinə ərizə ilə müraciət edərək, təhsil illəri nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Müvafiq olaraq həmin müraciətə Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq (müraciət edilən tarixdən üç il əvvəlki tarixə ödənilməklə) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmış və filialın əmək pensiyası təyin edən komissiyasının xx.xx.2022-ci il tarixli **********0 saylı Qərarı ilə vətəndaşa xx.xx.2018-ci il tarixində pensiyanın düzgün hesablanmaması müəyyən edilmişdir. Belə ki, yuxarıda qeyd edilən qanunvericiliyin şərtlərini və vətəndaşın yaşa görə əmək pensiyası hüququnun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşdan, yəni xx.xx.2014-cü il tarixdən yarandığını nəzərə alaraq onun pensiyası aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2018-ci il tarixdən BH116,27+SH- 103,20 (təhsil illəri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixi nədək olan 38 il 1 ay 10 gün sığorta stajından ((cədvəl №1 əlavə edilir)) hesablanan PSK 14860,80:144=103,20)+BƏ11,00 (müh.iştirakçısı)+PS-87,02 (xx.xx.2006-cı il tarixindən xx.xx.2014-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 50%-nin məbləği (PSK) istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirildikdən sonra 2018-ci il vəziyyətinə 12530,88:144=87.02 (cədvəl №2 əlavə edilir)=317,49 manat, xx.xx.2019-ci il tarixdən (317,49-11,00)x3%=315,69+11,00=326,69 manat, xx.xx.2019-ci il tarixdən 326,69-11,00=315,69 manat (müharibə iştirakçısı kimi verilən əlavə Prezident təqaüdü kimi ödənildiyi üçün), xx.xx.2020-ci il tarixdən 315,69x16,6%=368,05 manat təşkil etmişdir. Qeyd edilənlərdən göründüyü kimi, vətəndaşın İİ (ikinci) qrup hərbi xidmət dövründə xəstələnmə ilə əlaqədar əlilliyə görə hərbi qulluqçu kimi aldığı aylıq pensiya məbləği (384,29 manat) ona təyin olunan ümumi əsaslarla yaşa görə əmək pensiyasının xx.xx.2020-ci il tarixədək olan məbləğindən çoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2020-ci il tarixli №240-VİQD Qanunun 1.8-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən ’’Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1 -ci maddəsinə (6 il və daha çox işlədikdə) “əmək pensiyasının avtomatlaşdırılmış qaydada yenidən hesablanması” sözləri əlavə edilmişdir. Buna görə də vətəndaşın pensiyası komissiyanın qərarına əsasən ’’Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə (6 il və daha çox işlədikdə) yenidən hesablanmış və xx.xx.2021-ci il tarixdən 368,05 x 11,4%+264,18 (xx.xx.2014-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 90%-nin məbləği (PSK) istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirildikdən sonra 2021-ci il vəziyyətinə 19020,96:72=264,18 manat (cədvəl №3 əlavə edilir) = 674,19 manat, xx.xx.2022-ci il tarixdən 674,19x3,4%=697,11 manat hesablanmaqla hər ay ödənilir. Əlavə olaraq bildiririk ki, İddiaçı xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 9.650,47 manat məbləğində artıq pensiya ödənişi müəyyən edilmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı Firidin oğlu xx.xx.1951-ci il təvəllüdlüdür. İddiaçıya xx.xx.1997-ci il tarixindən İİ (ikinci) qrup hərbi xidmət dövründə xəstələnmə ilə əlaqədar əlilliyə görə hərbi qulluqçu kimi pensiya təyin edilişdir. İddiaçı xx.xx.2018-ci il tarixində əlilliyə görə əmək pensiyasından ümumi əsaslarla yaşa görə əmək pensiyası növünə keçirilməsi haqqında ərizə ilə DSMF-nin keçmiş Binəqədi rayon Şöbəsinə müraciət etmişdir. İddiaçının yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşdan (xx.xx.2014-cü ii tarixdən) yaranır. DSMF-nin keçmiş Binəqədi rayon Şöbəsinin “əmək pensiyası təyin edən komissiyası”nın xx.xx.2018-ci il tarixli 1063 saylı qərarı ilə iddiaçıya xx.xx.2006-cı il tarixinədək olan sığorta stajına və xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 90%-nin məbləği (PSK) istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirildikdən sonra xx.xx.2018-ci il tarixindən 594,96 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonrakı illərdə iddiaçının pensiyasının məbləği illər üzrə “Pensiyaların sığorta hissəsinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsi haqqında” və “ölkə üzrə orta aylıq nominal əməkhaqqının müəyyən edilən illik artım tempinə uyğun indeksləşdirilməsi haqqında” fərman və sərəncamlara uyğun olaraq artırılaraq xx.xx.2022ci il tarixindən 808,28 manata çatdırılmışdır. Lakin iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2017-ci il tarixdək qüvvədə olan normanın tələblərinə əsasən 50% dəyərində (10.002,45 manat) hesablanmalı olduğu halda, 90% (56.361,60 manat) hesablanması müəyyən edilmiş, iddiaçının pensiyası xx.xx.2022-ci ildən 697,11 manat məbləğində hesablanmışdır. Hazırda iddiaçı 808,29 manat pensiya məbləğinin bərpa olunmasını və 2022-ci ilin may ayından etibarən artıq ödənilmiş pensiya məbləğinə görə hər ay pensiya məbləğindən tutulmanın qanunsuz hesab edilməsini, tutulmanın dayandırılmasını və qanunsuz tutulmuş məbləğin ona geri qaytarılmasını tələb edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10480/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçının pensiya məbləğindən 2022-ci ilin may ayından etibarən hər ay artıq ödənilmiş pensiya məbləğinə görə tutulma qanunsuz hesab edilmiş, tutulmanın dayandırılması və 2022-ci ilin may ayından etibarən pensiya məbləğindən tutulmuş pul vəsaitinin geri qaytarılması öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə, yəni pensiya məbləğinin bərpa olunması hissəsində təmin edilməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verməmişdir. İddiaçı isə apellyasiya şikayəti verərək həmin qərarın iddia tələbinin təmin edilməyən, yəni pensiya məbləğinin bərpa olunması tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsini xahiş edir. Baxılan iş üzrə hazırda apellyasiya baxışının predmetini iddiaçının apellyasiya şikayətinə əsasən “iddia tələbinin təmin edilməyən (pensiya məbləğinin bərpa olunması tələbinin təmin edilməməsi)” hissəsində birinci instansiya məhkəməsinin qərarının qanuniliyinin yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sübutlardan görünür ki, iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı texniki səhv səbəbindən 50% dəyərində (10.002,45 manat) hesablanmalı olduğu halda, 90% (56.361,60 manat) hesablanmışdır. İddiaçının əmək fəaliyyəti dövrü, təhsil aldığı illər, eyni zamanda əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10.002,45 manat pensiya kapitalı və «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixinədək 19.020,69 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq 808,29 manat pensiya məbləğinin qeyd olunan səbəbdən səhv hesablandığı müəyyən edilmiş və pensiya məbləği 697,11 manat hesablanmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır (xx.xx.2017-cilədək olan redaksiyası - 1.0.8. fərdi hesabın sığorta hissəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır). 1.0.12-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi - əmək pensiyalarının ikinci pilləsi olmaqla, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır (xx.xx.2022-ci ilədək olan redaksiyası - 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.9-cu bəndinə əsasən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınırdı. Göründüyü kimi, iddiaçının pensiya məbləği qanunvericiliyə uyğun olaraq yenidən hesablanmış, iddiaçının əvvəlki pensiya məbləği ilə indiki pensiya məbləği arasındakı fərq məbləği Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinin əməkdaşları tərəfindən pensiya məbləğinin düzgün hesablanmaması nəticəsində, fərdi hesabın sığorta hisəssində qeydə alınmış pensiya kapitalının texniki səhv səbəbindən 50% hesablanmalı olduğu halda, 90% hesablanması nəticəsində yaranmışdır. Bu səbəbdən də həmin pensiya məbləğinin bərpa edilməsi barədə tələb əsassızdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı əmək pensiyası məbləğənin bərpa olunması hissəsində təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10480/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1471/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1471/2023
17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver