Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1472/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Xüsusi şərtlərlə təyinat idarəsinin vəkili X1 iştirakı ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-919/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, onun 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan yaranmış pensiya fərqinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, cavabdehə müraciət edərkən, iddiaçı xx.xx.2019-cu il tarixli məktubda sadalanan sənədlərin notariat qaydasında təsdiq edilmiş surətlərini təqdim etmişdir. Məhkəmə tərəfindən inzibati icraat materialları tələb edilmədən, iddia mümkün sayılmamaqla, cavabdeh orqan tərəfindən “İnzibati icraat haqqında” AR Qanununun tələblərinə əməl edilib-edilməməsi yoxlanılmamışdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsaslıdır. Birinci instansiya məhkəməsinin qərardadının əsaslarına görə, “İş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsində göstərilən tələblə bağlı lazımi qaydada məhkəməyə qədər cavabdehə müraciət etməmişdir. Cavabdehə müraciət etməsinə dair heç bir sübut və ya müraciətin təmin edilməsindən imtina barədə cavab məktubu iddia ərizəsinə əlavə olunmamış və iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra da məhkəməyə təqdim edilməmişdir. Belə ki, cavabdehin xx xxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə zəruri sənədlərin əslləri təqdim edilməmişdir. Buna görə də, cavabdeh tərəfindən iddiaçının müraciətinə baxılması mümkün olmamış və sənədlərin əsllərinin təqdim edilməsindən sonra iddiaçının müraciətinə baxılmasının mümkünlüyü barədə iddiaçıya məktub göndərilmişdir. Həmin məktub isə cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi kimi qiymətləndirilə bilməz.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının əsasları ilə qətiyyən razılaşmır. Belə ki, qərardadın iddianın mümkün sayılmamasına əsas təşkil edən “İş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsində göstərilən tələblə bağlı lazımi qaydada məhkəməyə qədər cavabdehə müraciət etməmişdir.” məzmunlu ilk və “Cavabdehə müraciət etməsinə dair heç bir sübut və ya müraciətin təmin edilməsindən imtina barədə cavab məktubu iddia ərizəsinə əlavə olunmamış və iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra da məhkəməyə təqdim edilməmişdir.” məzmunda ikinci dəlili elə cavabdehin xx.xx.2019-cu il tarixli **********0 nömrəli məktubu ilə tam təkzib olunur. Qərardadın “Həmin məktub isə cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi kimi qiymətləndirilə bilməz.” məzmunlu üçüncü əsası ilə bağlı isə məhkəmə kollegiyası sonrakı xüsusatların müzakirəsini vacib sayır. “İnzibati icraat haqqında” AR Qanununun: 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır;
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır; 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur; 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur; 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz; 32.2. Ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər; 34.1. Ərizə səlahiyyətli inzibati orqan tərəfindən aşağıdakı hallarda baxılmamış saxlanıla bilər: 34.1.1. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizə vermiş şəxs (şəxslər) barəsində və ərizədə göstərilmiş həmin əsaslar üzrə həmin inzibati orqan və ya müvafiq yuxarı inzibati orqan tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə; 34.1.2. həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda; 34.1.3. bu Qanunun 30-cu və 35.5-ci maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmadıqda; 34.2. Ərizənin baxılmamış saxlanılması barədə inzibati orqan tərəfindən inzibati akt formasında qərar qəbul edilir; 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur; 52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir;
66. Maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, inzibati icraat haqqında əsas qanunvericilik aktı ilə nəzərdə tutulmuşdur ki, inzibati orqanların maraqlı şəxslərin hüquq və azadlıqlarına müdaxiləsi yalnız qanuna əsaslanmalıdır, onların maraqlı şəxslərdən tələbləri formal xarakterli olmamalıdır, maraqlı şəxslərin hüquqi statusuna müdaxilə qanuni məqsədə mütənasib olmalıdır, inzibati orqanlar inzibati icraat barədə maraqlı şəxslərə məlumat verməli, işdə onların iştirakını təmin etməli və mülahizələrini dinləməli, buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməli, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmalı, bu yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamalı, yalnız qanunla nəzərdə tutulan üç halda ərizəni inzibati akt formasında qərar qəbul etmək yolu ilə baxılmamış saxlamalı, maraqlı şəxsləri inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməli, müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətdə inzibati akt qəbul etməli və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. Qanunvericiliyin sadalanan tələblərinin təhlili göstərir ki, cavabdeh, inzibati orqan olaraq, iddiaçının müraciəti əsasında inzibati aktın qəbul edilməsi üzrə qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirdiyi fəaliyyət kimi başlanan inzibati icraatda üç hüquqi aktdan birini mütləq qəbul etməlidir: 1. müraciəti inzibati akt formasında qərar qəbul etmək yolu ilə baxılmamış saxlamalı; 2. müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətdə inzibati akt qəbul etməli; 3. müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətdə onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. Bu baxımdan, cavabdehin xx.xx.2019-cu il tarixli məktubu inzibati akt formasında qərar qəbul etmək yolu ilə ərizənin baxılmamış saxlanılması olmamışdır. Sözügedən cavab ərizənin təmin edilməsi barədə inzibati akt da deyil. O halda, cavabdehin mübahisəli məktubu, məcburi üçüncü imkan qismində, iddiaçının ərizəsinin qəbul edilməsindən imtina olunması haqqında qərar kimi qəbul edilməlidir. İşdən, həmçinin, aşkar olunur ki, birinci instansiya məhkəməsi qərardadının əsasları kimi istinad etdiyi halları belə araşdırmağa lüzum duymamışdır. Belə ki, həmin məhkəmə iddiaçının müraciəti əsasında cavabdehdə inzibati icraatın başlayıbbaşlamamasını, başlamışdırsa iddiaçının cavabdehə hansı sənədləri təqdim etməsini, bu sənədlərin inzibati icraatda müvafiq qərarın qəbul edilməsi üçün kifayət edib-etməməsini və sair zəruri halları inzibati icraat materiallarının tələb edilməsi və bilavasitə məhkəmə iclasında öyrənilməsi yolu ilə tədqiq etməmiş, cavabdehin xx.xx.2019-cu il tarixli məktubu və iddiaya qarşı xx.xx.2020-ci il tarixli yazılı etirazının dəlillərini müzakirəsiz qəbul edib, onlara əsaslanmaqla kifayətlənmişdir. Halbuki, cavabdehin, iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə 1 həftə ərzində tələm-tələsik, başdansovdu və qanunla nəzərdə tutulmayan (“təxirə salınma”, “baxıla bilər”) qaydada cavab vermək yerinə, müraciəti inzibati akt formasında qərar qəbul etməklə baxılmamış saxlamaq və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətdə inzibati akt qəbul etmək yaxud da həmin müddətdə onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etmək üçün iddiaçını istənilən məqbul (yazılı və ya elektron məktub, telefon zəngi, sms və sair) yolla inzibati orqana dəvət edərək, sənədlərin əsllərinin təqdim olunmasını tələb etmək imkanı daim mövcud olmuşdur. Belə olan halda, yəni, cavabdeh “İnzibati icraat haqqında” Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati akt qəbul etmədiyi üçün, iddiaçı məhz bu əsasla, eyni Qanunun 66-cı maddəsi ilə verilən hüquqi imkandan istifadə edərək, məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusu ilə qəbul etdiyi qanunsuz qərardad ləğv edilməli, inzibati iş həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti təmin edilməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Bakı İnzibati Məhkəməsinin 2-1(112)-919/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, inzibati iş həmin məhkəməyə göndərilsin. İddiaçı apellyasiya şikayəti təmin edilsin.
HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov