Məhkəmə qərarları › İş №2-1(103)-1472/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1472/2021

03.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1472/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.11.2019-cu il tarixli, 2-1(82)-134/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.11.2019-cu il tarixli, 2-1(82)-134/2019 saylı qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhər Ərazi İdarəsinin imtinasını əsassız hesab edərək, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsində Avtomobilçibağçılıq cəmiyyətində 17-ci Cənub küçəsi 326 və 328 saylı sahəsi 1200 kv.m olan bağ sahələrinin mövcud vəziyyətdə Dövlət Reyestrində qeydiyyata alınmasına dair onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Bağçılıq Bostançılıq cəmiyyətinin 26 oktyabr 2000-ci il tarixli 34 saylı protokoluna əsasən ona Pirallahı rayonu, Dübəndi bağ massivində məişət avadanlıqları yerləşdirmək üçün boş saxlanılmış ərazidən 17-ci Cənub küçəsində hər birinin sahəsi 600 kv.m olan 326 və 328 bağ sahələri daimi istifadə üçün verilmişdir. Həmin vaxtdan bağ sahələri onun istifadəsindədir. Bağ sahələrinin onun adına qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir. Lakin sonuncu Bağçılıq-Bostançılıq cəmiyyətinin ilkin (1988-ci il tarixli) siyahısında onun adının olmamasını səbəb göstərərək cavabdeh imtina etmişdir. O, 15.04.2016-cı il tarixli məktub ilə yenidən sözügedən bağ sahələrinin özəlləşdirilməsi ilə bağlı 21.11.2015-ci tarixli ********** №-li məktubla müraciət edərək bir daha məsələnin qanuna uyğun həll edilməsini xahiş etmişdir. Yenə də 12.12.2015-ci il tarixli məktubla imtina edilmişdir. O, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə müraciət edərək ona ayrılmış “Avtomobilçi” Bağçılıq Bostançılıq Cəmiyyətinin ona ayırdığı 17-ci Cənub küçəsi, 326 və 328 №-li sahəsi 1200kv.m olan bağ səhələrinin 26 oktyabr 2000-ci il tarixli 34 №-li protokoluna əsasən istifadəsinə və istifadəsində olması faktını müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 04 avqust 2016-cı il qətnaməsi ilə ərizə təmin edilmişdir. Cavabdeh (DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 27 dekabr 2016-cı il tarixli qətnaməsi ilə ona verilmiş Pirallahı Rayon Məhkəməsinin iş №-2(094)-408/25016 saylı 04 avqust 2016-cı il tarixli qətnaməsi ləğv edilmişdir. O, 1983-cü ildən zavodda işləyir. Bağ sahəsi ona verilən vaxtda sahənin kənarlarından heç bir qaz xətti keçmirdi. Onun sahəsinin kənarından eni 11.5 metr olmaqla 17-ci Cənub küçəsi keçirdi. Qaz xətti isə həmin küçədən 70-80 metr aralıdan F 180 mm olan köhnə qaz xətti keçirdi. 2013-cü ildən qaz xətti dəyişdirilərək, F320 mm olan boru xətti ona məxsus bağ sahəsinin kənarına köçürülmüşdür. Hal-hazırda həmin qaz xətti boyunca 42 bağ sahəsi boru xəttinin mühafizə zonasına düşür. Bağ sahələrinin bir neçə nəfərinə dövlət reyestrində qeydiyyata alınmış və çıxarış verilmişdir. Ona məxsus olan bağ sahəsinə dair sənədlər isə 3 ilə yaxındır ki, inkar olunaraq geri qaytarılır. Göstərilənlərə və İPM-in 2, 8, 45, 46-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 154, 157-ci maddələrinə əsaslanaraq, cavabdehin imtinasının qanunsuz sayılması, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsində 17-ci Cənub küçəsi, 326 və 328 saylı sahəsi 1.200 kv.m olan bağ sahələrinin mövcud vəziyyətdə reyestrdə qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.11.2019-cu il tarixli, 2-1(82)-134/2019 saylı qərarı ilə iddia təmin edilməmişdir (hakim R.Kərimli). Həmin qərardan iddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İK-nın 11.08.2020-ci il tarixli 2-1(103)-1158/2020 saylı qəraraı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2-1(82)- 134/2019 saylı qərarı dəyişdirilmədən saxlanılçışdır (sədrlik edən və məruzəçi E.Nağıyeva, hakimlər V.Məmmədov və H.Həmidov). Həmin qərardan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 10.03.2021-ci il tarixli 2-1(102)- 605/2021 saylı qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İK-nın 11 avqust 2020-ci il tarixli, 2- 1(103)-1158/2020 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir (sədrlik edən və məruzəçi Z.Quliyev, hakimlər R.Nəbizadə və İ.Şəfiyev). İş üzrə məhkəmələr yuxarıda göstərilən qərarları qəbul etmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin İK-nın 30 iyun 2021-ci il tarixli qərardadı ilə iş üzrə Bakı şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ayrılmış bağ sahəsinin ayrıc aktından kənarda yerləşməsinə gəldikdə bağ sahələri cəmiyyətə ayrılmış 12 ha torpaq sahəsinin daxilində boş qalmış və məişət tullantıları üçün nəzərdə tutulmuş torpaq sahələri olmaqla 2000-ci ildən onun daimi istifadəsindədir, bu hal Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2016-cı il tarixli 2(103)-10333/16 nömrəli qətnaməsi ilə öz təsdiqini tapmışdır. Bu barədə adına bağçının 288 №-li üzvlük kitabçası verilmiş, orada müəyyən işlər görülmüş, o cümlədən ərazi mişar daşından hasara alınmış, su çəkilmişdir. 20 ildir ki, bağ sahəsindən daimi, maneəsiz və etirazsız istifadə edir. Ayrılmış bağ sahəsinin yüksək təzyiqli qaz xəttinin mühafizə zolağında yerləşməsi məsələsinə gəldikdə isə adı çəkilən qaz xəttinin yeri sonradan, yəni 2012-ci ildə ordan magistral yol çəkilən zaman kəmər yolun ortasında qaldığından yeri dəyişdirilmiş, onun təqsiri olmadan bağ sahələrinin yaxınlığından çəkilmişdir. Torpaq ona bağ sahəsi kimi verilən zaman oradan qaz xətti keçməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İşmateriallarında olan sənədlərdən görünür ki, - “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyətinin idarə heyətinin 34 №-li “26 sentyabr” 2006-cı il tarixli protokolundan çıxarışa əsasən “Avtomobilçi” bağçılıq cəmiyyətində məişət avadanlıqları üçün boş saxlanılmış 17-ci Cənub küçəsi 326/328 №-li bağ sahəsi zavodun işçisi İddiaçı daimi istifadədən ötəri verilmişdir. - DƏDRX Bakı şəhər Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 12 dekabr 2015-ci il tarixli məktubunda ərizəçiyə bildirilmişdir: Bakı şəhər Ərazi İdarəsinin bağçılıq yoldaşlıq üzvlərinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiqlənmiş siyahısında onun adı aşkar olunmamışdır, İdarənin elektron baza məlumatlarına əsasən sözügedən bağ sahəsi bağçılıq yoldaşlığının ayrıc aktından kənara düşür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəməyə ünvanlanmış 4 sentyabr 2019-cu il tarixli məktubu ilə qurumun müvafiq mütəxəssis rəyi təqdim olunmuşdur. Rəydə aşağıdakılar bildirilmişdir: İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə yerində baxış keçirilib koordinatları müəyyən edilməklə ölçülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan Bağ Təsərrüfatı idarələri ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyindən iddiaçı X1 iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin yerində müəyyən edilmiş koordinatları müraciətdə qeyd edilən sualların cavablandırılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ilə göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya aşağıda qeyd edilənlər kimi cavab verilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən koordinatlar verilmiş sahə “Avtomobilçi” b/ynın ayrıc aktından kənarda yerləşir. Torpaq sahəsi tam olaraq yüksək təzyiqli qaz xəttinin mühafizə zolağında yerləşir. - “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyətinin idarə heyətinin 34 №-li, 26 oktyabr 2000-ci il tarixli protokolundan çıxarışa əsasən “Avtomobilçi” bağçılıq cəmiyyətində məişət avadanlıqları üçün boş saxlanılmış 17 cənub küçəsi 326/328 №-li bağ sahəsi zavodun işçisi İddiaçı daimi istifadədən ötəri verilməsi qərara alınmışdır. - Cavabdeh tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış **********14 №-li , 06.11.2018-ci il tarixli məktubda İddiaçı “Avtomobilçi” bağçılıq yoldaşlığı nəzdində Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində 326/328 saylı bağ sahəsinin ayrılmasına dair hər hansı bir sənəd ( üzvlük kitabçası, protokoldan çıxarış və s.) arxiv qovluğunda aşkar olunmadığı qeyd edilmişdir. Məktuba “Avtomobilçi” bağçılıq yoldaşlığının 26.02.1988-ci il tarixli, 3 №-li protokoldan çıxarışının, 17.02.1988-ci il tarixli, 2 №-li protokoldan çıxarışının təsdiq edilmiş surətləri əlavə edilmişdir. 17.02.1988-ci il tarixli, 2 №-li protokoldan çıxarışının təsdiq edilmiş surətinə əsasən bağ sahəsi ayrılmış 185 şəxsin adı və soyadı olan siyahı əlavə edilmiş, siyahıda iddiaçının adı göstərilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq işdə olan Bakı şəhəri XDS İcraiyyə Komitəsinin 27.10.1987-ci il tarixli, 20/356 nömrəli sərəncamın, həmin sərəncamla “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyətinə Dübəndi qəsəbəsində ayrılmış torpaq sahəsinə dair ayrıc aktının təsdiq edilmiş surətlərini məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Bakı şəhər İcra Hakimiyyəti sorğuya cavab olaraq 26.07.2021-ci il tarixli, 7-2812/17 saylı məktubunda Bakı şəhər XDS İK-nin 1987-ci ilin qərar və sərəncanları, həmçinin torpaq sahələrinə dair ayrıc aktların Bakı şəhər İcra hakimiyyətinin arxivində saxlanmaması barədə bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə alınmış mütəxəssis rəyinə əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi “Avtomobilçi” bağçılıq-yoldaşlıq cəmiyyətinin ayrıc aktından kənardakı əraziyə, eləcə də yüksək təzyiqli qaz xəttinin mühafizə zonasına düşür. “Avtomobilçi” bağçılıq-yoldaşlıq cəmiyyəti tərəfindən ayrılmış torpaq sahəsinin koordinatları həmin qurumun ərazisindən kənara düşməməlidir. Belə olan halda həmin torpaq sahəsi də iddiaçının mülkiyyəti kimi reyestrdə qeydiyyata alına bilməz. Həmçinin, bağçılıq yoldaşlıq üzvlərinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiqlənmiş siyahısında 17-ci cənub küçəsində torpaq sahəsinin ayrılması qeyd edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.11.2019-cu il tarixli, 2-1(82)-134/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar