Məhkəmə qərarları › İş №2-1(103)-1472/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1472/2022

19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1472/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X14 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Yasamal rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(112)-8383/2021 nömrəli qərarından üçüncü şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" KB ASC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Yasamal rayon Polis İdarəsinə qarşı iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından X1, X6, X2 və X10 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC hərrac vasitəsi ilə ünvan 2 saylı mənzilini almışdır. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 12.03.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış və iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir (qeydiyyat nömrəsi: **********). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 19.03.2021-ci il tarixli. ******* nömrəli Arayışa (Forma № 2) əsasən iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 53 sayh evin 19 saylı mənzilində halhazırda X8, X13, Cahangirova lltnıas Azər qızı və X16 qeydiyyatdadırlar və onların qeyd olunan mənzildə qeydiyyatda qalması iddiaçı “Unibank" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxsin iradəsindən asılı edilməkdədir. Bununla əlaqədar “Unibank" KB ASC tərəfindən 19.05.2021-ci il tarixdə PKKİED/2560 saylı məktubla Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə müraciət olunaraq X8, X13, X7 və X10 "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması xahiş olunmuş, lakin Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 05.06.2021- ci il tarixli, 091-29648 saylı məktubu ilə həmin şəxslərin qeyd olunan mənzildən qeydiyyatdan çıxarılmasından imtina olunmuşdur. Belə ki, qeyd olunan məktubda X8, X13, X7 və X10 mənzildən qeydiyyatdan çıxarılması üçün qanuni qüvvəyə minmiş "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi" və ya “yaşayış sahəsindən çıxarılma” tələbinə dair məhkəmə qərarının olması göstərilmişdir. Cavabdeh Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal rayon Polis İdarəsinin Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 53 saylı evin 19 nömrəli mənzilində qeydiyyatda olan X8, X13, X7 və X10 qeydiyyatdan çıxarılmasından imtinası tamamilə qanunsuz və əsassızdır və mənzildə qeydiyyatda olan şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 02.10.2018-ci il tarixli, 2(004)- 2011/2018 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər X15 və qeyrilərinə qarşı “kreditin, kredit faizlərinin və cərimənin tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” iddiası qismən təmin edilərək cavabdeh X9 161.603,66 USD borcun tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən ev 53, mənzil 19-a yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaiti hesabına X11 161 603.66 USD borcunun ödənilməsi və cavabdehlər X4, X6, X2 və X10 həmin fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Bununla əlaqədar müvafiq qətnamənin surəti məktubla Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə göndərilsə də, cavabdeh orqan həmin qətnamədə qeyd olunan “cavabdehlərin fərdi yaşayış evindən çıxarılması" hissəsini nəzərə almamış, əksinə mənzildə qeydiyyatda olan şəxslərin yaşayış sahəsindən çıxarılmaqla bağlı qanuni qüvvəyə minmiş qətnamə əsasında qeydiyyatdan çıxarıla biləcəyi qeyd olunmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bundan başqa “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4cü maddəsinə əsasən Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqca, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi mənzildə qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxarılması üçün ayrıca məhkəmə qərarı tələb olunmasa da, Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal Rayon Polis İdarəsi əsassız olaraq X4, X6, X2 və X10 mənzildən qeydiyyatdan çıxarılması üçün qanuni qüvvəyə minmiş “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi" və ya “qeydiyyatdan çıxarılma” tələbinə dair məhkəmə qərarının olmasını qeyd etmişdir. Bakı İnzibati Məhkəməsinin 27.07.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, məhkəmə aktı üzrə verilmiş icra vərəqəsinə əsasən, qeydiyyatdan çıxarılması tələb olunan şəxslərin yaşayış sahəsindən çıxarılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Həmin məhkəmə aktı qeyd edilən şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Hazırki iddia üzrə Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon polis idarəsi həmin iş üzrə proses iştirakçısı olmasa da, qanunun mənasına və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə qeydiyyatdan çıxarılma təmin edilməlidir. Həmin qərardaddan verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 2-1(103)-2479/2021 nömrəli iş üzrə 20.09.2021-ci il tarixli qərardadı əsasında iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8383/2021 saylı 27.07.2021-ci il tarixli qərardadı ləğv edilərək iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(112)-8383/2021 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs X3vericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Qeyd edilir ki, o və onun ailə üzvləri qeyd olunan mənzildə faktiki yaşayırlar və onların qeydiyyatdan çıxarılmaqları qeyri qanunidir.Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınması təmin edən vəsilədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva edir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya şikayəti 3-cü şəxslərdən biri X13 tərəfindən verilmişdir və qərarın tam ləğv olunması xahiş edilmişdir. Belə olan halda Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarı ona münasibətdə apellyasiya şikayəti həddində yoxlanılır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, ünvan 3 iddiaçı “X17” ASC-nin xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, X8, X13, X7, X16 ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-2011/2018 nömrəli iş üzrə verilmiş icra vərəqəsinə əsasən, iddiaçı "xxxx" KB ASCnin cavabdehlər X8, X13, Cahangirova (Aslanova) İltmas Azər qızına, X16 və başqalarına qarşı iddiası təmin edilərək digər məsələlərlə yanaşı, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 53 saylı evin 19 saylı mənzilinin açıq hərracdan satıldıqdan sonra ən geci bir ay müddətində cavabdehlərin daşınmaz əmlakları boşaltmaları qət edilmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir və qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İşin hallarından məlum olur ki, hazırki işin mübahisə predmetini təşkil edən mənzil xüsusi mülkiyyət hüququ üzrə “X17” ASC-nin mülkiyyətindədir. Həmin mənzilə dair üçüncü şəxslərin istifadə hüququ mövcud deyildir. Həmçinin, qüvvədə olan məhkəmə qətnaməsi ilə sözügedən mənzilinin açıq hərracdan satıldıqdan sonra ən geci bir ay müddətində hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş şəxslərin daşınmaz əmlaklı boşaltmaları qət edilmişdir. İddiaçı Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin inzibati orqan əsassız olaraq iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Hazırkı mübahisədə həqiqətən də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, mülkiyyətçilərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Belə olan təqdirdə Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmalarından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi mövqe qanuni və əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(112)-8383/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar