Məhkəmə qərarları › İş №2-1(103)-1472/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1472/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1472/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X9 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X8 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “qeyri-yaşayış sahəsinin bərpa edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4265/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ) açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İ. İddiaçı X8 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, 1E saylı binanın arxasında yerləşən 30 kv.m Binəqədi bələdiyyəsi tərəfindən qaraj tikilməsi məqsədilə ayrılan torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən verilmiş olan 340 nömrəli 06 dekabr 2006-cı il tarixli qaraj tikintisi üçün torpaq sahəsinin verilməsi haqqında qərara əsasən Binəqədi rayon, 7 mikroraton, X Dairəvi küçəsi, F.Məlikov küçəsi, 1 E saylı binanın arxasında qaraj tikintisi üçün bələdiyyəyə məxsus olan 30 kv.m torpaq sahəsi iddiaçı X3 icarəsinə verilmişdir. Həmin qərar əsasında onunla Binəqədi bələdiyəsinin arasında 353 nömrəli 6 dekabr 2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında da torpaqların alqı-satqı qaydalarına əsasən torpaqların alqı-satqısına dair akt qəbul edilmişdir. Bununla da qaraj tikintisi üçün iddiaçıya ayrılan torpaq sahəsinin onun istifadəsinə verilməsi öz təsdiqini tapmışdır. Bundan əlavə, həmin torpaq sahəsini əldə etməsinə dair Binəqədi bələdiyyəsinə ödəmiş olduğu qəbzlər, eyni zamanda Binəqədi bələdiyyəsi tərəfindən verilmiş 22 iyul 2019cu il tarixli icarə haqqı borcunun olmamasını təsdiq edən arxiv arayışı iddiaçının tərəfindən iş materiallarına əlavə edilmişdir. Həmin sənədlərin qanuniliyini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı Filialına ona məxsus qaraja aid olan sənədlər arxiv idarəsindən alınmış və sənədlər iş materiallarına əlavə edilmişdir. Başqa sözlə, həmin obyekt tam olaraq on8un (iddiaçının) sahbliyindədir. Cavabdeh Bakı şəhəri Binəqədi RİH-in əməkdaşları həmin ünvanda yerləşən iddiaçıya məxsus qarajı heç bir əsas olmadan sökmüşlər. İddiaçı bu məsələ ilə əlaqədar cavabdeh Bakı şəhəri Binəqədi RİH-ə həmin qarajın bərpa olunması məqsədilə rəsmi müraciət ünvanlamışdır. Cavabdeh təşkilat cavabında bildirmişdir ki, qarajın tikilməsi və əvvəlki vəziyyətinə qaytarılması mümkün deyildir. Bununla bağlı müxtəlif dövlət hüquq mühafizə orqanlarına da müraciət etmişdir. Bundan əlavə, İdarə ondan heç bir sənəd tələb etməmişdir...” Cavabdeh iddia ərizəsinə dair etirazında iddianı qəbul etməmiş, mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, 1E saylı binanın arxasında iddia edilən qaraj mövcud olmamışdır. İddiaçı tərəfindən 2019-cu ildə qanunsuz qaraj tikintisi məqsədilə təməl qoyulmuşdur. İddiaçıya əməllərinin qanunsuz olması barədə aidiyyatı qurumlar tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, iddiaçı X8 hər-hansı bir hüquqmüəyyənedici sənədi olmayan və cavabdeh orqanın günahını sübut edən halı təqdim etmədən qarajın RİH tərəfindən söküldüyünü iddia edir. Bundan əlavə, iş materiallarından göründüyü kimi, iddiaçıya məhkəmədən kənar pretenziya məktubu kimi təqdim edilmiş cavabda qaraj tikintisinə köməklik göstərilməsi məqsədilə qanunvericiliyin tələbləri izah edilmişdir. İddiaçı ona məxsus qarajın sökülməsi ilə bağlı hər hansı bir aktın olması barədə və cavabdeh tərəfindən onun hüquq və azadlıqlarını pozan (mülki hüquqlarını pozan) hərəkətlərin edilməsi barədə heç bir sübut təqdim etmədən, ona istinad edərək iddia tələbi irəli sürmüşdür. Belə ki, bir daha qeyd ediliməlidir ki, iş üzrə əsassız olaraq cavabdeh qismində cəlb olunmuş inzibati orqan Bakı şəhəri Binəqədi RİH tərəfindən mübahisələndirilən ərazidə hər hansı söküntü işləri aparılmamış, iddiaçının həmin ərazidə heç bir vaxt qarajı olmamışdır. Təməl qoyulmuş yerin kimin tərəfindən sökülməsinə gəldikdə isə, bununla bağlı hər hansı bir qərar (inzibati akt) qəbul edilməmiş, hər hansı bir şəxsə, quruma və s. göstəriş verilməmişdir. Mövcud iş üzrə Binəqədi RİH tərəfindən hər hansı qanunsuz hərəkət edilmədiyindən məsuliyyət daşıya bilməz. İddiaçı mülkiyyət hüquqlarının pozulmasını iddia etsə də, məhkəməyə təqdim etdiyi, sözügedən qaraja dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. İş materiallarına yalnız Binəqədi bələdiyyəsinin 6 dekabr 2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi barədə qərarının surəti əlavə olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4265/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən 340 nömrəli 06 dekabr 2006-cı il tarixli qərara əsasən Binəqədi rayon, 7 mikroraton, X Dairəvi küçəsi, F.Məlikov küçəsi, 1 E saylı binanın arxasında qaraj tikintisi üçün torpaq sahəsi istifadəmə verilmişdir. Həmin qərar əsasında mənimlə Binəqədi bələdiyəsi arasında 353 nömrəli 6 dekabr 2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında da torpaqların alqı-satqı qaydalarına əsasən torpaqların alqı-satqısına dair akt qəbul edilmişdir. Bununla da qaraj tikintisi üçün mənə ayrılan torpaq sahəsinin istifadəsimə verilməsi öz təsdiqini tapmışdır. Bundan əlavə, həmin torpaq sahəsini əldə etməsinə dair Binəqədi bələdiyyəsinə ödənişin olduğu qəbzlər, eyni zamanda Binəqədi bələdiyyəsi tərəfindən verilmiş 22 iyul 2019-cu il tarixli icarə haqqı borcunun olmamasını təsdiq edən arxiv arayışı vardır. Həmin sənədlərin qanuniliyini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı Filialına ona məxsus qaraja aid olan sənədlər arxiv idarəsindən alınmış və sənədlər iş materiallarına əlavə edilmişdir. Başqa sözlə, həmin obyekt tam olaraq mənim sahbliyimdədir. Cavabdeh Bakı şəhəri Binəqədi RİH-in əməkdaşları həmin ünvanda yerləşən mənə məxsus qarajı heç bir əsas olmadan sökmüşlər. Bu məsələ ilə əlaqədar cavabdeh Bakı şəhəri Binəqədi RİH-ə həmin qarajın bərpa olunması məqsədilə rəsmi müraciət ünvanlamışam. Cavabdeh təşkilat cavabında bildirmişdir ki, qarajın tikilməsi və əvvəlki vəziyyətinə qaytarılması mümkün deyildir. 2019-cu ilin aprel ayında evdə olmadığı vaxt qonşular tərəfindən ona zəng olunaraq Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən qarajımın sökülməsi barədə məlumat verilmişdr. Bu barədə həyat yoldaşına məlumat vermiş və o, dərhal sənədlərlə söküntü gedən sahəyə gəlmişdir. Bütün cəhdlərə baxmayaraq söküntünün qarşısını ala bilməmişdir. Bu hal heç bir məhkəmə qərarı olmadan, Binəqədi rayon İcra Hakimiyyətinin işçiləri tərəfindən aparılmışdır. Söküntünün kimlər tərəfimdən aparılması barədə foto şəkillərdə mövcuddur. Həmin şəkildəki şəxslər birinci instansiya məhhkəməsi tərəfindən şahid kimi dindirilmişdir. Bu da qərarın qərazli olaraq məhkəmə tərəfindən yanaşılması deməkdir. Bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən qərəzli olaraq sökülmüş qaraj sahəsinin yerləşdiyi əraziyə yerində baxış keçirilməmişdir bu da mənə dəyən ziyanın ört basdır edilməsinə dəlalət edir. Cavabdeh orqan tərəfindən ona söküntü zamanı 5000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə qərarı yalançı şahid ifadələrinə əsaslanmışdır. Bu da məhkəmənin birtərəfli qərəzli mövqedə olduğunu sübut edir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Binəqədi rayon İcra Hakimiyyətinin işçiləri bildirdilər ki, icra başçısı mülki işlər üzrə kollegiya sədrinə xahiş edib ki, mənim iddiam təmin edilməsin. Belə çıxır ki, məhkəmələr icra başçısına tabedir, onlar nə deyir hakimlərdə o qərarı çıxardır. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir Birinci instanasiya məhkəməsi iş üzrə tərəflərin qarşlıqlı münasibətini düzgün qiymətləndirməyib, işə düzgün normanı tətbiq etməyib və nəticə etibarı ilə də maddi və prosessual hüquq normalarının pozulması ilə müşayət olunan qərar qəbul edib...» Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (əri) R.Məmmədov apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasları barədə məlumat verilmiş cavabdeh orqan (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında aşağıdakı şəxslərin şahid qismində dindirilərək ifadələri alınmışdır: X1 ifadəsində göstərmişdir ki, “...2019-cu il idi. Pəncərədən baxırdı . Gördü ki, camaat yığışıb, yaxınlaşdıqda dedilər ki, icra hikamiyyətinin əməkdaşları Rzağa müəllimin qarajını sökürlər. Orada ekskavator, qalstuklu kişilər vardı. Qarajın yeri beton idi, ətrafı setkalanmışdı...” X7 isə ifadəsində göstərmişdir ki, 2019-cu ilin yaz ayları idi. Dişində problem vardı, həkimə getmişdi. Binanın həyətində camaat yığılmışdı. Ekskavator vardı, həkimin yanına girdi və soruşdu ki, bu nə məsələdi. Baxdı ki sökürlər, dəmir setkası olan qaraj idi, yeri betondan idi, içərisində heç nə yox idi. Həkim Rzağa müəllimə zəng elədi, Rzağa müüllim gəlib kağız göstərdi, onlar da da yarımçıq qoyub getdilər...” İİ. Məhkəmə kollegiyası iş materialarını araşıdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddianın qismən təmin olunması barədə yeni qərar çıxarılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarına əsasən müəyyən olunur ki, həqiqətən də iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, 1 E saylı binanın arxasında yerləşən 30 kv.m sahəsinə dair hüquqmüəyyənedici sənədləri mövcuddur. Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 13 may 2018-ci il tarixli 1354 nömrəili məktubuna əsasən iddiaçıya təqdim olunmuş sənədlərə, habelə, Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin ona ünvanlanmış 8 iyun 2022-ci il tarixli məktubna və 22 iyul 2019-cu il tarixli arayışına və həmin bələdiyyənin birinci instansiya məhkəməsinin sorğusuna ünvanladığı 12 may 2022-ci il tarixli cavab məktubuna əsasən müəyyən olunur ki: - Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 6 dekabr 2006-cı il tarixli 340 nömrəli qərarı ilə 7-ci mikrorayon, X Dairəvi küçəsi, Şəhid F.Məlikov küçəsi, 1E saylı binanın arxasında X3 icarəsinə qaraj tikintisi üçün 30 kv.m torpaq sahəsi ayrılmışdır. - X6 qaraj tikintisi üçün ayrılmış həmin 30 kv.m torpaq sahəsinin yerləşmə cizgisi (situasiya planı) tərtib olunub Binəqədi Bələdiyyəsi tərəfindən təsdiq olunmuşdur. - Həmçinin, Binəqədi bələdiyyəsi ilə X8 arasında 7-ci mikrorayon, X Dairəvi küçəsi, Şəhid F.Məlikov küçəsi, 1E saylı binanın arxasında qaraj tikintisi üçün 30 kv.m torpaq sahəsinin icarəyə verilməsinə dair 6 dekabr 2006-cı il tarixdə 353 nömrəli müqavilə bağlanmışdır. - Binəqədi bələdiyyəsinin 22 iyul 2019-cu il tarixli arayışın X3m qaraj üçün verilmiş torpaq sahəsinə görə 31 dekabr 2019-cu il tarixədək Binəqədi bələdiyyəsinə torpaq icarə haqqı üzrə borcu olmadığı göstərilir. Tədqiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, mübahisəli ünvanda yerləşən 30 kv.m torpaq sahəsi hüquqmüəyyənedici sənədlər əsasında iddiaçının icarəsinə verilmişdir. Konkret halda işin mübahisələndirilən hallarına görə iddiaçının həmin torpaq sahəsində inşa etdiyi qaraj cavabdeh orqannın əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində söküldüyü iddia olunur. Bununla bağlı iş materialları üzrə araşdırma apardıqda müəyyən oolunur ki, iddiaçı tərəfindən həmin torpaq sahəsində tikiləcək qarajın tikinti planı (layihəsi) hazırlanmış, lakin həmin layihənin AR Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun qaydada müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldığı müəyyən olunmur. İddia olunan qarajın qanunsuz olaraq cavabdeh tərəfindən qarıjı sökülməsinə gəldikdə isə, işə əlavə olunmuş, habelə hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş fotogörüntülərdən aydın olur ki, mübahisəli torpaq sahəsinin perimetrinə məftil tor (“setka”) çəkilmiş və yerində asfaltaoxşar örtük müşahidə olunur. Digər tərəfdən, qeyd olunan şahid ifadələrindən də göründüyü kimi, mübahisəli torpaq sahəsində sözügedən layihədə qaraj mövcud olmamış, qaraj deyilən yer sərhədləri sadəcə, məftil tora (“setkaya) alınmış və yeri asfaltlanmış bir sahədən ibarət olmuşdur. «İnzibati icraat haqqında» Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İş materiallarına əsasən isə cavabdeh orqanın əməkdaşlarının hüquqazidd əməllərinin mövcudluğu təsdiq olunur. Belə ki, birincisi, cavabdeh, elə, iddia ərizəsinə etirazında bildirir ki, iddiaçı tərəfindən 2019-cu ildə qanunsuz qaraj tikintisi məqsdilə təməl qoyulmuş, ona əməllərinin qanunsuz olması barədə aidiyyəti qürumlar tərəfindən xəbərdarlıq edilmişdir. İddia ərizəsinə, apellyasiya şikayətinə və məhkəməyə verdiyi iizahatlarına əsasən iddiaçıya başqa bir şəxslər tərəfindən belə xəbərdarlıq və iradlar edildiyi müəyyən olunmur. İkinci bir tərəfdən iş materiallarına, habelə hazırkı mərhələdə təqdim olunmuş sənədlərə əsasən müəyyən olunur ki, cavabdehin qanunsuz hərrəkətləri ilə bağlı iddiaçının AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmiş, sonuncu tərəfindən araşdırma aparılmış və faktla bağlı cinayət hadisəsi müəyyən edilməmiş, lakin məhkəmə qərarı olmadan söküntü işlərinin aparılması zamanı Binəqədi rayon İcra Hakimiyyəti əməkdaşları tərəfindən yol verilmiş qanun pozuntusu ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə təqdimat göndərilmişdir. Hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş, Bakı şəhər İHB aparatı tərəfindən iddiaçının nümayəndəsinə göndərilmiş xx.xx.2021-ci il tarixli məktubunda isə ona bildirilmişdir ki, qaldrılan məsələyə baxılması və nəticəsi barədə məlumat verilməsi üçün Binəqədi rayon İcra Hakimiyyətinə məktub göndərilmişdir. Üçüncü bir tərəfdən məhkəmədə şahid qismində dindirilmiş X1 və X2 qeyd olunan ifadələrindən göründüyü kimi, onlar 2019-cu ildə mübahisəli ünvanda cavabdeh tərəfindən aparılan söküntü işlərinin şahidi olmuşlar. Özləri bunu müşahidə etmişlər ki, cavabdehin əməkdaşları ekskavator vasitəsi ilə iddiaçıya məxsus torpaq saəhsinin perimetirnə çəkilən məftil tor (“setka”) dağıdılır, iddiaçının əri ( Rzağa) gəlib sənədləri göstərdikdə, onlar çıxıb getmişlər. İşdən görünür ki, həmin şahidlər tərəfindən birinci instansya məhkəməsində də uyğun ifadə vermişlər. (İşin 4-cü vərəqinə əlavə olunmuş fotoşəkillərdə də həmin anın görüntüləri əks olunur). Qeyd olunmalıdır ki, tədqiq olunan sübutlarla müəyyən olunan həmin hallar cavabdeh tərəfindən əsaslandırıcı sübutlarla təkzib olunmamış, səlahiyyətli nümayəndəsi belə məhkəmə iclaslarında gəlməmiş, bütun bunlar isə məhz, onun əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində qaraj tikintisi üçün iddiaçıya ayrılmış torpaq sahəsinin sərhəd xəttinə çəkilmiş məftil torun və yerində olan asfalt örtüyün dağıldıldığını sübuta yetirir. Cavabdeh ən azından nəzərə almamışdır ki, qanunvericiliklə artıq güc işlədilməsinə yol verilmir, bütün hərəkətələr qanunla müəyyən edilən qaydada, buna səlahiyyəti olan orqanlar tərəfindən həyata keçirilməlidir. Belə ki, Mülki Məcəllənin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı, istifadə hüququ da əmlakdan istifadə hüququ sayılır. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 180.4-cü maddəsi isə nəzərədə tutur ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 1100-cü maddəsinin təlbindən də görünür ki, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası belə hesab edir ki, cavabdeh hüquqa zidd hərəkətləri ilə iddiaçıya vurulmuş zərərin əvəzi olaraq, qaraj tikintisi üçün ona ayrılmış, qanuni istifadəsində olan 30 kv m. torpaq sahəsinin perimetrinə çəkilmiş əmlakını, o cümlədən, məftildən olan toru (“setkanı”) bərpa etməlidir. Həmin sahənin asfalt örtüyə gəldikdə isə, hər bir halda iddiaçı tərəfindən tikinti işələrinin “Şəhərsalma və Tikinti Məcəlləsinin 69, 74, 79 və 80-cı maddələrinə uyğun qaydada aparılması tələb olunur ki, belə olan halda da tikinti, müvafiq icra hakimiyyəti orqanı ilə həmin qanunvericiliyin müəyyən etdiyi qaydalar çərçivəsində razılaşdırılmaqla yenidən həyata keçirməklə, yolveriləndir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin iş üzrə tərəflərin qarşlıqlı münasibətini düzgün qiymətləndirmədiyini, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4265/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin olunmalı, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 6 dekabr 2006-cı il tarixli 340 nömrəli qərarı ilə 7-ci mikrorayon, X Dairəvi küçəsi, Şəhid F.Məlikov küçəsi, 1E saylı binanın arxasında iddiaçı X6 qaraj tikintisi üçün ayrılmış 30 kv.m torpaq sahəsinin sərhəd xəttinə (perimetrinə) çəkilmiş məftil torun (“setkanın”) bələdiyyə tərəfindən tərtib olunmuş cizgisinə (situasiya planına) uyğun bərpa edilməsi vəzifəsi cavabdehə həvalə edilməli, qalan hissədə iddia rədd edilməlidir. Göstərilənləri və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4265/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin olunsun. Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 6 dekabr 2006-cı il tarixli 340 nömrəli qərarı ilə 7-ci mikrorayon, X Dairəvi küçəsi, Şəhid F.Məlikov küçəsi, 1E saylı binanın arxasında iddiaçı X6 qaraj tikintisi üçün ayrılmış 30 kv.m torpaq sahəsinin sərhəd xəttinə (perimetrinə) çəkilmiş məftil torun (“setkanın”) həmin torpaq sahəsinin bələdiyyə tərəfindən tərtib olunmuş cizgisinə (situasiya planına) uyğun bərpa edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar