Məhkəmə qərarları › İş №2-1(103)-1474/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1474/2022

22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1474/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “Mingəçevir Günəşli" Turist Bazasının cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün və qaçqınların saxlanılmasına gorə çəkilən xərclərin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2545/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19-22 aprel 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "Mingəçevir Günəşli" Turist Bazası cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı "Mingəçevir Günəşli" Turist Bazasının məcburi köçkün və qaçqınların saxlanılmasına gorə çəkdiyi xərclərin 01.01.2019-cu il tarixdən ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2545/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim: E.Əliyev) Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia tələbinə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.4-cü maddəsinə əsasən, tərəflərdən birinin məhkəmə aidiyyətını mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən, bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Baki İnzibati Məhkəməsinin 2-1(112)- 2545/2022 saylı 27 yanvar 2022-ci il tarixli qərardadı tam əsassız olduğundan və heç bir maddi və prosessual hiiquq norması ilə öz təsdiqini tapmadığından ləğv edilməli, müvafiq inzibati işə ərazi aidiyyəti üzrə Bakı inzibati Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyati orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyat qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadiği hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bakı İnzibati Məhkəməsi 2-1(112)-2545/2022 nömrəli qərardadında qeyd etmişdir ki, “Hazırkı işdə də iddiaçının yuxarıda qeyd edilən məzmunda iddiası daşınmaz əmlak hüququndan irəli gələn tələblə əlaqədardır. Həmin daşınmaz əmlak isə Şəki İnzibati Məhkəməsinin yurisdiksiyısına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə baxmağa həmin məhkəmə sələhiyyətlidir". Yuxarıda qeyd olunan fikirlərə etiraz edərək Məhkəmə Kollegiyasının diqqətinə catdırırıq ki, iddiaçı “Mingəçevir Gunəşli” Turist Bazası cavabdeh Komitəyə qərşı məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 7 iyun tarixli 257 nömrəli Sərəncamına istinad edərək məcburi köçkün və qaçqınların saxlanılmasına görə çəkdiyi xərclərin ödənilməsi bərədə iddia tələbi ilə məhkəməyə murəciət etmişdir. “Qaçqınlar və məcburi köçkünlər yerləşdirilmiş sanatoriyalarda, pansionatlarda, turist bazalarında, istirahət evlərində və başqa ictimai yerlərdə yemək xərcindən əlavə xidmət xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 7 iyun tarixli 257 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən, sanatoriya, profilaktoriya, istirahət evləri, turist bazaları və başqa ictimai yerlərdə müvəqqəti yerləşdirilmiş qaçqın və məcburi köçkünlərə göstərilən xidmətlərin (yeməkdən əlavə) haqqının faktiki xərclər həcmində ödənilməsi müəyyən edilmişdir. Müvafiq Sərəncamın 2-ci hissəsinə əsasən, xidmət xərcləri respublika büdcəsinin vəsaiti hesabına Qaçqınlar və X4 üzrə Dövlət Komitəsi vasitəsilə ödənilir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 7 iyun tarixli 257 nömrəli Sərəncamında, sanatoriya, profilaktoriya, istirahət evləri, turist bazaları və başqa ictimai yerlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə göstərilən xidmətlərin haqqının müvafiq qaydada ödənilməsi nəzərdə tutulmuşdur. Müvafiq iddia ərizəsinə əsəsən, iddiaçı tərəfindən turist bazasında müvəqqəti olaraq məcburi koçkün ailələrinin məskunlaşmasına görə ödənişlər tələb edilmir, məhz həmin köçkünlərə müəyyən xidmətlərin göstərilməsi iddia edilərək xidmət haqlarının ödənilməsi tələb edilir. Nəticədə, iddiaçının sözügedən iddia tələbi üzrə məhkəmə mübahisəsi daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 7 iyun tarixli 257 nömrəli Sərəncamına əsasən göstərilən xidmətlərin haqqının ödənilməsi ilə əlaqədardır. Qeyd olunmalıdır ki, əgər iddia tələbi daşınmaz əmlakla bağlı olsaydı, məhkəmə prosesi zamanı iddiaçı tərəfindən mülkiyyət hüququ ilə əlaqədar müvafiq təsdiqedici sənədlər də təqdim olunmalı idi. Yuxarıda yazılan fikirlərin məntiqi yekunu olaraq qeyd olunmalıdır ki, iddiaçı “Mingəçevir Günəşli” Turist Bazasının cavabdeh Komitəyə qarşı “məcburi köçkün və qaçqınların saxlanılmasına görə çəkdiyi xərclərin ödənilməsi” iddia tələbi daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münəsibəti ilə əlaqədar olmadığından, iddia ərizəsi məhkəməyə 17.09.2021-ci il tarixdə daxil olduğundan və 8.1.2-ci maddənin sonuncu cümləsi 2021-ci il Oktyabrın 1-dən sonra verilən iddia ərizələrinə şamil edildiyindən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cii məddəsinə əsəsən müvafiq inzibati işə ərazi aidiyyatı üzrə Baki İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyasının hazırkı iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı “Mingəçevir Günəşli" Turist Bazasının nümayəndəsi məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 inzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2-1(112)-2545/2022 sayli qərardadının ləğv edilərək, müvafiq inzibati işə ərazi aidiyyatı üzrə Baki İnzibati Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının iddia tələbindən göründüyü kimi, "Mingəçevir Günəşli" Turist Bazası cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı "Mingəçevir Günəşli" Turist Bazasının məcburi köçkün və qaçqınların saxlanılmasına gorə çəkdiyi xərclərin 01.01.2019-cu il tarixdən ödənilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1.maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 8.1.2-ci maddəsinin 01.10.2021-ci il tarixindən qüvvədə olan redaksiyasına görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Göründüyü kimi qanunun tələbi baxımından iddiaçının iddia ərizəsində irəli sürdüyü tələb öhdəliyin icrası haqqında iddia növünə uyğundur. Birinci instansiya məhkəməsi iddia tələbinin öhdəliyin icrası ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar oldugunu qeyd edərək inzibati mübahisələrin aidiyyətini həmin daşınmaz əmlakın olduğu yerə görə müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 27 yanvar 2022-ci il tarixli 2-1(112)-2545/2022 sayli qərardadla hazırki işin aidiyyəti üzrə baxılması ücün Şəki İnzibati Məhkəməsinə göndərilməsi barədə düzgün nəticəyə gəlsə də, qərardadın əsaslandırıcı hissəsində iddia tələbinin daşinmaz əmlak hüququndan irəli gələn tələblə əlaqədar oldugunu qeyd edərək səhvə yol vermişdir. İş materiallarından görünür ki, iddiaçı Mingəçevir şəhərində yerləşən "Mingəçevir Günəşli" Turist Bazasında məskunlaşan məcburi köçkün və qaçqınların saxlanılmasına gorə çəkdiyi xərclərin 01.01.2019-cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Belə olan halda, İPM-in qeyd olunan 8.1.2-ci maddəsinin tələbi baxımından hazırkı mübahisəyə Mingəçevir şəhərinin aid olduğu inzibati məhkəmə tərəfindən baxılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinin tələbinə əsasən inzibati-iqtisadi məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri və ya azad iqtisadi zonalar üzrə təşkil edilir. İnzibati-iqtisadi məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14.11.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Mingəçevir şəhəri Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid ərazi vahididir (b.19.5.) Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2545/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qərardadı ilə işin ərazi adiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsi prosessual qanunvericiliyin tələblərinə uyğundur. İPM-in 8.2-ci maddəsi də məhz, nəzərdə tutur ki, ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının ləğvini tələb edən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2545/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 8, 80, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2545/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar