Məhkəmə qərarları › İş №2-1(103)-1475/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1475/2021

24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1475/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, Bəktaşi Səadət İnayət qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)- 2709/2019 nömrəli iş üzrə 05 dekabr 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2709/2019 nömrəli iş üzrə 05 dekabr 2019-cu il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. (hakim Z.Tağıyev) Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-979/2020 saylı 11.06.2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-2709/2019 nömrəli iş üzrə 05 dekabr 2019-cu il tarixli qərarı qüvvədə saxlanılmışdır. (V.Məmmədov, E.Nağıyeva, H.Həmidov) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-20/2021 saylı 03.03.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-979/2020 saylı 11.06.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. (İ.Şəfiyev, Z.Quliyev, R.Nəbizadə). İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 29.05.2019-cu il tarixli **********4731 nömrəli və 04.06.2019-cu il tarixli **********5450 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının hüquqi şəxsi olan İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X2 Qeydiyyatı İdarəsi tərəfindən 17.05.2017-ci il tarixdə ********** (VÖEN) sayla, AZ1069, ünvan 1 ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. İddiaçı MMC-nin nizamnamə üzrə əsas fəaliyyəti müxtəlif çeşidli məişət mallarının idxalı və pərakəndə satışının təşkilindən ibarətdir. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti 17.04.2019-cu il tarixli **********1873 saylı operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərək İddiaçı MMC-də operativ vergi nəzarətini həyata keçirtmişdir. Aparılmış yoxlama nəticəsində vergi orqanı iddiaçıya 173125,03 (yüz yetmiş üç min yüz iyirmi beş manat, 03 qəpik) AZN məbləğində qanunsuz olaraq maliyyə sanksiyası hesablamışdır. Vergi orqanı borc hesablayarkən “Azərekspertiza” Birliyinin təqdim etdiyi rəyə əsaslanaraq İddiaçı MMC-nin anbarında sənədsiz olaraq qalan mallarının bazar dəyərini 1 731 250.30 (bir milyon yeddi yüz otuz bir min iki yüz əllimanat 30 qəpik) AZN müəyyən etmişdir. Halbuki, vergi orqanlarının malların bazar qiymətləri ilə iddiaçının anbarında olan malların qiymətləndirilməsi düzgün deyil. Çünki qiymətləri müəyyən edilən mallar brend mallar olduğuna görə həmin malların bazar qiymətləri ilə dəyərinin müəyyən edilməsi qanunsuzdur. Cavabdeh bu malların maya dəyərinə uyğun hesablama aparmalı idi. Cavabdeh vergi orqanı İddiaçı MMC-yə vergi borcunun ödənilməsinə dair 18.06.2019-cu il tarixli **********4 saylı Bildiriş göndərərək sonuncuya 175017,70 manat (vergilər üzrə: 1812,53 manat; maliyyə sansiyası üzrə: 173125,03 manat; faizlər üzrə: 80,14 manat) vergi borcunun 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, malların dəyərinin şişirdilməsinin sübutlarından biridə odur ki, İddiaçı MMC-nin təsisçisi "xxxx" MMC-də Vergi Cinayətləri Departamenti tərəfindən cinayət işi açılaraq istintaq aparılmış və həmin cinayət işində təsdiq edilmişdir ki, bu malların dəyəri 450000 (dörd yüz əlli min) manat məbləğindədir və təsisçi payı olaraq İddiaçı MMC-nin nizamnamə kapitalına qoyulmuşdur. İddiaçı hesab edir ki, vergi orqanının gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, İddiaçı MMC təsis edilərkən hüquqi şəxsin təsisçisi olan "xxxx" MMC tərəfindən 450000 (dörd yüz əlli min) manat məbləğində əmlak şəklində pay qoyulmuşdur. Qoyulmuş əmlakların dəyərinin 450000 (dörd yüz əlli min) manat olduğu 15.05.2017-ci il tarixli audit rəyi və audit rəyinin açıqlaması ilə öz təsdiqini tapır. Hal-hazırda anbarda qalan mal qalığı və vergi orqanı tərəfindən dəyəri artıq hesablanmış mallar, təsisçi tərəfindən nizamnamə kapitalına əmlak şəklində qoyulmuş malların qalığıdır. Belə olan halda qalıq malların dəyərinin 1 731 250.30 bir milyon yeddi yüz otuz bir min iki yüz əllimanat 30 qəpik) AZN müəyyən edilməsi və bunun əsasında vergi hesablanması qanunsuzdur. Eyni zamanda cavabdeh vergi orqanı tərəfindən 10-26 aprel 2019-cu il tarixləri arasında iddiaçının fəaliyyət göstərdiyi obyektdə xronometraj keçirmişdir. Həmin dövrdə satılmış malların bir qismi sonradan geri qaytarılmışdır. Yəni faktiki olaraq həmin satışlar ləğv edilmişdir. Lakin buna baxmayaraq vergi orqanı ləğv olunmuş həmin əməliyyatları satış kimi tanımışdır. Sahibkarlığın inkişafının dəstəklənməsi bir dövlət siyasəti olduğu halda vergi orqanları belə qanunsuzluqlara yol verərək əksinə sahibkarlığa ciddi zərbə vururlar. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin3.11-ci, 36.2-ci maddələrinə, Azərbaycan respublikası Konstitusiyasının 60.1-ci və 127.2-ci maddələrinə, Azərbaycan Respublikası İPM-in 13-cü, 32.1-ci maddələrinə istinad edərək cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən hesablanmış 173125.03 (yüz yetmiş üç min yüz iyirmi beş manat, 03 qəpik) AZN məbləğində maliyyə sanksiyasının və təyin edilmiş xrnometrajın nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək cavabdeh qismində göstərilən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti sözləri Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi kimi oxunması və cavabdeh olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 29.05.2019-cu il tarixli **********4731 saylı qərarının, eyni zamanda vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 04.06.2019-cu il tarixli **********5450 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmələr yuxarıda göstərilən qərarları qəbul etmişdirlər. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən iddiaçının izahatı: Məhkəmə kollegiyasının ilkin iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, cavabdeh 17.04.2019-cu il tarixli **********1873 saylı operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərək, iddiaçıda operativ vergi nəzarətini həyata keçirmişdir. Aparılmış yoxlama nəticəsində vergi orqanı iddiaçıya 173.125,03 AZN məbləğində qanunsuz maliyyə sanksiyası hesablamışdır. Vergi orqanı borc hesablayarkən “Azərekspertiza” Birliyinin təqdim etdiyi rəyə əsaslanaraq, İddiaçı MMC-nin anbarında sənədsiz olaraq qalan mallarının bazar dəyərini 1.731.250,30 AZN müəyyən etmişdir. Halbuki, vergi orqanlarının malların bazar qiymətləri ilə anbarda olan malların qiymətləndirilməsi düzgün deyil. Çünki qiymətləri müəyyən edilən mallar brend mallar olduğuna görə həmin malların bazar qiymətləri ilə dəyərinin müəyyən edilməsi qanunsuzdur. Cavabdeh bu malların maya dəyərinə uyğun hesablama aparmalı idi. Bundan əlavə, vergi orqanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 94-cü maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinin hesablamalarının yanlış olmasını sübut etmə öhdəliyi var. Qanunvericiliyin tələbindən görsənir ki, birinci vergi orqanı hesablamanın səhv olmasını sübut etməlidir. Yalnız bundan sonra əlavə hesablama aparmalıdır. İşin hallarından görsənir ki, vergi orqanı heç bir halı sübut edə bilmədiyi halda iddiaçı vicdanlı vergi ödəyicisi olaraq öz dəlillərini cavabdeh və məhkəmə qarşısında irəli sürmüşdür. Təqdim edilmiş sübutların mötəbərliyi isə heç bir halda şübhə altına düşmür. Malların dəyərinin şişirdilməsinin sübutlarından biri də odur ki, İddiaçı MMC-nin təsisçisi "xxxx" MMC-də Vergi Cinayətləri Departamenti tərəfindən cinayət işi açılaraq istintaq aparılmış və həmin cinayət işində təsdiq edilmişdir ki, bu malların dəyəri 450.000 manat məbləğindədir və təsisçi payı olaraq İddiaçı MMC-nin nizamnamə kapitalına qoyulmuşdur. Vergi orqanı isə təsisçi payı kimi qoyulan malların dəyərinin 450.000 manat olduğunu təsdiq edərək qeydiyyata almışdır. Belə olduğu halda, vergi orqanının gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, İddiaçı MMC təsis edilərkən hüquqi şəxsin təsisçisi olan "xxxx" MMC tərəfindən 450.000 məbləğində əmlak şəklində pay qoyulmuşdur. Qoyulmuş əmlakların dəyərinin 450.000 manat olduğu 15.05.2017-ci il tarixli audit rəyi və audit rəyinin açıqlaması ilə öz təsdiqni tapır. Hal-hazırda anbarda qalan mal qalığı və vergi orqanı tərəfindən dəyəri artıq hesablanmış mallar, təsisçi tərəfindən nizamnamə kapitalına əmlak şəklində qoyulmuş malların qalığıdır. Belə olan halda qalıq malların dəyərinin 1.731.250,30 AZN müəyyən edilməsi və bunun əsasında vergi hesablanması qanunsuzdur. Bunlardan əlavə olaraq, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq və təhqiqat idarəsinin 25.06.2019-cu il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan da aydın olur ki, sözügedən malların dəyəri 450.000 manat məbləğindədir və təsisçi payı şəklində İddiaçı MMC-nin nizamnamə kapitalına qoyulmuşdur. Həmin qərar məhkəməyə təqdim edilmişdir. Eyni zamanda, cavabdeh vergi orqanı tərəfindən 10-26 aprel 2019-cu il tarixləri arasında iddiaçının fəaliyyət göstərdiyi obyektdə xronometraj keçirmişdir. Həmin dövrdə satılmış malların bir qismi sonradan geri qaytarılmışdır. Yəni faktiki olaraq həmin satışlar ləğv edilmişdir. Lakin buna baxmayaraq vergi orqanı ləğv olunmuş həmin əməliyyatları satış kimi tanımışdır. Məhkəmə prosesinin gedişatı zamanı iddiaçı tərəfindən yetərincə dəlillər və sübutlar təqdim edilsə də, bu sübutlar yetərincə araşdırılmamışdır, maddi və prosessual hüquq normaları ciddi şəkildə pozularaq qanunsuz və əsassız olaraq qərar qəbul edilmişdir. Məhkəmə qərarını belə əsaslandırmışdır ki, işə əlavə edilmiş xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük 12.04.2019-cu ilı tarixli 029489 saylı akta əsasən günliik müşahidə nəticəsində malların satış dövriyyəsi VRF-in günlük Z hesabatına əsasən 150 manat təşkil etdiyi, Z hesabatından tarix 13.04.2019-cu il tarixli göstərişinə baxmayaraq faktiki 12.04.2019-ci il tarixli dövriyyəsi və əsaslanıb NKA-dakı uyğunsuzluqlar var. Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaiməfaktura və ya elektron qaimə faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına mübasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında 20.04.2019-cu il tarixli 010590 saylı akta əsasən Azərekspertiza birliyinin təqdim etdiyi 150 saylı rəyə əsasən anbarda alış qiyməti ilə 1.079.309 manat məbləğində mal qalığı mövcud olduğu, operativ vergi nəzarətinə malların alışına dair heç bir sənəd təqdim edilmədiyi, 1.079.309 manat məbləğində malların alış sənədilə öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Operativ vergi nəzarətinin nəticəsi haqqında 30.04.2019-cu il tarixli 010590 saylı akta əsasən anbarda alış qiyməti ilə 1.079.302 manat məbləğində mal qalığı mövcuddur. Operativ vergi nəzarətinə malların alışına dair heç bir sənəd təqdim edilmədi. 1.079.309 manat məbləğində malların alışı sənədlərlə öz təsdiqini tapmadığı müəyyən edildi. Malların dəyərinə münasibətdə isə malların təhvil-təslim aktı operativ vergi nəzarəti zamanı müəyyən edilmiş 1.717.844 manat məbləğdə sənədi olmayan malların həqiqətən İddiaçı MMC-nin nizamnamə kapitalına qoyulmuş 450.000 manat məbləğində mallar ilə eyniliyi sübut etmir. Həmçinin, iddiaçı barəsində vergilərin hesablanmasına əsas verən sənədlər 30.07.2019-cu il tarixli **********800700 nömrəli məktubla məhkəməyə təqdim edilmişdir. Məhkəmənin gəldiyi bu mövqe ilə qəti razılaşmayaraq vəkil bildirdi ki, nizamnamə kapitalına qoyulmuş əmlakların dəyərinin 450.000 manat olduğu 15.05.2017-ci il tarixli audit rəyi və audit rəyinin açıqlaması ilə öz təsdiqini tapır. Audit rəyinin açıqlamasında malların adları və kodları qeyd olunur. Belə olan halda adları qeyd olunan mallar ilə hazırda qalıq mallarına baxış keçirdikdə eyni mallar olduğu açıq-aydın görsənir. Apellyasiya instansiyasının diqqətinə çatdırmaq istərdi ki, sözügedən audit rəyi Vergilər Nazirliyi yanında Kommersiya X2 qeydiyyatı idarəsi və Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq və təhqiqat idarəsi tərəfindən tanınmış və təsdiq edilmişdir. İstər vergi orqanı, istərsə də məhkəmə 15.05.2017-ci il tarixli audit rəyi və audit rəyinin açıqlamasında qeyd olunan malların operativ vergi nəzarəti zamanı müəyyən edilmiş 1.717.844 manat məbləğdə sənədi olmayan malların həqiqətən İddiaçı MMC-nin nizamnamə kapitalına qoyulmuş 450.000 manat məbləğində mallar ilə eyniliyi sübut etmir qənaətinə gələrkən heç bir mötəbər sübuta istinad etməmişlər. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. İddiaçı sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi (vəkili) məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının nümayəndəsinin (vəkili) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. İşin faktiki hallarından görünür ki, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 04.04.2019-cu il tarixli **********1455 nömrəli Qərarına əsasən İddiaçı MMCyə məxsus AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev ev.25V ünvanında yerləşən “MONES” mağazasında operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Azərekspertiza Birliyinin verdiyi 22.04.2019-cu il 137 nömrəli rəyə əsasən mağazada alış qiyməti ilə 750 445,00 manat məbləğində mal qalığı mövcud olduğu müəyyən edilmişdir. 18.04.2019-cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərara əsasən malların alışına dair yük gömrük bəyannamələri, hesabfakturalar və "xxxx" MMC ilə İddiaçı MMC arasında “Malların qəbul və təhvil” aktı götürülmüşdür. Mağazada tərtib edilmiş malların adlı siyahısı yük gömrük bəyannamələri və hesab-fakturalarla üzləşdirilərkən müəyyən olundu ki, 750 445,00 manat İşin şifahi məhkəmə baxışı iclası 17 aprel 2019-cu il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. məbləğində mallardan 111 910,00 məbləğində malların sənədləri mövcuddur. Operativ vergi nəzarəti tədbiri zamanı 638535,00 manat məbləğində mal qalığının sənədsiz olduğu aşkar edilmiş və vergi ödəyicisi barəsində "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Həmçinin, cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 17.04.2019- cu il tarixli **********1873 nömrəli Qərarına əsasən AZ1106, Bakı şəhəri Nərimanov rayonu, X3 1978, Zirzəmidə İddiaçı MMC VÖEN ********** “MONES” mağazasına məxsus, qeydiyyatda olmayan (uçotsuz) malların saxlanılması üçün istifadə olunan anbar aşkar edildi. 18.04.2019-cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar təqdim edilməsinə baxmayaraq zəruri sənədlər heç bir səbəb göstərilmədən yoxlamaya təqdim edilməmişdir. Qeyd olunanlara əsasən İddiaçı MMC-yə məxsus AZ1069, ünvan 3 ünvanında yerləşən “MONES” mağazasına məxsus Zirzəmidə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 1 079 309,00 manat məbləğində mal qalığının sənədsiz olduğu aşkar edilmiş və vergi ödəyicisi barəsində ’’Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-faktura,idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması,həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 29.05.2019cu il tarixli, **********4731 qərarla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən vergi ödəyəcisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəlləsinin 130.1- 1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı birinin olmamasına görə 63853.50 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və 10.06.2019-ci il tarixədək 63853.50 manat məbləin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 04.06.2019-cu il tarixli, **********5450 saylı qərarla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən vergi ödəyəcisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi oqan tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəlləsinin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı birinin olmamasına görə 107930.90 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və 14.06.2019-ci il tarixədək 107930.90 manat məbləin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, müəssisə təsis edilərkən hüquqi şəxsin təsisçisi olan "xxxx" MMC tərəfindən 450000 manat məbləğində əmlak şəklində pay qoyulmuşdur. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən "xxxx" MMC-dən İddiaçı MMC-yə nizamnamə kapitalı kimi malların qoyuluşu malların elektron qaimə faktura ilə əldə olunmasını istisna etmir. Malların nizamnamə kapitalı kimi təsisçi tərəfindən İddiaçı MMC-yə qoyuluşu Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi sayılır. (13.2.10. Malların təqdim edilməsi - mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi.) Lakin "xxxx" MMC tərəfindən İddiaçı MMCyə nizamnamə kapitalı kimi 450 000,00 manatlıq malların qoyuluşu zamanı elektron qaimə faktura təqdim edilməmişdir. Buna görə də vergi ödəyicisi tərəfindən Operativ vergi nəzarətinə təqdim edilmiş “Malların qəbul və təhvil” aktı malların alışına dair sənəd kimi qəbul edilməmişdir. Vergi Məcəllənin 50.1.12-ci və 50.1.13-ci maddələrinə əsasən vergi orqanları malların bu Məcəllə ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.8-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda: 58.8.1 pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə - 1000 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 16.1.11-6-ci maddəsinə əsasən aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifəsidir. 16.1.11-6.1. bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi; 16.1.11-6.2. dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi; 16.1.11-6.3. notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi; 16.1.11-7. pərakəndə ticarət və (və yp) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesabfaktura təqdim etmək; 16.1.11-8. qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların yalnız nağdsız qaydada həyata keçirilməsini təmin etmək; 16.1.11-9. məcburi nişanlama ilə nişanlanmalı olan malları məcburi nişanlama ilə nişanlanmaqla almaq, idxal etmək, satış məqsədi ilə saxlamaq və ya satmaq, habelə həmin malların dövriyyəsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydaya riayət etmək. Birinci instansiya məhkəməsinin qənaətinə görə malların təhvil-təslim aktı operativ vergi nəzarəti zamanı müəyyən edilmiş ******* manat məbləğdə sənədi olmayan malların həqiqətən İddiaçı MMC-nin nizamnamə kapitalına qoyulmuş 450000 manat məbləğində mallar ilə eyniliyi sübut etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu əsaslandırması ilə razılaşmır. İşdə olan AR VN Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışdan görünür ki, 17.05.2017-ci ildə qeydiyyata alınmış İddiaçı məhdud məsuluiyyətli cəmiyyətinin (VÖEN **********) nizamnamə kapitalının miqdarı 450000 manat, təsisçisi "xxxx" Məhdud məsuliyyətli cəmiyyətidir və onun nizamnamə kapitalında mayanın miqdarı 100% təşkil edir. İşdə olan FCHAİN Audit MMC-nin 15.07.2017-ci il tarixli rəyindən görünür ki, aparılmış yoxlama ilə müəyyənləşdirilmişdir ki, İddiaçı MMC-nin nizamnamə kapitalı 450000 (dörd yüz əlli min manat) əmlak şəklində müəyyənləşdirilmiş və formalaşdırılmışdır. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq iddiaçının dəlilinin həlli üçün onun istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev, məhəllə 1978 ünvanda yerləşən zirzəmidə aşkar olunan 795 adda və ünvan 4-də aşkar olunan 1087 adda malların içərisində auditor tərəfində qiymətləndirilmiş malların olub-olmamasının araşdırmışdır. Bu məqsədlə iddiaçının kassasiya məhkəməsinə təqdim etdiyi siyahıda, audit rəyində qiymətləndirilmiş malların cavabdeh tərəfindən tərtib olunmuş siyahılarla tutuşdurulmuş siyahısı (həmin malların həm mağazada, həm də anbarda aşkar edilmiş mallarla eyni olduğu göstərilir) əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı məhkəmə tərəfindən malların eyni olduğu, audit rəyinin açıqlanmasında əksini tapmış bütün malların (adları və kodları qeyd olunub) ekspert tərəfindən qiymətləndirildiyi, bu qiymətlərin ekspert rəyində olan malların qiymətinin audit rəyində əksini tapmış malların qiymətləri ilə uyğun gəlmədiyi, ekspert rəyində malların qiymətlərinin şişirdilmiş olduğu müəyyən olunur. Malların dəyərinin yüksək olması işdə olan AR VN yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq və təhqiqat idarəsinin 25.06.2019-cu il tarixli,Q ******* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar ilə öz təsdiqini tapır. Həmin qərardan görünür ki, cinayət işinin istintaqı zamanı məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə qərar qəbul olunmaqla müvafiq ekspert rəyi alınmışdır. Ekpert rəyində qeyd edilmişdir ki, Vergi Məcəlləsinin tələblərinə əsasən "xxxx" MMC-nin 450000,00 manat məbləğində olan mal qalığının 100 pay, 100% əmlak şəklində İddiaçı MMC-nin nizamnamə kapitalına qoyulması vergi tutulan əməliyyat hesab edilmir. Vergi Məcəlləsinin 146.1. Aktivlərin verilməsi aşağıdakı hallarda onların vergiyə cəlb olunan təqdim edilməsi sayılmır:146.1.2. şəxs və ya şəxslər qrupu bilavasitə mübadilədən sonra hüquqi şəxsdə iştirak paylarının 100 faizinə sahib olursa. Vergi Məcəlləsinin 164.1-ci maddəsinə əsasən malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur: 164.1.5. idxal olunan əmlak istisna olmaqla müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda). Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaətinə görə İddiaçı MMC-nə məxsus “MONES” mağazasında keşirilmiş operativ vergi vergi nəzarətinin nəticəsinə əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.05.2019-cu il tarixli, **********4731 saylı və 04.06.2019-cu il tarixli, **********5450 saylı qərarlarla tətbiq edilmiş maliyyə sanksiyası əsassızdır və qərarlar ləğv edilməlidir. Məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2709/2019 nömrəli iş üzrə 05 dekabr 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2709/2019 nömrəli iş üzrə 05 dekabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin, iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 29.05.2019-cu il tarixli **********4731 saylı, 04.06.2019-cu il tarixli **********5450 saylı qərarları ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar